525.Az

“Monitorinq imtahanının nəticələri Təhsil Nazirliyinə təqdim olunacaq”


 

“Monitorinq imtahanının nəticələri Təhsil Nazirliyinə təqdim olunacaq”<b style="color:red"></b>

“Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən 98 məktəbin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanları təşkil edib. Kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Şagirdlər ingilis dilində səsləndirilən mətni dinlədikdən sonra müvafiq suallara yazılı şəkildə cavab veriblər”. 

APA-nın xəbərinə görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və kurikulumların tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədini daşıyır: “Monitorinq imtahanları şagirdlərin belə növ imtahanlara necə hazır olmalarını müəyyənləşdirməyə imkan verir. Bu il XI sinfin buraxılış imtahanları zamanı xarici dil fənni ənənəvi test üsulu ilə aparılacaq. Gələn il isə XI sinfin buraxılış imtahanlarında xarici dildən yeni növ tapşırıqlarının istifadəsi nəzərdə tutulub. Gələn il IX sinifdən buraxılış imtahanı verəcək şagirdlər də kurikulum əsasında təhsil alıblar. Onlar da belə növ tapşırıqları bilməlidirlər. Monitorinq imtahanları ekspertlər arasında çox geniş müzakirə ediləcək və imtahan nəticələri Təhsil Nazirliyinə təqdim olunacaq”. 

DİM sədri qeyd edib ki, gələcəkdə şagirdlərin xarici dildən danışıq qabiliyyətlərinin yoxlanılmasına da başlanılacaq: “Amma bu, ilk mərhələdir. Kütləvi imtahanlarda texniki nöqteyi-nəzərdən bu işləri həyata keçirmək elə də asan deyil”. 

Qeyd edək ki, bu gün keçirilən monitorinq imtahanlarında Azərbaycan bölməsi üzrə 5271, rus bölməsi üzrə 771 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub – anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb. İmtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilib, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərinin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.

 





10.01.2018    çap et  çap et