525.Az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi hesabat verdi


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi hesabat verdi<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keyfiyyətli tədris, məktəblərin idarəolunması, səmərəli təhsil mühitinin formalaşdırılması, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə il ərzində çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib. 

Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb.

İdarənin hesabatında bildirilib ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 740 müəllim fəaliyyət göstərir. BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə keçirilib. Müvafiq müsabiqədə iştirak etmək üçün müraciət etmiş 1759 uşaqdan 1640-ı uğur qazanıb.

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 694 uşaq qəbul olunub.

Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər əsasında aparılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli "Zəkalar" Liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələri qeydə alınıb. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilib.

2017-ci ildə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilib.

Məktəbəhazırlıq qruplarında dərs keçmək

üçün əsasən təcrübəli,  daha peşəkar və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə təlim kursları keçirilib. Təlimlərdə 870 ibtidai sinif müəllimi iştirak edib. Eyni zamanda, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib. Bu il ilk dəfə olaraq attestatlar yeni qaydada verilib. "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na edilmiş dəyişikliyə əsasən, əvvəlki illərdən fərqli olaraq, ümumi orta təhsil haqqında sənəd şəhadətnamə deyil, attestat adlandırılıb. Həm ümumi orta, həm də tam orta təhsil haqqında attestatlarda hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, yekun attestasiyanın nəticələri, tam orta təhsil haqqında attestatlarda isə bunlarla yanaşı, şagirdin seçdiyi təmayül istiqaməti də qeyd edilib.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 1349 vakansiya təqdim olunub. 2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsində zəruri keçid balını toplayaraq BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin fəaliyyəti aparılan monitorinqlər nəticəsində qiymətləndirilərək, onlar arasından 105 müəllimin çalışdıqları ümumi təhsil müəssisələrinə müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə Təhsil Nazirliyi tərəfindən razılıq verilib.

2017-ci ilin iyun ayında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin rayondaxili (şəhərdaxili) yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublika daxili yerdəyişməsi çərçivəsində  isə 92 müəllimin iş yeri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə dəyişdirilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilib. Müsabiqənin müsahibə mərhələsində 90 nəfər uğurlu nəticə göstərib. Onlardan 30-nun təlim-tərbiyə işləri üzrə direktor müavini, 16-nın tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 27-nin psixoloq, 17-nin kitabxanaçı vəzifəsinə işə qəbulu yaxın günlərdə müvafiq qaydada həyata keçiriləcək. BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqəyə sənəd qəbulu keçirilib.

Paytaxt məktəbliləri ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstəriblər. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.

Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq  qızıl və gümüş medalla təltif ediliblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi il ərzində çoxsaylı layihələr həyata keçirib.

"Məktəb seminarları" layihəsi çərçivəsində cari ildə iki dəfə görüşlər təşkil edilib. Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri və fənn müəllimləri əvvəlcədən müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalarda iştirak ediblər.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Təlimə Dəstək Mərkəzi tərəfindən 374 "Ən yaxşı dərs" dinlənilib. "Ən yaxşı dərs"lər I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunub. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, "Ən yaxşı dərs" üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilib.

S.QARAYEVA

 





10.01.2018    çap et  çap et