525.Az

Səfər Qaraqoyunlu: "Bir tərəfim Göyçə, biri Muradxanlı..."


 

Səfər Qaraqoyunlu: "Bir tərəfim Göyçə, biri Muradxanlı..."<b style="color:red"></b>

İstanbula gələndən Türkiyə-Azərbaycan Həmrəyliyi və Mədəniyyəti Dərnəyi (İSTAD) və onun qurucusu Səfər Qaraqoyunlu barədə çox eşitmişdim.

Onun xüsusilə Azərbaycançılıq və Qarabağ barədə keçirdiyi aksiyalardan, tədbirlərdən xəbərdar idim. Lakin görüşməyə imkan olmamışdı. İSTAD-ın bu günlərdə İstanbulun Kadıköydəki mədəniyyət sarayında keçirdiyi Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş "Türkiyə Azərbaycan qardaşlığı xoru"nun konsertinə dəvət aldım.

Açığını deyim ki, ruh oxşayan, məlahətli Azərbaycan və türk mahnıları ilə romanslarının səsləndirildiyi bu gecə olduqca möhtəşəm keçərək, dinləyicilər tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalandığı salonda əsl dostluq, qardaşlıq və həmrəylik gecəsi yaşandı. Elə ordaca İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu ilə tanış olub, bir az söhbətləşdik.
 

- Mən İqdırda doğulub, boya-başa çatmışam. Amma əslən Azərbaycandanam. Ata babam Göyçə mahalının Qaraqoyunlu tayfasından, ana babam isə Muradxanlı rayonundandır. Böyük dərddir, baba ocaqlarımın hər ikisini görmək üçün burnumun ucu göynəyir. Lakin nə edəsən ki, hər iki yurd düşmən işğalı altındadır. Torpaq hissi, Vətən hissi lap uşaqlıqdan məni narahat etməkdədir. Yaxşı yadımdadır, 1990-cı ildə İstanbulda hərbi qulluqda xidmət edirdim. Bakıda 20 Yanvar faciəsi baş vermişdi. Qardaş ölkə olaraq İstanbulda keçirilən böyük etiraz mitinqinə mən də qoşulmuşdum. Azərbaycan sevgisi, doğma ocaq həsrəti görünür qanımda, canımda əbədi uyuyan müqəddəs bir ehtiyacdan qaynaqlanır. Əsgərlikdən sonra İstanbulda qalıb on ilə yaxın sürücülük məktəbində çalışdım. 1999-cu ildə isə Türkiyədə ilk dəfə olaraq özümün şəxsi komputerləşdirilmiş sürücülük kurslarımı açdım. İndiyə kimi də burda işləyirəm. İçimdəki Azərbaycan sevdası, doğma ocaq həsrəti məni 2010-cu ildə İSTAD-ı yaratmağa həvəsləndirdi. Onu da deyim ki, buna qədər tez-tez "Türk dünyasının təhsil vəqfi", "Avrasiya" vəqfi, "Türk dünyasının araşdırmaları vəqfi" ilə sıx əlaqələr saxlayır, həm orada, həm də bəzi universitetlerdə Türk dünyası və Azərbaycançılıq mövzusunda çıxışlar edirdim. Mənim bir türksevər kimi yetişməyimdə zəhməti olan iki şəxsiyyəti - Turan Yazqani və ilk müəllimim İbrahim Bozyeli xüsusi vurğulamaq istərdim. Çox ağıllı, savadlı və türksevər ziyalılar idi onlar. Allah hər ikisinə rəhmət eləsin!

İbrahim Bozyelin "Azərbaycan diyarından" kitabı o vaxtlar biz gənclərin ürəyinə yol tapdı, bizim gələcəyimizə mayak kimi işıq saldı. Belə kişilər vardı. 1984-cü ildə SSRİ-nin dünyada meydan suladığı bir əyyamda yazdığı bu kitabında İbrahim Bozyel Azərbaycanın yaxın gələcəkdə mütləq müstəqilliyə qovuşacağından yazırdı və nə yaxşı ki, özü sağ ikən bu arzusu həqiqətə çevrildi. Müstəqil Azərbaycan dövlətinin yaranmasının şahidi oldu. Sonra dünyasını dəyişdi, gözü arxada qalmadı. Belə şəxsiyyətlər, ziyalılarla təmasda olub, onlardan öyrəndiklərimiz nəticəsində biz əsl vətəndaşa çevrilə bildik. Məhz, onun nəticəsi idi ki, 2012-ci il fevralın 26-da Taksimdə keçirilən "Xocalıya azadlıq!" mitinqinin ilk təşkilatçısı da biz olduq. Ümumiyyətlə, biz hər il 20 Yanvar faciəsi, 31 mart-Dünya Azərbaycanlılarının soyqırımı günü, 26 fevral-Xocalı faciəsi günü, 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəyliyi günü və digər tarixi təqvimləri bir dərnək olaraq qeyd edirik. Bundan başqa, AzərTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtı ilə birlikdə "Saxta erməni soyqırımı" və Ermənistanın "Metsamor AES-nin yaratdığı regional fəlakət" mövzularında da tədbirlər keçirərək, bu barədə çap olunmuş kitabların müəllifləri ilə imza günü təşkil etmişik. Bütün bu tədbirlər də TRT başda olmaqla bir sıra televiziya kanallarında, Anadolu agentliyi başda olmaqla bir-sıra qəzetlərdə yayımlanmaqla Türkiyə mediasında təbliğinə nail olmuşuq. Bunlarla yanaşı, Azərbaycanda zaman-zaman yaşanan faciələrlə bağlı on minlərlə afişa, buklet, audio və DVD diskləri hazırladıb tədbir iştirakçılarına paylanmasını təmin etmişik. Açığını deyim ki, bu işdə heç kimdən yardım gözləməmişik. Bütün bunları İSTAD-ın idarə heyətinin iş adamı və pensiyaçı müəllimlərin təşkilatçılığı ilə həyata keçirmişik. Sevindirici haldır ki, bu fədakar fəaliyyətimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında məni "Tərəqqi" medalı ilə təltif etmişdir. Eləcə də, 2015-cı ildə Azərbaycan Milli Dədə Qorqud Fondunun təsis etdiyi "Qızıl ürək" döş nişanına da layiq görülmüşəm. Bugünkü tədbiri də ki, özünüz gördünüz. Bu səmimiyyət, dostluq və qardaşlıq həm xalqlarımız arasında mövcuddur, həm də Dövlət başçıları arasında. Düşünürəm ki, Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin dostluğu və qardaşlığı hər iki dövlətin vətəndaşları üçün əsl örnəkdir.

Aydın AĞAZADƏ
"525"in Türkiyə üzrə xüsusi müxbiri
Dekabr,İstanbul

 





26.12.2017    çap et  çap et