525.Az

Millət vəkili Hasan Turan: "Kərkük valisinin turkman olmasında israrlıyıq"


 

Millət vəkili Hasan Turan: "Kərkük valisinin turkman olmasında israrlıyıq"<b style="color:red"></b>

Bu il sentyabrın 25-də İraqın şimalında keçirilmiş qanunsuz referendum Bağdad hakimiyyətini hərəkətə gətirdi.

Hökumət Kürdüstan muxtariyyətinin iddia etdiyi türkman torpaqlarına ordu yeritdi və həmin bölgələrdə nəzarəti öz əlinə aldı. İndi müzakirə edilən əsas məsələ Kərkükün idarəçilik sistemidir. Bununla bağlı bir sıra modellər masa üzərindədir. Yaxın günlərdə isə yekun qərar veriləcək. İraq parlamentinin türkman millət vəkili Hasan Turan müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.
 

- Hasan bəy, hazırda Kərkükdəki vəziyyəti, türkmanların durumunu necə dəyərləndirirsiniz?

- İraqda yaşayan türkmanların həm 2003-cü ilə qədər, həm də ondan sonra çox çətinlikləri, sıxıntıları olub. Bizim bölgələrimiz kürdlərin və ərəblərin yaşadığı coğrafiyadadır. Eyni zamanda, türkman bölgələrinin neft və qazla zəngin olması səbəbindən daha artıq çətinliklərə məruz qalmışıq. Çünki kürdlər digər koalisyonlarla birləşərək konstitusiyada bu bölgəyə mübahisəli bölgə adı verdilər.  Həmin mübahisəli bölgələr də türkmanların sıx yaşadığı, neft və qazla zəngin olan bölgələrdir. Kürdlərin məqsədləri bu bölgələri Şimali İraqa qatmaq idi. Çünki bu ərazilər olmadan kürd öz dövlətini qura bilməzdi. Yəni iqtisadi gücünü bu bölgələrdən alırdı. Bu bölgələrin içində Tuzhurmatı, Kərkük, həmçinin, Mosul vilayətinin bir sıra rayonları da var.

Biz 2003-cü ildən 2017-ci ilədək vəziyyət barədə öz şikayət və narazılıqlarımızı İraqın məsul dairələrinə çatdırmışıq. İraqdakı bütün siyasi dairələrlə görüşlərdə türkmanların problemlərini anlatmışıq. Amma təəssüf ki, bizi heç kim dinləmədi, xüsusilə də Kərkükdə böyük bir demoqrafik  dəyişikliyə məruz qaldıq. Ən azı 500 minə yaxın kürd digər bölgələrdən gətirilib Kərkükdə yerləşdirildi. Ən sonda kürdlər müstəqillik referendumu keçirdilər, eyni zamanda Kərkükü də o bölgəyə qatdılar. Türkmanlar və ərəblər referendumu boykot etdilər. Şükürlər olsun ki, İraq hökuməti bizi bu dəfə daha yaxşı anlamağa başladı. Xüsusilə də referendumdan sonra anladılar ki, türkmanların 2003-cü ildən  bəri dedikləri doğru imiş. Kürdlər bu bölgələri əllərinə alsalar, İraq içində qalmazlar və İraqın birliyini, bərabərliyini pozarlar,  yeni bir dövlət yaratmağa qalxarlar. Bizim qənaətimizə görə, əgər İraqda referendum layihəsi uğurlu olsaydı, bundan sonra Türkiyə də, İran da parçalanacaqdı. Vəziyyət Suriyanın da parçalanmasına  gətirib çıxara bilərdi.  Bu layihənin qarşına çıxan, dirəniş göstərən daha çox türkmanlar oldu. Biz həm parlamentdə, həm digər strukturlarda ciddi bir şəkildə çalışdıq və nəticədə referendum ləğv edildi.  Ondan sonra İraq ordusu bölgəyə daxil oldu və nəzarəti öz əlinə aldı. Bu günə kimi biz İraq hökumətinin 2017-ci il 16 oktyabrda atdığı addımlardan məmnunuq. Amma atılacaq bir sıra addımlar daha var. İlk növbədə təhlükəsizliyə nəzarətin İraq hökumətində qalması önəmlidir. İkincisi, burda bir ortaq idarəetmə qurulmaldır. Türkmanlar, ərəblər, kürdlər, xristianlardan ibarət ortaq idarəçiliklə bağlı bizim hər zaman təklifimiz var. Bu olmazsa, bölgələrimiz üzərindəki təhlükə davam edəcək.

Qarşıda parlament seçkiləri var. Bizim məqsədimiz o seçkilərin sabit keçməsidir.  Amma seçkilərdən əvvəl bir narahatlığımız var. O da bundan ibarətdir ki, bizim İŞİD-in əlində olmuş bəzi bölgələrimizdə, xüsusilə Tuzhurmatı və Təlafərdə  500 mindən çox  qaçqınımız var.  Onların bir qismi ölkə ərazisinin müxtəlif vilayətlərinə dağılıb, eyni zamanda, sərhədlərimizdən kənarda da qaçqınlar var ki, hələ də yerlərinə qayıtmayıblar. Çünki İŞİD-dən alınmış ərazilər minalanıb, evlərə bombalar yerləşdirilib. Məktəblər, xəstəxanalar dağıdılıb.  Su, elektrik yoxdur. Biz insanlarımızın seçkilərdən əvvəl öz yerlərinə dönmələrini istəyirik. Əgər seçkilər olarsa və onlar da yerlərinə dönməzlərsə, türkmanlar böyük bir zərərə uğraya bilər. Biz bunu hökumətlə və BMT-nin Bağdad təmsilçisi ilə müzakirə etmişik. Seçkilərdən əvvəl dönmələrini gözləyirik. İnsanlarımız İŞİD-dən böyük bir zərər gördü. Çoxsaylı insanlar qaçırıldı, öldürüldü, onların meyitləri hələ də tapılmayıb.

 Biz bu ilin may ayında keçirilən turkman qurultayında 9 nəfərdən ibarət koordinasiya qrupu yaratmışıq. O heyət davamlı olaraq bütün tərəflərlə görüşür, Türkiyəni ziyarət etdik, sırada isə İran var, Azərbaycanı da ziyarət etmək arzusundayıq.

- Hazırda türkmanlar İraq parlamentində neçə deputatla təmsil olunurlar və növbəti il keçiriləcək seçkilərdə neçə yerə iddialısınız?

- Bizi narahat edən məsələlərdən biri türkmanların İraqın içində müxtəlif yerlərə dağılmasıdır. Türkmanların böyük bir coğrafiyada dağılmasının həm üstünlüyü, həm də qeyri-üstünlüyü var. Üstünlük budur ki, bu, coğrafiyamızın nə qədər geniş olduğunu göstərir.  Mənfi tərəfi isə bundan ibarətdir ki, müxtəlif yerlərə dağıdıqları üçün bu coğrafiyada millət vəkili seçimlərində çətinliklər  yaradır. İndi deputatların sayı 11 nəfərdir. Gələcəkdə sayın 15 nəfərə çatdırılmasını gözləyirik. Bunun üçün bizim də üzərimizə böyük iş düşür.

- İraqda 3 milyondan artıq türkman yaşayır. Bunu nəzərə alıb parlamentdə kvota istəyə bilərsinizmi?

- İraqda azlıqlara bəlli sayda kvota verilir. Məsələn, xristianların 5 yeri var. Amma biz kvotaya girmək istəmirik. Çünki bu, türkmanları sayca üçüncü xalq olmaqdan azlıq halına gətirə bilər. Ona görə də İraqda kvotaları rədd etdik. Kvotanı qəbul etsəydik, böyük bir zərərə uğrayardıq. Bizim üçün önəmli olan deputatların sayının artırılmasından daha çox İraq siyasətini bilən, anlayan aktiv millət vəkilləri yetişdirməkdir. Kvotanı qəbul etmədiyimiz üçün bəzi sıxıntılar yaşadıq, amma burada sayca üçüncü böyük xalq olaraq qalmaq niyyətindəyik.

-Bayaq vurğuladınız ki, Kərkükdə idarəçiliklə bağlı modellər müzakirə edilib, sizi razı salan model hansıdır?

- İraq hökumətinin Kərkükə nəzarəti ələ almasından sonra bir rəsmi təkliflər yazıb  baş nazir Heydər Abadiyə göndərdim. Orda 100/32 prinsipi ilə ortaq idarəçilik modeli əksini tapıb. Hökumət ötən həftə bir komissiya qurdu və keçici valini Bağdadda toplantıya çağırdı. Mənim təkliflərimin İraq hökumətində müzakirələri başlayıb və  bəzi əlavə məlumatlar da təqdim etmişik. Ümid edirəm ki, yaxın günlərdə bu məsələ ilə bağlı İraq hökumətinin addımları məlum  olacaq.

- Kərkükdə idarəçilik necə bölünəcək,  vali kürd, ya türkman olacaq?

- Kürdlər valinin kürd olması təklifi ilə çıxış etdilər, amma təbii ki, biz qəbul etmədik. Təklif var ki, polis rəisi ya ərəb, ya  türkman, məclis başqanı isə  türkman olsun. Biz baş nazirə də rəsmi yazıda türkman valinin olmasını israr etmişik. Bu təklif üzərində dayanmışıq. Hələ ki, cavab yoxdur. Hesab edirəm ki, İraq hökuməti də buna müsbət yanaşır. Amma nə zaman təsdiq olacaq bu, məlum deyil

- Qonşu ölkələrin türkmanlara münasibəti necədir? İran, Türkiyə sizə dəstək verirmi?

- Bu günə kimi bizə ən çox dəstək verən ölkə Türkiyədir. Türkiyə ilə çox yaxşı münasibətimiz var, eyni dili danışırıq, eyni mədəniyyəti paylaşırıq, türkman milləti üçün önəmli olan məzhəbi kimlikdən daha çox etnik kimliyidir. Çünki bu bizi birləşdirir. Əgər biz şiə, sünni söyləsək, parçalanarıq. Bu parçalanmaqdan isə bütün türkmanlar zərər görər. Bizim burada min ildən artıq tariximiz var.  Bu tarix boyunca hər zaman türkmanlar etnik qrup olaraq İraqda özlərini tanıdıblar. Biz hazırda bütün ixtilaflarımızı, siyasi baxışlarımızı bir tərəfə qoyub həssas dönəmdə əsas olanın birlik, bərabərlik olduğunu bəyan etdik. Biz bütün ölkələrdən məhz bu məsələdə kömək gözləyirik. İstər İran, istər Türkiyə olsun, inşallah Azərbaycandan da bu yardım olar. Bizim ana ünvanımız türkmandır. Xüsusilə, Kərkükdə şiə, sünni ayrımçılığı yoxdur.

- Söhbət zamanı vurğuladınız ki, Azərbaycana da səfər etmək arzusundasınız. Belə bir dəvətiniz var?

- Dəvət yoxdur, sadəcə sizi gördüm və düşündüm ki, Türkiyəni, İranı ziyarət edirik nədən Azərbaycanı ziyarət etməyək? Koordinasiya qrupunun iclasında bu məsələni müzakirə edəcəyik. İnşallah İrandan sonra Azərbaycanı da ziyarət edərik. Mən indiyə kimi Azərbaycanı görməmişəm. Çox istərdik ki, Azərbaycan Prezidenti ilə görüşək.

Bizim Bakıda türkmanların bir təmsilçisinin olması ilə bağlı ciddi planımız var. Eyni zamanda da ziyarətlər önəmlidir. Əlaqələrin inkişafında Bağdaddakı Azərbaycan səfirliyinin də üzərinə böyük iş düşür. Azərbaycanlı diplomat aktiv çalışan bir insandır. İraq və Azərbaycanın ortaq nöqtələri var. Yəni məsələn, hər iki ölkə neft, qaz ölkəsidir, bu sahədəki texnologiyalardan, səhiyyə sistemində, səyahət sahəsində yaralana bilərik. Son illər iraqlılar böyük sayda Azərbaycana turist səfərləri edirlər. Əvvəllər belə səfərlər yox idi. İndi birbaşa hava reysi açılıb. Bu, çox yaxşı bir haldır. Millət vəkilləri də səyahət edib, Azərbaycanı çox seviblər, məmnun qalıblar.

- Hasan bəy, son olaraq soruşmaq istərdim, Kərkükdə əvvəlki durumun bərpa edilməsi təhlükəsi qalırmı?

- Bəli, bizim belə bir narahatlığımız qalır. Çünki Bağdad hakimiyyəti hər zaman kürdlərlə anlaşır. Son 14 ildə biz bunu dəfələrlə gördük. Ona görə də vəziyyət təkrar oluna bilər. Biz də bunun təkrar olunmamasına çalışırıq. İndi bütün türkman siyasi gücləri birləşib, işimiz çətindir, sıxıntılarımız var, amma inşallah, birlik və bərabərliklə bunların öhdəsindən gələ biləcəyik.

Pərvanə SULTANOVA
Bakı-Kərkük-Bakı

 





21.12.2017    çap et  çap et