525.Az

Prezident İstanbulda ciddi mesajlar verdi: İslam həmrəyliyi gücləndirilməlidir


 

"AZƏRBAYCAN ŞƏRQİ QÜDSÜN FƏLƏSTİNİN PAYTAXTI OLMAQLA İKİ DÖVLƏT PRİNSİPİ ƏSASINDA HƏLLİNİ DƏSTƏKLƏYİR"

Prezident İstanbulda ciddi mesajlar verdi: <b style="color:red">İslam həmrəyliyi gücləndirilməlidir</b>

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərar qəbul etməsi bütün dünyada ciddi rezonans doğurub.

Türkiyə dövləti başda olmaqla, əksər müsəlman ölkələri bu qərarın yanlış olduğunu bəyan ediblər. D.Tramp atdığı bu addımı "gecikmiş qərar" adlandırsa da, Birləşmiş Ştatların əsas müttəfiqləri olan Avropa İttifaqı, o cümlədən, Böyük Britaniya, Almaniya və Fransa qərarı tənqid edib və tanımadıqlarını bildirməklə əksinə, bunun "düşünülməmiş qərar" olduğunu ortaya qoyublar. Həmçinin, Rusiya prezidenti Vladimir Putin də amerikalı həmkarının Qüdslə bağlı qərarı ilə razılaşmayıb. Fələstin lideri Mahmud Abbas da qərarı sərt tənqid edərək Trampın bu addımının ABŞ-ın sülh prosesindən çəkilməsi anlamına gəldiyini deyib.

Qərarın əleyhinə ən kəskin reaksiya göstərən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin rəhbərlərini İstanbula dəvət edərək Qüds məsələsinə dair fövqəladə toplantı keçirib.

Dekabrın 13-də "Qüdslə həmrəylik üçün birlikdə hərəkət" devizi altında keçirilən zirvə toplantısına Azərbaycan prezidenti İlham Əliyevlə bərabər 50-ə yaxın ölkədən dövlət və hökumət rəhbərləri qatılıb.

Tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev verdiyi ciddi mesajlarla yadda qalıb. Ölkə rəhbəri qeyd edib ki, ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı böyük narahatlıq yaradır: "Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, ABŞ bu qərara yenidən baxmalıdır".

İlham Əliyev bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdıran prezident deyib ki, Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır: "2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərib ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək "İslam Həmrəyliyi İli"nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaq".

İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürünü bildirən prezident onu da qeyd edib ki, iyirmi ildən artıqdır Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır: "Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalıb və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".

Dövlət başçısı bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: "Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Zirvə toplantısının yekunu olaraq İstanbul Bəyannaməsi qəbul olunub. Sammitdə iştirak edən ölkələrin imzaladığı sənəddə qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: "ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir".

Qüds məsələsinə dair keçirilən İstanbul sammiti ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq aləmdə şok effekti yaradıb: "Bu qərara ən kəskin reaksiya verənlərdən biri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğandır".

Politoloq Türkiyənin İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi Qüdslə bağlı keçirdiyi fövqəladə İstanbul toplantısında Misir prezidenti və Səudiyyə Ərəbistanı kralının qatılmamasını iki səbəblə əlaqələndirib: "Birincisi, Misir və Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı münasibətlərdə soyuqluq var. Ərdoğan Misirdə prezident Sisinin hakimiyyətə çevriliş yolu ilə gəlməsini tənqid edib, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı mübahisədə isə rəsmi Dohanın tərəfini tutub. İkincisi, Misir və Səudiyyə Ərəbistanı fələstinlilərə dəstək vermələrinə baxmayaraq, ABŞ-la sıx münasibətləri var. Ona görə də Misir və Səudiyyə Ərəbistanı Ərdoğanın Trampa qarşı platformasında yer almaq istəməyiblər".

Mərkəz sədrinin sözlərinə görə, Ərdoğan İstanbul konfransında ilk dəfəydi ki, Donald Trampı kəskin tənqid edirdi: "Türkiyə prezidenti yekun mətbuat konfransında Trampın adını bir neçə dəfə çəkərək onun Qüdsü İsrailin paytaxt kimi tanımasını sərt tənqid edib. ABŞ-Türkiyə münasibətləri buna qədər də soyuq idi. Ancaq Ərdoğan Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstəyə və Fətullah Güləni Türkiyəyə esktradisiya etmədiyinə görə tənqid etsə də, Trampın adını çəkməzdi. Trampın Qüds qərarından sonra Ərdoğan artıq ABŞ prezidentinin də adını mənfi mənada çəkməyə başlayıb. Ərdoğan Trampa müraciət edərək Qüdslə bağlı qərarını dəyişməyə çağırıb. Ancaq ABŞ prezidenti geri addım atmayacaq, bu, Vaşinqtonun prestijinə zərbə olardı. Bundan sonra Trampla Ərdoğan arasında münasibətlər də gərgin olacaq, onların yaxın zamanlarda görüşmə ehtimalı azalıb".

Azərbaycan prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışına münasibət bildirən E.Şahinoğlu qeyd edib ki, ölkə başçısı Qüdsün İsrailin paytaxt kimi tanımasını yanlış qərar adlandırıb: "Buna baxmayaraq, rəsmi Bakı Ankara kimi İsrailə qarşı sərt mövqedən çıxış etmək istəmir. İsrail Azərbaycana silah satan iki əsas ölkədən biridir. Azərbaycan bu bazarı itirmək istəmir. Üstəlik, İsrail neftə olan tələbatının 40 faizini Azərbaycan nefti hesabına təmin edir.

Rəsmi Bakının mövqeyi belədir ki, BMT-nin İsrail-Fələstin münaqişəsiylə bağlı qətnamələri yerinə yetirilməlidir. Ancaq rəsmi Bakı İsraillə əlaqələrin kəsilməsi çağırışına qoşulmayacaq".

Politoloq bildirib ki, İstanbulda Qüdslə bağlı toplantının keçirilməsi Azərbaycanın siyasi dairələrində və cəmiyyətində belə bir sualı da aktuallaşdırıb: "Qüdslə bağlı xüsusi toplantı keçirib Fələstini dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı BMT qətnamələrini yerinə yetirməyən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıyla bağlı da xüsusi bir toplantı keçirə bilərmi? İsrail Fələstinlə bağlı, Ermənistan isə Qarabağla bağlı BMT qətnamələrini yerinə yetirmir. Heç bir fərq yoxdur. Təsadüfi deyil ki, prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbul toplantısındakı çıxışında bir fikrini yenə təkrarlayıb: "Məscidləri dağıdan Ermənistan müsəlman dövlətlərinin dostu ola bilməz".

Reallıqda isə müsəlman dövlətlərinin Ermənistanda səfirlikləri də var, müsəlman torpaqlarını işğal edən dövlətlə əməkdaşlıq da edilir. Bu, ikili standartlardır. Dünyada və müsəlman ölkələri arasında ikili standartlar mövcud olduğuna görə də Azərbaycan bir neçə müsəlman ölkəsinin istəyi ilə İsraillə əməkdaşlığına son qoymayacaq. Digər tərəfdən, heç müsəlman ölkələrinin özləri arasında həmrəylik yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərdə gərginlik hökm sürür, bir sıra müsəlman ölkəsində məzhəb müharibələri davam edir. Ona görə də müsəlman ölkələri arasında fərqli maraqlar mövcuddur. Yekunda bu fərqli maraqlar İslam aləminin ABŞ-a və İsrailə qarşı vahid cəbhə yaratmasına mane olur".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə hesab edir ki, prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının bu gün ən fəal üzvlərindən biri olduğunu göstərir. O, "Trend"ə bildirib ki, dövlət başçısının Qüds məsələsinin beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qərarlar əsasında həllinin vacibliyini vurğulamağı diqqəti cəlb edir: "Qüds məsələsi olduqca mürəkkəb bir prosesdir. Bu baxımdan Azərbaycan öz mövqeyini konkret şəkildə ortaya qoyub. Eyni zamanda, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin görüş iştirakçılarının diqqətinə çatdırılması da Azərbaycanın İslam dəyərlərinə nə qədər bağlı olduğunu göstərir".

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan bu gün ərazi bütövlüyü problemi ilə üzləşib: "Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlaması və işğala son qoymaq istəməməsi beynəlxalq aləmdə çox narahatedici bir məsələdir. Prezident İlham Əliyev bu məsələni də toplantı iştirakçılarının diqqətinə çatdırıb". Deputat vurğulayıb ki, ölkə başçısının tədbirdə iştirakı və çıxışı Azərbaycanın yüksək nüfuzunu bir daha nümayiş etdirib.

Ceyhun ABASOV

 





15.12.2017    çap et  çap et