525.Az

Dünyanın ən böyük kəşfi - məhəbbət


 

Dünyanın ən böyük kəşfi - <b style="color:red">məhəbbət</b>

Tahir İsmayılovun 2017-ci ilin sonlarında çapdan çıxmış "Esse və şeirlər" toplusunun təqdimat tədbirində üzürlü səbəbə görə iştirak edə bilmədiyimə heyfisləndim.

Müəllifin mənə hədiyyə etdiyi kitabı birnəfəsə oxuyub, hiss etdim ki, kitab yeganə bir xanıma həsr olunub. Bu dünyada nə yaxşı ki, hər kişinin sevdiyi bir yeganə qadın olur.

Maraqlı, cəlbedici dizayn və rəssam işi ilə diqqət çəkən bu kitab, yuxarıda qeyd etdiyim kimi, məhəbbət haqqındadır. Müəllifin ifadəsilə desək, "Məhəbbətin yaşı insanlığın yaşı qədərdir. Daha doğrusu, kainatın özü məhəbbətdən yaranıb desək, yanılmarıq".

Fikirlərə əlavə olaraq, A.Millerin və E.M.Remarkın məhəbbətə həsr etdikləri fikirlər kitabın başlanğıcında verilib. Belə səmimi fikirlər oxuculara xoş duyğular bəxş edir. Müəllif kitabını, ilk oxucusu olmuş həmin yeganə xanıma ithaf edib.

Kitab esselərlə başlayıb, şeirlər və sonda maraqlı fikirlərlə bitir.

"Avtoportret" essesi kitaba, daha doğrusu, esselərə giriş hesab olunmalıdır. Essedə oxuyuruq: "Bizim tanışlığımız daha tez başa çatdı, mən onu itirdim... Həmişəlik itirdim". Bu fikir maraqlı bir süjetə çağırış kimi səslənir. Bu belə də olur. "İtirilmiş qadın" essesində:

"...Sənin üzünü görmədən səsini duymadan... Səni sevməyi öyrəndim mən... Yoxsan

...Mənim üçün daha çox varsan demək...."

Esselər davam etməkdə, məhəbbət haqqında deyilən cümlələr daha çox ümumilikdən çıxmağa başlayır. Naməlum qadına ünvansız məktubda deyildiyi kimi: "Səni ürəyimdə gəzdirərək, yaşayıram doğmalarım üçün!" və ya əvvəlki essedə oxuyuruq: "Təbəssümünü gözlərimə yığmışam, incə səsini beynimə həkk etmişəm, şirin gülüşün qulaqlarımda həzin nəğmə kimi səslənir..." Hər kəsə isti və doğma olan fikirlər, demək olar ki, hər kəsin ömründə ən azı bircə dəfə keçirdiyi hissləri yada salır. Və ya elə həmin essedə oxuyuruq: "Tale yazısının qaralaması olmur ki, hər şeyi silib yenidən başlasan..." Ya da: "Həyatının axarını dəyişə bilməməyin kədəri bizim aramızda olan məsafə qədər böyük və sonsuzdur..." Mən nə doğruyam, nə yalan, mən xəyalın bənzəriyəm, sən xəyala vurulmusan!.."

Məhəbbət haqqında çox deyilib, çox yazılıb. Ancaq həyat olduğu qədər yenə deyiləcək, yenə yazılacaq. Bu, təbiidir. Axı ən ali insan hissləri, niyə də gözəl sözlərlə vəsf edilməsin?

"Dialoq"da oxuyuruq: "Səni belə gözəllikdə təbiət yaradıb, Səni sevməyi kim qadağan edər mənə?... "Sahildə düşüncələr"də T.İsmayılov fikirlərini davam etdirərək: "Bilirəm oxumursan yazdıqlarımı, ancaq yazıram: "...Sakitcə oturub bir-iki dəqiqəyə sənə nə isə yazmaq istədim, ancaq indi sözlər də məndən qaçır. .. "Son söz"də yazılanlar isə o biri esselərdə olduğu kimi, sanki vizual olaraq gözümüz qarşısında canlanır. "...Zaman amansız hökmünü vermiş, ağac-yarpaq məhəbbəti qurtarmışdı, gələn bahara kimi... kaş insanlar belə olardı..."

"Gözlənilməyən məktuba cavab" essesində: "...Odun həqiqətən nə olduğunu ən sonuncu kəpənək bilirdi əslində..." və ya: "...Düşüncə və həqiqət heç vaxt bir-birini tamamlamayıb..." yazılır. Doğrudan da belədir. "Müəllifdən" bölümündə fikirlər sanki tamamlanır: "Bu yazıdan sonra, mənim onunla istənilən formada əlaqəm tamamilə  kəsildi..." Ancaq "Dialoq"da tamamlanmış kimi görünən fikirlər yenidən davam etdirilir: "Forma və məzmun heyrətamiz şəklidə bir-birini tamamlayır, qaranlıqlar işıqlanır...." Hər birimizin öz nağıl dünyamız var, o nağıllardır bizi həyata bağlayan ..." Ya da: "...Sənin portretin mənim nağıllaşan dünyamın əks-sədasıdır... Bəzən düşüncələrimiz heç bir nağıla sığmır... Bəlkə özümüz nağıla sığsaq da, düşüncələrimiz "heç bir nağıla sığmır" desək, daha doğru olar. "Həyatın özü qəribədir...." ancaq həmin qəribəlik bizi daim sürprizlərlə qarşılaşdırır və sürprizlər bütün ömrümüz boyu davam edir... Bəzən ölümümüzün özü də sürprizə çevrilir cümləsini..." ya az adam deyib, ya da bəlkə heç kim deməyib. Daha sonra oxuyuruq: "Məncə, insan öz ruhu üçün belə bədəməl cisim istəməzdi!" Bəlkə də, ümumiyyətlə, cisim istəməzdi desək, daha düz olar. "Dosta cavab"da müəllif məhəbbət yox, xoşbəxtlik haqqında fikirlərini davam etdirir. Bəlkə məhəbbət olan yerdə xoşbəxtlik, xoşbəxtlik olan yerdə məhəbbət var desək, daha düz olar. Fikirlər haçalanır: "Mənim fikrimcə, tam xoşbəxtlik yoxdur... Lakin həyatda fraqmental xoşbəxtlik anları yaşanır ki, onları bir yerə yığa bilsək, mozaik tablo alınar..." Obyektiv olsaq, insan hələ tam mənada xoşbəxtliyin nədən ibarət olduğunu belə müəyyənləşdirə bilməyib..." Həqiqət budur və ya başqadır, bunu heç kim bilə bilməz.

Tahir müəllim kitabın sonunda müəllif  kimi oxuculara müraciət edərək bildirir ki, "Möhtərəm oxucular, şeir-poeziya aşiqləri, mən şair deyiləm və bu ada qətiyyən iddiam yoxdur. Peşəkar və Allah sevgisi olan şairlərə həmişə yaxşı mənada həsəd aparmaqla yanaşı, həm də pərəstiş etmişəm. Əgər şeirlərim kiminsə könlünü oxşayıb bir qədər onları düşündürə biləcəksə, onda mən özümü xoşbəxt hesab edə  bilərəm".

Daha sonra müəllif fikirləmi davam etdirərək, yazır: "Hər bir insanın öz hiss və duyğularını qələmə alaraq yazmaq arzusu təqdirəlayiqdir..."

Mənə elə gəlir ki, bu səmimi sözlərdən sonra müəllifi bir o qədər də sərt mühakimə etmək düz olmaz.

Tahir  müəllimin şeirləri də esselər qədər səmimi və ürəyə yol tapandır. "Məhəbbət" şerində deyildiyi kimi:

"Nəsimi haqq mənəm, ənəlhəq  söylədi,
Haqq yolunda yanan məşəldi məhəbbət,
Sözü bütöv, əmün yaratdı Məhəmmədi,
Nurlu mübarək, üzdə gümandı məhəbbət.

Müəllif "Dünyanın  tərəzisi" (345-ci palatada düşüncələr) şerində dünyada mizam-tərəzisində itməyini bir daha yadımıza salır:

"Pozulubdur qurduğu mizam-tərəzisi,
İşləri düyün düşüb, çaş-başdır dünya
Baş açmır təbiblər, bilinmir mərəzi,
Çarəsi yox. Sağalmaz xəstədir dünya..."
Və ya "Kainatın sirri"ndə
"...Göyə səpələnmiş ulduzlar, o günəş, o ay,
Cahan yaranan nizama, düzümə bağlıdır.
Fələklə oynama atılıb ox, çəkilib yay,
Nə edirsən et, atılıb ox, çəkilib yay,
Tək olan mənəm,
birim yüzümə bağlıdır..."

Söz yox ki, olan da, qalan da budur. Başqa heç nə yoxdur. Tahir İsmayılovun şeirlərindən istənilən qədər misallar çəkə bilərdik. Həqiqət budur ki, müəllif ürəyindən keçənləri olduğu kimi, səmimiyyətlə yazaraq, oxucusu ilə üzbəüz, gözbəgöz söhbət etməyə çalışıb.

Deyirlər, bəşəriyyəti gözəllik xilas edəcək. Mən deyərdim ki, yer üzünün xilası məhəbbət və səmimiyyətdir. Mən buna öz varlığım kimi inanıram. Kaş inamımda yanılmayım.

Mərahim FƏRZƏLİBƏYOV
Rejissor, Xalq artisti

 





11.01.2018    çap et  çap et