525.Az

Görkəmli tarzən Əhməd Bakıxanov anılıb


 

Görkəmli tarzən Əhməd Bakıxanov anılıb<b style="color:red"></b>

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əhməd Bakıxanovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.

Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açıb. O deyib ki, Əhməd Bakıxanov bizə zaman baxımından həm yaxındır, həm də uzaq. Ondan bizə çox şeylər yadigar qalıb. Onun yaradıcılığını Azərbaycan mədəniyyətinin bütöv mənzərəsi ilə tutuşduranda əlbəttə ki, Ə.Bakıxanov bizə çox uzaq insan kimi görünür. Amma onunla ünsiyyətdə olmuş, ondan dərs almış və onun yolunu gedən insanların bir neçəsi bu gün sağdır. Onun yadigarı Xalq Çalğı Alətləri Ansamblıdır. Əsərləri bu gün də səslənir, xatirəsi ürəklərdə yaşayır. Ona görə də sənətkarın özü bizə nəfəs çatacaq qədər yaxındır. Neçə-neçə illər ərzində milli alətimiz olan tar enişli-yoxuşlu yollar keçib. Əhməd Bakıxanov və onun kimi milli mədəniyyətimizin keşiyində duran şəxslər tara qarşı yönəlmiş qərəzli həmlələrlə mübarizə aparıblar. O insanlara minnətdar olmalıyıq ki, çətin zamanların içərisində kökslərini irəli veriblər, bu sənəti yaşadıblar.

Rafael Hüseynov deyib ki, təhsilini İranda almış Əhməd Bakıxanov burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ovaxtkı Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr edib.

Tədbir konsert proqramı ilə davam edib.

Şahanə MÜŞFİQ

 





16.12.2017    çap et  çap et