525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

Məclisi-Müəssisan 

Rusiya cəmaətinin aylardan degil, illərdən bəri dördgözlə gözlədigi Məclisi-Müəssisan bir çox intizardan sonra nəhayət yanvarın 5-nə toplandı.

Məclisin açılmasına dair gələn xəbərlər olduqca naqis idi. Teleqraflar alabəzək bir halda alınmışdı. Teleqraflardan anlaşılan bir şey vardısa, o da bu idi ki, bolşeviklərin sol eserlərlə Məclisi-Müəssisana ultimatum qoymuşlar ki, hər şeydən əvvəl kəndçi, əskər və əmə-lə şuralarının mərkəzi komitəsi tərəfindən təklif olunan sülh proqramı ilə şuranın hökumətini qəbul eləsin, yoxsa dağıdılacaqdır.

Məclisi-Müəssisan əksəriyyət etibarilə bu təklifin müzakirəsini kənar eləmiş, bunu isə sollar rəddi-tələqqi edərək məclisi tərk qılmışlardır. Sonradan alınan xəbərlərdə deniliyor ki, Məclisi-Müəssisan “qırmızı qvardiya” tərəfindən qovulmuşdur.

İki gündür ki, yeni xəbərlər alınmıyor, nə oluyor bəlli degildir. Məclisi-Müəssisan varmı, yoxmu bilinmiyor. Hər halda məlum olan bir şey vardır ki, Məclisi-Müəssisan ilə şuralar mərkəzi arasında toqquşma var, yoxsa da olacaq. Şübhə yoxdur ki, demokratizm üsulunu fəhlə sinfinin hakimiyyəti ilə, saldat əlindəki süngülərlə paydar etmək istəyən xəlq komissarları kəndi proqramlarını qəbul edə bilməyən məclislə anlaşa bilməyəcək, məsələyi qüvvətlə həll etmək istəyəcəklərdir. Böylə bir xətti-hərəkətin Rusiyayı ictimai bir mühəyya görməyənlərcə nə kibi bir qiymətə malik olduğu məlumdur. Fəqət bu halın təfsilən mühakiməsini başqa bir nömrəyə buraxaraq burada bir keyfiyyəti qeyd etmək istiyoruz.

Məclisi-Müəssisanın bu surətlə qovulması, qovulmasa da şuralarla böylə ciddi bir surətdə qarşı-qarşıya gəlməsi Rusiya demokratiyası arasındakı ixtilafı olduqca dərinləşdirəcək. Artıq heç bir növlə iki tərəf arasında etilaf hasil olamıyacaq, bu xüsusdakı ümidləri kökündən qıracaqdır. Demokratiya arasında barışıq qeyri-mümkündür. Buna görə də Rusiya yaxın bir zamanda bütün məmləkətcə tanınmış səlahiyyətdar mərkəzi bir hökumətə malik bulunamıyacaqdır. Bundan alınacaq nəticə isə məlumdur. Rusiya millətləri kəndi təqdirlərinin təminini Petroqrad, Moskva və ya sair bir mərkəzdən degil, kəndilərindən gözləməli, hər vilayət və millət qəti surətdə kəndi Məclisi-Müəssisanını dəvətə başlama-lıdır. Ayrı-ayrı millətlər kəndi müqəddəratlarını kəndiləri həll və təyin elədikdən sonra müştərək bir mərkəz fikrində bulunmalıdırlar. Yoxsa mərkəzdəki hökumət qovğalarını gözləyib duracaq olursaq, kim bilir ki, daha nələrə təsadüf edəcək, nələr görəcəgiz.

“Açıq söz”, 11 yanvar 1918, №652 

1918-ci il yanvarın 12-də Milli Şuranın iclasında M.Ə.Rəsulzadənin çıxışı 

Məhəmməd Əmin Rəsulzadə söz alaraq diyor ki, o vəqt biz əcələ ilə Milli Komitəyi mövcud təşkilatlardan nümayəndəlik çağırmaq üsulilə təsis etdik. Çünki o vəqt siyasi firqə və təşkilatımız yox idi. O zaman bütün Rusiya kibi biz dəxi çarəsizlikdən bu üsula təvəssül etdik. Fəqət bu üsul demokratik degil, çox da naqisdir.

Bədə o qaidə ilə seçilən komitənin nöqsanlarını zikrlə natiq əfəndi göstəriyor ki, imdi siyasi firqələrimiz var, cəmaətdə siyasi tərbiyə var, baxınız ki, Milli Şura üzvlərinin yarısı gəlməmiş olduğu halda beş yüzdən ziyadə cəmaət komitə nə halda olduğunu bilmək üçün toplaşmışdır. Cəmaət dərdini biliyor, anlıyor, vəqt yetişmişdir ki, cəmaət işləri, millət işlərini cəmaət özü görsün. Lazımdır ki, millət hüzurunda məsul bir komitə seçilsin.

Bunun üçün də komitəyi ümumi, müsavi, gizli, müstəqim və mütənasib seçki üsulilə seçməlidir. Şəhər və mədən dairəsində təhriri-nüfus icra edilmiş, siyahı hazırdır. Qoy siyasi firqələr nümayəndələrindən ibarət bir komissiya təşkil edilsin və bu komissiya seçki hazırlasın.

---

Nəticədə Şura qərar veriyor ki, Milli Komitə ümumi, müsavi, gizli, müstəqim və mütənasib seçki üsulilə intixab edilsin və bunu hazırlamaq üçün siyasi firqələr nümayəndələrindən ibarət bir komissiya təşkil olunsun.

---

Məhəmməd Əmin Rəsulzadə cənabları “Müsavat” firqəsi tərəfindən iclasın əvvəlində seçki icra edilməməsi təhti-qərara alınmış olduğu halda imdi seçkidən daha böyük bir şeyə iqdamla səlahiyyəti olmadığı halda Komitə istefasını qəbul və vəzifəsinin başqalarına həvalə edilməsi müqabilinə protesto və protokola qeyd olunmasını tələb ediyor.

“Açıq söz”, 14 yanvar 1918, №654 

Sülh ətrafında Türkiyə ilə mütarikə

Məlum olduğu üzrə Almaniya, Avstriya, Türkiyə və Bolqariya nümayəndələri Rusiya nümayəndələrilə bir tərəfdən Brest-Litovskidə və digər tərəfdən Türkiyə ilə Rusiya nümayəndələri xüsusi surətdə Qafqasiya cəbhəsində Ərzincanda mütarikə və sülh müxabiratına başlamışlar. İmdiyə kibi Brest-Litovskidə vaqe olan sülh müxabiratı həqqində qəzetəmizdə az-çox məlumat vermişik. Türkiyə ilə olan mütarikə müxabiratı həqqində isə imdiyə kibi bir məlumat yox idi və müxabiratın burada nə sayaqla davam etdigi məlum degil idi. Fəqət son günlərdə nəşrə başlamış olan “Naş qolos” qəzetəsində V.Tevzaya cənabları Qafqasiya cəbhəsində Türkiyə ilə Rusiya nümayəndələri arasında vaqe olan mütarikə müxabiratı həqqində bir nümayəndənin dəftəri-xatiratından olmaq üzrə zildəki təfsilatı veriyor ki, bəzi əhəmiyyətli parçalarını ondan iqtibas ediyoruz.

Noyabrın 29-cu gecəsi sürətli qatarla meydani-hərbə azim olduq. Qafqasiya heyəti-vükəlasına bəndən başqa Soldat Mərkəzindən A.Simirnov, Qafqasiya ərkani-hərbindən polkovnik Berzenqur, Kəndli Mərkəzi Şurasından Camalyans daxil olmuşlardı. Və Ərkani-Hərb İdarəsinin digər nümayəndəsi general-mayor Vişinski bizi Ərzurumda qarşılamalı idi. Təcrübəli bir əhli-xəbər sifətilə əskəri müvərrix polkovnik Esadze dəxi bizimlə bərabər getməli idi.

Nümayəndələrin əksəri ehtiyat ediyordular ki, şayəd yolda soldatlar bizim qatarı dayandırıb bizim yerlərimizi işğal edərlər. Doğrudan da Aleksandropol ilə Kars arasında vaqe mövqiflərin birisində bir qədər soldat bizim qatara yanaşaraq yer tələb etdilər. Lakin qatar rəisi bizim səfərin məqsədini soldatlara bildirdikdən sonra soldatlar xeyli sevinib bizə müvəffəqiyyətlər dilədilər.

Noyabrın 30-da axşam Ərzuruma yetişdik. Heyəti-vükəla iclas dəvət edərək Türkiyə nümayəndələrinə təqdim olunacaq mütarikə layihəsini müzakirəyə başladı. Mütarikənin nə qədər davam edəcəgi məsələsi uzun-uzadı mübahisələrə səbəb oldu. Əskər nümayəndələr mütarikənin müəyyən bir vəqtə - üç, yaxud beş aya qədər əqd olunduğunu və mütarikə əqdinin əskidən bəri böylə olduğunu isbat ediyordular. Biz isə əski qaidə və qanun ilə rəftar etmək bizə münasib olmadığını və siyasi durbinlik mütarikə əqdinin vəqtsiz olmasını iqtiza etdigini təkid ediyorduq. Nəhayət, heyət bir rəyə şərik oldu və sonradan Ərzincanda müxabirat əsnasında bu fəsil Türkiyə heyəti-vükəlası tərəfindən dəxi qəbul olundu.

lll

Sülh ilə yaşayan əhaliyə hüdud xətti dairəsində vaqe şəhər və kəndlərdə sakin olmaq icazəsi verməgi qeyd edən fəsil dəxi ixtilafi-mucib oldu. Nümayəndələrdən birisi bu münasibətlə izhar etdi ki, əgər sülh ilə yaşayan əhaliyə bu icazə verilərsə, o vəqt bu kimi şəhər və kəndlər təcili bir surətdə kürdlər tərəfindən səkəna edilərək sair millətlərə öz yer-lərinə qayıtmaq imkanı vermiyəcəklərindən ehtiyat ediyorum.

Nümayəndələrin əksəri bu rəyə iştirak etdi. Bundan sonra zabitiyyə idarəsi məsələsi mövqei müzakirəyə qoyuldu. Hal-hazırda işğal edilmiş yerlərdə xüsusi bir komissariyyat işlərə nəzarət və ümuri-zabitiyyəyi idarə ediyor. Nümayəndələrdən birisi təklif etdi ki, bugünki idareyi-zabitiyyənin bilatəbdil qalması üçün şərtnaməyə bir fəsil qeyd edilsin. Fəqət əksəriyyət bu rəyə razı olmadı. Biz mütarikənin uzun müddət davam etdikdə zəbt olunmuş vilayətlər idarəsi təbdil oluna biləcəgini imkan daxilində zənn ediyorduq. Binaənileyh komissaryatda gərək kürd və gərək erməni əhalisinin nümayəndələrindən mütəşəkkil bir şuranın təşkili hər iki milləti biri-birinə yaxınlaşdıracağı kibi bunların yekdigəri-lə rəftar və müamilələrini də düzəldər və komissariyyat üçün vilayətlər idarəsini asanlaşdırar.

Qalan fəsillər ixtilaf və mübahisəyi mucib olmadığından əskəri xəritəyə bənd və aşina olmağa iqdam etdik. Bu işdə nümayəndələr böyük səbr və mətanət göstərərək hər növ dağların adlarını gözəl surətdə əzbər etdilər.

Dekabrın 1-də Ərzincana azim olduq, yollarda bir çox sınıq sərnişin və yük avtomobillərinə rast gəldik. Bunların təmir və məramiətini bir vəqdir böyük zəhmət istiyorsa da, fəqət imdi el, millət malının qeydini çəkən kimsə yoxdur. Yolun hər iki tərəfində qıraqda da at və sair heyvanların cəmdəklərini görmək olar. Bu heyvanların dərilərini kürdlər 40-50 manata alıyorlar. Bu isə həmin heyvanlara nəzarət edənlər üçün böyük bir mədaxil mənbəyi təşkil ediyor.

O birisi gün dekabrın 2-də məhəlli demokratik müəssisələri nümayəndələri və birinci Kolordu komandanı ilə görüşdük. Qarşımızda birdən-birə komandan general Lyaxov zühur etdi. Lyaxov! Bizi heyrət götürdü. İran inqilabı tarixində və birinci məclisin qovulmasında böyük bir rol oynamış olan Lyaxov kimin xatirində degildir. Nə qədər iştihar tapmış olan bir şəxsin bizə rast gələcəginə bən heç də inanmıyordum. Bən bunun hərəkətlərinə diqqətlə nəzarət etdikdə onun mətanətli, şəci və cürətli bir əskər olduğunu yəqin etdim. Ümuri-hərbiyyəyi kamalınca bildigi gözə çarpıyordu. Demokratik müəssisələrə nisbətən rəftar və müamiləsi bitərəfanədir. Fəqət bütün bu işlərə baxmayaraq bən yəqin etdim ki, əgər bunun əlində imkan olarsa heç vicdan sıxıntısı hiss etməyərək ikinci məclisi də dağıdar və etizari-ricalına hərgiz tənəzzül etməz.

Gündüz saət 5-də ərkani-hərb ümurəsi imarətinə iki avtomobildə Türkiyə nümayəndələri gəldilər. Dərhal avtomobillər ətrafında külli-izdiham toplanmağa başladı və nümayəndələr güc-bəla ilə özlərinə yol aça bildilər.

lll

Türkiyə tərəfindən müxabiratda iştirak üçün gələnlər: Türkiyə ərkani-hərb idarəsi rəisi Ömər Lütfi bəy, Türkiyə ərkani-hərbinin başısı Xosrov bəy və komutan Yəqub bəy idi. Yəqub bəy rusca son dərəcə gözəl və mükəmməl biliyor. Müşarileyh neçə vəqt bundan əqdəm Rusiya təbəəsi olduğu halda (Kazan tatarlarından imiş) nədən isə ailəsilə bəra-bər Türkiyəyə köçüb imdi Türkiyə ordusunda xidmət ediyor. Xosrov bəy isə almanca bildigi kibi fransızca da gözəl surətdə ifadeyi-məram ediyor.

Lütfi bəy bənə hər bir deyəcəgi sözünü düşünən qayət ciddi bir adam olduğu təsirini bağışladı. O, bizimlə mütərcim vasitəsilə türkcə danışıyordu. Fransızca bir o qədər yaxşı bilmiyor.

Müxabiratın son günündə məlum oldu ki, Lütfi bəy də rusca biliyormuş. Dekabrın 2-də axşam saət 9-da hər iki heyət birinci dəfə olaraq görüşdülər. Bizim tərəfdən general Vışinski bizim vəkalətnamələri türk nümayəndələrinə verib əvəzində onların vəkalətnamə-lərini almalı idi. Biri-birimizlə görüşüb tanış olduqdan sonra hamımız miz ətrafında əyləşdik və general Vışinski layihəyi ortaya qoymaq istiyordu ki, bu əsnada vəkalətnamələri dəgişmək xatirinə gəldi. Bizim vəkalətnamələrdə rəsmi möhür var idi, türklərinkində isə bu möhür olmadığından təbiidir ki, türklərin nəzər-diqqətini buna cəlb etdik. Buna cavabən Lütfi bəy izhar etdi ki, onların sənədləri türk ordusu baş komandanı tərəfindən imza edilmiş olduğundan böylə ittifaqlarda möhür basmaq türklərdə adət degildir. Biz bu bəyanatdan qənaət hasil edərək layihəyi oxumağa şüru etdik. Türkiyə heyəti-vükəlası izhar etdi ki, rus vəkillərinin layihəsini bütünlüklə qəbul ediyorlar. Fəqət hər bir fəsli ayrı-ayrı olaraq müzakirə etdikdə bəzi əlavələr qeyd etmək həqqini özlərinə məxsus ədd etdiklərini bildirdilər.

Birinci iclasda mütarikənin nə qədər vəqtə əqd olunması fəsli qəbul olundu.

Mübadiləyi-əfkar zamanında məlum oldu ki, hər iki tərəf mümkün qədər tez bir surətdə sülhi-ümumi əqd olunmasına çalışıyorlar. Biz bu arzumuzu müahidənamədə qeyd edərək ümumi demokratik sülhə qədər mütarikə əqd etdik.

Bizim bu iqdamatımız bolşeviklərin Brest-Litovskdəki hərəkətlərindən bizə daha da doğru və həqiqətə yaxın görülüyor. Onlar mütarikəyi yanvarın 3-nə qədər əqd etdilər. Məsələni bu qərar ilə vəz etmək şərəfi bolşeviklərəmi, yaxud almanlaramı məxsusdur - bilmiyoruz.

Qalan məsələlərin müzakirəsini o biri günə saxladıq. Haman gün axşam biz qayət həyəcanlı xəbərlər aldıq ki, bizim alaylar səngərlərini tərk edərək Ərzuruma çəkilməgə başlamışlar. Bəzi əvamfiriblər mətbuat səhifələrində: “meydani-hərbdə ərzaq yoxdur. Ordunu aclıq təhlükəsi təhdid ediyor” - kibi təbliğatda bulunduqlarından, bu təbliğat ümumun tezliklə evə qayıtmaq xahiş və arzusunu daha da artırıyor, halbuki meydani-hərbdə ərzaq hənuz üç ay kifayət edər. Ordunun meydani-hərbi tərk edib qayıtmasının səbəbi isə ərzaq yoxluğunda degil, bəlkə ələmümum üç sənəlik müharibədən yorğun düşməkdir. Bu həqiqəti meydani-hərbdə olan hər bir kəs biliyor. Bədbəxtanə bu yorğun düşmüş soldatlar müvəqqəti mütarikəyi qəti sülhdən fərq etmiyərək səngərləri tərk ediyorlar.

Soldatların bu hərəkəti biz vəkilləri son dərəcə ağır şərait daxilində bulundura bilərdi. N alayının səngərləri tərk etmək həqqində verdigi qərar fövqəladə bir təhlükə təşkil ediyordu. Bən məzkur alayda bir çox gürcü demokratları olduğunu bilmiyordum. Binaənileyh onlara bu məzmunda bir teleqraf göndərdim: “bizim mütarikə əqd etdigimiz bir halda sizin səngərləri tərk edib çəkilməyiniz başladığımız işin büsbütün məhv olması deməkdir. Bir neçə gündən sonra görüşəriz”.

Bizim teleqraf təsir etdimi, yoxsa bilmiyorum. Lakin alay öz səngərlərində qaldı.

- Yanvarın 8-də xariciyyə işləri komissarı Petroqrada qayıdaraq izhar etmiş ki, sülh müxabiratı kəsilməmiş. Ancaq yanvarın onuna qədər fasilə verilmişdir. Trotski gələndən sonra Alman-Avstriya heyəti-vükəlasının Petroqradda bir iclası da olmuşdur. Bu iclasdan sonra heyətin on gün fasilə verəcəgi qərara alındığından heyət yanvarın 9-da Petroqraddan getmişdir.

- Məclisi-Müəssisanın demokratik sülh həqqində nəşr etdigi bəyannamə münasibətilə paytaxtın müttəfiqlər diplomasiyası məhafilində hənuz bir qərar verilməmişdir.

- Petroqradda danışıldığına görə Alman-Avstriya və rus heyəti-vükəlası arasında münasibat kəskinləşmişdir. İxtilafın ümdə səbəbi əsir zabitlərin halı olmuşdur. Zira rus heyəti-vükəlası zabitlərin soldat əsirlərilə müsavi tutulmasını təkid ediyor. Almanlar isə bu məsələdə Lahi müğaidənaməsinə istinad ediyorlar. Trotski gələndən sonra heyətlər arasında münasibət yaxşılaşmışdır.

- Bir həftədən sonra Trotskinin Radek və Qanetskinin məiyyətilə Brest-Litovsk şəhərinə gedəcəgi gözləniyor.

“Açıq söz”, 14, 15, 16 yanvar 1918, №654, 655, 656 

Mütarikə - müvəqqəti saziş, atəşkəs
İştihar - məşhur olan
Tənzil - güzəşt
Məhafil - toplanmış heyət
Firib - aldatma

* “Naş Qolos” 1918-ci il yanvarın 6-dan nəşrə başlayan gündəlik ədəbi, ictimai-siyasi menşevik qəzeti idi. 1918-ci il aprelin 6-dək (köhnə təqvimlə martın 24-dək) Bakıda nəşr olunmuşdur. Qəzetin 1918-ci il 8, 10 və 11 yanvar tarixli 2, 3 və 4-cü nömrələrində “Peremerie s Turtsiey (iz zapisnoy knijki deleqata)” sərlövhəli yazı dərc olunmuşdur. Müəllifi Viktor Tevzayadır. M.Ə.Rəsulzadə həmin yazıdan istifadə ilə Türkiyə ilə Rusiya arasında həm Brest-Litovskda və həm də Qafqazda aparılan sülh danışıqları barədə oxuculara daha dəqiq məlumat vermək istəmişdir. Məsələn, əgər yazı müəllifi Qafqaz cəbhəsində türklərlə danığışı Qafqaz nümayəndələrilə türklər arasında aparılan sülh danışığı kimi təqdim edirdisə, M.Ə.Rəsulzadə nümayəndə heyəti tərkibində rus, gürcü və erməni olduğu halda Qafqaz əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlı və müsəlman əhalisinin bu danışıqlarda iştiraka cəlb olunmadığına görə onu rus-türk sülh danışığı kimi səciyyələndirirdi. Hər iki yazını müqayisə etdikdə məlum olur ki, o yalnız tərcümə deyil, bütövlükdə yazı bəzi məqamlarda həm də M.Ə.Rəsulzadənin şərhidir. - Ş.H. 

Bir xatirə

Onunla ilk görüşümüzdü... Həbsxanədə bulunduğum zaman onunla bir arqadaşımın təvəssütü (vasitəçiliyi) ilə tanış olmuşdum. Çoxdan bəri kəndisilə danışmaq istədigim bu arqadaşı bəndən başqa da görmək istəyənlər az degildi.

Əzm və mətanətilə təməyyüz (fərqlənən) bu istiqlal mücahidi, bu cəsur və dəgərli arqadaş hənuz 25-ni doldurmiyan Ağa Kərim idi.

İstiqlal yolunun sadiq və fədakar yolcusu olan bu arqadaş tam 3 sənə Sibiryada ağır cəzaya məhkum edilmiş və oraya sürülmüşdü. Məhkumiyyət müddətini bitirincə vətənə övdət etmiş (qayıtmış), fəqət təkrar həbs edilərək “Çeka” bodrumuna tutulmuşdu.

İlk həbsə alınarkən “Çeka”da rus çekistləri tərəfindən qeyri-insani bir işgəncəyə məruz qaldığından və vəhşicəsinə döyüldügündən bəhs edərkən şu fəqərəyi anlatıyordu:

“Bəni “Çeka” rəisi Bağırovun yanına götürdülər. Nəsrullah və daha bir qaç arqadaş da orada bulunuyordu. Hər nasılsa Bağırov bəni təhqir etdi, bən də dayanmayaraq onu söydüm və əlimdə bulunan üzüm salxımını qafasına fırlatdım. Bunu yapar yapmaz ətrafımı bir qaç rus əskəri sardı və bəni aradan aldılar. Başqa bir yerə götürərək əlbisəmi (paltarlarımı) çıxardılar və çıplaq vücudumu tüfəng namlusunun ağır zərbələrini endirərək bayılıncaya qədər döydülər”. Təsadüfən kəndisinə hamamda rastladığım zaman daha 3 sənə əvvəlki dəmir zərbələrinin izləri görülü-yordu.

Ən fəlakətli anlarda belə nəşəsini qeyb etməyən Ağa Kərim kəndisindən bəhs edərkən:

“Bən görüyorsun ki daha gəncəm, yaşım daha 25-i bulmadı. Bu səfər də Solovkiyə 10 sənə müddətlə sürülmüş olsam belə, yenə övdətdən sonra istiqlal mücadiləsində bulunacaq və bu yolda yürüyən arqadaşlarımdan bir an geri qalmıyacağam” deyərdi.

Fəqət nə yazıq ki, təsəvvür etdigi kibi, onu Solovkaya degil, daha bir qaç arqadaşla bərabər keçən sənə, istiqlal şəhidlərinin yanına göndərdilər. O da digərləri kibi uzun bir mücadilə həyatından sonra çekistlərin murdar qurşununa hədəf oldu...

Lakin şunu unutmamalı ki, bundan əvvəlki kibi, bundan sonra yapılacaq qətillər böyük və sarsılmaz bir inamla bu mücadilə həyatına atılmış Azəri xalqının “İstiqlal istərəm” deyən ağzını susduramaz. İstiqlal uğrunda ölməyi bilən hər Azəri üçün əzmindən dönmək və maneələrdən çəkinmək yoxdur!...

H.H.
“Odlu-Yurd”, 28 Mayıs 1929, № 4

Təvəssüt - vasitəçilik

İstiqlal uğrunda!
Türkistanda milliyyətçilik hərəkatlarından bir səhifə

11 mart 1929 tarixli “Qızıl Özbəkistan” qəzetəsində Moskvada çıxan “Komsomol Pravdası”ndan müqtəbəs (götürülmüş) bir məqalə vardır. Bu məqalədə deyiliyor ki:

“17 yaşında Mətlubə Məhmət qızı Moskvadakı Özbək rabfakında (əmələ fakültəsi) oxuyur. Mətlubə və arqadaşı Ədalət ələladə qızlardan degildirlər. Onların dimağları nəhayətsiz xəyallarla doludur”.

Bu xəyallar nə imiş, bilirmisiniz? “Bir dəfə bu xanımlar Avropa və Amerika yıldızlarilə maraqlanıyor və onlara ittihafən şeirlər yazıyorlarmış”. Gənc tələbə qızların bu marağı bir qəbahətmiş. Komsomol təşkilatına mənsub olan bu gənc özbək xanımları bu qəbahətlərindən dolayı hər zaman cəzayə çarpıyorlarmış (Dırnaq içindəki yazılar qəzetədən alınan parçalardır). “Fəqət əsas işin məğzi bunda degil”. Dərdin böyügü buradadır ki, bu qızlar “şeir yazma sərxoşluğuna dəxi mübtəla olmuşlardır”. Həm də nasıl!...

“O çoxdan bəri yazıyor və halı hazırda onun yazdığı şeirlər böyük bir cild təşkil edəcək qədər” çoxdur. Həm də nə kibi şeirlər!... “Kəskin siyasi mövzularda yazan bu qızın şeirlərinin bir danəsində belə komsomolluqla münasibət yox!...”.

Qəzetə fəzlə söyləməgə lüzum görmədən sözü Mətlubənin kəndisinə tərk edərək qızın “Millətim” ünvanilə yazdığı atidəki mənzumeyi iqtibas ediyor: 

Məlun çarın pəncəsi altında çox əzildin Millətim,
Hürriyyət yolunu xarab buldun Millətim!
Çarilə qanlı vuruşmada yenən Millətim!
Çar yerinə başqa zalımlar gəldigi çağda,
Neçün sən qalxmıyorsan Millətim?!
Qalx sən, şimdi, mərhəmətsiz pəncə altında əzilmə
Qanını zəhər kibi saç, baş qaldır Millətim!
Rusiyadan axıb gələn yabançı ruslar,
Nə vaxta qədər bizi əzsin, canım, Millətim!* 

Bu misraları nəql etdikdən sonra qəzetə atidəki sətirləri əlavə ediyor:

“Yetər!.. Bu sətirləri hər kəs anladı. Rabfaq tələbəsi komsomol xanım “məzlum Özbəkistanı” çarın yerinə gələn “zalım ruslara qarşı qiyam və üsyana çağırıyor...”

Qəzetənin təsdiqinə görə Mətlubənin digər şeirləri də bu kibi fikirlərlə dolu imiş.

Əsabiyyətlərinə (əsəblərinə) məğlubiyyətlə canavar dişlərini qıcırdataraq bu sətirləri qeyd edən Moskvalı “Komsomol Pravdası” ilə onun Daşkəndli tərcümanını təşkil edən “Qızıl Özbəkistan” heyrətlər içərisində qalaraq şöylə davam ediyor:

“Moskva kibi proletar şəhərinin rabfakında tələbələrin 75 faizi komsomol və komunist firqəsi əzası bulunan bir yerdə milliyyətçilik və əks ixtilalçılıq nasıl filizləniyor? Nasıl çiçək açıyor?.. Əgər rabfakdakı ümumi həyata və özbək gənclərinin həyatına göz atsanız nələr eşitməz, nələr ögrənməzsiniz!?...

“Rabfakda bir dərnək vardır. Bu dərnəkdə komsomol əzası Tahirov yol-daşçılıq ediyordu. Bu dərnəkdəki gənc sənətkarlar həp “ruslara kin, Türkistana qurtuluş” ruhunu tərənnüm ediyorlar. “Mətlubənin şeirləri də bu gülüstanın bir gülüdür”. Məsəla: “Səni vəhşi qarğalar yenidən incidiyor ey məmur torpaq!.. Sən öz köksündə cəngavərlər yetişdirdin. Səni şimdi zalımlar ayaq altında paymal ediyorlar”. Və hakəza Tahirovun bu şeirləri rabfakda çıxan divar qəzetəsinə belə əks ediyor. Komsomol təşkilatları bunlara əhəmiyyət vermiyor”.

“Komsomol Pravdası” artıq burada əsabiyyətdən kəndisini yiyor, əczini etiraf ediyor və yürütdükləri siyasətin tamamilə suya düşdügünü görüncə nevmit oluyor.

Baxınız nə diyor:

“Tahirovun mənsub olduğu ədəbi güruh öz vətəni Özbəkistandakı burjua milliyyətçilərilə və o cümlədən milliyyətçi şair Çolpan ilə irtibat saxlıyor. Söylədiklərinə görə keçən il Çolpan Moskvaya gedib özbək rabfakını ziyarət etdigi gündən etibarən onlarla əlaqəsini kəsmiyor. Çolpanın şeirləri tələbələr arasında əldən-ələ dolaşıyor. Yeni özbək şairləri Çolpana bənzətmə yazıyorlar”.

“Çolpan öz şeirlərində çox kəskin, rus proletarının özbək dəliqanlılarilə ittifaq (?) yapmalarına qarşı çıxıyor. Çolpan: “Ruslar müstəmləkəçidirlər, ruslar zalımdırlar. Özbəkistan üstünə qara bulud olub toplanmışlar. Bunlardan iyilik bəkləmək divanəlikdir” deyə yazıyor. Çolpan yenə “adamxor” adlandırdığı rusların əlindən qurtarmaq üçün baxınız nələr düşünüyor: “Məzlum” Özbəkistanı Sovet Rusiyasının təsirindən qurtarmaq üçün müstəqil Özbəkistan doğurmaq lazımdır” diyor.

Moskvadakı özbək rabfakını bir zaman Bakıda açmaq niyyəti vardı. Bu məktəbi azərbaycanlı müəllimlər idarə edəcəklərdi. Ruslar buna mane oldular. Azərbaycan milliyyətçilik ocağıdır - dedilər. Nəticədə bu “məktəb” Moskvada təsis edilmiş deməkdir. Fəqət bu tədbirə rəğmən Orta Asiyanın “İstiqlal! İstiqlal!” deyə hayqıran səsi susdurulmamış! Bütün vəhşət və zülm vasitələrinə malik olduğu halda.

“Kozkal hazır, mərhəmətsiz qol altında əzilmə!” nidasilə fəryad və tərənnüm edən Mətlubələr, Çolpanlar və Tahirovları susduramayan qızıl Moskva canavarının artıq bən də acıyoram. Hiddətindən yorğun düşən “Pravda” bədbin-bədbin diyor:

“Bu gənclər çit əllərdəki Yeni Türkistançılarla fikirdaşdırlar. Bu burjua balalarınını əllərinə bir “Yeni Türkistan” məcmuəsi keçərkən bu nüsxəyi qapışıyor və əldən-ələ dolaşdırıyorlar”.

“Komsomol Pravdası”nın rəvayətinə görə, “Mətlubə ilə arqadaşı Ədalət xanımlar nəhayət Türkiyəyə qaçmağı tasarlamışlar və milliyyətpərvər azərbaycanlı bir gənclə görüşmüşlər. Azərbaycanlı gənc bunlara Batumdakı adresini buraxaraq getmiş imiş”.

“Pravda” qəzetəsi bittəbii bu adamı müvəffəqiyyətin “səbəblərini bərmütad, işbu rabfakdakı tələbənin burjua mənşəindən çıxmasında görüyor. Beynəlmiləl və əmələ tərbiyəsilə yetişdirilmək istənilən bu rabfakda, məsəla Buxara əmirinin 3 oğlu varmış, binaənileyh rabfakı təmizləməli imiş. “Təmizləmə” təbiri altında nə barbarca bir əməliyyə gizləndigini bilməz degiliz.

Bu məqaləyi oxuduğumuz sırada “Axşam” qəzetəsinin Londondan aldığı bir teleğrafla Özbəkistan gəncləri arasında milliyyətçi bir təşkilat kəşf olunduğuna aid olaraq verilən xəbəri oxuduq.

Bu gənclər yaxalanmış. “Çeka”nın zalım pəncəsinə verilmişdir.

Fəqət “Pravda”ların və onların yardımçısı “Qızıl Özbəkistan”larını “Əmir nəsli” ilə əlaqədar kibi göstərərək irtica şəklində təqdim etdikləri bu hərəkat qızıl rus istilasını kökündən sarsıdacaq ən təbii və mütərəqqi bir hərəkatdır.

Tarixin müzəffər yürüşə namzəd etdigi bu hərəkatı durdurmaq qətiyyən mümkün degildir!

Yaşasın Türkistan və Azərbaycan istiqlalı!

Yaşasın bu istiqlal məbədinə qurban gedən gənclər!

Azərbaycanlı Baykara
“Odlu-Yurd”, 28 Mayıs 1929, №4

Əsab - əsəblər 

Qeyd: Hüseyn Baykara (Qara Hüseynov) 1904-cü ildə Şuşada anadan olmuşdur. BDU-nun tarix fakültəsində oxuyarkən (1927) tələbələr qarşısında tez-tez Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda etdiyi çıxışları bolşeviklərin xoşuna gəlməmiş və o, təqiblərə məruz qalmışdı. 1927-ci ildə əvvəlcə İrana, sonra isə Türkiyəyə gedən H.Baykara İstanbul Universitetinin hüquq fakültəsinə daxil olmuş, universiteti bitirdikdən sonra Elazığ şəhərində hakim işləmişdir. O, hüquqşünaslıqla yanaşı ədəbi fəaliyyətini də dayandırmamışdır. Onun “Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə”, “Azərbaycanda erməni basqını və Naxçıvan məsələsi”, “Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli” və sair yazıları vətən sevgisi, vətənpərvərlik ruhu ilə doludur.

H.Baykaranın “Azəri-Türk”, “Odlu Yurd” və başqa qəzet-jurnallarda Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələri dərc edilmişdir. Azərbaycanın milli azadlıq hərəkatına xüsusi yer verən H.Baykara yazırdı ki, ona aid “Azərbaycan mədəniyyəti tarixi” ilə “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonuncu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, H.Baykara milli azadlıq hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi mahiyyətini də göstərməyə çalışmışdır.

H.Baykara 1984-cü ildə İstanbulda vəfat etmişdir.

(Ardı var) 

 





08.01.2018    çap et  çap et