525.Az

Rəşad Məcid: “İçindəki xılt Əkrəmi hec vaxt rahat buraxmayıb”


 

Rəşad Məcid: “İçindəki xılt Əkrəmi hec vaxt rahat buraxmayıb”<b style="color:red"></b>

Azadlıq Radiosunun Yazıçılar Birliyi ətrafında baş verən söz-söhbətlərdən danışılan debatında yazıçı Əkrəm Əylisli AYB-nin gənclər üzrə katibi Rəşad Məcidin ittihamlarına dözməyərək çılğınlıqla bəzi qeyri-etik ifadələr işlədib. Qalmaqalın səbəbləri barədə Rəşad Məciddən soruşduq:

“Şərif Ağayar debata gəlmədiyi üçün orda iştirak edən Əkrəm Əylisli və “Daş yuxular” barədə bəzi fikirlərimi deməyə çalışdım. Onun hədsiz əsəbləşdiyini, haldan çıxdığını görüb fikirlərimi davam etdirmədim. Mən gənc yaşlarımdan Əkrəm Əylislini tanımışam, onunla çox məclislərdə olmuşam. Və hər belə məclisdən, görüşdən sonra məndə pis, neqativ enerji qalıb. O, gah dava salıb, gah kimisə söyüb, qanqaraçılıq yaradıb. Gənc bir ədəbiyyat həvəskarı ona Yusif Səmədoğlunun “Qətl günü” romanını bəyəndiyini deyən kimi,  o, sanballı yazıçı haqqında hərzə-hədyan söyləyib. Heyrətdən gözüm bərəlib. Sonra başqa bir xalq şairi qonaqlıq verib, üçümüz oturmuşuq. Əkrəm badə qaldırıb mədhiyyələr söyləyib, amma şair məclisi beş dəqiqəlik tərk edən kimi ağzına gələn söyüşləri onun dalıyca döşəyib. Azərbaycanda elə ədəbiyyat adamı olmayıb ki, onu Əkrəm Əylisliyə tərifləyəsən, o da əsib-coşub onu aşağılamağa çalışmasın. Bu kin, bu xılt, bu nifrət onu ömür boyu müşayiət edib və 75 yaşında bütöv xalqa qarşı yönəldib. Debatda onun əsdiyini hiss edib sözlərimə davam etmədim və “Azərbaycan dilində gözəl əsərlər yazıb, pis adam olmaq mümkün imiş” sözləriylə kifayətləndim. Mən bu qənaətdəyəm ki, Əkrəmi bu yaşında belə hallara salan onun qəlbindəki kin və nifrətdir. İçindəki xılt Əkrəmi heç vaxt rahat buraxmayıb”.

525.az

 





12.06.2013    çap et  çap et