525.Az

“Gənclərin ictimai fəallığı naminə mühüm addımlar atılır”


 

“GƏNC VƏTƏNDAŞ” MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİNİN İCRAÇI DİREKTORU GÜNEL SƏFƏROVA: “MÜASİR AZƏRBAYCAN GƏNCİ MÜSBƏT MƏNADA İDDİALI VƏ FƏALİYYƏTİNDƏ MƏQSƏDYÖNLÜDÜR”

“Gənclərin ictimai fəallığı naminə mühüm addımlar atılır”<b style="color:red"></b>

- Günel xanım, icraçı direktoru olduğunuz Birliyin əsas məqsədi və hədəfləri nələrdən ibarətdir?

- Birliyin əsas hədəfi yaxşı vətəndaşın yetişdirilməsinə töhfə verməkdir. Biz yaxşı vətəndaş deyəndə öz hüquqlarını bilən, qanunlara əməl edən, heç kimin hüququnu pozmayan, dövlətini sevən, cəmiyyət üçün faydalı olmağa çalışan insan nəzərdə tuturuq. Bunun üçün də müxtəlif sosial layihələr icra edirik.

- Bu zamana qədər Birlik hansı layihələrə imza atıb?

- Biz qısa zamanda çox sayda layihə icra etmişik. “Sağlam böyüyən gənclik”, “Gələcək ailədən başlayır”, “Ailə üçün Dəyər”, “Bərabər imkanlar bərabər hüquqlar”, “Birgəyaşayışın Azərbaycan modeli” və sair layihələri sadalaya bilərəm. Bizim təşkilatın əsas üzvləri hüquqşünaslar və sosial işcilərdir. Layihənin mahiyyətindən asılı olaraq sahəsinin peşəkarı olan insanları icra prosesinə cəlb edirik. Demək olar ki, ölkəmizin əksər regionlarında layihələr icra etmişik və xüsusi ilə də aztəminatlı ailələrdən olan gənclər əhatə olunub.

- Müasir Azərbaycan gəncini necə xarakterizə edərdiniz?

- Müasir Azərbaycan gənci müsbət mənada iddialı və fəaliyyətində məqsədyönlüdür. Biz əsasən gənclərlə çalışırıq və demək olar ki, sosial statusundan asılı olmayaraq hər sahədə fəaliyyət göstərən gənclərlə ünsiyyətdə oluruq. Müasir gənclərdə pozitiv tərəf onların nə istədiklərini bilmələri, qərarlı olmaları və onlara yaradılan imkanlardan istifadə etmələridir. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını ardıcıl stimullaşdırmaqdadır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri də gənclərin maraq dairəsinin genişləndirilməsi, asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.

- Sizin düşüncənizə görə, sağlam cəmiyyətin düsturu nədir?

- Ümumiyyətlə, tam sağlam cəmiyyət anlayışı nəzəriyyədə var, amma praktikada buna nail olmaq çətindir. Mənə görə, ədalətli qanunlar, qanunun aliliyi, insan hüquqlarının təminatı, sosial rifahın yüksək olması sağlam cəmiyyətin əsas amillərindəndir. Eyni zamanda, unutmaq olmaz ki, bütün problemlərin həllində əsas məsələlərdən biri təhsilin yüksək səviyyədə olmasıdır. Təhsilli cəmiyyət sağlam cəmiyyəti asanlıqla qura bilər.

- İndi gənclərimizin çoxu ailə qurmaqdan yayınırlar, evlilik yaşı getdikcə artmaqdadır. Bunun əsas səbəbini nədə görürsünüz?

- Bir tərəfdən erkən nikahların sayının azalması faktı sevindiricidir. Statistikaya baxsaq, 2017-ci il erkən nikahların sayı azalıb və buna qanunvericilikdə edilən dəyişikliklər və əhalinin maariflənməsi təsir edib. Amma evliliyin azalması cəmiyyət üçün təhlükəlidir. Hüquqşünas kimi yanaşsam, nikah könüllü münasibətdir və gənclər qanunun verdiyi imkanlar çərcivəsində nikaha girə bilərlər. Lakin əhalinin artımı, ailənin sosial müəssisələr arasında ən əhəmiyyətli olduğunu nəzərə alsaq, bu hallar təhlükəlidir. Ailə siyasətinin daha çox ailə dəyərlərinin təbliği üzərində qurulması, sosial rifahın artması və gənc ailələr üçün sosial xidmətlərin davamlı artırılması problemi həll edə bilər.

- Dövlətimizdə gənclər üçün yaradılan şərait hansı səviyyədədir?

- Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Hazırda ölkədə gənclər üçün yaradılan şərait çox yaxşıdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı özündə bütün bu məqsədlərə çatmağın əsas hədəflərini ehtiva edir. Sənəd yeni dövrün gənclərinin fəaliyyət strategiyası da adlandırıla bilər. Proqram Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb və qarşısına ciddi vəzifələr qoyur. Məsələn, proqram ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək kimi məqsədlərin həyata keçirilməsini prioritet elan edir. Burada əsas vəzifələr sırasında gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, sağlam həyat tərzi, narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması və digərləri göstərilə bilər.

Azərbaycan dövləti tərəfindən gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində də mühüm addımlar atılır. Son zamanlar təkcə paytaxtda deyil, regionda yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər görməkdədir. Bu sahədə yardım yalnız maddi xarakter daşımır, gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili də məşğulluq problemlərinin həllində özünəməxsus rol oynayır. Sosial evlərin tikilməsi, internat və uşaq evlərini tərk edən gənclərin evlərlə təmin edilməsi gənclər üçün yaradılan imkanlardır.

Məsələn, Gənclər Fondu hər bir gənc üçün ideyalarının reallaşdırılmasına, təhsil imkanlarının artırılmasına şərait yaradır ki, bu da olduqca yaxşı bir modeldir. Düşünürəm ki, gənclərin daha çox təmsilçiliyi istiqamətində də işlər surətlənsə, xeyli yüksək nəticələr əldə ediləcək.

- Ailə və cəmiyyət... Övladlarımızın tərbiyəsində bu faktorların rol nisbətini necə dəyərləndirirsiniz?

- Uşaq yalnız ailədə müəyyən yaşa qədər tərbiyə alır, amma daha sonra məktəbəqədər müəssisə, məktəblərdə, icmada və ətrafda baş verən hər bir proses onlara formalaşmaqda təsir edir. Hətta müəyyən yaş kateqoriyası vardır ki, ailədən daha çox ətraf mühitin, cəmiyyətin rəyləri onlar üçün daha önəmli olur. Məncə, uğurlu düsturun başlanğıcı doğru valideyin-uşaq münasibətidir. Valideyin uşağın hisslərini anlamalı, empati qurmağı bacarmalı və onunla dost olmalıdır. Cəmiyyəti də biz formalaşdırırıq və düşünməliyik ki, verdiyimiz töfvələr bizim övladlarımıza təsir edəcək.

- Bugünlərdə Gəncə şəhərində “Gələcək ailədən başlayır” layihəsi çərçivəsində tədbiriniz keçirildi. Bu layihə və Gəncədəki tədbir haqqında düşüncələrinizi öyrənmək istərdik?

- Bu layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihədə əsas məqsəd ailədaxili münaqişələrin aradan qaldırılmasında gənclərin rolunun artırılmasıdır. Təəssüflər olsun ki, məişət zorakılığı əsasən ailə daxilində baş verir və bunun sosial psixoloji təsiri olduqca ağırdır. Gənclərin gələcəkdə ailədə zorakılıqdan qorunmaları və zorakılıq səviyyəsinin aradan qaldırılması üçün bu layihədə onlara eyni zamanda psixoloji və hüquqi yardımlar da göstərilmişdir.

- Özünüz də valideynsiniz, gələcəyin gənclərini yetişdirirsiniz. Onların tərbiyəsində önəm verdiyiniz ən vacib amil nədir?

- Sözsüz ki, mən ilk növbədə anayam. Onların ehtiyaclarını qarşılamaq və onlara tərbiyə vermək mənim borcumdur. Eyni zamanda, uşaqlarla yaxın dostam. 13 yaşlı qızım və 10 yaşlı oğlum var. Hər ikisinə bərabər sevgi verməklə yanaşı, onlara bərəbər imkanlar yaratmağa calışıram. Əlbəttə, ailə münasibətlərində mən həm də bacı və qardaş münasibətinin doğru qurulmasına çalışıram. Hələ bizim üçün önəmli təhsilimizi uğurla davam etdirməkdir. Amma onlara daha çox şəxsiyyət kimi yanaşıram və ailədaxilində qərarların verilməsində mütləq fikirlərini alıram. Sevinirəm ki, gələcəklə bağlı çox qərarı özləri vermək vərdişinə yiyələniblər və mənimlə dost kimi müzakirə edirlər. Ailə münasibətlərinin kökündə sevgi dayanır. Biz uşaqlarımızı sevməli və onlara öz əmlakımız kimi yox, şəxsiyyət kimi yanaşmalıyıq.

Şahanə MÜŞFİQ

 





06.01.2018    çap et  çap et