525.Az

Həqiqətin gözünə dik baxan qadın


 

Həqiqətin gözünə dik baxan qadın<b style="color:red"></b>

"Mən getməsəm, kim gedəcək?" - cəbhə bölgəsinə getmək fikrindən daşındırmaq istəyənlərə, Salatın Əsgərova məhz belə cavab verirdi. Axı Salatın, Əsgərova soyadını sadəcə daşımırdı, o, özünü elə əsgər hesab edirdi - informasiya savaşının əsgəri.

O, Vətənini xəbərlə, reportajla müdafiə etmək üçün zehnindən, təcrübəsindən istehkam qurmadı. Salatın Əsgərova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün döyüş bölgələrinə yollandı, qaynar nöqtələrdə baş verən hadisələri gözüylə görüb, qələmə aldı. Çünki o, ölümün deyil, həqiqətin gözünə dik baxanlardan idi.

İnsan öz missiyasını dəqiq anlayanda hara, necə gedəcəyini və onu nələr gözləyəcəyini dəqiq bilir. Salatın Əsgərovanın da getdiyi yolun sonundan xəbəri var idi. Bununla belə o, fikrindən dönmür. 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya batalyon komandiri, podpolkovnik Oleq Larionovun yanına getmək üçün hərbi formasını geyinib yola düşür. Yevlax-Laçın yolunun 141-ci kilometrliyində Qaladərəsi kəndi yaxınlığında Salatın Əsgərovanın da içində olduğu hərbi maşın pusquda durmuş erməni terrorçuları tərəfindən atəşə tutulur. Hərbçilərlə yanaşı, o da vəhşicəsinə qətlə yetirilir. Salatın Əsgərova qəhrəmancasına əbədiyyətə qovuşur.

İnsan dünyasını dəyişəndə deyil, unudulanda ölür. Salatın Əsgərovanı yalnız doğmaları, dostları deyil, elə tariximiz hər zaman xatırlayır. İlk şəhid qadın jurnalist kimi adı dövlət tərəfindən əbədiləşib. Bu gün Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır, Bakı buxtasında gəzinti gəmisinə adı verilib. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır. Bu gün həmin kənd düşmən tapdağı altında olsa da, gün gələcək, Salatınkənddə xanım qəhrəmanı ürək ağrısıyla deyil, sevinclə anacağıq.

Ülviyyə HEYDƏROVA

 





10.01.2018    çap et  çap et