525.Az

Çingiz Abdullayev: “Qızları təhsildən yayındırmaq birbaşa gələcəyə zərbədir” - Fotolar


 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ TEDXUNEC KONFRANSI KEÇİRİLDİ

Çingiz Abdullayev: “Qızları təhsildən yayındırmaq birbaşa gələcəyə zərbədir” - <b style="color:red">Fotolar </b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti TEDxUNEC konfransı keçirilib.

Dünyanın tanınmış alim və ictimai xadimlərini, biznes nümayəndələrini və digər peşə sahiblərini 33 ildən artıq müddətdə bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.

TEDxUNEC-də Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Təhsilin gələcəyi - gələcəyin təhsili”, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” və Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev “Kardiocərrahın ürəyindən keçənlər” mövzusu ilə bağlı fikirlərini bölüşüblər.

“Çərçivədən kənar” mövzusuna həsr olunan konfransın ilk spikeri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı olub. “Təhsilin gələcəyi - gələcəyin təhsili” mövzusunda çıxış edən professor bəşəriyyətin gələcəyi elmdədir, deyə bildirib. Kitabla rəqabət aparan informasiya daşıyıcılarının çoxluğuna diqqət çəkən H.İsaxanlı əsas bilik ötürücülərini informasiya kommunukasiya alətləri, ailə və universitet kimi təsnifatlandırıb. O, bu vasitələrin hər üçündən maksimum yararlanmağı tövsiyə edib: “Gələcəyimiz bu gün gördüyümüz işlərin davamıdır. Yaxşı təhsil, daha yaxşı gələcək deməkdir!”

TEDxUNEC konfransının ikinci spikeri Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusu ilə çıxış edib. Xalq yazıçısı auditoriya qarşısında “XXI əsrdə necə inkişaf etməli?” sualını qoyub. 20-25 ildən sonra bugünkü peşələrin 30 faizinə ehtiyac olmayacağını diqqətə çatdıran Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu kitabda, elmdə, bilikdə gördüyünü bildirib. Xalqın hərtərəfli inkişafını mütaliədə görən natiq qızların təhsildən yayındırılmasına da diqqət çəkib: “Cəmiyyətin əsasını qadınlar təşkil edir. Qızları təhsildən yayındırmaq birbaşa millətə və gələcəyə zərbədir”.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Əməkdar həkim, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı da auditoriyanın xüsusi marağına səbəb olub. Öz uğur hekayəsindən söz açan tanınmış kardiocərrah arzularının arxasınca ucqar dağ kəndindən yola çıxan gəncin yaşadığı çətinliklərə baxmayaraq, əzm və iradə ilə çalışdığını nümunə çəkib. O, gənclərə uğur əldə etmək üçün anadan olduqları yerin, yaşadıqları şərtlərin və aldıqları təhsilin vacib amil olmadığını vurğulayıb: “Önəmli olan xəyallarınıza inanın və onları reallığa çevirmək üçün arxasınca gedin. Məqsədə çatmaq üçün əzmkarlıqla çalışın. Dayanmayın, daim inkişaf edin. Bu keyfiyyətləriniz olduğu müddətdə, uğur qaçılmazdır!”

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində ilk TEDxUNEC konfransı 2016-cı ildə keçirilib. “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən konfransda UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov çıxış edib.

S.QARAYEVA

 





15.12.2017    çap et  çap et