525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli 7 oktyabr 2017-ci il sayımızda)

Düzgün qiymətləndirilməyən xadimlər və qəribə hadisələr 

Tarixdə şəxsiyyətlərə, adətən düzgün, obyektiv qiymət verilir, onların cəsarəti, igidliyi, sərkərdəlik və ya dövlət xadimi istedadları ilə yanaşı, qəddarlığı, şərə qulluq etmələri ört-basdır edilmir, malalanmır.

Tarix mahir rəssam kimi, təkcə zahiri parıltı, görünüşlə kifayətlənməyib, portretdə insanın daxili aləmini də təsvir etmək qayğısına qaldığı kimi, şöhrət haləsinin arxasında gizlədilən qüsurlu cəhətləri də xatırlatmağı unutmur. Ümumiyyətlə, bu elm mifoloji təsəvvürün təsiri altına düşmür, reallığı, real cizgiləri əsasən sadə xalqın dilində meydana gələn və getdikcə genişlənib, şişirdilən mifoloji retuşdan, əslində saxtalıqdan xilas etməyə çalışır. Tarixçilərin bəzən hansısa bir təsir altında bir şəxsiyyəti, ya qədim xalqı hansısa bir döyüşdə fərqləndiyinə görə şişirtməsi, onlara fantastik çalarlar verməsi sonralar bundan sui-istifadəyə şərait yaradır.  Qədim Romanın böyük tarixçisi Tatsit German tayfalarının b.e. 9-cü ilində sərkərdə Armininin başçılığı altında Roma sərkərdəsi Varı ağır məğlubiyyətə uğratmasını qələmə alarkən, həm də germanların igidliyini xeyli şişirtməsi sonralar Natsist partiyasının, almanları - guya təmiz qanlı ariləri qalibiyyət təcəssümü simvolu kimi qələmə vermək üçün əsas rolunu oynadı. SS-in başçısı Henrix Himmler almanların birbaşa germanların törəmələri kimi qəbul edilməsini sübut etmək üçün dəridən-qabıqdan çıxır, tarixçinin əsərinin orijinalını tapmağa cəhd edirdi. Nə Himmler, nə də alman natsistləri germanların almanların birbaşa əcdadları olmadıqlarını qətiyyən nəzərə almırdılar. Axı almanlar qədimdə və sonralar mövcud olmuş bir çox tayfaların qanlarının qarışığından meydana gəlmişdilər, onlar heç də qədim germanların sadəcə varisləri deyildilər.

Tarixçilər bu məsələlərdə az günah işlədirlər. Yazıçılar, dramaturqlar isə öz mənfi və ya müsbət qəhrəmanını təsvir etdikdə, heç də ölçü hissinə məhəl qoymurlar. Şekspir şotland kralı Makbeti və onun kraliçasını qaniçən kimi təsvir edir, tarixi şəxsiyyət kimi isə Makbet əslində belə olmamışdır. Yaxud III Riçard pyesinin baş qəhrəmanını bütöv qüsurlar simvolu kimi təqdim edir, onu cəllad kimi qələmə verir, tarixi faktlar isə bunu həqiqət kimi təsdiq etmir. Aleksandr Dyuma - ata isə məşhur “Üç muşketyor” romanında Fransa kralı XIII Luinin yanında Birinci naziri olan kardinal, hersoq Rişelyeni mənfilik təcəssümü, intriqalar ustası, könlü mənfiliyin çürük saplarından hörülmüş bir şəxs kimi təqdim edir. Romanın təsiri altında Rişelyenin həqiqətdən uzaq olan mənfur siması formalaşmışdır, kitabı oxuyan və ya onun əsasında çəkilmiş filmə tamaşa edənlər kardinal Rişelyeni başqa cür təsəvvur etməyə hətta cəsarət etməzlər.

Arman Jan dyu Plessi, hersoq Rişelye cəmi 57 il ömür sürmüş, 1642-ci ildə, 30 illik müharibənin son mərhələsində vəfat etmişdi. O, 38 yaşında Roma papası tərəfindən kardinal rütbəsinə yiyələndirilmiş, iki il sonra isə Fransada hökumətin Birinci naziri vəzifəsini tutmuşdu. 18 il ərzində Fransanın daxili və xarici siyasətini müəyyən etmiş, həm də mütləqiyyətin möhkəmləndirilməsi üçün əlindən gələni etmişdi. Bu kardinalın dövründə mütləqiyyətin “Bir kral, bir din, bir qanun” formulu meydana gəlmişdi.

Birinci nazir müxalif yönlü əyanlardan olan öz əleyhdarlarını qəddarcasına təqib edirdi, onların nəsil qəsrlərini və malikanələrini dağıtmağı əmr edirdi. O, protestantların müstəqilliyi ilə barışa bilmirdi, ona görə də katolik qoşunu fransız huqenotlarının başlıca dayağı olan La-Roşel qalasını mühasirəyə aldı, qala 1628-ci ilin oktyabrında təslim oldu. Hersoq ölkənin tam mərkəzləşdirilməsinə çalışdı. Onun dövründə əyalətlər bütünlüklə Parisə tabe edildi, əvvəllər aristokratların tutduqları qubernator vəzifələrinə varlı olmayan dvoryanların nümayəndələri olan kral məmurları təyin edilirdi və onlara fövqəladə səlahiyyətlər verilirdi. İctimai həyatın bütün sahələrini qaydaya salmağa çalışaraq, Rişelye, 1635-ci ildə Fransa akademiyasını yaratdı. Onun üzvlərinə ədəbi dilin vahid normasını yaratmağı tapşırdı.

Xarici siyasətdə öz başlıca vəzifəsini Rişelye, Habsburqların Avropa hegemonluğu ilə mübarizə olduğunu hesab edirdi. Müqəddəs Roma imperiyasını zəiflətmək üçün Fransa Otuz illik müharibədə imperiyanın protestant knyazlarını, həmçinin, İsveçi dəstəkləyirdi. İsveçlə ittifaq müharibənin son mərhələsində onun gedişinə güclü təsir göstərdi. Katolik dininin böyük müdafiəçisi olan Rişelye öz dini mənafeyini Fransanın dövlət mənafeyinə qurban verdi. Müqəddəs Roma imperiyasının güclənməsi Fransanın həm qərbdən İspaniya tərəfindən,  həm də şərqdən Avstriya və Almaniya vasitəsilə mühasirəyə alınıb, onun taleyini məhvə aparan yola sala bilərdi. Ona görə də Rişelye hətta katolik dininə xəyanət etməyə getdi ki, protestantlarla birləşib Müqəddəs Roma imperiyasını ciddi surətdə zəiflədə bilsin. Həqiqətən də Rişelyenin ölümündən sonra başa çatan müharibənin Vestfaliya sülh müqaviləsindən Fransa, kardinalın arzu etdiyi kimi, ən böyük faydanı götürdü. Fransa öz sərhədini xeyli genişləndirə və Reyn üzərində Habsburqlar hakimiyyətini  çox zəiflədə bildi. Bu müharibədə daha bir uduzan isə Roma katolik kilsəsi oldu. Müqəddəs Roma imperiyasının ərazisi 1624-cü il sərhədləri ilə müəyyən olunmuşdur və belə bir məsələ ilə razılaşmalı oldu ki, imperiya daxilindəki knyazlar öz təbəələrinin dinlərini özlərinin müəyyən etməsini davam etdirsinlər.

Bütövlükdə Myunsterdə və Osnabryükda imzalanmış müqavilələr protestantların qələbəsi demək idi. Almaniyada islahata uğramış kilsə tanındı. İki dinin yayılması vilayətlərinin sərhədləri Vestfaliya sülh müqaviləsində nəzərdə tutulmuşdu, XX əsrdə də bu qayda praktiki olaraq dəyişilməmişdir. Digər hadisələrlə yanaşı, Vestfaliya sülhü yeni dövrün Avropa tarixinə xeyli təsir göstərdi. Kardinal Rişelyenin uzaqgörənliyi, əsrlər keçsə də, öz təsdiqini tapdı.    

Rişelyenin Fransaya göstərdiyi böyük xidməti ondan sonra gələn az sayda tarixi şəxsiyyətlər davam etdirdilər. Onların sırasına, nə qədər təəccüblü görünsə də, Taleyranı, daha böyük mənada isə Şarl de Qollu aid etmək olar. Rişelyedən Fransanın indiki sərhədləri, həm də Fransa Akademiyası xatirəsi qaldı, heç bir kral öz ölkəsinə sonrakı dövrdə bu xidməti göstərə bilmədi. Rişelye olmasaydı, kralın arvadı Anna Avstriyalının niyyətləri baş tuta, Fransa ərazisi isə İspaniyanın xeyrinə xeyli kiçilə bilərdi. Rişelye isə onun və kralın qardaşının xəyanətindən xəbər tutduqda, hətta ölüm yatağından qalxaraq, bu xəyanətin baş tutmasına imkan verməmişdi. Ona görə də Rişelyeyə qiymət verərkən Dyuma prizmasından istifadəyə üstünlük verilməməli, Fransanın, fransız xalqının ümdə mənafeləri prizması yada salınmalıdır.

Fransanın ümumi rəydə obyektiv qiymətləndirilməyən digər  görkəmli xadimi Şarl Moris de Taleyrandır. O, 1781-ci ildə kilsədən təcrid edilənə qədər Otten yepiskopu olmuş, 1789-cu ildə Baş ştatların və Milli Məclisin deputatı olmuş, 1797-ci ildə mühacirətdən qayıtdıqdan sonra Fransa xarici işlər naziri olmuş, bu vəzifəni 1807-ci ilə kimi daşımışdır. Sonralar, 1814-1815-ci illərdə də yenə də həmin yüksək diplomatik vəzifəyə qayıtmışdır. O, 1838-ci ildə 84 yaşında Parisdə vəfat etmişdir.

Taleyran, Benevent hersoqu diplomatiyanın dünya tarixindəki ən məşhur simalarından biridir. Onun əcdadları hələ Karolinqlərə xidmət etmişdi. Dəyişən hökumətlərin xarici işlər naziri timsalında (O, Direktoriyada, I Napoleonun, XVIII Luinin hökumətlərində) Fransanın taleyini müəyyən etmiş və onun qüdrətinin artması üçün az iş görməmişdi.

Taleyran fəaliyyətinə yepiskop kimi başlamışdı. 1789-cu il Fransa inqilabı dövründə isə siyasətə qoşulmuşdu. O, royalistlərə hüsn-rəğbət bəsləməkdə ittiham edildiyinə görə 1792-ci ildə mühacirətə getməyə məcbur olmuşdu. O, I Napoleonun hakimiyyətə gəlməsinə köməklik göstərmişdi. 1814-cü ildə siyasi kursu dəyişərək, Burbonların hakimiyyətə qayıtmasını dəstəkləmişdi.

Napoleon Taleyranı xəyanətdə ittihamlandırmışdı. Lakin Taleyran Napoleondan fərqli olaraq, eyforiyaya qapılmaqdan uzaq idi, daim Fransanın taleyini, onun təhlükəsiz gələcəyini düşünürdü. Rusiya çarı I Aleksandrın 1807-ci ildə Tilzitdə görüşdükləri vaxt imperator Napoleona vurulduğunu, onunla ittifaqla öyündüyünü görən Taleyran Rusiya imperatorunu xəbərdar etmişdi ki, Napoleonla deyil, Fransa ilə ittifaqa üstünlük vermək lazımdır. Taleyranın sözləri heç beş il keçməmiş öz təsdiqini tapdı, Napoleon Rusiyaya yürüş etdi və biabırçı məğlubiyyətlə üzləşməli oldu. I Aleksandr da çox inandığı Napoleonun məkrinin acısını dadmalı oldu.

Taleyran 1914-cü ildəki Vyana beynəlxalq konqressində Fransanı təmsil etməklə, məğlub edilmiş ölkəsinin maraqlarını böyük ustalıqla müdafiə etmişdi. Vyana konqressinin qərarına görə, Fransa 1792-ci ilə qədər olan öz sərhədlərini bərpa etməli idi. Fransaya qarşı ərazi iddialarına, Taleyran öz “irs” formulu ilə cavab verib, bunu nəzərə almağı təkid etdiyinə görə, Fransanın əvvəlki ərazilərinə toxunulmamışdı, onun Napoleon müharibələri ilə işğal edilmiş əraziləri isə müstəqil qaydada öz talelərini həll etməli idi.

Taleyran Napoleona xəyanət edə bilərdi, axı Napoleon da özünü imperator etmək üçün respublikaya xəyanət etmişdi. Napoleon Fransanın şöhrətini yüksəltsə də, bir müddətə onu, demək olar ki, bütün Avropanın ağası etsə də, sonrakı üç ağır məğlubiyyəti ilə bu dövləti daha acınacaqlı dərdlərə düçar etmişdi. Taleyran isə Fransaya heç bir bədbəxtlik gətirməmişdi. Əksinə, daim onun xeyrinə fəaliyyət göstərmişdi. Taleyran diplomatiya sənətinə böyük töhfələr vermişdir. Napoleonun hərbi istedadına heç kəs şübhə etmir və o, tarixin ən görkəmli hərbi xadimlərindən biri sayılır. Lakin onun özünün dediyi kimi, bir məğlubiyyəti onun qırx qələbəsinin üstündən xətt çəkəcək, yalnız onun Mülki Kodeksi qalacaqdır. Doğrudan da, Napoleonun məğlubiyyəti Fransaya böyük problemlər yaratdı. Taleyran isə daim çalışırdı ki, Fransanın qarşılaşdığı problemləri həll etsin və buna əsasən nail olurdu.

Qəribə hadisələrə gəldikdə, Böyük Aleksandr Baktriyanı işğal edərkən, yerli adamların orada ölmüş öz valideynlərini itin yeməsi üçün onun qabağına atmalarından hiddətlənərək, bu eybəcər qaydanı qadağan etmişdi. Yəqin ki, baktriyalılar zoroastrizm dininə sitayiş edənlər kimi, nə ölülərini dəfn edir, nə də yandırırdılar. İndi də bu dinin nümayəndələri olan parslar Hindistanda ölünün cəsədini uca qüllə üzərinə qoyurlar və orada quzğunlar bu cəsədləri yeyirlər. Təəssüf ki, insanlar pis adətlərdən və ənənələrdən çətinliklə uzaqlaşırlar. Onlardan vidalaşmaq isə vacib bir vəzifə hesab edilməlidir. 1868-ci ildə baş verən Meyci inqilabından sonra gənc imperator Mutsihito (Meyci) öz xalqına dörd çağırışdan ibarət müraciət etdikdə, onlardan biri pis adətlərdən əl çəkmək çağırışı idi.

Qərbi Afrika regionunda inkişafın həlledici faktoru islamın yayılması idi. Lakin onun təsiri bu regionun dənizkənarı və dağ vilayətlərinə toxunmadı. İslamın yolu üstündə dərin meşələr dayanmışdı, ona görə də XVI əsrə qədər bu rayonların tarixi barədə yalnız şifahi rəvayətlər, bol miflər danışır. Bu vilayətlərdə Yoruba xalqının ən qədim şəhəri və siyasi mərkəzi, Laqosdan 180 km şimalda olan Oyo şəhəri idi. Rəvayətə görə, Yorubanın ən görkəmli hökmdarı Oluaşo özünün 320 illik hökmranlığı dövründə dünyaya 1480-ə qədər uşaq gətirmişdi. “Alafinlərin” (sarayların sahiblərinin) əksəriyyəti nisbətən tez ölürdü. Onları həyat qüvvəsinin daşıyıcısı sayır və onlara allah kimi sitayiş edirdilər. Lakin xalqın maddi rifahı aşağı düşdükdə və ya hökmdar bədəni və könülü ilə qocaldıqda, onun idarə etməsi sadə şəkildə başa çatırdı. Ağsaqqallar şurası ona tutuquşu yumurtası ilə qədəh göndərirdi və bu, özünü intihar etmə əmri idi. Əgər hökmdar tabe olmasa, onu öldürürdülər. Əlbəttə, bu, türk sultanlarının öz qardaşlarını və oğullarını öldürməsinə bənzəməsə də, çünki onlar taxt-taca bir namizəddən başqa iddiaçının qalmasını istəmirdilər, hakimiyyətin rotasiyasının daha bir qanlı forması idi.

(Ardı var) 

 





08.01.2018    çap et  çap et