525.Az

Məramı işıqlı yazılar: Səmədağa Ağamalıoğlunun publisistikası


 

Məramı işıqlı yazılar:<b style="color:red"> Səmədağa Ağamalıoğlunun publisistikası</b>

(Əvvəli ötən sayımızda)

Rusca səlis danışmaq imkanları ilə yanaşı, S.Ağamalıoğlu bu dildə həm də peşəkarcasına məqalələr yazır, fikrini auditoriyaya çatdıra bilirdi.
 
S.Ağamalıoğlunun "Probujdeniya" qəzetindəki məqalələrini təhlil edən X.Nəcəfov yazır: "Qəzetdə Qazaxdan, Gədəbəydən, Tovuzdan, Şamxordan, Gəncədən və Azərbaycanın digər rayonlarından müntəzəm məktublar dərc olunurdu. Qəzet üçün lazım olan fakt və məlumatlar qəzetin əməkdaşları vasitəsilə əldə edilirdi".

Azərbaycanın sovetləşməsindən sonra da mətbuatla əlaqələrini davam etdirən S.Ağamalıoğlu yeni siyasi quruluşun gətirdiyi üstünlükləri, cəmiyyətin inkişafına mane olan amilləri təhlil edir, fərqli mülahizələr qələmə alırdı. Onun məqalələrinin böyük əksəriyyəti ərəb əlifbasının latın qrafikalı əlifba ilə əvəz olunması, ortaq türk tarixinin yazılması, vahid dil normalarının müəyyənləşdirilməsinə və qadın azadlığının qorunmasına yönəlib. Dini xürafata, fanatizmə qarşı mütərəqqi qüvvələrin, ziyalıların gücünün birləşdirilməsi məsələsi bu mübariz insanın diqqət yönəltdiyi əsas mövzulardan idi. Əlifba islahatı ilə bağlı bir neçə yeni mətbu orqanın nəşri də S.Ağamalıoğlunun adı ilə bağlıdır. 1922-ci il martın 6-da AK(b)P-nın plenumunun qərarı ilə yaradılan Yeni Əlifba Komitəsinin sədri kimi S.Ağamalıoğlunun atdığı ilk addım latın əlifbası ilə çap olunan mətbu orqan yaratmaq oldu. 1922-ci il  sentyabrın 28-də böyük mütəfəkkir C.Məmmədquluzadənin redaktorluğu ilə Yeni Əlifba Komitəsinin nəşr-əfkarı olan "Yeni yol" qəzeti işıq üzü gördü.

Qəzet əvvəlcə həftəlik, 1924-cü ildən başlayaraq isə gündəlik nəşrə çevrildi. Arzularının gerçəkləşdiyindən sevinc hissi keçirən S.Ağamalıoğlu "Yeni yol"un gündəlik nəşri münasibətilə redaksiyaya göndərdiyi təbrik məktubunda deyirdi: "Yeni əlifba ilə çıxan "Yeni yol" qəzetinin gündəlik olmasını təbrik edərək ucadan deyirəm ki, ərəb əlifbası yeni əlifba ilə əvəz edildikdən sonra türk ədəbiyyatı və elmi başqa mədəni xalqların arasında özünə layiqli yer tuta biləcəkdir. Yeni əlifba türk fəhlə və kəndlilərinin ən asan bir yol ilə həqiqi bilik almalarına köməklik edəcəkdir. Sizə  işdə müvəffəqiyyət və qabiliyyət arzu edirəm". ("Yeni yol" qəzeti, 1929-cu il, 5 may № 10).

Yeni əlifbaya keçid istiqamətində böyük işlər görən "Yeni yol" Azərbaycanda savadsızlığın ləğvinə öz töhfələrini verdi, bu mətbu orqan kifayət qədər oxucu auditoriyası formalaşdırmaq missiyasını həyata keçirməyi bacardı. Qəzetin tirajı qısa bir müddətdə yüksəldi, 1923-cü ildə 1500 nüsxə ilə çıxan "Yeni yol" 1926-cı ilin noyabrında artıq 6500 nüsxədə oxuculara çatdırılırdı. Yeni əlifba yeni nəşrlərin, kitabların çapını tələb edirdi.

Bu baxımdan S.Ağamalıoğlunun siyasi iradəsi ilə Yeni Əlifba Komitəsi "Gələcək" adlı aylıq jurnalı da çap etməyə qərar verdi.

"Yeni yol"un 2-ci sayında "Gələcək" jurnalının nəşri barədə məlumat verərək yazırdı: "İndiyə kimi Qafqaz müsəlmanları arasında elmi-ədəbi jurnal çıxarmağa o qədər də əhəmiyyət verilmirdi. Bir neçəsi çıxmışdırsa da, o qədər müsbət təsir bağışlamamışdır. Çünki onların həm ömürləri az olmuşdu, həm də proqramları bu tazə verilən jurnalın proqramı kibi yapılmamışdı. "Gələcək" jurnalını çap edəcək heyət ilə bir qədər söhbət etdikdən sonra belə məlum oldu ki, bu jurnalın adı məqsədinə bütün-bütünə uyğun və müvafiqdir. Çünki heyətin istədiyi cəmi elmlərdən və habelə ədəbiyyatdan öz oxucularına ətraflıca məlumat verməkdir".

1929-cu ildə yeni əlifbada işıq üzü görən qəzet və jurnalların tirajında xeyli artım baş verdi. "Kommunist" qəzeti 10 min, "Şərq qadını" jurnalı isə 6 min tirajla yeni və keyfiyyətli poliqrafik üsulda çap edilib yayılırdı.

"Kommunist", "Yeni yol", "İşıq yolu", "Yeni fikir" qəzetlərində əlifba islahatı, yeni terminologiyanın yaradılması, savadsızlığın ləğvi barədə görülən və görüləcək işlər barədə məqalələr yazan S.Ağamalıoğlu Şərq xalqlarının mədəni yüksəlişi işinə N.Nərimanovla birgə səy göstərir, sağlam və hamı tərəfindən qəbul olunan mövqe ortaya qoyurdu. Mətbuat və teatr tarixçisi, qocaman jurnalist Qulam Məmmədli yazır ki, Moskvada nəşr olunan "Qızıl Şərq" məcmuəsində N.Nərimanov, S.Ağamalıoğlu, Həbib Cəbiyev, Hüseyn Cavid, Nazim Hikmət və Cəlil Məmmədquluzadə fəal iştirak edirdilər. Maarifçi jurnalist Fərhad Ağazadə isə "Kommunist" qəzetindəki məqaləsində S.Ağamalıoğlunu cəfakeş publisist adlandırırdı: "...Hərgah "Yeni yol" qəzetinin nömrələrini vərəqləsəniz, Ağamalıoğlu, M.C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Cabbar Məmmədzadə, Əziz Şərif kimi bir neçə köhnə mühərrirlərdən başqa 30-40 yeni mühərririn adına rast gələcəksiniz". ("Kommunist" qəzeti, 7 noyabr 1923-cü il).

Azərbaycanda qadın hüquq və azadlıqlarının fəal müdafiəçisi olan S.Ağamalıoğlu 1923-cü ilin noyabrında nəşrə başlayan AK(b)P MK-nın orqanı olan "Şərq qadını" məcmuəsinin işinin təşkilində də böyük əmək sərf etməli oldu. Bu barədə Xəlil Nəcəfov məlumat verərək bu mübariz insanın fəaliyyətinin digər məziyyətlərini də ortaya qoyur: "Jurnalın birinci nömrəsinin  hazırlanmasında və onun gələcək fəaliyyətində Ə.Qarayev, R.Axundov, S.Əfəndiyev ilə birgə S.Ağamalıoğlu da fəal iştirak etdi. Jurnalın ilk sayında S.Ağamalıoğlu "Tarixdə qadınların qiyməti" adlı məqalə ilə çıxış etdi. O, həmin məqaləsində qadınları köhnə adət və ənənələrə  qarşı mübarizəyə səsləyirdi. (X.Rəfiyev.  S.Ağamalıoğlunun ictimai-siyasi görüşləri.  Bakı, 1968-ci il, səh. 120-121). Qadın hüquq və azadlıqlarına qarşı çıxanları sərt ifadələrlə tənqid edən S.Ağamalıoğlu xanımları birliyə, köhnəliyə qarşı mübarizəyə səsləyirdi: "Tarixin gedişinin qabağını heç bir qüvvə saxlaya bilməz, bizim qadınların azadlığa çıxmaları qanunauyğundur. Lakin hər yerdə ölü diridən yapışır, yəni köhnə təzədən əl çəkmək istəmir. Lakin bizim ümumzəhmətkeşlər içərisində təzə ümid yoluna düşənlər çoxalmaqda və qüvvətlənməkdədir". ("Şərq qadını" jurnalı, 1923-cü il № 1).

Qadın azadlığı hərəkatının mətbu carçısı olan "Şərq qadını"nın xanımların savadlanması, ictimai-siyasi proseslərə cəlb olunmasında oynadığı rolu S.Ağamalıoğlu həmişə yüksək qiymətləndirirdi. Jurnalın 5 illik yubileyi münasibətilə yazdığı məktubda o, qarşıdakı bir çox problemlərə toxunaraq yazırdı: "Qadınlar kişilərdən də inqilabçı olduqlarını göstərdilər. Onlar hələ indi kişilərin əsarət zəncirindən boyunlarını xilas etməyə başlayırlar. Onların bir çox bacıları hələ də zindanlarda əsir qalıb dilsiz-ağızsız, ruhsuz bir insan kimi, dəhşətli və hər bir hissiyyatı məhv edən qanunlara tabe olaraq yaşayırlar".

lll

Əlifba islahatı, dilin yabançı kəlmələrdən təmizlənməsi, xürafata qarşı mübarizə S.Ağamalıoğlunun mətbuatda toxunduğu ən vacib mövzulardan idi.

Onun təşəbbüsü və təşkilatçılığı ilə 1923-cü ilin dekabrından başlayaraq "Kommunist" qəzetinin əlavəsi olan "Dilimizin islahı" buraxılışı işıq üzü gördü. Bu buraxılışa məsul, Azərbaycan mətbuatı tarixində silinməz izlər qoyan, fəal publisist, millətsevər Xəlil İbrahim idi. X.İbrahim həm də Yeni Əlifba Komitəsində S.Ağamalıoğlunun müavinlərindən biri kimi fəaliyyət göstərirdi. Dövrün mütərəqqi qələm sahibləri O.F.Nemanzadə, X.İbrahim, F.Ağazadə, Ə.Cavad, C.Məmmədquluzadə, H.K.Sanılı ilə dostluq münasibətləri saxlayan S.Ağamalıoğlu bu şəxsiyyətlərə vəzifə səlahiyyəti çərçivəsində köməklik göstərirdi.

Q.Məmmədlinin yazdığına görə, S.Ağamalıoğlu "Molla Nəsrəddin" jurnalının müdiri C.Məmmədquluzadəyə Yeni Əlifba Komitəsinin yardım təliqi ilə 100 manat vəsait ayırıb və bu maddi köməklik bir neçə dəfə davam edib.

Araşdırmalar onu göstərir ki, S.Ağamalıoğlu C.Məmmədquluzadənin şah əsəri olan "Molla Nəsrəddin" məcmuəsinin xalqın həyatında oynadığı pozitiv rolu həmişə yüksək qiymətləndirib. O, "Musalmanskaya qazeta"da bu barədə yazırdı ki, müsəlmanların həyatı, müqəddəratı və taleyi ilə bağlı olan "Molla Nəsrəddin" jurnalı timsalında çox az sayda mətbuat orqanı var. Fəaliyyətinin ilk illərindən başlayaraq bu məcmuənin qadınların mənafeyini, azadlığını müdafiə etdiyini xüsusi vurğulayan S.Ağamalıoğlu yazırdı: "... Jurnal və qəzetlərdə qadınlar haqqında ən möhkəm mövqe tutan "Molla Nəsrəddin" olmuşdur" ("Musalmanskaya qazeta". 1914-cü il, 23 fevral).

C.Məmmədquluzadə ilə S.Ağamalıoğlu savadsızlığa, dini xürafata qarşı birgə mübarizə aparır, vaxtaşırı məsləhətləşir, lazımi tədbirlər planlaşdırırdılar. Bu iki əməl sahibi həm də ailəvi dost idi. Bu barədə "Mirzə Cəlil haqqında xatirələrim" memuarında Həmidə xanım Cavanşir əhatəli olmasa da, müəyyən məlumatlar verir. H.Cavanşir Azərbaycanda qadın hüquqsuzluğundan danışaraq yazır ki, 1917-ci il fevralın 21-də Bakıda keçirilən konfransa məni də dəvət etmişlərdi, amma buna mane olmağa çalışdılar: "Bakıda xəbər tutdum ki, ruhanilər və Qarabağ bəylərinin bir hissəsi mənim konfransda iştirakıma kəskin etiraz ediblər, çünki qadının ictimai həyatda iştirakına o vaxt şəriətə və ata-baba adətlərinə zidd olan bir hərəkət kimi baxırdılar. Bu məsələyə dair bəzi sənədləri vaxtilə bizim tərəflərdə işləyən Səmədağa Ağamalıoğluna vermişəm" (Həmidə Məmmədquluzadə. "Mirzə Cəlil haqqında xatirələrim" Azərnəşr, 1967, səh. 26-27).

Mirzə Cəlil isə Qarabağda, Kəhrizlidə yaşayan ömür-gün yoldaşı Həmidə xanıma S.Ağamalıoğlunun onun əsərlərini səhnələşdirilməsinə kömək etdiyini məxsusi vurğulayaraq yazırdı: "Məndə çox maraqlı xəbərlər var. Teatrlarda qızğın iş gedir. "Anamın kitabı"nı dalbadal üç dəfə oynamışlar. "Ölülər"i də, mənim "Danabaş kəndinin məktəbi" komediyamı da hazırlayırlar. Aprelin 7-də Ağamalıoğlunun və Pedaqoji institutun təşəbbüsü ilə təntənəli "Molla Nəsrəddin" gecəsi təşkil edilir. Dünən ilk xərclər üçün 36 milyard buraxılmışdır. Hazırda iki komissiya işləyir... Fəxri sədrlər Musabəyov, Nərimanov və Ağamalıoğludur" (Q.Məmmədli. "Molla Nəsrəddin". səh.378).

1920-1930-cu illərdə çap olunan əksər mətbuat orqanlarında fəal, peşəkar jurnalistlərlə yanaşı, S.Ağamalıoğlunun da imzası görünür. Yığcam, xalq deyimləriylə bol, tarixi faktlarla zəngin olan bu publisistik irs, təəssüf ki, indiyədək tədqiq olunmayıb. İnanırıq ki, gələcəkdə jurnalistika və mətbuat tarixi ilə məşğul olanlar S.Ağamalıoğlunun mətbu yaradıcılığının təhlilinə geniş yer verəcəklər.

 





20.12.2017    çap et  çap et