525.Az

ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirildi


 

ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirildi<b style="color:red"></b>

Yanvarın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şura 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqini keçirib.

Monitorinqdə İctimai Şuranın üzvləri: “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, həmin fondun proqram rəhbəri Nailə İsmayılova, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Cəsarət Hüseynzadə, ADPU-dan İctimai Şuranın üzvü, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak ediblər. Monitorinqin keçirilməsində məqsəd ictimaiyyəti ADPU-da payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı geniş və ətraflı məlumatlandırmaq olmuşdur. Qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri olan ictimai iştirakçılığın miqyasının genişləndirilməsinə və bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən bu monitorinqlərin ADPU-da ardıcıl keçirilməsinə xüsusi diqqət yetirilir.

Monitorinqdən öncə  ADPU-nun rektoru, professor Cəfər Cəfərov İctimai Şuranın  üzvləri və KİV nümayəndələri ilə görüşüb. Rektor bildirib ki, müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir. ADPU-da həyata keçirilən yeniliklər, islahatlar məhz ölkəmiz üçün yüksəkixtisaslı pedaqoji kadrlar hazırlanmasına xidmət edir. Təhsilin məzmununun yenilənməsi və keyfiyyəti əsas diqqət mərkəzindədir. Universitetdə infrastrukturun yenilənməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, idarəetmənin optimallaşdırılmasına və insan resurslarının inkişaf etdirilməsinə böyük önəm verilir.

Sonra payız semestrinin imtahan sessiyası barədə məlumat verən rektor qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 19 dekabr 2017-ci il tarixli 438 nömrəli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. ADPU-da bu əmrin icrası ilə bağlı payız semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə apelyasiya komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. Sessiyanı normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. İmtahan sessiyasının təşkil edilməsi və keçirilməsi üçün bütün fakültələrin əməkdaşlarından ibarət olan İşçi qrupu yaradılıb. Apelyasiya Komissiyası ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 247 nömrəli  otaqda fəaliyyət göstərir. Apelyasiya Komissiyasının telefon nömrəsi 498-17-94-dür. Apelyasiya Komissiyasının sədri dosent Zahir Kazımovdur. Eyni zamanda universitetdə İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahı və qaynar xətt ([email protected].) də universitetin Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində,  204 nömrəli  otaqda fəaliyyət göstərir. İmtahan Qərargahının telefon nömrəsi 498-19-04-dür. İmtahan Qərargahının rəhbəri dosent Rasim Şükürovdur. Bunlarla yanaşı, imtahanlara buraxılma, imtahanların təşkili, keçirilməsi qaydaları, imtahan koordinatorların vəzifələri, hüquqları və tələbələrin imtahanın gedişində hansı hərəkətlərə yol verməmələri barədə elanlar vurulub. İmtahan Qərargahının və Apelyasiya Komissiyasının əlaqə telefonları bütün tələbələrə elan edilib və universitetin saytında yerləşdirilib. İmtahan Qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. Fakültələr, eləcə də Magistratura və doktorantura şöbəsi üzrə imtahanların gedişinə nəzarət edəcək imtahan rəhbərlərinin, nəzarətçi-müəllimlərin, apelyasiya komissiyalarının tərkibi müəyyən edilib. Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək, baş verə biləcək mənfi halların qarşısını almaq məqsədilə  universitetdə “Arzu və təkliflər  qutusu”  hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb.

İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir. Payız semestrinin imtahan sessiyasının əyani təhsil forması üzrə yanvarın 5-dən fevralın 1-dək, qiyabi təhsil forması üzrə isə yanvarın 5-dən 18-dək keçirilməsi nəzərdə tutulub.

Magistratura təhsil səviyyəsində magistrantların imtahanları yazılı şəkildə aparılır. Hər iki təhsil səviyyələrinin əyani və qiyabi təhsil formaları üzrə imtahanlar İmtahan, monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilmiş və təsdiqlənmiş xüsusi cədvəl əsasında təşkil olunur. İmtahan cədvəlində hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq, vaxt ayrılır. İmtahanlar əvvəlcədən təyin edilmiş auditoriyalarda keçirilir. Qeyd edək ki, sessiya müddətində unversitetdə təhsilin bakalavriat səviyyəsi üzrə 367 qrupda 565 fəndən (qiyabi təhsil forması üzrə12 qrupda 33 fənn, əyani təhsil forması üzrə 355 qrupda 532 fənn)  imtahan keçirilməsi nəzərdə tutulur. Magistratura səviyyəsində isə 52 qrupda təqribən 312 fəndən imtahan keçiriləcək. Yekun etibarilə 419 qrupda 877 fəndən imtahanların keçirilməsi nəzərdə tutulur.

İmtahan zallarında yanaşı oturan müxtəlif fakültələrin tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər. Bu da onların bir-birinə kömək etmələrinin qarşısını alır. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir. İmtahanların keçirildiyi binada qayda-qanunlara riayət olunmasını təmin etmək üçün professor-müəllim heyətinin tərkibindən fakültələr üzrə növbətçilər müəyyənləşdirilib. ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinə və rektorluğa məlumat verirlər.

Qeyd etmək lazımdır ki, ötən tədris ilindən başlayarq ADPU-ya qəbul olunmuş I tədris ilinin tələbələrinin və arzu edən digər tədris ilinin tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər tədris ili tələbələri isə Kompüter Mərkəzində elekron-test üsulu ilə imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün  xüsusi otaqlar ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış apelyasiya komissiyalarına, həmçinin İmtahan Qərargahına müraciət edə bilərlər. Eyni zamanda valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələrinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün  formalaşdırılmasına xidmət edir.

Rektor Cəfər Cəfərov çıxışının sonunda universitetdə həyata keçirilən yeniliklərə və islahatlara dəstək verən vətəndaş cəmiyyəti nümayəndələrinə və KİV əməkdaşlarına təşəkkür edib.

Sonra İctimai Şuranın üzvləri, KİV nümayəndələri imtahan keçirilən zal və auditoriyalarda olaraq imtahan prosesini, həmçinin imtahan yazı işlərinin kodlaşdırıldığı otaqlarda olaraq imtahan yazı işlərinin yoxlanılmasını, Apelyasiya  Komissiyasının və İmtahan Qərargahının fəaliyyətini müşahidə edərək, imtahan vermiş tələbələrlə söhbət ediblər. Tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. Sonda İctimai Şuranın üzvləri imtahan sessiyasının qanun çərçivəsində, şəffaf və ədalətli keçirildiyini vurğulayaraq tələbə-gənclərə uğurlar arzulayıblar.

 





11.01.2018    çap et  çap et