525.Az

Pərvanə İbrahimova: "Çalışırıq ki, jurnalistlər bizdən narazı qalmasın"


 

Pərvanə İbrahimova: "Çalışırıq ki, jurnalistlər bizdən narazı qalmasın" <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsi 2000-ci ilin may ayında yaradılıb.

Şöbənin yaradılmasında əsas məqsəd universitet yenilikləri, fakültə, kafedra və alimlərin fəaliyyəti, elmi ixtiralar, bir sözlə, təhsil ocağında baş verən hadisələrin ictimailəşdirilməsi məqsədi daşıyıb.

18 yaşlı şöbə yarandığı gündən kütləvi informasiya vasitələri ilə əməkdaşlığa can atıb və əsasən uğurlu fəaliyyət göstərib.

Hazırda 22 mindən çox tələbə kontingenti və 3 minə yaxın professor-müəllim heyətinə malik olan universitetin gündəlik fəaliyyətini yorulmadan işıqlandıran şöbə haqqında xidmətin rəhbəri Pərvanə İbrahimova danışır:
 

- Artıq 100 illiyinin astanasında olan Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsi ondan yaşca xeyli kiçikdir - cəmi 18 yaşı var. Bunun da öz maraqlı səbəbləri var. Totalitar Sovet dönəmində mətbuat xidmətlərinin olması, yəni baş verən hadisələrlə bağlı məlumatların ötürülməsi real deyildi. Hər bir qurum kimi, universitetlər də qapalı təşkilat idi. Ölkəmizdə mətbuat xidmətlərinin, PR şöbələrinin yaradılmasının mümkünlüyü müstəqillik illərində reallaşdı. Bizim qurumun 18 yaşı olsa da, onun fəaliyyətinin ümumi məzmununda ötən 100 ilin tarixi mərhələləri yaşayır. Məlumdur ki, kütləvi informasiya vasitələri cəmiyyəti bilgiləndirən, maarifləndirən, insanın kamilləşməsinə xüsusi xidmət göstərən ictimai institut kimi həmişə diqqət mərkəzində olub. Azad və müstəqil mətbuat uğrunda mübarizə tarixi də göstərir ki, millətin qabaqcıl ziyalıları bu ictimai institutun xalqa xidmətini yüksək qiymətləndiriblər. Uzun müddət imperiyanın senzura təqiblərini yaşamış Azərbaycan jurnalistikası ölkənin müstəqillik əldə etməsilə azad ictimai institut səviyyəsinə yüksəlib, Azərbaycan mətbuatının azad, müstəqil fəaliyyəti isə ümummilli lider Heydər Əliyevin ölkədə senzuranı ləğv edən 6 avqust 1998-ci il tarixli sərəncamı ilə təsbit olunub. Belə bir ictimai institutun cəmiyyətlə, dövlət qurumları ilə münasibətləri də şəffaf fəaliyyət formasında qurulub. Bu münasibətlər Azərbaycan mediasının Bakı Dövlət Universiteti kimi möhtəşəm bir dövlət qurumu ilə əlaqələrində özünü daha aydın göstərir.

- Belə çıxır ki, media ilə fəal əməkdaşlıq əlaqələri qurmusunuz...

- Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bəli, media ilə əlaqələrimiz arzuladığımız səviyyədədir. Düzdür, şöbə yarandığı ilk illərdə öz işini dövrün tələb və imkanlarına görə, yəni məhdud sayda informasiya agentlikləri, qəzetlər və televiziya kanalları ilə qururdu. İndiki kimi sosial şəbəkələr, elektron xəbər portalları, günümüzdəki kimi çoxsaylı informasiya agentlikləri yox idi. Hazırda modern texniki imkanların artdığı vaxtda isə şöbənin məhsuldarlığı da, faydalı iş əmsalı da artıb. Əslində, mətbuat xidmətinin hazırkı uğurlu fəaliyyəti əvvəllər qət etdiyi yolun, təcrübənin bazasında formalaşıb. 18 illik tarixi ərzində şöbəyə Aynur Bəşirli, Qafar Çaxmaqlı və Şərəf Cəlilli rəhbərlik ediblər. Hər üçünün vaxtında media ilə normal münasibətlər olub. Biz bu gün də çalışırıq ki, həmin ənənəni qoruyub saxlayaq.

- Bəs media sizdən razıdır?

- Çalışırıq ki, narazı qalmasın. Zaman-zaman müxtəlif sorgularda qalib olmağımız, monitorinqlərdə öncüllüyümüzü saxlamağımız, peşəkar və açıqfikirli jurnalistlərdən xoş sözlər eşitməyimiz əlavə üstünlükdür. Jurnalistika, dördüncü hakimiyyət elə bir zümrədir ki, orada layiq olmadığın xoş sözü eşidə bilməzsən. Əgər işlərimiz qənaətbəxş olmasaydı, yəqin ki, belə uğurlar qazana bilməzdik. Digər tərəfdən ölkə üçün peşəkar jurnalistlər hazırlayan, böyük jurnalizm ənənələri və məktəbləri olan bir ali məktəbin Mətbuat xidməti başqa cür ola da bilməz. Təhsilimizin bayraqdarı olan Bakı Dövlət Universitetinin PR şöbəsi olmağımız, rəhbərliyin mediaya açıq münasibəti, şöbəmizin məhsuldar fəaliyyəti üçün yaradılmış şərait əsas faktorlardandır. Digər tərəfdən, şöbə əməkdaşlarının hər biri peşəkar, tapşırılan işin öhdəsindən məharətlə gəlməyi bacaran mütəxəssislərdir. Onların hər birinin xarici dil imkanları, texniki yeniliklərdən yararlanma bacarıqları var. Hər biri də konkret iş bölgüsünə görə fəaliyyət göstərir. Jurnalist təhsilli olduqları üçün işin incəliklərini bilirlər. Bu da uğur əldə edilməsində vacib amillərdən biridir.

- Konkret olaraq fəaliyyət istiqamətləriniz nədən ibarətdir?

- Mətbuat və informasiya şöbəsinin fəaliyyəti müxtəlif istiqamətlidir. Ümumiləşdirib deyə bilərik ki, informasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələri və bu istiqamətdə yazan jurnalistlərin siyahısını tərtib edərək əlaqə qurmaq, ölkə mediasını, yerli və xarici xəbər portallarını universitet yenilikləri ilə təmin etmək, xarici qonaqlar və xarici səfərlərlə bağlı materiallar hazırlamaq və sair.

- Bildiyimə görə, rəhbərlik etdiyiniz şöbənin ayrıca saytı da fəaliyyət göstərir.

- Bəli. Biz şöbəmizin saytını 2011-ci ilin fevral ayında istifadəyə verdik. Sayt gündəlik xəbərlərin yenilənməsindən əlavə, son 20 ilə yaxın müddətdə universitet haqqında KİV-də işıq üzü görmüş materiallardan ibarət banka malikdir. Universitet haqqında yayımlanmış bütün çap məhsulları, rəhbərliyin açıqlamaları, müəllif yazıları, tədbirlərdən hazırlanmış materiallar, 1919-cu ildən bu günə qədər universitet həyatında baş verən əlamətdar hadisələr, 98 il ərzində universitetə rəhbərlik etmiş rektorların və digər görkəmli adamların həyat və fəaliyyəti, məşhur məzunlar və tanınmış elm xadimləri, Fəxri doktorumuz olmuş dövlət, elm xadimləri haqqında məlumatlar saytın müvafiq bölmələrində öz əksini tapıb.

- Bildiyimə görə, siz prezident İlham Əliyevin sərəncamı ilə mükafata da layiq görülmüsünüz.

- Bəli, 2015-ci ildə, milli mətbuatımızın yaranmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərə görə prezident İlham Əliyevin imzaladığı sərəncamla "Tərəqqi" medalına layiq görülmüşəm. Bu, mənim üçün böyük məsuliyyət və eyni zamanda, böyük stimuldur. Onu da qeyd etmək istərdim ki, təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa, İctimaiyyətlə əlaqələrin qurulmasındakı səmərəli fəaliyyətə görə Təhsil Nazirliyi, Mətbuat Şurası tərəfindən diplom və mükafatlara layiq görülmüş, BDU-nun yerli və xarici KİV ilə əlaqələrinin daha da yaxşılaşdırılmasında, mediada yayılmış xəbərlərin sayına görə universitetin müxtəlif reytinq təşkilatlarının rəy sorğularında ilk yerdə qərarlaşması ilə əlaqədar dəfələrlə BDU-nun "Fəxri fərman"ına, "İlin ən fəal şöbə müdiri" adına, sosial şəbəkələrdə keçirilmiş səsvermələrdə, jurnalist təşkilatları və müxtəlif saytların keçirdiyi müsabiqələrdə bir neçə dəfə ölkə üzrə "İlin mətbuat xidməti" nominasiyasının qalibi olmuşam.

- Pərvanə xanım, mətbuat xidməti həm də böhranlı vəziyyətlərə hazır olmalıdır, elə deyilmi?

- Təbii ki, elədir. Mətbuat xidmətinin işi təkcə press-relizləri göndərməkdən, yaxud jurnalistləri tədbirlərə dəvət etməkdən ibarət olmamalıdır. Jurnalist hər bir vəziyyətdən çıxış yolu tapmalıdır. İnformasiya nəzəriyyəsində böhran, böhrandan əvvəl və böhrandan sonra vəziyyətlər var ki, jurnalist bunların üçünə də hazır olmalıdır. Bu 3 vəziyyətə eynilə PR işində də mövcuddur. Biz bunlara əməl edərək işləməyə çalışırıq. Bilirsiniz, media ilə sıx, səmərəli əməkdaşlıq daha çox müəssisələrin, qurumların özünə lazımdır. Eyni zamanda, jurnalistə onu maraqlandıran məlumatı verməsən, o doğru fakt yox, ehtimal, versiya üzərində informasiya hazırlayar və yaranan yanlış ictimai rəy həmin qurumun imicinə xələl gətirər. Mən Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasının 1994-1998-ci il bakalavr, 1998-2000-ci il magistratura səviyyələrinin məzunuyam. 2000-ci ilin sentyabr ayından bu şöbədə işləyirəm. 10 il mütəxəssis vəzifəsində, 2010-ci ildən isə rəhbər olaraq fəaliyyət göstərirəm. İşimi çox sevirəm və bu müddətdə həmkarlarımın etimadını doğrultmağa çalışmışam.

- Mətbuat katibi hansı keyfiyyətlərə malik olmalıdır?

- Mətbuat katibi və xidmətin əməkdaşları çalışqan, ünsiyyətcil olmalı, mətbuatla əlaqələri düzgün qurmalı və bunun üçün təbii ki, jurnalist fəaliyyətinin məzmununu və fəlsəfəsini dərindən öyrənməli, həmişə, hətta onlara təzyiq edildikdə belə təmkinli olmağa çalışmalı, problemlərdən dərhal çıxış yolu tapmalı, nə etmək lazım olduğunu öncədən proqnozlaşdırmalı, fikirlərini inandırıcı şəkildə ifadə etməyi bacarmalı, ən əsası hədəf auditoriyalarını düzgün müəyyənləşdirməlidir. İnsan psixologiyasına bələdçilik də əsas şərtlərdəndir. Bizim düşüncəmizə görə, PR-menecer mütləq jurnalist olmalıdır. Bununla belə, o, sosiologiyanı, kommunikasiyanı, konfliktologiyanı, danışıqlar nəzəriyyəsini, təbliğat və əks təbliğat metodlarını da öyrənməli, bu istiqamətdə biliklərini zənginləşdirməldir.

- BDU məlumatlarının KİV-də işıqlandırılma səviyyəsi sizi qane edirmi?

- Əlbəttə, qane edir. Biz hər ilin yekununda universitetlə bağlı KİV-də işıq üzü görmüş məqalələrin monitorinqini aparırıq. Müxtəlif reytinq təşkilatlarının keçirdiyi sorğulara əsasən deyə bilərəm ki, bizim universitet 2014-cü ildən etibarən günümüzədək cəmi 1-2 ay istisna olmaqla xəbərlərinin KİV-də yayımına görə liderliyini qoruyub saxlayır. Bunun üçün, əlbəttə, fəaliyyətimizi işıqlandıran bütün media qurumlarına, dəyərli jurnalist həmkarlarıma təşəkkürümü bildirirəm.

- Siz BDU-nun bütün məlumatlarını KİV-lə yanaşı, sosial şəbəkələr vasitəsilə də yayırsınız...

- Mediaya bütün xəbərləri yöx, yalnız ictimai yükü olan xəbərləri göndərmək lazımdır. Amma sosial şəbəkələr fərqlidir, burada istənilən xəbəri yaya bilərik. Biz hər zaman şöbə olaraq çalışırıq ki, məlumatlarımızı xəbər portalları və informasiya agentlikləri xəbərlərinin üslubuna görə müəyyənləşdirək, xəbər janrına zidd olan emosionallığa yol verməyək, KİV nümayəndələri arasında fərq qoymadan suallarına vaxtı-vaxtında cavab verək, məlumatları media nümayəndələrinə eyni vaxtda göndərək, jurnalistlərlə münasibətdə operativliyə və dəqiqliyə əməl edək, qeyri-iş saatlarında, hətta günlərində belə KİV nümayəndələrinin suallarını cavablandıraq və s. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, həm kütləvi informasiya vasitələri, həm də sosial şəbəkələrdəki fəaliyyətimizi uğurlu hesab edirəm. Sosial şəbəkələrin hər birində təmsil olunur, aktiv fəaliyyət göstəririk. Yuxarıda bütün qeyd edilənləri ümumiləşdirərək demək istəyirəm ki, bizim başqa cür olmağa mənəvi haqqımız yoxdur.

S.QARAYEVA

 





27.12.2017    çap et  çap et