525.Az

Dəmir İpək yolunda Azərbaycan-Çin ədəbi əlaqələri


 

PEKİNDƏ KEÇİRİLMİŞ "DƏYİŞƏN DÜNYA KONTEKSTİNDƏ ÇİNİN İNKİŞAFI" BEYNƏLXALQ SİMPOZİUMUNA SÖZARDI

Dəmir İpək yolunda Azərbaycan-Çin ədəbi əlaqələri<b style="color:red"></b>

Bu il Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın dünya kontekstində yeni inkişaf potensialını ortaya qoymuş oldu. Bu həm də tarixi İpək yolunun yeni mərhələdə uğurlu davamıdır. Çinin də başlatdığı və tarixi İpək yolunun davamı olan "Bir kəmər, bir yol" layihəsi vardır.

Bakı-Pekin layihələri tarixi ənənəyə əsaslanaraq yeni dünya düzənində hər iki ölkənin müasir siyasətdə yerini bəlirləyir, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Dünyanın ən böyük dövlətlərindən biri olan Çinin bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri Azərbaycanın da çağdaş siyasətinə tamamilə uyğun gəlir. Əslində, bu əlaqələrin tarixi ümummilli lider Heydər Əliyevin 1994-cü il 7-10 mart tarixlərində Çinə rəsmi səfəri ilə yeni mərhələyə daxil oldu. Heydər Əliyev Azərbaycan-Çin dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyindəndir ki, bu səfərdə ölkələr arasında səkkiz müqavilə imzalandı. Sabit və sağlam əsasda inkişaf edən həmin əlaqələr bu gün də davam edir; Prezident İlham Əliyevin 2005-ci il martın 17-19-da, 2015-ci il dekabrın 8-11-də Çinə rəsmi səfərləri iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirdi. Bu müddət ərzində Bakı ilə Pekin arasında bütün sahələrdə əməkdaşlıq genişləndi. Bu siyasi, iqtisadi əlaqələr qədim tarixi ilişgilərə malik Azərbaycan-Çin mədəni, ədəbi, elmi əlaqələrinin də inkişafını şərtləndirdi.

Azərbaycan-Çin elmi, ədəbi-mədəni əlaqələri də bu inkişaf kontekstində davam etmişdir. Azərbaycan və Çin İctimai Elmlər Akademiyaları arasındakı münasibətlər qarşılıqlı əməkdaşlığa əsaslanır. Ulu öndər Heydər Əliyevin Çin Xalq Respublikasında səfərdə olarkən Çin İctimai Elmlər Akademiyasındakı çıxışı həm də Azərbaycan Milli Elmlər Akademiyası ilə gələcək qarşılıqlı inkişafına zəmin yaratmış oldu. Çin İctimai Elmlər Akademiyasının prezidenti Van Veyquanın rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin sentyabrında Bakıda olmuş və AMEA-nın prezidenti akademik Akif Əlizadə ilə gələcək elmi əlaqələrin inkişaf etdirilməsinə dair razılıqlar əldə edilmişdir. Artıq Azərbaycan alimləri Çində, çinli alimlər isə Azərbaycanda  olur, qarşılıqlı əməkdaşlıq əsasında birgə layihələr, konfranslar həyata keçirilir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da bu əməkdaşlıq çərçivəsində elmi əlaqələrini yenidən qurmuşdur. Hələ 2015-ci il fevralın 4-də İnstitutun direktoru akademik İsa Həbibbəylinin təşəbbüsü olaraq Çinin Konfutsi İnstitutu arasında müqavilə imzalanmış və İnstutut daxilində Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzi yaratmaqda əsas məqsəd qədim İpək yolunda mədəniyyətin, ədəbiyyatın yenidən bərpası, qarşılıqlı tədqiqatların aparılması, birgə konfransların keçirilməsi, Azərbaycan-Çin ədəbiyyatları üzrə müqayisəli araşdırmaların aparılması olmuşdur. Mərkəzin daxilində Çin dili tədris olunmağa başlamışdır. Hazırda həmin mərkəzdə dörd nəfər İnstitut əməkdaşı Çin dilini öyrənməklə məşğuldur. Asiya xalqları ədəbiyyatını öyrənmək məqsədilə İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması bu ədəbi əlaqələri daha da intensivləşdirmişdir. Məhz bu qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, şöbənin doktorantı Nərgiz Kərimovaya "Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar" fəlsəfə doktorluğu üzrə dissertasiya mövzusu verilmişdir. Əməkdaşımız bir dəfə Çinin Anxoy vilayətində yay məkəbində iştirak etmiş, bir dəfə isə altı ay  Anxoy vilayəti Xefey şəhərindəki Anxoy Universitetinin Beynəlxalq Təhsil Mərkəzində "Müasir Çin dili" adlı təqaüd proqramını qazanmış və təcrübə keçmişdir.

2017-ci ilin iyununda Çin İctimai Elmlər Akademiyasının Etnik Ədəbiyyatlar İnstitutunun professoru Huanq Zhongxianq İnstitumuzda bir həftəlik elmi ezamiyyətdə olmuşdur. Bu müddətdə professor Huanq Zhongxianq Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində "Çində etnik ədəbiyyatların tədqiqi" mövzusunda məruzə oxumuş və Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı məlumatlar almışdır. Professor həm də AMEA Folklor İnstitutunda, Azərbaycan Aşıqlar Birliyində görüşlər keçirmiş, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinə baş çəkmişdir. Oktyabrın 5-də keçirilən Azərbaycan-Çin birgə konfransında professor Bədirxan Əhmədov "Qədim Azərbaycan ədəbiyyatında Çin motivləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

Azərbaycan-Çin Elmlər akademiyaları arasında elmi mübadilələr gündən-günə dərinləşir. Bu yaxınlarda Pekində keçirilən "Dəyişən dünya kontekstində Çinin inkişafı" (Pekin, 17-18 noyabr 2017) Beynəlxalq konfransda iştirak etdik. Çin İctimai Elmlər Akademiyasının təşkil etdiyi bu tədbir dünyanın müxtəlif ölkələrində Çin tədqiqatlar mərkəzinin yaradılması üçün müəyyən hazırlıq məqsədi daşıyırdı. Ayrı-ayrı ölkələrin elm adamlarının, ictimai şəxslərin, çinşünaslıq mərkəzlərinin əməkdaşlarının qatıldıqları tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli və mən təmsil edirdim. Noyabrın 16-da günorta Pekində olduq. Zaman çox dar olduğundan vaxt itirmədən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı abidəsini ziyarət etdik. Həmin gün ölkəmizin Çindəki səfirliyinə də baş çəkdik. Akademik, millət vəkili İsa Həbibbəyli səfirlik əməkdaşları ilə görüşündə cəmi bir gün əvvəl Çin Parlamentinin bir qrup üzvünün Milli Məclisdə görüşünü xatırladı və Azərbaycan-Çin münasibətlərinin bugünkü və gələcək əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi. Səhəri gün də proqram çox yoğun idi; belə ki, simpoziumdan öncə Azərbaycan nümayəndə heyətini Çin İctimai Elmlər Akademiyasının prezidenti V.Veyquan qəbul etdi. Prezidentin iyirmiyə yaxın müxtəlif ölkələrdən qatılan nümayəndə heyəti içərisindən yalnız Azərbaycan nümayəndə heyətini ayrıca qəbul etməsi iki ölkənin və xalqın qarşılıqlı əməkdaşlığına önəm verməsinin nəticəsi hesab etmək olar. V.Veyquan ilə akademik İsa Həbibbəylinin görüşündə iki ölkə arasında elmi əməkdaşlığın davam etdirilməsi və gələcək perspektivləri müzakirə edildi.

Simpoziumu Çin İctimai Elmlər akademiyasının rəhbəri Van Veyquan açaraq xaricdə fəaliyyət göstərən çinşünaslıq işinin əhəmiyyətindən və ona dəstək verilməsindən danışdı. Akademik İsa Həbibbəyli plenar iclasda çıxış edərək Azərbaycan-Çin əlaqələrinin ədəbi-mədəni müstəvidə davam etdiriləcəyi və yeni inkişaf mərhələsinin önəmindən danışdı. Tarixi İpək Yolunun bu gün Azərbaycanın liderliyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə davam etməsini obrazlı şəkildə Dəmir İpək Yolu adlandırıb və Çinin "Bir Kəmər, bir Yol" layihəsini tamamladığına diqqət çəkdi. Qədim zamanlardan ölkəmizdə Çinə olan böyük marağın genişlənərək inkişaf etdiyini, İpək Yolu üzərində körpü funksiyasını həyata keçirən Azərbaycanın Çinin Qafqaz ilə əlaqələrində mühüm rol oynadığı fikri konfrans iştirakçılarının olduqca marağına səbəb oldu. Akademik İ.Həbibbəyli ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sənədlərin bu gün öz bəhrəsini verdiyini və onun əsasında qarşılıqlı əməkdaşlığın genişləndiyini bildirdi. Məhz bu qarşılıqlı əməkdaşlıq kontekstində Azərbaycan-Çin elmi əlaqələrinin inkişafı son zamanlar intensiv xarakter almışdır. Akademik İ.Həbibbəyli rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Çinin elmi qurumları ilə əlaqələrin genişlənməsi istiqamətində müəyyən işlər görülməsi ilə bağlı məlumat da razılıqla qarşılandı. İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Çin Tədqiqatları Mərkəzinin yaradılması, institut əməkdaşlarının Çində keçirilən konfrans, seminar və simpoziumlarda iştirakı, Çinin elm adamlarının Ədəbiyyat İnstitutuna tez-tez təşkil edilən səfərləri, birgə tədbirlərin reallaşdırılması bunun parlaq nümunəsidir. Qeyd olundu ki, İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması ilə əsası qoyulmuş bu əlaqələr artıq öz bəhrəsini verməkdədir. Çin İctimai Elmlər Akademiyasında da Azərbaycanşünaslıq mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olundu.

Bizim Pekin Xarici Dillər Universitetinin rəhbərliyi ilə keçirilən görüşümüz də çox məhsuldar oldu. Doğrusu, bu görüş zamanın darlığı səbəbindən alınmaya da bilərdi. Çünki orada olduğumuz iki gün yarım proqramın baş tutmasına imkan vermirdi. Ancaq akademik İsa Həbibbəyli buna önəm verdiyindən bu görüşü konfransın ikinci gününün iclası başlamamışa qədər təyin etdi. Artıq noyabrın 18-də səhər saat 8-də biz Universitetdə idik. Bizi qəbul edən Universitetin prorektoru Sun Youcun da bu görüşə böyük əhəmiyyət verdiyi məlum oldu. Çünki müəyyən səbəblərdən onun da həmin gün proqramında sıxlıq var idi.  Bu görüşdə iki ölkənin elm və təhsil əlaqələrindən, Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin münasibətlərdən söz açıldı. Universitet haqqında məlumat verən prorektor, xarici dillər üzrə kadrların hazırlanması ilə məşğul olan bu ali təhsil ocağında hazırda 80 xarici dil tədris olunduğunu, bu ilin fevralından Azərbaycan dilinin ikinci dili kimi tədrisinə başlanıldığını deməsi bizim üçün gözlənilməz oldu. Prorektor onu da bildirdi ki, növbəti tədris ilində Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu da planlaşdırılır. Professor S.Youcun Bakı Dövlət Universitetinin bu təhsil müəssisəsinə verdiyi dəstəyini xüsusi qeyd etdi və Azərbaycanın Milli Elmlər Akademiyası ilə də əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Həmyerlimiz, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin həmin Universitetin dosenti kimi burada çalışması və böyük nüfuzu olması bizi çox sevindirdi. Lakin Universitet rəhbəri bizi təəcübləndirən ən mühüm hadisəni deyəsən, sona saxlamışdı. Professor S.Youcun Universitetin Afrika-Asiya ölkələri tədqiqatları mərkəzinin bu il nəşr etdiyi "Kitabi Dədə Qorqud" kitabını və onu nəşrə hazırlayan professor Lui Caonu bizə təqdim etdi. "Kitabi Dədə Qorqud" eposunu Çin dilində görmək olduqca xoş idi.

"Kitabi Dədə Qorqud" dastanı bu il Çin Minzu Universiteti nəşriyyatında çap edilib. Dastanın başqa xalqların dillərinə tərcüməsinə Çinin də qoşulması abidənin yeni bir arenada tanınması deməkdir. Artıq 200 ilə yaxındır ki, dünya ədəbi arenasında dolaşan dastan nəhayət Çin səddini də aşdı.  "Dədə Qorqud"un Çin nəşri bir neçə cəhətdən əlamətdardır. "Kitabi Dədə Qorqud"un Çin nəşrinin əsas özəlliklərindən biri də əsərə ingilis dilində xülasənin verilməsidir. Kitabın mündəricatı isə Çin və ingilis dillərində verilmişdir. Kitabın əvvəlində ərəb, latın və çin əlifbası mətndəki bəzi anlaşılmazlıqların aradan qaldırılması üçün zəruridir.  Çin və türk dilində verilən dastana Türk Dil Qurumunun başqanı Mustafa Kaçalin və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ön söz yazmışlar. M.Kaçalinin ön sözü çin və ingilis, Anarın ön sözü isə çin və Azərbaycan dilində verilmişdir. Kaçalinin kiçik məqaləsində dastanın elm aləminə məlum olmasından sonrakı dünya arenasındakı hərəkət xəttindən danışılır və Çində ilk dəfə nəşr edilən bu kitabın 1,5 milyard insanı bir araya gətirəcək sərhədsiz imkanlarına toxunulur. Anarın "Dədə Qorqud" dünyası" geniş məqaləsində isə Asiya qitəsində təxminən eyni vaxtda bir-birindən çox aralı bir yerdə yaranan Orxon-Yenisey və Dədə Qorqud aləminə nəzər salınır. Yazıçı dastanın əlimizdəki nüsxələrdəki şəklinə qədər keçdiyi dövrlər və mərhələlərlə bağlı maraqlı mülahizələr söyləyir. Bu mülahizələrdə "Dədə Qorqud" dastanının yaranması və formalaşması prosesi elmi cəhətdən əsaslandırılır: "Beləliklə, Dədə Qorqud oğuznamələrinin min ildən artıq çəkən yaranma, ifa, təkmilləşmə, yazıya alınma, üzünü köçürmə prosesi müxtəlif zamanların təsirinə məruz qalsa da, ilkin ruhun, məzmunun, xarakterlərin, formanın sabitliyini, ardıcıllığını, sabitliyini göstərir. Bu sabitlik, ardıcıllıq, davamiyyət, dəyişərək dəyişməz qalmaq-həm də xalqımızın öz doğma torpağında keçdiyi çox qədimlərdən başlamış və min illər boyu davam edən tarixi yoluna da xas olan başlıca xüsusiyyətdir".

"Kitabi Dədə Qorqud"un Çin nəşrini sadəcə tərcümə adlandırmaq çətindir; bu nəşri həm də dastanın elmi-tənqidi mətni hesab etmək olar. Nədən ki, dastanın tərcüməsi zamanı həm də böyük və zəhmətli elmi-tənqidi mətnşünaslıq işi görülmüşdür. Bu, kitabın nəşrinin əhəmiyyətini olduqca artırır. 596 səhifəlik kitabın 400 səhifəsi onun dil komponentləri üzrə araşdırılmasına həsr edilmişdir. O da məlum olur ki, tərcüməçi professor Liu Cao türkoloqdur. Onun dissertasiyası məhz Dədə Qorqud üzərinə olmuş, bir neçə dəfə Türkiyədə olmuşdur. Türkcə mükəmməl danışan Liu Caonun kitaba əlavə edilmiş araşdırması da dastanın yaranma arealı, boyları, süjet xətti, obrazları ilə yanaşı, onun dil faktoru üzərində də geniş məlumatlar verilir. Liu Caon dilçi alimdir, ona görə də onun dastanı dil faktoru baxımından araşdırması Azərbaycan dilçiliyinin də diqqətini cəlb edə bilər. "Divan" adı ilə çap edilmiş dastanın girişində Korkut Ata, üç otuz on, tolduran topdur, kırk, kına, tutam, Ayişe, Fatima, İman, Karacuk, beş kelime dua, Allahım emri, peyğrmberin kavliyle, ismi azam, kalkubanı yerümden, konur at, Eylik Koca oğlu Alp Evren, Kantura, yer demir, gök bakır və s. onlarla söz və söz birləşmələrinin çincə izahı verilmişdir. İzahlar verilərkən tədqiqatçı müxtəlif mənbələrə istinad etmişdir. Bu istinadlar içərisində, Türkiyə, Avropa mənbələri ilə yanaşı, Azərbaycan mənbələri də başlıca yer tutur.

"Kitabi Dədə qorqud" dastanın Çin dilinə tərcüməsi və tədqiqatla tanış olduqca dastana və onun məxsus olduğu türk xalqına məhəbbəti, sayğını görməmək olmur. Dastandakı morfo-sintaktik təsirlər, ilk yazılı nüsxələrin meydana gəlməsindən əvvəl şifahi formada nəsildən-nəsilə keçərək bu günümüzə gəlib çatmanın dil faktorunu üzə çıxaran tədqiqatçı cümlədə əlaqə və uyğunluq prinsipini araşdırmağa nail olur. Dastan mətnini cümlə, ifadə, tərkib, məntiqi vurğu, söz komponentləri ilə təhlilə cəlb edilir. Buradakı sözlərin nitq hissələri, eləcə də feli sifət, feli isim, feli zərf, mübtəda, xəbər quruluşlu cümlə komponentləri baxımından təhlili dastandakı qədimliyi və özünəməxsusluğu bütün detalları ilə üzə çıxarır. Professor Liu Caonun belə bir fikri maraq doğurur ki, mübtəda və xəbər cümlə komponentləri arasında əlaqəyə təsir edir. Feli sifət birləşmələri olan cümlələrin xəbəri verbal adlandığı halda, başqaları nominal statusda çıxış edir. Ümumiyyətlə, dastanın dilinin dil faktoru baxımından tədqiqi ilk dəfə bu cür əhatəliliklə edilir. Tədqiqatçı, demək olar ki, dastanın lüğət tərkibini, nitq hissələrini (isim, sifət, say, fel, zərf və s.), eləcə də tərkiblər, sözönüləri, bağlayıcılar, şəkilçilər və s. komponentlərinə görə tədqiqata cəlb edir.

"Dədə Qorqud" kitabının bir hissəsində lüğət tərkibi də geniş yer alır; tədqiqatçı əlifba sırası ilə sözləri əvvəlcə dastanda işləndiyi kimi verir, daha sonra isə onun kökünü və dastanda işlənmə variantlarını indeksləşdirilmiş şəkildə səhifələrini göstərməklə təqdim edir. Bu, olduqca əhəmiyyətli olmaqla, son dərəcə ağır və zəhmət tələb eləyən bir işdir. Bu işinə görə Liu Caoya böyük bir təşəkkür və minnətdarlıq borcumuz var. Ancaq onu da qeyd etməyi lazım bilirik ki, tədqiqatçının bu araşdırmalarında daha çox Türkiyə nəşrlərindən və tədqiqatlarından istifadə etmişdir. Türkiyə tədqiqatçılarından Orxan Şaik Gökyay, Məhərrəm Ergin nəşrlərinə müraciət edən tədqiqatçı araşdırmalarında Azərbaycan alimlərindən Samət Əlizadə, Vahidoğlu tədqiqatlarına da istinadlar etmişdir. Bütün hallarda bu kitab Çində "Bir Kəmər, Bir Yol", Azərbaycanda isə "Dəmir İpək Yolu" layihələrini birləşdirən və bu layihələrin gələcəyinə böyük perspektivlər vəd edən uğurlu bir işdir və türkologiya elminə layiqli bir hədiyyədir.

İnanırıq ki, "Bir Kəmər, Bir Yol" və "Dəmir İpək Yolu" layihələri tarixi minilliklərlə ölçülən ədəbiyyatların və xalqların qədim İpək yolunun uğurla davam etdirilməsində yeni perspektivlər açacaqdır.   

 





19.12.2017    çap et  çap et