525.Az

Nurlana Əliyeva: “Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait var”


 

BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU IV KURS TƏLƏBƏLƏRİYLƏ GÖRÜŞ KEÇİRİB

Nurlana Əliyeva: “Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait var”<b style="color:red"></b>

Dekabrın 21-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali məktəbin IV kurs tələbələri ilə görüş keçirib.

BSU-dan verilən məlumata görə, görüş zamanı rektor bakalavr pilləsinin sonuncu kursunda olan tələbələrə ali təhsillərini bitirdikdən sonra sevdikləri peşəni layiqincə icra etmələrini, təmsil etdikləri universitetin adını daim uca tutmalarını arzu edib.

N.Əliyeva gənclərin bir mütəxəssis kimi formalaşmaları üçün çalışmağa, vətənin, millətin xeyrinə addımlar atmağa dəvət edib. O, bir neçə ay sonra müstəqil həyata qədəm qoyacaq tələbələrə hər zaman düzgünlüyün, humanizmin tərəfdarı kimi Azərbaycan mentalitetinin, milli dəyərlərinin qədrini bilməyin, gələcək nəslə örnək olmağın əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, universitet rəhbərliyi ilə gənclər arasında təşkil olunan bu silsilə görüşlərin əsas məqsədi hər bir gənci vətənpərvərliyə, ədalətə istiqamətləndirməkdir.

N.Əliyeva bildirib ki, bir çox dövlət tədbirlərində, ölkəmizin rifahı, sabit yaşayışı üçün həyata keçirilən layihələrdə gənclərin iştirakını görmək yaşlı nəslə daim fərəh hissi verir. O qeyd edib ki, bu gün istənilən sahədə gənclərin fəallığı göz qabağındadır: “Səhiyyə, təhsil, idman və başqa istiqamətlərlərdə bacarıqlarını üzə çıxara bilən, Azərbaycanın bayrağını dünya ölkələrinin bayraqları sırasında dalğalandıran gənclərimiz bir daha sübut edirlər ki, Azərbaycanda ulu öndərin zamanından bu günə qədər həmişə gənclər üçün şərait yaradılıb”.

Prezident İlham Əliyevin gənclərin inkişafı üçün imzaladığı mühüm sərəncamlardan söz açan N.Əliyeva ölkədə yaradılan imkandan düzgün faydalanmağı tövsiyə edib.

Rektor çıxışında universitetdə olan nizam-intizam qaydalarına da toxunub, hər bir tələbəni təəssübkeş olmağa, təxəyyülü, məntiqi və biliyi ilə hərəkət etməyə səsləyib, azad ölkədə gözəl peşə sahibi olmağı Azərbaycan vətəndaşının əsl xoşbəxtliyi kimi dəyərləndirib.

Tələbələrin bir neçə ay sonra pedaqoji təcrübəyə yollanacağını deyən Nurlana Əliyeva onlara istər orta məktəblərdə, istər digər rəsmi qurumlarda Bakı Slavyan Universitetinin adını ucaltmağı, bu universiteti düzgün təbliğ və təmsil etməyi tövsiyə edib.

CEYHUN

 





23.12.2017    çap et  çap et