525.Az

Ürəyində Azərbaycana böyük sevgi gəzdirən alim


 

ZİQLİNDE HARTMANN: "AZƏRBAYCAN VƏ ALMANİYA UNİVERSİTETLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN İMKANLAR VAR"

Ürəyində Azərbaycana böyük sevgi gəzdirən alim<b style="color:red"></b>

Azərbaycanda səfərdə olan Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann alman dili və ədəbiyyatı üzrə ciddi araşdırmaların müəllifidir.

Xüsusilə, görkəmli alman şairi və bəstəkarı Osvald von Volkenşteyn haqqında tədqiqatlar aparıb. Volkenşteyn yaradıcılığının dövrün digər Avropa ölkələrinin mədəniyyəti ilə uzlaşdırılması baxımından Z.Hartmann ədəbiyyatın müxtəlif janrlarına, intelektual tarix və digər sahələrə xüsusi yanaşma metodlarını öz tədqiqatlarında müqayisəli araşdırma kimi birləşdirib. Onun bu yanaşması görkəmli alman şairinin əsərlərinin öyrənilməsində yeni cığır rolunu oynayıb.

Z.Hartmann müqayisəli elmlər və alman ədəbiyyatı üzrə ixtisaslaşan və hər il Böyük Britaniyanın Ledz Universiteti tərəfindən təşkil olunan Beynəlxalq orta əsrlər Konqresində Proqramlaşdırma Komitəsinin üzvüdür. O, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə birgə "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar nəğməsi" dastanlarının müştərək öyrənilməsi, birgə tədqiqat obyektinə çevrilməsi istiqamətində son 10 ildə çox ciddi işlər görüb. Görülən işlər çərçivəsində Z.Hartmann dəfələrlə Azərbaycanda səfərdə olub, onun mühazirələri, səsləndirdiyi orijinal fikirlər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. O, Azərbaycan və Almaniyada  "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar nəğməsi" layihəsi ilə bağlı konfranslar keçirib, kitablar nəşr etdirib.

Ürəyində Azərbaycana böyük sevgi gəzdirən, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən xanım Hartmann bu yaxınlarda Azərbaycan Dillər Universitetinin dəvətli professoru adına layiq görülüb.

Xanım Ziqlinde Hartman qəzetimizə müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik. 

- Xanım Hartmann, "Kitabi-Dədə Qorqud" və "Nibelunq nəğmələri" dastanlarının müştərək öyrənilməsi, birgə tədqiqat obyektinə çevrilməsi istiqamətində görülən işləri yetərli saymaq olarmı? Yeni axtarış və yanaşmalara ehtiyac varmı?

- "Nibelunqlar nəğməsi" və "Kitabi Dədə Qorqud" dastanlarının müqayisəli tədqiqi sahəsində bir sıra əsas məsələlərə aydınlıq gətirilib. Məsələn, "pre-modernizm" - qədim qəhrəmanlıq dastanları anlayışı kifayət qədər əhatəli təhlil edilib və onlar arasında universal ortaq cəhətlər müəyyən olunub. Lakin daha yaxşı olardı ki, bu tədqiqatların bəzi spesifik fərqli cəhətlərinə xüsusi diqqət yetirilsin. Yəni  xalqlarımızın həyatına və ədəbiyyatına məxsus olan xarakterik "milli əlamətlər" necə formalaşdığını, hər iki epik dastanın baş qəhrəmanları hansı xüsusiyyətlərinə görə fərqləndiklərini və bu əlamətlərin ədəbiyyatşünaslıqda necə əks olunduğunu araşdırmağa ehtiyac var. Həmçinin, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində "Kitabi Dədə Qorqud" dastanının tutduğu mövqe ilə müqayisədə "Nibelunqlar nəğməsi"nin alman xalqının təfəkküründə nə üçün analoji əhəmiyyət daşımamasını öyrənmək çox maraqlı olardı.  Bütün bu məsələlər gələcəkdə gənc tədqiqatçılar və magistr tələbələrin iştirakı ilə kiçik kollokviumlarda müzakirə edilə bilər.

- Bu ideyanı bir az da inkişaf etdirərək müxtəlif xalqların dastanlarının müqayisəli təhlili istiqamətində addımların atılması hansı faydalı nəticələrə gətirib çıxara bilər?

- Fərqli mədəniyyətlərə məxsus epik dastanların birgə müqayisəli tədqiqi layihəsinin icrası üçün ikidən çox epos təhlil edilməlidir. Bu məqsədlə xronoloji baxımdan antik dövr də əhatə edilməli, coğrafi baxımdan isə  Avropa və Asiyanın epik ədəbiyyatı tədqiqatlara daxil olunmalıdır. Buna isə yalnız addım-addım nail oluna bilər. İlk növbədə, qədim ingilis ədəbiyyatı nümunəsi olan "Beovulf" eposunu layihəyə cəlb etməliyik. "Beovulf" orta əsrlər Avropa ədəbiyyatında ən qədim qəhrəmanlıq dastanıdır. Burada görüləcək işlərin həcmi o qədər də böyük olmasa da, məqsəd ilk addım kimi layihədə anqlistikadan istifadə etməkdir. Eyni zamanda, fransızların qədim "Roland nəğmələri"ni öyrənməklə romanistika sahəsində tədqiqatlar aparıla bilər. "Beovulf" dastanından çıxış edərək bəşəriyyətin ən qədim epik əsəri olan "Gilqamış dastanı" arasında paralellər aparmaq olar. "Roland nəğmələri" isə orta əsrlərdə Avropanın güclü hökmdarı olmuş Böyük Karlın möhtəşəmliyinin mifoloji tərəflərinə aydınlıq gətirə bilər.  Layihədən gözlənilən nəticələrə gəldikdə isə buna mərhələli şəkildə nail olunmalıdır. Hətta tədqiqatların nəticəsi ümumbəşəri kollektiv yaddaşın eyni mifik surəti olmasa da, hamımıza xas olan və bizi birləşdirən ortaq xüsusiyyətlər müəyyən ediləcək.

- Rəhbəri olduğunuz Osvald fon Volkenştayn Cəmiyyəti ədəbiyyat sahəsində hansı işləri görür?

- Digər tədqiqatçılarla birlikdə 1980-ci ildə Osvald fon Volkenştayn Cəmiyyətini yaratdım. Biz çox gənc idik və poeziya, musiqi əsərlərini və XV əsr cəngavərinin həyatını araşdırmaq üçün yola çıxdıq. Elmi simpozium və eksperimental tədbirlərdə 130-dan çox nəğmənin tərcüməsinə və onların elmi şərhlərinin verilməsinə nail olduq. Az tədqiq edilən Volkenştaynın mahnı mətnlərinin hazırda təxminən üçdə biri qalıb. Lakin cəngavər Osvald fon Volkenştaynın həyatı ən kiçik detallaradək ortaya çıxarılıb. Bu o deməkdir ki, 500-dən çox yazılı mənbə və sənəd nəşr edilib, onların şərhi verilib. Lakin həmin mahnıların mətn və musiqisini ümum avropa ənənələri ilə uzlaşdırmaq və təbliğ etmək üçün şəbəkənin qurulması məsələsi hələ də qalıb. Əgər belə olmasaydı, alman ədəbiyyatı tarixinin ilk kosmopoliti -  Osvald fon Volkenştayn unudula bilərdi. Həqiqətən də XV əsrin bu cəngavərini "kosmopolit" adlandırırlar. O, gənclik dövründə dünyanın bir sıra məşhur guşələrinə səfər edib və çox güman ki, Azərbaycana da yolu düşüb. Çünki mahnılarının birində Gürcüstandan İrana səfər etdiyini bildirmişdi.

- Azərbaycan və Almaniya universitetlərinin qarşılıqlı faydalı əməkdaşlığını təşkil etmək üçün hansı zəruri addımların atılması lazımdır?

- Dil və ədəbiyyata dair mövzularda Azərbaycan və Almaniya universitetləri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif imkan və vasitələr var. İlk olaraq əməkdaşlıq etdiyimiz universitetlərdə alman dili xarici dil tədrisi şöbəsi çərçivəsində  öyrədilməli və Almaniyanın bir universiteti ilə sıx əməkdaşlıq əlaqələri yaradılmalıdır. Bu kontekstdə müəllim və tələbə mübadiləsi də daha səmərəli şəkildə reallaşa bilər. Belə əməkdaşlıqlar Almaniya Akademik Mübadilə Xidməti tərəfindən dəstəklənə bilər. Bununla yanaşı, Almaniya universitetləri və institutlar arasında əməkdaşlığın qurmaq istəyən Azərbaycan universitetlərində "Germanistika İnstitutu" yaradılmalıdır. Çünki kafedra bu əlaqələr üçün kifayət deyil. Bundan əlavə, multikulturalizm sahəsində əməkdaşlıq yalnız germanistika ilə məhdudlaşdırılmamalı, digər sahələrdə də genişləndirilməlidir. Bildiyimə görə, əvvəllər Azərbaycan və Almaniyadan olan tələbələrlə uğurlu mübadilə proqramları həyata keçirilib. Burada "yay məktəbləri" və "qış məktəbləri" əvəzsiz rol oynaya bilər. Elmi səviyyədə isə ikitərəfli əlaqələrdən istifadə etməklə əməkdaşlığın miqyasını genişləndirmək mümkündür. Məsələn, Türkiyə, Azərbaycan və Almaniya universitetləri ilə birgə simpoziumların təşkili üçün səy göstərilməlidir.

- ADU-nun dəvətli professoru kimi sizin üzərinizə hansı vəzifələr düşür?

- Bu təklif mənə professor Kamal Abdulladan gəlib. Mən Azərbaycan Dillər Universitetində dəvətli professor olduğumdan çox şadam və fərəh hissi keçirirəm. Gələn ilin fevral ayından burada "Orta əsrlər alman ədəbiyyatı" fənnindən mühazirələr oxumağı, bütün xalqların qəhrəmanlıq dastanlarına həsr olunmuş "Workshop" və kollokviumlar təşkil etməyi planlaşdırmışam. Bizim əsas məqsədimiz Azərbaycan Dillər Universitetində Almaniya modelinə əsaslanan "Germanistika institutu" yaratmaq, burada Germanistlər üçün Qədim (orta əsrlər) alman ədəbiyyatı, müasir alman ədəbiyyatı və alman dilçiliyi fənnlərinin tədrisini təşkil etməkdir. Bu Azərbaycan Dillər Universitetinin Germanist-tələbələrinin öz təhsillərini Almaniyada magistratura pilləsində davam etdirməsinin mümkün olması üçün olduqca vacibdir. Ona görə biz bakalavr pilləsi üçün yeni tədris planı yaratmalıyıq və bu, Almaniya hökümətinin Təhsil nazirliyi tərəfindən qəbul olunacaq. Bütün bu işləri görməklə, biz Azərbaycan-Almaniya əlaqələrini, dostluq münasibətlərini yüksək səviyyədə inkişaf etdirməyə və xalqların bir-birini daha yaxından tanımasına nail ola bilərik.

Ceyhun ABASOV

 





22.12.2017    çap et  çap et