525.Az

İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik


 

İtaliyaya səfər: <b style="color:red">keçmişin əks-sədası və gerçəklik</b>

(Əvvəli ötən şənbə sayımızda)

Ada Venetsiyası hər şeydən əvvəl şəhər-muzeydir. Avropanın ən iri turist, kino və teatr mərkəzlərindən biridir.

Burada hər il keçirilən Venetsiya kino festivalı Los-Anceles və Kann festivalları cərgəsinə daxildir. Onun mükafatı isə San Marko meydanındakı heykəllərin oxşarı olmaqla, “Qızıl şir” adlanır.

Min il ərzində Venetsiya bütün Aralıq dənizi dünyasında iqtisadi və siyasi qüdrətə malik olmuşdur. Müxtəlif dillərin, millətlərin mövcudluğu bu qeyri-adi şəhərin sifətini və xarakterini formalaşdırmışdır. Dirəklər üstündə tikilən ilk binadan Orta əsrlər füsunkarlığına yol keçən Venetsiyanı onun öz yaradıcılıq ustaları vəsf etmişlər. Bu şəhər daşlarda donmuş unikal tarixlə tanış olmaq həvəsiylə yaşayan milyonlarla turisti özünə cəlb edir. Ona görə də dəmiryolu vağzalı yanındakı körpüdə bərəyə bilet olmaq və oturmaq üçün xeyli gözləməli olursan.

Şəhərin tarixi Venetia adı ilə qədim Roma imperiyasının bir vilayətinə gedib çıxır. Bəzi versiyalara görə, şəhər VI əsrdə salınmışdır, o dövrdə isə artıq Qərbi Roma imperiyası mövcud deyildi. İtaliyaya doluşan lanqobardların basqını qonşuluqdakı şəhərlərdəki sakinlərin öz yaşayış yerlərindən qaçmasına səbəb olmuş və onlar laqunanın adalarında məskən salmalı olmuşdular ki, oraya barbar orduları daxil ola bilməsin. Güman edilir ki, ilk sakinlər Yüksək Sularda (Rivo Alto), indiki Rialto rayonunda məskən salmışdılar. Burada tarixdə ilk dəfə IX əsrin əvvəlində şəhər dojunun seçilməsi baş verdi.

O vaxtlar venetsiyalıların əsas məşğuliyyəti istehsal etdikləri xörək duzunu materikə ixrac etmək idi. Dəniz quldurlarının basqınları bu işi çətinləşdirirdi, ona görə də duzun qiyməti artırdı. Dəniz quldurları ilə mübarizədə Adriatik dənizinin şərq sahilindəki Zadar şəhəri üzərindəki qələbə Venetsiyanın Bizansdan əlavə imtiyazlar almasına səbəb oldu. Bu döyüşdəki qələbənin şərəfinə şəhər sakinləri hər il Venetsiya dojunun Adriatik dənizi ilə nişanlanması bayramını qeyd edirlər.

Var-dövlət və hakimiyyətə yiyələnmək istəyi daim çəkişmələrin və münaqişələrin mənbəyi olduğundan, şəhər buna görə daim əziyyət çəkirdi və həmçinin, özü də rəqibini məhv etmək üçün müharibələrə girişirdi. 94 yaşlı doj Dandolo 1203-1204-cü illərdə IV səlib yürüşü iştirakçılarını hiyləgərliklə Venetsiyanın ticarət sahəsindəki rəqibi olan Konstantinopolu tutmağa təhrik etmiş, Bizans imperatoru öz sarayı ilə birlikdə Trapezunda (indiki Trabzon) qaçmışdı. Dandolo Konstantinopolda Latın imperiyası yaratmışdı, özü isə at çaparkən yıxılıb budunu sındırmış və 1205-ci ildə ölmüşdü. Latın imperiyası isə 57 il ömür sürmüşdü.

Şəhər Konstantinopolun 1453-cü ildə Osmanlı türkləri tərəfindən işğalından sonra, onların təhlükəsi ilə də üzləşdi və buna görə də materik İtaliyasında öz mövqelərini möhkəmləndirməyə başladı. Lakin Avropanın yarı hissəsinin maraqlarına uyğun gəlmədiyinə görə Venetsiya qitə üçün təhlükəli daxili düşmənə çevrildi. XVI əsrin əvvəllərində çox sayda müttəfiqlərin ona qarşı iştirak etdiyi döyüşdə isə məğlub oldu.

Venetsiyanın keçmiş şöhrəti solmağa başlayanda burada incəsənət, paradoksal görünsə də, öz çiçəklənmə dövrünü yaşadı. Lakin Venetsiyanın köhnə ticarət yolları əvvəlki əhəmiyyətini itirdi.

Şəhərin siyasi hakimiyyəti də başqalarından fərqlənirdi. Patritsilər tərəfindən seçilən doj xeyli hakimiyyətə malik idi.

Orta əsrlər Venetsiyası müxtəlif  bədii və arxitektura cərəyanları üçün açıq idi. Bu cərəyanlar həm Bizansdan, həm də qitə Avropasından gəlirdi. San Marko kilsəsi öz qüdrətini nümayiş etdirən, Bizans üslubunda idisə, şəhərdə həm də qotika üslubunda çox sayda kilsələr tikilmişdi.

Osmanlıların Bizansı tarixdən silməklə, Şərq itiriləndə, Avropa hakimiyyətlərinin nəzəri yenicə kəşf edilmiş amerikalara dikiləndə Venetsiya XVI əsr ərzində tədricən iqtisadi durğunluğa düşdü. Renessans ötüb keçdikdən sonra Venetsiya indi də rəssamlığın və elmin yeni yüksəkliyinə qalxdı.

Onsuz da Renessansın meydana gəldiyi XV əsrdə Venetsiya incəsənətə hələ öz təsirini göstərməmişdi, həmin cərəyan buraya xeyli gec gəlib çatmışdı - XVI əsrdə şəhərdə rəssamlıq istedadları meydana gəldi, bu dövrdə Titsian, Tyepolo, Veroneze və Tintoretto kimi rəssamlar öz incilərini yaratmışdılar. Böyük arxitektor Palladio da məşhur idi. XVII əsr Venetsiya üçün daha çox böyük arxitektura inciləri ilə əlamətdar oldu. Bu vaxt Qrand kanalda gözəl saraylar və çox sayda dekorativ elementlərlə bəzədilən kilsələr tikildi.

Əsas arteriya olan Qrand kanal şəhərin bütöv ərazisindən keçməklə adalar arasındakı ən geniş su yoludur. Venetsiyanın baş “küçəsi” olan Böyük Kanalın sahillərini bəzəyən saraylarda və şəhərin digər rayonlarında çox sayda böyük və kiçik muzeylər, şəkil qalereyaları, kitabxanalar yerləşir. Burada məşhur Okeanoqrafiya İnstitutu da fəaliyyət göstərir. Onun sahillərində XII əsrdən başlayaraq, altı əsr ərzində, ümumiyyətlə, 200 saray, 10 kilsə tikilmişdir. XV əsrin tarixçisinin “ən gözəl küçə” adlandırdığı Qrand kanal 46 tərəflə görüşür. Ondan böyük kanallar küçələrə çıxır və onlar daha sonra adalar arasında şaxələnir. Bütün bu adalar sistemi Adriatik dənizini Venetsiya körfəzi ilə dar və uzun ada-zolaqlarla ayırır.

Ada Venetsiyası sakit şəhərdir. Burada heç bir quru nəqliyyatı yoxdur. Venetsiyanın dar küçələri və qozbel körpücükləri çox hallarda kiçik meydanlara çıxır. Şəhərin ən geniş və gözəl meydanında - piyattsa San Markoda (Piazza San Marco) Venetsiya qotika elementləri olan Bizans üslubunda tikilmiş eyniadlı məşhur kilsə vardır. Yaxınlıqdakı kiçik və zərif meydançada - Piattsettada (piazzetta) Dojlar sarayı  - Venetsiya respublikasının keçmiş iqamətgahı ucalır. Bu saray özünəməxsus mavritan-qotika üslubunda tikilmişdir. İndi burada şəhərin tarixi rəssamlıq muzeyi yerləşir.

San Marko meydanı trapesiya formasında olmaqla, o qədər də böyük deyildir. Keçmişdə San Marko kilsəsi ilə Dojlar sarayı arasında bağ yerləşirmiş, həm də kanal keçirmiş. XVI əsrdə kanal torpaqla doldurmuş, meydana daş döşənilmişdir. Dojlar sarayı göz oxşayır, yunan şəbəkəsi mərmər gövdələrdən çıxan pöhrələr kimi görünür. Binanın içərisindəki “Qızıl pilləkən” çox sayda Venetsiya rəssamlarının əsərlərinin bəzədiyi otaqlara aparır. Meydanın qərb tərəfində Köhnə Prokuratsiya binası yerləşir. Orada prokurorlar, vəkillər və hüquq sahəsinin digər işçiləri işləyirmişlər.

San Marko meydanına akvatoriya tərəfdən qoşulan kiçik meydan - Piattsetta birləşir, bu, Qrand kanaldan San Marko zəng qülləsinə gedən cığırdır. Burada Müqəddəs Markın (o, şəhərin ilk himayəçisi idi) və müqəddəs Teodorun qranit sütunları yüksəlir, onlar Şərqdən gətirilməklə, XII əsrdə qoyulmuşdur.

Müqəddəs Mark Milli kitabxanası Piattsettanın qərb tərəfindədir. Saat qülləsinin yuxarısında bürünc heykəl vardır, o, zəngi çalır. Saat çox mürəkkəb mexanizmə malikdir, vaxt ilə birlikdə mövsümün dəyişilməsini, Zodiak bürclərini və Ay sikllərini göstərir.

San Marko meydanının cənub tərəfində Yeni Prokuratsiya binası yerləşir. Bu bina üç muzeyin məskənidir. Meydanda, həmçinin, “Florian” kafesi işləyir, bu, İtaliyanın ən köhnə kafelərindən biridir və bir sıra məşhur adamlar - Höte, Bayron, Kazanova, Russo, Dikkens, Prust, Modilyani, Heminquey burada olmuşlar. Biz kafenin meydandakı açıq hissəsində nahar etdikdə, xörəklərin üstünü yuxarısı torlu metal qablarla örtürdülər. Bunun nə üçün belə olduğunu soruşduqda, gözəl kontrast rəngli kostyumda və boynunda papillion bant olan ofisiant bildirdi ki, xörəklər bu qaydada qorunmasa, havada şığıyan qağayılar hücum çəkib, boşqabdakını dimdikləri ilə qapıb uzaqlaşırlar. Doğrudan da qağayılar başımızın üstündən uçub keçirdilər.

Çox sayda heykəllərlə bəzədilmiş kitabxana binası isə meydançanın kanala tərəf olan qurtaracağındadır. Meydandakı San Marko kilsəsi (Basilica di San Marco) Venetsiyanın kafedral kilsəsi olmaqla yanaşı, həm də onun vizit kartıdır. Kilsənin arxitekturası qotika, Bizans və roman üslublarının qarışığından ibarətdir. Bazilika apostol Markın cəsədini yerləşdirmək üçün tikilibmiş. Cürbəcür dəyişikliklərə baxmayaraq, binanın fasadı və interyeri əvvəlki tək dəyişilməmiş qalmışdır. Ona görə də şəhərdəki digər kilsələrlə müqayisədə ona üstünlük verilir və fasadın, həmçinin, interyerin bəzədilməsinə də xüsusi diqqət verilmişdir. Kilsə iri ölçüləri ilə fərqlənir. Düzdür, Venetsiyada ondan böyük kilsələr də vardır. Şimal fasadı Piattsetta doo Leonçininin - kiçik meydançanın üstündə ucalır, bu ad ona iki qanadlı şirin heykəltəraşlıq təsvirinə görə verilmişdir. Bu heykəllər XVIII əsrdə qoyulmuşdur. San Marko meydanından kilsəyə giriş qərb tərəfdəndir, ona görə də fasadının buradakı hissəsinə daha çox fikir verilmişdir. Oradakı tağlar heykəllərlə və sütunlarla bir-birindən ayrılır. Kilsənin ən böyük mərkəzi tağı üzərində dörd bürünc at heykəli vardır, onlar, güman ki, IV Səlib yürüşü vaxtı Konstantinopoldan gətirilmişdir. Venetsiya doju və Konstantinopolun işğalına sərkərdə kimi başçılıq edən Dandolo, yəqin ki, öz şəhərini zənginləşdirmək üçün qarəti də məqbul sayırmış.

Dojlar Sarayı (Palazzo Ducale) özünün rəssamlıq əsərləri ilə məşhurdur. Saray təkcə dojların iqamətgahı deyildi, həm də Böyük Şuranın və Senatın iclasları burada keçirilirdi. Qurğuşun damın altında Prombi dustaqxanası yerləşirdi. Saraydakı dustaqxanalar iki növ idi, Prombi ilə yanaşı, Pottsi (quyular) məhbəsi aşağı mərtəbələrdə, laqunanın suyunun səviyyəsində idi.

(Ardı var)

 





25.12.2017    çap et  çap et