525.Az

Nazirliklə iki beynəlxalq təşkilat arasında niyyət məktubu imzalandı


 

Nazirliklə iki beynəlxalq təşkilat arasında niyyət məktubu imzalandı<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında niyyət məktubu imzalanıb.

Nazirlikdən verilən məlumata görə, sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.

Tədbirdə S.Müslümov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu və iqtisadiyyatın sosialyönümlü inkişafında əmək resurslarının məşğulluq imkanlarının artırılması pinsipinin ön planda saxlandığını vurğulayıb. Nazir respublikada aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə, əmək bazarının inkişafına və layiqli əməyin təminatına yönələn kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahələrdə aparılan siyasətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi və səmərəli icra mexanizminin formalaşdırılmasında, aktiv əmək bazarı proqramlarının hazırlanması və icrasında BMT İnkişaf Proqramı və BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Birgə aparılan işlər ümumilikdə, BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn aidiyyəti məsələlərin həllində də uğurlu əməkdaşlıq təcrübəsinin yaranmasına imkan verib”.

S.Müslümov BMT İnkişaf Proqramı ilə birgə 2002-2012-ci illərdə “Milli sosial müdafiə sisteminin inkişafı və Milli Məşğulluq Strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi”, 2011-2015-ci illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihələrinin icra olunduğunu qeyd edib.

Nazir imzalanan niyyət məktubunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BƏT arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məramını ifadə etdiyini vurğulayıb.

Q.İsakzai BMT-nin bütün ölkələrə 2030-cu ilədək Dayanıqlı İnkişaf Proqramından irəli gələn öhdəliklərin yerinə yetirilməsində və öz milli prioritetlərini bu məqsədlərə uyğunlaşdırmaqda davamlı olaraq dəstək göstərdiyini bildirib. O, Azərbaycanda əmək resurslarının səmərəli məşğulluğunun təminatı sahəsində aparılan işləri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini vurğulayıb. O.Kulayeva isə Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını yüksək dəyələndirib, Təşkilatın ölkəmizdə aktiv məşğulluq tədbirlərinin, o cümlədən, özünüməşğulluq proqramının genişləndirilməsi üçün aparılan işlərə yaxından dəstək verməkdə maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, niyyət məktubunda BMT İnkişaf Proqramı və BƏT-in məşğulluq, aktiv əmək bazarı proqramları sahələrində və ümumilikdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında fəaliyyətlərini genişləndirməkdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə aktiv əmək bazarı proqramlarını, xüsusilə də özünüməşğulluq proqramını idarə etmək potensialını artırmaqda maraqlı olduqları bildirilir. Sənəddə Azərbaycanda BMT İnkişaf Proqramı özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır.

CEYHUN

 





16.12.2017    çap et  çap et