525.Az

Azərbaycan dilinin tarixi: fərqli baxışlar, yeni yanaşmalar


 

PROFESSOR QƏZƏNFƏR KAZIMOVUN "AZƏRBAYCAN DİLİNİN TARİXİ: ƏN QƏDİM DÖVRLƏRDƏN XIII ƏSRƏ QƏDƏR" ƏSƏRİNİN YENİ NƏŞRİ HAQQINDA QEYDLƏR

Azərbaycan dilinin tarixi: fərqli baxışlar, yeni yanaşmalar<b style="color:red"></b>

Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımovun ən qədim dövrlərdən XVIII əsrə qədərki Azərbaycan dili tarixinin yenidən işlənmiş 2-ci nəşri Türkiyədə çap edilib (TEAS Press Nəşriyyat evi).

Kitabın elmi rəhbəri professor R.C.Məhərrəmova, rəyçilər professor İ.O.Məmmədov və A.C.Əlizadədir.

Kitab quruluş etibarı ilə 6 fəsildən ibarədir. Müəllif əsərin "Bir neçə söz" hissəsində indiyə qədər tarixşünaslıqda Azərbaycan xalqı və onun dili ilə əlaqədar qeyri-elmi və qərəzli konsepsiyanı (son dərəcə səthi yanaşma) doğuran səbəblərə toxunur. O, bu yanlış baxışların Azərbaycan dilinin mənşəyini təhrif etdiyini, bu xalqın və dilinin, həmçinin də dövlətçiliyinin tarixininin obyektiv öyrənilməsi işinə əngəl törətdiyini nəzərə çatdırır. Beləliklə, bizim şanlı tariximiz digərlərinin adına yazılır, dilimizin kökü, mənşəyi İran və Qafqaz dilləri ilə bağlanılır. "Tarixi gerçəkliyə zidd olan bu konsepsiya saysız yanlış müddəalar doğurur, bəşər tarixinin saxtalaşdırılmasına, etnik mənsubiyyət məsələlərinin siyasi konyunkturlar əsasında "müəyyənləşdirilməsi"nə səbəb olur".

Bir həqiqətdir ki, dilimizin tarixi problemləri Azərbaycanşünaslığın metodoloji əsaslarından birini təşkil edir. Həmin problem Azərbaycan xalqının tarixindən ayrılmazdır. Xalqımızın tarixini düzgün istiqamətdə, elmi prinsiplər əsasında öyrəndikcə dil tariximiz də Azərbaycanşünaslığın nəinki metodoloji əsasına, həmçinin də kontektinə çevrilir.

Azərbaycan dilinin tarixi və onun potensiyası göstərir ki, bu sistemin varlığı, mövcudluğu, inkişafı təbii qanunauyğunluqlardan kənarda olmamışdır. Bu qanunauyğunluq arxeoloji mədəniyyətə söykənərək sübuta yetirmişdir ki, hər şey (bəşər sivilizasiyası, dilin ilkin formalaşma dövrü, dialektlərin ayrılması, eləcə də ilk miqrasiyalar və s.) Ön Asiyadan yön almışdır.

Müəllif əvvəlki nəşrə sintaktik mövzuları da əlavə etmişdir. Həmin mövzular düzgün olaraq sintaqmatik qanunlar əsasında tədqiq olunur. Öncə "Kitabi-Dədə Qorqud"un materiallarına əsaslanılır. Bu da prinsipcə doğrudur. Ona görə ki, fikrimizcə, sintaqmatik qanunlar tarixi inkişaf ərzində baş vermiş qrammatik dəyişmə və proseslərə tətbiq olunmalıdır. O zaman həmin dəyişmə keyfiyyətlərinin mahiyyəti dərindən açıla və öyrənilə bilər. Sintaktik əlaqələr, söz birləşmələrinin quruluş modelləri, cümlə, cümlənin məqsədə görə növləri, cümlə üzvləri, cüttərkibli və təktərkibli cümlələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlələr və s.

Q.Kazımovun kitabında tarixi sintaksis tarixi-linqvistik problem olaraq öyrənilir. Problemə baxış və təhlil həm tarixilik, həm də linqvistik prinsiplərə əsaslanaraq aparılır. Məntiqi prinsipləri də buraya əlavə edə bilərik, həmin prinsiplər sintaktik məsələləri daha aydın çözməyə imkan verir. Ona görə ki, sintaksisin məntiqin kateqoriyalarını öz kateqoriyaları ilə ifadə etməyə gücü çatır.

Məlum olduğu kimi, dil inkişaf və dəyişmə yolundadır. Dəyişmə itirilmiş və qazanılmış faktlarla müşahidə olunur. Dəyişmələr dilin fonetik, leksik və qrammatik sistemində özünü göstərir. İnkişafın daxili qanunları imkan verir ki, onun müasir xarakterini - ədəbi dil və dialekt keyfiyyətlərini müəyyən qanunlar çərçivəsində dərk edək.

Müəllif dilimizin tarixi inkişaf yollarını və bu inkişafın qanunauyğunluqlarını özünəməxsus biçimdə dərk edir.

Qəzənfər Kazımovun "Azərbaycan dilinin tarixi" adlı monoqrafiyasında ulu dilin təşəkkülü və protodillərə ayrılması, protodillərin dialekt parçalanması əsasında dil ailələrinin formalaşması, şumer-türk varisliyi, e.ə. III-I minilliklərdə protoAzərbaycan dilinin inkişaf yolu araşdırılmışdır.

Bu monoqrafiya həm mürəkkəb, həm də tariximiz və dilimizdə mövcud olan bir sıra mübahisəli problemlərə aydınlıq, obyektivlik gətirməsi ilə diqqəti daha çox cəlb edir. Hər şeydən öncə, dilimizin mənşəyi bu əsərdə gerçəklik işığında təqdim edilir. Uzun müddətdir ki, tarixi həqiqətlər təhrif olunur, ulu türkün ilkin beşiyi Mərkəzi Asiya sayılır, guya türklər Altayda doğulmuş, orada artıb-çoxalmış, müxtəlif ərazilərə, o cümlədən, Qafqaza və Ön Asiyaya oradan yayılmışlar.

Müəllif düzgün olaraq, arxeoloji və tarixi materiallara əsaslanaraq ilk bəşər dilinin təşəkkülü, dialekt parçalanması haqqında inandırıcı mülahizələr söyləmiş və ilkin miqrasiyaların Ön Asiyadan başlandığını sübuta yetirmişdir.

Monoqrafiya müəllifi mixi yazılarda mühafizə olunmuş külli miqdarda etnonim, toponim və antroponimləri təhlil edərək Azərbaycan aborigenlərinin türkdilli olduğunu göstərmişdir.

Q.Kazımovdan əvvəl Z.Bünyadov, Ə.Dəmirçizadə, Y.Yusifov, S.Əlyarov, T.Məmmədov, K.Əliyev, E.Əlibəyzadə və başqa tarixçi və dilçilər Azərbaycan xalqının, Azərbaycan dilinin mənşəyini düzgün araşdırıb üzə çıxarmaq işini özləri üçün həqiqi vətəndaşlıq borcu saymışlar. Ancaq həmin alimlərin əsərlərində problemin qoyuluşu birtərəfli olduğu üçün sona çatdırılmır - türk dilinin tarixi onun inkişafının müəyyən kəsiyində araşdırılır, neçə min illik mərhələ nəzərə alınmırdı.

Tədqiqatçı özündən əvvəlki müəlliflərdən fərqli cəsarətli addım ataraq dərin və tutarlı mənbə və materiallar əsasında şumer-türk mənşə birliyini, türk - şumer struktur eyniliyini leksik, morfoloji və sintaktik müqayisələr əsasında sübut edərək türklərin hindavropalılar və samilərlə birlikdə Ön Asiyanın ən qədim və əzəli sakinləri olduğunu müəyyənləşdirmişdir.

Kitabda əksini tapan mühüm və aktual mövzulardan biri də dillərin qohumluğu, yəni monogenez problemidir. Bu problem haqqında Q.Kazımovun təsəvvürləri, hər şeydən öncə, aydın məntiqə, ulu dilin dil ailələrindəki izlərinə və protodillərin törəmələrinə, budaqlarına əsaslanır ki, bu da təbiidir. Elə buna görə də alim ilk dəfə belə bir mülahizə irəli sürür ki, tipoloji cəhətdən eyni (və ya yaxın) olan bütün dillər bir protodilin budaqlarıdır.

Q.Kazımov ulu dildən gələn xeyli sözün (gi, bi, ti, qa və s.) etimoloji təhlilini verərək onların dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində də mühüm işlər görmüşdür.

Müəllifin bütün elmi mülahizələri havadan asılı qalmır. Məsələn, o, dillərin poligenez və ya monogenez olması məsələsində-mübahisəsində sözgəlişi fikir işlətmir, arxeoloji materiallarla yanaşı, dil ailələrinin qohumluğunu isbat edən faktların aşkarlanması yolu ilə məsələyə aydınlıq gətirmişdir. Tədqiqatçı səriştəsi ilə, inam və təkidi ilə monogenez mənşəyinin sübutuna çalışmışdır. Q.Kazımov dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirmişdir ki, bu üsul tarixi- müqayisəli təhlil prosesində hamı tərəfindən qəbul edilmiş fonetik qanunlara əsaslanır. Bu prinsipin əsasında isə söz kökündə artikulyasiya bazasına görə yaxın olan samit səslər durur.

Bizim bir çoxumuzun çatışmayan cəhəti ulu dili kifayət qədər, aydın təsəvvür edə bilməməyimizdir. Bunun üçün hələ biz dilçilər, tarixçilər böyük zəhmətə qatlaşmalıyıq. Amma müəllif böyük yaradıcılıq təcrübəsi qazanaraq ulu dilə doğru araşdırmaların gələcəyinə böyük ümidlər bəsləyir, o, dünya dillərinə məxsus saysız-hesabsız söz köklərində ulu dilin söz köklərini görür (həmin köklər: gi-getmək, qaçmaq və s.; bi-boy, boy atmaq və s.; ti-dil, danışmaq və s.; lu-adam, el, xalq; ba-bağ, əlaqə və s.). Beləliklə, bu və ya digər qədim söz köklərinin struktur-semantik yuvaları dünya dillərində leksik vahidlərin semantik inkişafını ardıcıl izləməyə imkan yaradır.

Qeyd olunmalıdır ki, çox ağır zəhmət hesabına müəllif nostratik dilləri (qədim sanskrit, türk, rus, ingilis, ərəb, fars) müqayisəyə cəlb edərək eyniköklü sözlərin semantik inkişaf yolunu öyrənməyə çalışmışdır.

Məsələnin sonrakı qoyuluşu dilin inkişafının növbəti mərhələsidir. Bu dövr protodillərin parçalanmasıdır. Müəllifin fikirlərinə görə, dil ailələrinin təşəkkülü bu böyük mərhələdə mümkün olub. Dil ailələrinin təşəkkülündəki reallığı üzə çıxarmaq üçün o, şumer dilinin leksikası, morfologiyası ilə türk dillərinin leksikası və morfologiyasını müqayisə edir, leksik və morfoloji quruluşda mövcud olan yaxınlıqları aşkarlayır. Bu leksik və qrammatik faktlar şumer-türk əlaqələrinin tarixi haqqında oxucuya maraqlı məlumatlar çatdırır.

Qeyd etmək lazımdır ki, tarixşünaslıqda şumerlərin dili haqqında yanlış düşüncələr mövcuddur. Bu vaxta qədər şumer dilinin heç bir qədim və müasir dil ilə qohumluğu sübut edilməsə də, şumer leksikası ilə türk dillərinin leksikası arasında yaxınlıq daha çox müəyyən edilmişdir. Q. Kazımov şumer dilini qəsdən türk dilindən uzaqlaşdırmaq istəyən tədqiqatçılardan fərqli olaraq şumer dilinin quruluşunu - fonetik, leksik və qrammatik quruluşunun türk dillərinin fonetik, leksik və qrammatik quruluşu ilə qarşılaşdırır, eyniliyin inkişaf istiqamətlərini müəyyənləşdirir. Onun əldə etdiyi faktlar şumer dilinin türk dilləri ilə mədəni qohumluğunu deyil, genetik qohumluğunu göstərir və bütün bunlarda şumer-protoAzərbaycan-türk birliyini görür.

(Ardı var)

Möhsün NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik
İsmayıl KAZIMOV, Filologiya elmləri doktoru, professor

 





05.01.2018    çap et  çap et