525.Az

Riyaz Sarıkahya: “Kərkükdə əvvəlki vəziyyət bir daha təkrarlanmayacaq”


 

“HƏTTA ORDU BÖLGƏMİZİ TƏRK ETSƏ BELƏ, PEŞMƏRGƏ BURALARA QAYITMAYACAQ”

Riyaz Sarıkahya: “Kərkükdə əvvəlki vəziyyət bir daha təkrarlanmayacaq”<b style="color:red"></b>

İraqda turkmanların altı siyasi partiyası fəaliyyət göstərir. Bu partiyalardan biri Kərkükdə və bütün türkmanlar arasında böyük nüfuza sahib olan Türkməneli Partiyasıdır.

İraqa səfər zamanı həmin partiyanın sədri, İraq parlamentinin sabiq üzvü Riyaz  Sarıkahya ilə görüşüb, türkmanların, Kərkükün gələcəyi, kürd problemi, ölkənin İŞİD-dən sonrakı durumu ilə bağlı ətraflı söhbət etdik.

- Türkmanların çətinlikləri yeni ortaya çıxmayıb, İraq dövləti yarandığı gündən xalqımız bu sıxıntıların içindədir. Həmişə haqsızlıqla üz-üzə qalmışıq. Xüsusilə də Səddam Hüseynin zamanında türkmanlara münasibət sərt olub. Açıq-aşkar türkmanların ərəbləşdirilməsi siyasəti yürüdülüb. Hətta iş o yerə çatıb ki, bir çox türkman özü ərizə yazaraq ərəb olmaq istəyib. Səddamın dövründə çox sayda türkman siyasətçi və ziyalı edam olunub, həbs edilərək zindanlara atılıb. O, türk millətinə qarşı aşkar düşmənçilik edib. Əslində, tək türkmanlar yox, İraqdakı bütün şiələr, eləcə də kürdlər Səddamdan sərt münasibət görüb. Amma o, devrildikdən sonra bizdən başqa hamı hüquqlarını əldə edə bilib.

Amerika bölgəmizə yerləşəndən sonra yerli idarəetməni türkmanlara deyil, kürdlərə, daha dəqiq desək, iki kürd partiyasına verdi. Onlar da öz növbələrində bölgəni kürdləşdirmək üçün türkmanların hüquqlarını tapdadılar. Son dörd il ərzində Kərkükün milliyətcə kürd olan valisi Nəcməddin Kərim də çox radikal və millətçi siyasət yürütdü, bölgəmizdə, belə demək mümkündürsə, silahlı dəstələr yaratdı. O, Kərkükdə hər şeyi kürdlər üçün etdi, türkmanları bacardıqca idarəetmə işlərindən kənarda saxladı. Özbaşınalığı o həddə çatdı ki, altı ay əvvəl Kərkük və çevrəsindəki bütün dövlət qurumlarının üzərinə kürd bayrağı asdırdı. Bununla da bölgədə gərginlik son həddə yüksəldi və İraq mərkəzi hökuməti hərəkətə keçdi: İraq parlamentində müzakirələrə başlanıldı, federal məhkəmələrə şikayət edildi və sair. Bundan sonra Bağdad qərar verdi ki, Kərkükdə qaldırılan kürd bayraqlarının heç bir qanuni istinadı yoxdur və endirilməli, yerinə İraqın dövlət bayraqları asılmalıdır. Ardıyla da Nəcməddin Kərim vali vəzifəsindən çıxarıldı. Bölgəmizdə dövlətçiliyin bərpası yönündə görülən bütün bu işlərdə isə biz türkmanların çox ciddi rolu olub.

- Kürdüstanda keçirilən məlum referendumla bağlı türkmanların mövqeyi necə oldu, partiya rəhbərləri və siyasətçilər olaraq nələr etdiniz?

- Təbii ki, etirazımızı bildirdik, Kərkükün referendum bölgəsinə aid edilməsi ilə razılaşmadıq, İraqın ərazi bütövlüyünü dəstəklədik və mərkəzi hökumətin tərəfində dayandıq. Türkiyə və İran da bu məsələdə bizi dəstəklədi, BMT nümayəndəliyi də türkmanların mövqeyini alqışladı. Ümumilikdə yanaşsaq, İsrail istisna olmaqla dünyanın bütün dövlətləri Kürdüstanda keçirilən referenduma qarşı çıxdılar.

Kürdlər hökumətin verdiyi qərar və təlimatları görməməzliyə vururdular. Elə buna görə də, hökumət Kərkükə ordu yeritməyə məcbur oldu...

- Bəs Kərkükün gələcək vəziyyətini necə görürsünüz?

- Məncə, əvvəlki vəziyyət bir daha təkrarlanmayacaq və hətta ordu bölgəmizi tərk etsə belə, peşmərgə buralara qayıtmayacaq. Çünki kürd hərəkatının öz içində parçalanma baş verir. Bərzaninin partiyası Tələbaninin partiyasını xəyanətdə günahlandırır. Referendumdan sonra kürdlər siyasi arenada çox şeyi itirdilər. Bu yandan da İraq xalqları kürd partiyalarına qarşı müəyyən mövqe tutublar.

- Kürdlər ancaq Kərkükdən çıxıb, yoxsa başqa yerlərdən də?

- Tuzhurmatuda yaşayan kürdlər tutduqları yanlış mövqe üzündən İraq ordusu gələr-gəlməz Kürdüstana köçüblər. Sonra da BMT və digər qurumlara şikayət ediblər ki, guya onları qovublar. Hansı ki, burada köçürülmədən söhbət gedə bilməz, hərbi toqquşma baş verib və onlar ərazidən köç ediblər. Amma biz deyirik ki, keçmişdə baş verənlərə rəğmən problemlər siyasi yolla çözülsün və bu müstəvidə bəzi keçici modellər təklif edirik.

- Hansı modellərdən söhbət gedir?

- Beşi şiə, dördü sünni olmaqla doqquz nəfərlik Türkman Əlaqələndirmə Qrupu yaradılıb ki, məhz həmin qrup bizi istər İraq hökumətində, istərsə də BMT və digər beynəlxalq müstəvilərdə təmsil edir. Həmin qrup təklif irəli sürüb ki, Kərkükdə idarəetmə sistemi 32 faiz prinsipi ilə türkman, ərəb və kürdlər arasında bölünsün, 4 faiz də xristianlara verilsin. Bu təklifdə valinin bir müddət türkmanlar arasından seçilməsi tələbi var. Əgər bu model keçməzsə, o zaman Kərkükün baş nazirin təyin edəcəyi üç vali yardımçısı tərəfindən idarə edilməsini istəyirik. Amma dediyim bu model irəlidəki beş ay üçün qüvvədə olacaq. Onsuz da beş aydan sonra yeni seçkilər keçiriləcək.

- Bəs kürdlərin buna münasibəti necədir?

- Bərzani qrupu deyir ki, ordu orada olduğu müddətdə Kərkükə gəlməyəcəklər. Tələbaninin tərəfdarları isə deyir ki, ordu olsa da, gələ bilərlər, özü də əliyalın - silahsız. Amma bir şərtlə ki, vali kürd olsun, məclis sədri türkman, vali müavini isə ərəb, qalan qurumlar da 32 faiz nisbətində bərabər bölünsün. Hələlik, tərəflər arasında danışıqlar gedir. Bu günlərdə prezident və iki müavini birlikdə Kərkükə üz tutaraq tərəfləri razılığa gəlməyə çağırıblar. Hətta təklif olunur ki, baş nazirlə BMT-nin İraq bürosunun rəhbəri ilə birlikdə Kərkükdəki tərəfləri bir araya gətirsin və razılaşma imzalansın.

- Valinin türkmanlar arasından seçilməsi isrardır, yoxsa güzəştə yer var?

- Yox, israr edirik, amma qarşı tərəf də israrlıdır. Məlumunuz olsun ki, İraqda kürdlərin dörd valisi var, qalanları da ərəblərdir. Yalnız türkman vali yoxdur. Ona görə də türkman şəhəri olan Kərkükdə bu vəzifə bizə çox görülməməlidir. 14 ildir Kərkükü kürdlər idarə edir, qoy, 14 il də türkmanlar etsin, nə olacaq ki? Bunlar tərəflər arasında müzakirə edilə bilən məsələlərdir.

Vali icraedici hakimiyyət olduğu üçün səlahiyyətləri daha geniş və nəzərəçarpandır. Məclis isə sırf tövsiyyəverici orqandır deyə, bir o qədər təsirli deyil. Həm də ki, sağlam idarəetmə sistemi mövcud olan yerlərdə bir-birinin işinə nəzarət mexanizmi mövcud olur. Bunu Kərkük üçün demək, hələ çox tezdir.

Qeyd edim ki, Kərkükdə polisin 80 faizi kürd və ərəblərdir. Qanuna görə, polisin siyasi partiyaların qərargahlarına girməsi yolverilməzdir, amma bu kağız üzərində qalıb. Bizdə polis, necə deyərlər, mafiyalaşmış vəziyyətdədir, özləri vaxtaşırı millətə zərər verməkdədirlər. Amma siz deyən kimi, rəisi türkman seçilərsə, polis də daha az ziyanlı olar. Çünki biz polisdən də çox zərər görmüşük.

- Ordu və “Haşdi Şabi” şəhərdədir, bu, insanların təhlükəsizliyinə tam təminat verir?

- Təhlükəsizliyin təmin olunması türkmanların narahatlığını aradan qaldırıb. Amma bu şəhər daxilində belədir. Kərkükün ətraf kənd və qəsəbələrində isə vəziyyət bir az qarışıqdır. Hər gün adam oğurluğu, güllə ilə vurulma halları yaşanır, Tuzhurmatu hətta top atəşinə məruz qalır. Bunu edənlər yalnız İŞİD terrorçuları deyil, PKK silahlıları, İŞİD-dən ayrılmış aşırı islamçılar, kürd partiyalarındakı bölücü qruplar birlikdə hərəkət edir. Bölgədə gərginlik davam etdikcə sakitliyimiz olmayacaq. Amma yenə də ümid edirik ki, hər şey yaxşı qurtaracaq. Biz türkman olaraq kürdləri öz qardaşlarımız bilirik, mədəniyyət, sosial yaşam ortaqlığımız mövcuddur, xalqlarımızı bir çox hallarda qohumluq bağları birləşdirir. Bizim işimiz ancaq bölücü kürd partiyaları ilədir ki, inşallah, onlar da bu fəaliyyətlərindən vaz keçərlər, oturub birlikdə bölgəmizin sağlam gələcəyi üçün birlikdə planlar cızarıq.

- O da bəllidir ki, Kərkük Türkiyə-İran-İraq üçlüyünün birgə səyi nəticəsində qurtulub. Bu üçlük gələcəkdə təhlükəsizliyə təminat verirmi?

- Oktyabrın 29-da Türkiyədə prezident Ərdoğanla görüşdə dedim ki, Kərkük üç dövlətin səyi nəticəsində rahat nəfəs aldı. Amma bu üç ölkənin ittifaqı nə qədər davam edəcək? Ona görə də bizi gücləndirin ki, ittifaq dağıldığı halda ayaqda dayana bilək.

İndi  Mosul və Təlafər bölgəsində vəziyyət doğrudan da çox ağırdır. Təlafərdə yaşayış evlərinin 20 faizi yerlə bir edilib, məktəblər, xəstəxanalar dağıdılıb, yandırılıb. Təlafər ətrafında yerləşən Ayaziyyədə isə evlərin 80 faizi məhv edilib. Bu gün Bağdad, Nəcəf, Kərbəla, Duhok, hətta Türkiyədə ümumilikdə 150 minədək təlafərli qaçqın məskunlaşıb. Müharibədən əvvəl 400 mindən çox insanın yaşadığı Təlafər Türkməneli bölgəsində ən iri rayonudur. Bölgə İŞİD-dən geri alınsa da, insanlar ev-eşiklərinə geri qayıda bilmirlər. Çünki həm evlər dağıdılıb, həm elektrik, içməli su qıtlığı yaşanır, məktəblər, xəstəxanalar partladılıb, həm də çox yerlər, evlər belə minalanıb. Adamlar evlərinə girə bilmirlər, qapını açmaq istəyir, bomba partlayır. Təəssüf ki, minaların zərərsizləşdirilməsi və dağıntıların aradan qaldırılması prosesi çox ləng gedir. Bu da türkmanların geri dönüşünü ləngidir. Əlbəttə, biz bu vəziyyətdən narahatıq. Artıq 4 ildir başqa yerlərdə məskunlaşan qaçqınlar bir-iki ilə də evlərinə qaytarılmasa, bir daha dönməyəcəklər. Çünki onlar məskunlaşdıqları yerlərdə ev tikir, iş-güc sahibi olurlar.

Minaların təmizlənməsi üçün mütləq xaricdən yardım göstərilməsi lazımdır. Türkiyə zaman-zaman İraq türkmanlarının vəziyyəti ilə maraqlanır, Azərbaycandan da eyni münasibəti gözləyirik. İraq türkmanları Azərbaycanın bir parçasıdır. Bu gün Azərbaycan türkcəsi yalnız Azərbaycan dövlətində, İran Azərbaycanında deyil, həm də İraqda yaşamaqdadır.

- Türkman siyasi partiyaları beş aydan sonra keçiriləcək seçkiyə vahid komanda şəklində gedə bilərlərmi?

- Tuzhurmatu və Təlafərdə seçkiyə fərqli partiyalar şəklində qatılmaq səmərəli ola bilər, çünki oralarda tamam başqa şərait hakimdir. Kərkükdə isə türkman partiyaların mübarizəyə ittifaq şəklində girməsi, məncə də, çox vacibdir. Hazırda bizim Kərkükdən iki millət vəkilimiz var, amma ittifaq şəklində qatılsaq seçkiyə, əminəm ki, dörd mandat qazana bilərik.

İraqda indi altı türkman partiyası var. Çalışıb türkman partiyalarının hamısını gücləndirməliyik. Çünki bu altı partiyadan yalnız ikisinin - Turkmaneli Partiyası və İraq Turkman Cəbhəsinin ölkənin digər yerlərində büroları fəaliyyət göstərir. Türkman Cəbhəsinin binaları bizimkindən daha çoxdur, amma layihə və proqramlara gəldikdə, biz türkman partiyaları arasında birinciyik. Hətta digər partiyalar bizim proqramlardan bəhrələnir. Ona görə də bəzən bizim partiyanı Türkman İdeya Partiyası da adlandırırlar. Türkmaneli Partiyası türkman milli hərəkatının mərkəzi hesab olunur. Şəxsən mən artıq 24 ildir partiya sədri olaraq fəaliyyət göstərirəm ki, bu qədər siyasi iş təcrübəsi olan ikinci türkman lider yoxdur.

- Türkman torpaqlarının federal bölgəyə çevrilməsi, yəni Kürdüstanda olduğu kimi, muxtariyyət əldə etməsi mümkündürmü?

- Məncə, bu, çox yaxında baş verəcək. Öncə çalışırıq ki, ayrı-ayrılıqda Təlafərlə Tuzhurmatuya vilayət statusu verilsin. Daha sonra iki vilayətin əsasında Turkmanelinə muxtariyyət alaq. Eyni zamanda, Kərkük və Mosulun da statusu müəyyənləşməlidir. Yaddan çıxarmayaq ki, Mosulun Türkiyə üçün əhəmiyyəti Şimali Kiprdən daha böyükdür. Bu səbəbdən də türk milləti olaraq birləşib, bir araya gəlməyimiz lazımdır. Demirəm ərazilərimiz bir-birinə qatılmalıdır, yox, Avropa Birliyində olduğu kimi, əməkdaşlıq etməliyik. Məsələn, Türkiyə-Azərbaycan və ya Azərbaycan-Türkmənistan kimi. Bu mənim şəxsi görüşümdür və inşallah, biz görməsək də, gələcək nəsillər mütləq türk birliyinin yarandığını görəcəklər.

Pərvanə Sultanova
Bakı-Kərkük-Bakı

 





25.12.2017    çap et  çap et