525.Az

Azərbaycan dilinin tarixi: fərqli baxışlar, yeni yanaşmalar


 

PROFESSOR QƏZƏNFƏR KAZIMOVUN “AZƏRBAYCAN DİLİNİN TARİXİ: ƏN QƏDİM DÖVRLƏRDƏN XIII ƏSRƏ QƏDƏR” ƏSƏRİNİN YENİ NƏŞRİ HAQQINDA QEYDLƏR

Azərbaycan dilinin tarixi: <b style="color:red">fərqli baxışlar, yeni yanaşmalar</b>

(Əvvəli ötən sayımızda) 

Dilimizin inkişafının üçüncü mərhələsi protoAzərbaycan dili dövrüdür. “ProtoAzərbaycan dili dövrü” adlanan fəsildə Q.Kazımov “Azərbaycan tarixi”nin akademik nəşrini aşkar şəkildə təhrif edən tarixçilərə öz sözünü deyə bilib.

Tədqiqatçı protoAzərbaycan dilinin izlərini 3 və 2-ci minilliklərə aid toponim, etnonim və antroponimlər, şumer-türk qohumluq əlaqələri, qonşu ölkələrin dilləri, tarixin mühafizə edib saxladığı digər sənədlərlə yanaşı, xüsusi adlarda Azərbaycan dili və digər türk dilləri ilə izah oluna bilən bir sıra fonetik və qrammatik əlamətlərdə görə bilir.

Əsərin 4-cü fəslində dilimizin əmələ gəlmə prosesi tarixi-linqvistik aspektdə araşdırılır. Bu dövr e.ə IV əsr-e. V əsri əhatə edir. Həmin dövrdə Alban dövləti və Alban (Aran) dili yaranır, etnik tərkib formalaşır. Bu dil türkdili tayfaların (utilər, sarıqurlar, yaqurlar, kəmər, xəzər, savar, sirak, hun, qul və s.) şivə əlamətlərinə görə bir-birindən fərqlənən dili idi. Müəllif bu tayfaların dil xüsusiyyətlərini, xüsusən də leksikasını (xüsusi adlar: etnonim, toponim və antroponim), qrammatik əlamətlərini sistemli şəkildə tədqiq edərək onların mənşə etibarilə türk dillərinə aid olduğunu göstərmişdir. Bundan əlavə, Atropatenalıların etnik tərkibi və dili haqqındakı yozumlar da Azərbaycan xalqının və dilinin təşəkkülü məsələsinə yenilik gətirmişdir. Müəllif fikrini ümumiləşdirərək göstərir ki, ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə Qədim Azərbaycan dili mərhələsi sona yetir və yeni Azərbaycan dili mərhələsi başlayır.

5-ci fəsildə şifahi ədəbi dilin təşəkkül tarixi (VI-VIII əsrlər) Azərbaycanın o dövrdəki siyasi, iqtisadi və mədəni durumu ilə paralel izah edilir. “Kitabi-Dədə Qorqud”un dil özəllikləri, xüsusən də sintaktik quruluşu ümumxalq Azərbaycan dilinin təşəkkül dövrünün ecazkar abidəsi kimi nəzərdən keçirilir. İndiyə qədər “Kitabi Dədə Qorqud”un dilinin sintaksisi bu həcmdə və səviyyədə yazılmamışdır.

Kitabın 6-cı fəslində isə yazılı ədəbi dilin IX-XII əsrlərdə yaranmasını şərtləndirən faktorlar üzərində mülahizələr söylənilir. Müəllif yazılı və şifahi ədəbi dil arasında olan sərhədləri ümumiləşdirərək belə bir fikirə gəlir ki, VI-VIII əsrlər arasında tam təşəkkül tapan Azərbaycan şifahi ədəbi dili IX-XII əsrlərdə yazılı ədəbi dil kimi təşəkkülünü başa çatdırmışdır. Tədqiqatçı ənənənin təsiri ilə bir qədər o tərəfə gedərək belə bir fikir söyləsə də, yazılı və şifahi ədəbi dilin bu cür sərhədlənməsini daxilən narahatlıqla qəbul edir. “Kitabi Dədə Qorqud”u son dərəcə kamil bir yaradıcılıq nümunəsi, dilimizin bütün fonetik sistemini, lüğət tərkibi, qrammatik quruluşu barədə tam təsəvvür yaradan bir mənbə sayır. Ona görə də bu abidə ən yüksək yazılı ədəbiyyat nümunələrindən daha yüksəkdə dayanan yazılı ədəbiyyat nümunəsidir.

Beləliklə, bu kitab etnik tariximizə və dilimizə yeni baxışın nəticəsi olaraq meydana çıxmışdır. Məlumdur ki, dil ailələrinin ümumi genetik qohumluğu problemində dilemma kimi qarşıda duran əsas məsələ “dillərin poligenez və ya monogenez olması”dır. Poligenez nəzəriyyə əksəriyyətin qəbul etdiyi nəzəriyyədir, lakin monogenez probleminə şübhə ilə baxanlar da vardır. Dünya dillərinin vahid kök üzərində yarandığını nəzərə almamağın nəticəsində tipoloji cəhətdən müxtəlif dillərdə eyni bir sözü gördükdə həmin leksik vahidin bu və ya digər bir dildən yayılmış olduğunu güman etmişlər. Məsələni qəlizləşdirən də budur. Sözsüz ki, bu ikili nöqteyi-nəzər arxeoloji materiallarla yanaşı, dil ailələrinin qohumluğunu isbat edən faktların tədqiqi, aşkara çıxarılması yolu ilə həll oluna bilər. Bir çox dilçi alimlər inamla, təkidlə monogenez mənşəyin sübutuna çalışmış, lakin öz fikirlərinin sona qədər müdafiə etməyənlər də olmuşdur. Həmin alimlərin araşdırmaları dillərin monogenez və ya poligenez olması məsələsinin tarixi linqvistikanın mühüm bir bölməsi kimi son dərəcə aktual olduğunu göstərir. Etimoloji araşdırmaların genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində gözlənilmədən dünyanın bütün müasir dil ailələrinin vahid mənşəyini aydın şəkildə sübüt edən inandırıcı faktlar əldə edilmişdir. Alimlər dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirməyə can atırlar. Beləliklə, bir çox nəzəriyyələr (A.Melniçuk, V.İlliç-Svitiç və b.) ulu dilin öyrənilməsi üçün geniş imkanlar yaradır, tədqiqatlar dərinləşir, bu məqsədlə qrammatik və leksik formaların müqayisəli etimoloji təhlilləri verilir, rəngarəng quruluşda praformalar müəyyənləşdirilir. Geniş mənada Altay nəzəriyyəsinə əsaslandığı üçün türk dilləri materiallarını müqayisəyə cəlb etmək o qədər də mümkün olmamışdır. Q.Kazımov isə monogenez problemini əlavə faktlar və türk dilləri materialları ilə zənginləşdirmişdir. Əsərin ən qiymətli cəhətlərindən biri də elə budur.

Dünya dillərinin ümumi qohumluğu ideyasının tərəfdarları və tədqiqatçıları nostratik dilçilik nəzəriyyəsini əldə əsas tutaraq yer üzündəki bütün dil ailələrinin qohumluğunu, bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə, orijinal dəlillərlə, israrla sübuta yetirmişlər. Bəri başdan qeyd edək ki, bu əsər indiyə qədər Azərbaycan xalqının və dilinin mənşəyinə kölgə salan hipotezanı alt-üst edir, təhrif, dolaşıq konsepsiyalara tutarlı zərbə vurur. Çox mühüm bir tarixi-elmi həqiqətin ucundan tutub ulu dilimizin zirvəsinə yüksəlirik. Türkün kimliyi, ulu dilimizin ilkin mərhələləri açılır. Bu açıqlama dünya dillərinin qohumluğu-monogenez probleminə aydınlıq gətirilməsi ilə başlanır. Müəllifin həqiqi tarixə söykənən mülahizələri nəticəsində Azərbaycan ərazisinin ən qədim insan məskəni olduğunu, ilk insanların təfəkkür və nitqinin mərhələlər üzrə inkişaf prosesi keçirdiyini, dilin tədrici inkişafı nəticəsində ulu dilin meydana gəldiyini öyrənirik. “35-40 min illik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə miqrasiyaların çoxalması ilə parçalanmağa başlamış, tədricən ilkin forma-quruluş etibarilə bir-birindən fərqlənən və gələcək dil ailələrinin başında duran protodilləri doğurmuşdur. Nəticədə yer üzərində yaranmış ulu dildə təqribən e. ə. XII minillikdə böyük bir mərhələ başa çatmış, ulu dilin parçalanması, müxtəlif dialektlərin, müasir dil ailələrinin başında duran protodillərin yaranması prosesi sona yetmişdir (dillərin bir-birindən sonrakı təcrid olunmalarını inkar etmirik). Müxtəlif dil ailələrinin yaranması bundan sonrakı inkişaf prosesinin nəticəsidir”.

Q.Kazımov tarixdən əldə etdiyi təəssürat əsasında protodillərin yaranması dövrünü, sonradan parçalanması haqqında inamlı nöqteyi-nəzərini bildirir. Müəllif tayfa dilləri arasında çarpazlaşma prosesini, inkişaf nəticəsində dillər arasında ayrılma prosesini (köksözlü, aqqlütinativ və flektiv), həmin dillərin quruluş sistemində, lüğət tərkibində baş verən dəyişmələrin səbəblərini aydınlaşdırır: Buna səbəb tədricən prefiks, infiks, suffiks kimi dil vasitələrinin törəməsi, dillərin tədricən tipoloji cəhətdən fərqlənməsi, leksik-qrammatik vasitələrin inkişafı, qrammatika və leksikanın qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi idi (17). Alimin inamla söylədiyi fikirlərdən biri budur ki, tipoloji cəhətdən fərqlənən protodillər ulu dilin daxilində güclü dialekt kimi fərqlənmişdir. Bundan daha mühüm başqa bir nəticə çıxarmaq olur: tipoloji cəhətdən fərqlənən ilk protodillər ilkin təcridolunma mərhələsində eyni quruluşlu bütün dil ailələrinin başında durmuşlar. Yəni indi bir-birinə qohum hesab olunmayan bütün flektiv dillər bir protodilin törəmələridir. Bir-birinə qohum hesab olunmayan bütün iltisaqi dillər bir protodilin törəmələridir. Beləliklə, müəllif indiyə kimi “sübütları” düzgün olmayan alimlərdən fərqli olaraq ulu dilin quruluş və lüğət tərkibində gedən ümumi inkişaf prinsiplərini - təkmilləşməni, səlisləşməni, sadələşmə və mürəkkəbləşməni doğru olaraq nəzərə alır.

Monegenez probleminin hərtərəfli təhlili dillərin inkişafını vahid köklə bağlayan istiqamətləri üzə çıxarır.

Əsərdə ulu dilin parçalanması səbəbləri, dillərin təcrid olunmasının, vahid ulu dilin ilkin parçalanması üçün təbii şəraitin yarandığı göstərilir. Ulu dil haqqında müəllifin təsəvvürləri güclü məntiqə, ulu dilin dil ailələrindəki izlərinə və protodillərin törəmələrinə, budaqlarına əsaslanır. Ulu dildən dil sistemləri yayılmış, dilin daxili kateqorial əlaqələri öz əsasını ulu dildən almışdır. Ulu dildə protodillərin yaranması üçün kifayət qədər əsaslı fonetik, leksik və qrammatik özəlliklər var idi. Elə buna görə də Q.Kazımov ilk dəfə belə bir mülahizə irəli sürür ki, tipoloji cəhətdən eyni olan bütün dillər bir protodilin budaqlarıdır. Odur ki, tipoloji cəhətdən eyni quruluşlu dilləri müqayisəli-tarixi metod əsasında öyrənməklə sonra müqayisəni protodillər arasında apararaq ulu dilə yaxınlaşmaq olar.

Müəllif bu sahədə böyük xidmətləri olan N.Andreyevin, N.Marrın, V.Şottun, V.İlliç-Svitiçın, A.Melniçukun həmin istiqamətdə gördüyü işləri qiymətləndirir. Bu alimlər ulu dildən gələn leksik vahidlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirmiş, əsaslı və ciddi araşdırmalar və müqayisələr aparmış, dil ailələri arasında uyğunluqları müəyyənləşdirmişlər. Tətbiq olunan üsullar dünya dillərinin bir kökdən, bir ulu dildən yaranması fikrinə aydınlıq gətirir, həmin ideyanı əyaniləşdirir.

(Ardı var)

Möhsün NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik
İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor

 





06.01.2018    çap et  çap et