525.Az

Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti - 100


 

QARABAĞIN GENERAL-QUBERNATORU XOSROV BƏY SULTANOV

Cümhuriyyət qurucuları - <b style="color:red">Azərbaycan Cümhuriyyəti - 100 </b>

(Əvvəli 28 dekabr sayımızda)

Xosrov bəy Sultanov Qarabağda hadisələrin təhlükəli inkişafı ilə bağlı partizan dəstələrinin yaradılması elanı haqqında Parlamentin sədri M.Y.Cəfərova belə bir teleqram vurmuşdu: "Ermənilər bu gün Xankəndinə hücum etdilər.

Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib. General-qubernator Sultanov".

1920-ci ilin martın 31-də X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova Şuşada, Xankəndində, Əsgəranda ağır vəziyyət və təcili köməklə bağlı göndərdiyi teleqram: "Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əsgərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə, hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əsgəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əsgərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o, artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm.

Bundan əlavə, bizdə bütün patronlar qurtarıb. Partizanlar üçün patron yoxdur. Xankəndi anbarından 150 min üçxətli və 50 min mauzerin ayrılması ilə bağlı təcili sərəncam verməyinizi xahiş edirəm. General-qubernator Sultanov. Parlament üzvü Əliverdiyev".

X.Sultanovun Qarabağın General-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Təkinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: "Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının General-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb".

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Təkinskinin Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi 1874 saylı məlumatda qeyd olunur: "1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının Xarici İşlərinə 224 saylı nota təqdim etdim: "Hökumətimin tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar 1919-cu il qərarı ilə Azərbaycan Respublikasının mübahisəsiz və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və aprelin 3-də rəsmi tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının qeyd etdiyimiz bölgələrdə yerləşməsinə erməni respublikasının hər formada etirazı Azərbaycan respublikasının daxili işlərinə qarışmaq kimi qəbul edilir. Qarabağın General-qubernatoru Sultanov enerjili tədbirləri ilə Şuşa rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm, mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Təkinski".

1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu işğaldan sonra X.Sultanovun həyatında ağır dövr başladı.

Bolşeviklərin Azərbaycanı işğalından az sonra 1920-ci ilin mayın 1-də X.Sultanov Qarabağ Hərbi İnqilabi Komitəsini yaradır və sədri olur. Komitə Şuşa şəhərində yerləşirdi. İnqilabi Komitənin tərkibi aşağıdakılardan ibarət idi: Bahadur Vəlibəyov (sədr müavini), Məmməd Həsən Mirzəcanov (katib), üzvlər: Ocaqqulu Musayev, Məmməd Əli Qayıbov, Fərhad Ağayev. Hətta İnqilab Komitəsinin qərarında qeyd edilirdi ki, bu dövrə qədər mövcud olan partizanlar bu gündən Qırmızı kəndli qvardiyası adlansın, qəza rəisləri və pristav vəzifələri ləğv edilərək qəza və sahə komissarları ilə əvəz olunsun.

Lakin bu qərardan 11 gün sonra, mayın 12-də 519 saylı həbs kağızı əsasında X.Sultanov azadlıqdan məhrum edilir. Onun XI Ordunun Hərbi Tribunalının rəisi Pankratovun göstərişi əsasında həbsi qeyd olunur. X.Sultanovun istintaqı ilə bağlı məlumatlardan aydın olur ki, o, həbs edilənə qədər ailəli olmayıb. Odessada Universitetin tibb fakultəsində oxuyub, inqilabi hadisələrin başlanmasına qədər Bibiheybət xəstəxanasında həkim işləyib. Həbs edildiyi sonuncu ildə Şuşada yaşayıb.

Bolşeviklər X.Sultanovu ağır cəzaya məhkum etməyə hazırlaşırdılar. Odur ki, 1920-ci ilin avqust ayının 9-da X.Sultanovun işi Ali Tribunalın məhkəməsinə verilir.

Bu mərhələdə X.Sultanova ciddi köməklik göstərilir və o, həbsdən azad olunur. Bu köməyin də ona N.Nərimanov və Ç.İldırım tərəfindən göstərilməsi ehtimalı vardır.

X.Sultanov həbsdən azad olduqdan dərhal sonra Azərbaycanı tərk edir. Bir məlumata görə isə X.Sultanov həbsxanadan çıxdıqdan, yaxud təşkil edilib çıxarıldıqdan sonra Qarabağa getmiş, 1920-ci ilin iyun ayında bu bölgədə sovet rejimi əleyhinə baş verən üsyana Nuru Paşa ilə birgə başçılıq etmişdir. Lakin Qızıl Ordu hissələri üsyanı yatırdıqdan sonra Xosrov bəy, Nuru Paşa və Fərhad bəy (o da "İttihad"ın rəhbərlərindən idi) İrana keçməyə məcbur oldular.

1920-ci illərdə, xüsusən Qarabağ bölgəsində "İttihad" partiyasının çoxlu tərəfdarları var idi. Bu da hər şeydən əvvəl Xosrov bəy Sultanovun təbliğatı nəticəsində mümkün olmuşdu. Sovet məmurları isə "İttihad"ı bəy-xan partiyası olaraq xalq arasında nüfuzdan salmağa çalışırdılar.

Belə faktlara da rast gəlinir ki, X.Sultanov İrana keçdikdən sonra Azərbaycanın Qarabağa yaxın olan sərhəd bölgələrinə ciddi təsirlər göstərmişdir. 1925-ci ilin sonunda o, Zəngilan rayonu ərazisində İranla sərhəddə yerləşən Mincivan bəylərinə Qarabağda Qızıl Ordu hissələrinin əsgərlərinin və zabitlərinin sayı, kommunistlərin, milislərin sayı, ərzaq və dövlət anbarları barədə məlumat toplamaq üçün göstəriş vermişdi.

Bundan sonra onun Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı başlayır. Həmin ölkələrdən (xüsusən Türkiyədən) onun İrana keçməsi, burada sovet rejiminə qarşı mücadilə əzmində olan əqidə dostları ilə görüşməsi haqqında məlumatlar vardır.

X.Sultanovun fəaliyyətinin mühüm bir dövrünü də mühacirət illəri təşkil edir. Onun mühacirət həyatı müxtəlif ölkələrdə keçmişdir: İranda, Türkiyədə, Fransada, Almaniyada, Polşada. X.Sultanov ciddi siyasi mübarizə aparmışdır. Bəzi təsdiqlənmiş məlumatlara görə, o, Almaniyada Tibb universitetində professor vəzifəsində çalışmışdır.

X.Sultanov mühacirət həyatının ağır şərtləri daxilində yaşamağa məcbur olmuşdur. Bu ağır şərtlərə aşağıdakı məqamlar daxil idi: vətənsizlik, pulsuzluq, sovet casus şəbəkəsinin təqibləri, Sovet Azərbaycanında qalan qohum-əqrəbanın həbsi, incidilməsi və s.

Bu və digər səbəblərdən yaranan digər problemi də buraya əlavə etmək mümkündür: müxtəlif ölkələrdən və Azərbaycandan olan mühacirlər arasında ziddiyyətlər və çəkişmələr.

X.Sultanovun mühacirət həyatının Türkiyə dövrünə aid məlumatlara G.Mamiliya və R.Abutalıbovun 2014-cü ildə Bakıda nəşr etdikləri "Odlar yurdu Azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945-ci illər" kitabında rast gəlirik.

Məlum olur ki, 1924-cü ilin payızında İstanbulda X.Sultanovun rəhbərliyi altında Müsavat partiyasını tərk etmiş müəyyən sayda insanlardan bir qrup yaradılır. Mühacirlərin Mərkəzi orqanı olan İstiqlal Komitəsini tanımaq istəməyən bu qrup Azərbaycan Milli-Demokratik Respublika partiyasını yaratdıqlarını elan etmişlər. X.Sultanovun qardaşı İsgəndər bəy Sultanovun Azərbaycan-İran sərhəddində üsyançı dəstəyə başçılıq etməsi və tez-tez Qarabağa hücum edib işğalçı Sovet hökumətinə problemlər yaratması mühacir dairələrdə X.Sultanovun mövqeyini möhkəmləndirirdi.

Bunun nəticəsi idi ki, Polşanın Türkiyədəki rəsmisi Roman Knoll 1924-cü ilin oktyabrında ilk olaraq onunla görüşmüşdü. Bu görüşdə R.Knoll X.Sultanova birləşmək tərəfdarı olan Qafqaz təmsilçilərindən ibarət qrup yaratması təklif etmişdi. X.Sultanov bu təklifə uyğun olaraq Azərbaycan və Şimali Qafqaz nümayəndələrindən ibarət böyük birlik yaratmaq istəyirdi. Hətta bu danışıqlara Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru Paşa da qoşulmuşdu. Lakin bu prosesə müdaxilə edən Polşanın Türkiyədəki Hərbi attaşesi polkovnik T.Şetsel gizli əməliyyatların keçirilməsi üçün çox sayda olmayan müvafiq adamlardan ibarət komitənin yaradılmasını vacib saymışdı. Bunun nəticəsində İstanbulda Qafqaz Konfederasiyaları Birliyinin Komitəsini yaratmaq qərara alınmışdı.

Həmin Komitədə Azərbaycanı Xosrov bəy Sultanov, Əbdüləli bəy Əmircanov və Əkbər ağa Şeyxülislamov təmsil edirdi. 1924-cü ilin avqustunda Polşa rəsmisi Knoll X.Sultanova fəaliyyət üçün üç min Türk lirəsi maliyyə də vermiş və o, bu vəsaiti aldıqdan sonra Trapezunddan İran Azərbaycanına daxil olmuşdu.

 





09.01.2018    çap et  çap et