525.Az

İnqilab İsaqın şeirləri


 

İnqilab İsaqın <b style="color:red">şeirləri</b>

Darıxma

Məni darıxmağa qoymaz bu dünya,

Könül davasında durmaz boş-bekar.

Söz atar buluda, göz dikər aya,

Zalımın balası fağır, davakar.

 

Oda qundaqlanıb körpə bələyi,

Di gəl o baxışın odu başqadı.

Sevgi kitabını yazıb lələyi,

Dərdləri mindirsə, adı başqadı.

 

Səhra yoxuşudu dəvə karvanı...

İlğım harayına nəfəsi çatmaz.

Günəşin şər vaxtı çırtlayan qanı,

Lalə oyatmağa həvəsi çatmaz.

 

Ürəyim ahını dağa yetirir,

Bulaqda durulur gözümün yaşı.

Cığırlar  özünü elə itirib,

Qəriblik cücərdir hər addımbaşı.

 

Həsrətim gah aran, gah dağ köçündə...

Şuşasız  gecə də pozulub yuxum.

Tərsinə yaşadım bu dünyanı mən,

Odur ki, tərsinə yozulur yuxum.

 

Canım necə sığsın de, dar köynəyə?

Nə gündüz gündüzdü, nə gecə-gecə.

Vətəndə qürbətə düşməyim deyə,

Yarama duz basdım, susum ölüncə...

 

Savaş...

 

Bir damın altında gör necə yadıq?

Üstəlik bu dalan, qapı, pəncərə...

Axır qəlbin kimi açıldı sözün,

Məni darıxdıran soyuq günlərə.

 

Demirəm asandı tale savaşı,

Niyə belə çəkdik ömrü cəzaya?

Güzəştli yaşadım hər addımbaşı,

Cavabım ləngidi itkin haraya.

 

Sükutu ləngidən oğul-uşaqmı,

Bunu anlamağa çatmırmı gücüm?

Mənim gözlərimdə sönən işığa,

Qaranlıq qoşubdu çoxdandı köçün.

 

 

Bəlkə daha gecdi bu sirri açmaq,

Tale qazanmışam köks ötürməyə.

Bircə həqiqəti bilirəm ancaq,

Canım libas imiş kədər örtməyə.

 

Sınıq ümidlərlə barışmaq çətin,

Görən nə söyləyir çək-çevir sənə?

Üz-üzə sussaq da, amma baxışın,

Cavabsız ayrılıq danışır yenə...

 

Fikirli, fikirli...

 

Canımı mürgüdən xilas eyləyib,

Axır ki, özümlə başladı davam.

İndi kölgələri elə qovmuşam,

Köhnəlmiş bir evə köklənib havam.

Yaddaşla cığırın izinə düşüb,

Yuxudan oyatdım addımlarımı.

Bir tənha, bir könül qəribliyində,

Tüstülər doqqaza yığır axşamı.

 

Baba sorağında qoca armudun,

Buludla dərdləşir  cavan  pöhrəsi.

Rəhmətlik nənəmi necə unudum?

Zamana dolaşıb qırıq cəhrəsi.

 

Peşiman olmuşam bu ögeyliyə,

Mənəmmi taleyin yad nişanəsi?

Anadil yuxuya getməyim deyə,

Bağlı pəncərəmdə çırpınır səsi.

 

Dağlar da dayanıb əli qaşında,

Tanıya bilməyir doğmanı, yadı.

Mən suçlu düşmüşəm ahıl yaşımda,

Yüz yerə yozulur günahın adı.

 

Dərdi təzələndi bu şeirin də,

Gözümü daşlara sıxıb gedirəm.

Mürgüsü pozulmuş bu yurd yerindən,

Fikirli-fikirli çıxıb gedirəm...

2013

 

Sökər qaranlıqları...

 

İşığı elçi düşən,

Gözüm davaya düşməz.

Eşqə muştuluq olan,

Sözüm davaya düşməz.

 

Qəlbi ocaq küsdürən,

Yurdu külləyib gedər.

Könül xəlvət görüşə,

Gülləri əyib gedər.

 

Ümid gözdən qoyarmı,

Gözlədiyi səhəri?

Sökər qaranlıqları...

Bəxtin qonşu  çəpəri.

2013

 

Atama

 

Yenə səni düşündüm, yorğun təbəssümünlə...

Çözələdim aramla sükut sökmüş fikrini.

Dünya elə dəyişib çətin ki, baş çıxaram,

Bilmirəm bu günahda topa tutursan kimi.

 

Qurumuş ağaclarım cavab tapmır zəhminə,

Sıyrılmış baxışınla qılıncladın suçumu.

Şum açılmış torpaqtək qarşında dayanmışam,

Üzümdən tər axıdır töhmətinin hücumu.

 

Bilirəm qəzəblisən xəbərin var, xəbərdən...

Sənə haram eylədik, oyatdıq daş yuxunu.

Qəbrinlə  qolboyundu istəkli oğulun da,

Qoşamı dərdləşirsiz yurda çökmüş qorxunu.

 

Hər əkilən ağacın barını kim gözləməz,

Yurdu şənliyə dönən ölümdən uzaq düşür.

Ata, qürbət havası qapı, baca qoymadı,

Ocaqbaşı olanlar  ocaqdan qaçaq düşüb.

 

Muştuluq ha düşməyir dərdi korun çəkənə,

Sözü qərib sanana söz qınağı gərəkdi.

Neyləyim ki, mənim də qəm,

kədərdi külfətim,

Bu tanrının, bir də ki, sən verdiyin ürəkdi.

 

Tərpənim yaz ağrıdı, bağa enir həvəsim,

Çiçəklənmək istəyir qurusu da adamın.

Pöhrələnmiş ağacla, süfrə açmış ocaqla...

İncik ruhu barışa bəlkə onda atamın.

2013

 

 

Elə yaman gündəyəm ki...

(Kəlbəcərli qələm dostum Surxay Məhəmməd oğluna)

 

Surxay kişi, Kəlbəcərə,

Getsək, nolar qoşa  gedək.

Elə yaman gündəyəm ki...

Nə vaxtacan huşa gedək?

 

Dəlidağa diz çökməsək,

Dağlar bizə yol verərmi?

Bulaqlarla barışmasaq,

Ağlar, bizə yol verərmi?

 

Necə baxaq göy üzünə,

Üzümüz üzdən utanır.

Gözümüzə torpaq çəkək,

İşığı gözdən utanır.

 

Oba nədir, baba bilər,

Cənnəti arı azdırar.

Nəvələri yurd olanlar,

Bəxtinə yazı yazdırar.

 

Yuxulara yalvarıram,

Buludları qovsun deyə...

Künc-bucaqda ömür gülməz,

Canım kürdü qəribliyə...

 

Çox yalvarıb susma qoca,

A dərdləri  yurda çəkən...

Vətən də balıq ömrüdür,

Neyləsin quruda çəkən?

 

Surxay kişi, Kəlbəcərə,

Getsək, nolar qoşa gedək.

Elə yaman gündəyəm ki...

Nə vaxtacan huşa gedək?

 

Dərdi dərdə salmadım...

 

Nəfəsim də köhnəlib,

Daha yerişim də ləng.

Qəfəsdə milçək qovur,

Ömrü ovlanmış pələng...

 

Sabahın da adında,

Hardasa şər dolaşır...

Bəxtə qəhmər durmağa,

Bəxtsiz günlər savaşır...

 

Yollarım  yol ayrıcı...

Fikirlər pərən-pərən...

Taleyin bəd üzünü,

Nə çox imiş göstərən...

 

İndi bütün fəsillər,

Pıçıldaşır solmağa...

Dərdi dərdə salmadım,

Çəkdim xoşbəxt olmağa...

 

Sözüm sözə baxan deyil...

 

Qaralandı bu ağ vərəq...

Dilbilməzə elçi oldu...

Bu daş, mizan, bu tərəzi,

Qara günə ölçü oldu...

 

Eşq  yolumu bulud tutub,

O buluda əl yetərmi?

Tanrı məndən gizli saxlar,

Söz obamı, söz qitəmi...

 

Sətirlərim kəlmə başı,

Göz yaşımdan keçib gəlir...

Sonalayıb dərdlərimi,

Fağırını seçib gəlir...

 

Bəxtə  yolçu könül çayım,

Bilmir hara axır indi...

Sözüm sözə baxan deyil,

Sözümə kim baxır indi?

 

Dünya, fikrin hayandadır?

 

Elə fəndgir, zalım oğlu

Bir bərəsiz  zamanı yox...

Dünya od tutub alışa,

Bir xotmalıq samanı yox...

 

Baxırsan ki, oyunbazdı,

Yüz qapıya açarı var...

Elə kefcil, tox dayanıb,

İnanmırsan,  naçarı var...

 

Öz-özünü öyüb gedər,

Boş çuvalı dən üçündü...

Qaşını güzgüdə çatıb,

Kim deyir ki, qəm üçündü...

Başı elə baş qatmaqdı,

Tilsimləri başa keçir...

Kürsü-kürsü sözünə bax,

Sözü də birbaşa keçir...

 

Adı fürsət ovçusudu,

Gözü dağda, arandadı...

Dünyanı qurd-gödən yedi,

Dünya, fikrin hayandadı?

 

Buyruğa tələsən bıçaq...

 

Boyumu kəsən bıçaq,

Buyruğa tələsən bıçaq...

Əhsən sənə, əhsən bıçaq,

Məni yol yox, qan aparır...

 

Üzü yola əzmənə bax,

Baxır, baxır, ərz mənə bax,

Doğra məni, əz məni bax,

Demə ki, xoxan aparır.

 

İti ağrın hələ kütdü,

Ağrımı belə kiritdi.

Bu nə qıfıl, nə kiliddi?

Sirrini insan aparır.

 

Əyri getmə, düzünə gəl,

Öz ağlına, sözünə gəl.

Daha bəsdi, özünə gəl,

Gör kimi dövran aparır...

2013

 

Bu yazın ağrısı...

 

Can havası vurulub,

Burunlanıb budağı...

Deyən belə doğulur

Yazın hamilə çağı...

 

Oyanan yaddaşımdan,

Xəbər çatıb ağaca.

Mürgülü baharım da

Ayılır ehmallıca...

 

Deyən bəxti üzdədir,

Bu yorğun ürəyimin.

Solmaq qorxusu da var

Sükut boylu çiçəyin...

 

İndi dünyanın yazı

Güldə açır Hələbdə...

Körpə alnına tale

Güllə açır Hələbdə...

 

Görən davalı dərdim

Qoyarmı ağrı sına?

Mən də belə susdum,

Bu yazın ağrısına...

2013

 

Göyü uçmuş yuvalar...

 

Dərdi içimə çəkdim,

Göylə oyandı adı...

Yenə bulub gətirər,

Sınmış bir quş qanadı...

 

O buludlar boşalsa,

Göz yaşı utandırar...

Bir çiçək də bitirməz

Qanadı küsmüş bahar...

 

O qanadın ahından

Qaçmaz insan günahı...

Dərdə qanad verməyə

Niyə doğulduq axı?

 

Hər quşun baxışında

Öz səması, göyü var...

Yerdə də göy axtarır

Göyü uçmuş yuvalar...

2013

 

 





10.06.2013    çap et  çap et