525.Az

Keçmiş günlərdən bir xatirə


 

Keçmiş günlərdən bir xatirə<b style="color:red"></b>

XIX yüzilliyin axırlarında Moskva, Sankt-Peterburq, Tiflis, Kiyev, Varşava, Lodz, Nijni-Novqorod və digər böyük şəhərlərlə ticarət əlaqələrini genişləndirən Naxçıvan tacirləri həm də bu qədim diyarın maariflənməsində öz varidatlarını təmənnasız sərf etməyə başladılar.

Bunun nəticəsiydi ki, şəhərin mötəbər, adlı-sanlı şəxslərinin yaxından köməkliyi ilə məşhur "Tərbiyə" məktəbi yaradıldı. Məktəbin təşkilatçısı görkəmli pedaqoq M.T.Sidqi Səfərova hər cür qayğı göstərirdilər. Onların Sidqidən bir xahişləri bu idi ki, naxçıvanlı uşaqlara Avropa məktəblərində olduğu qaydada fənlər tədris edilsin, öyrədilsin. "Tərbiyə" məktəbinə hamilik edənlərin siyahısı xeyli genişdir. Bəzi yazılarımızda onları ehtiramla yad etmişik və azacıq da olsa onlardan birinin - məşhur xeyriyyəçi Mirzə Heydər Nəsirbəyovun haqqında məlumat vermişik.

Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda, Irəvanda, Tiflisdə, Vladiqafqazda, Həştərxanda və digər şəhərlərdə olan mütərəqqi ziyalılarla əlaqə saxlayan Mirzə Heydər Nəsirbəyovun ustad yazıçımız Mirzə Cəlillə və dünya şöhrətli dramaturq, şair Hüseyn Cavidlə yaxın dostluq münasibətləri bu gün də diqqətçəkəndir. 1998-ci ilədək onun sonbeşik qızı, çox güclü hafizəyə, yaddaşa sahib olan Matan xanım Naxçıvanda yaşayırdı. Bütün ömrünü Naxçıvan şəhərində yaşayan bu ağbirçək ana canlı bir arxiv idi. Bununla bərabər, atasının, həyat yoldaşı Mirzə Əbdüləzim Rüstəmovun, Əziz Şərifin, Hüseyn Cavidin, Əyyub Abbasovun və bir çox tanınmış şəxsiyyətlərin məktubları, fotoşəkilləri və sənədləri toplanmış maraqlı bir şəxsi arxivi də vardı.

Keçən yüzillikdə maraqlı tarixi günlər yaşayan Matan xanım (sənəddə Fatma xanım) hər dəfə söhbətlərində maraqlı faktlar söyləyirdi. Zahirən çox mülayim və sakit olan ağbirçək ananın ədəbiyyat haqqında olan bilgiləri bu gün də adamı heyrətləndirir. Şair Hüseyn Cavidin "Ana" şeirini əzbər deyirdi. Onun faciələrindən saatlarla danışırdı. Onlar ailəvi dost olmaqla bərabər, həm də yaxın qohum idilər. Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanım həm ata, həm də ana tərəfdən Matan xanımın anası Şahbəyim xanımın ən yaxın qohumu idi. Şairin böyük qardaşı Şeyx Məhəmməd Matan xanımın baldızı qızı Zərri xanımı (yazıçı Əyyub Abbasovun xalası qızı) almışdı. Elə bu yaxınlığa görə, 1937-ci ildə Hüseyn Cavidlə bağlı bir çox xatirə əşyalarını, fotoşəkilləri Şahbəyim xanımla qızı Matan xanım qoruyub saxlamışdılar. "Tərbiyə" məktəbindən söz düşəndə Matan xanım deyirdi ki, anam atamın sərvətinin xeyli hissəsini qanuni yolla Naxçıvandakı xeyriyyə cəmiyyətinə vermişdi. Bu hadisənin 1917-ci ildə olduğunu da qeyd edirdi. Aradan xeyli illər keçəndən  sonra alim, yazıçı Əziz Şərifin 1972-ci ildə yazdığı "Hüseyn Cavid" adlı xatirəsində (xatirə sənədli gündəlik əsasında yazılıb) Matan xanımın anası Şahbəyim xanımın bu böyük səxavətindən, əsl həqiqətdə hünərindən söhbət açılır. Yaxşı olar ki, həmin məsələ ilə bağlı Əziz Şərifin yazdığı sənədlərlə biz də yaxından tanış olaq: "Bakı, 22 iyun 1916. Əziz. Keçən məktubun bəni nə qədər məsrur etdisə, şu məktubun da bir o qədər məhzun və mütəəssir etdi. Sənə təsəlli vermək istəməm, çünki bənim düşündüklərimi, şübhəsiz, sən də düşünmüsən. Ancaq qısacıq bir sözlə deyə bilirəm ki: Ibrahim mühit və əqrəbaca, dost və aşnalarca pək böyük bir itkidir. Əvət, Ibrahim yazıq və məzlum oldu. Məşədiyə, ata və anasına səmimi ərzi-təsliyyət.

Hüseyn Cavid".

Şairin məktubundan sonra Əziz müəllim izahat yazıb: "Bu məktubda adıçəkilən İbrahim mənim bibim oğlu və ən yaxın dostum və sirdaşım idi. Hüseyn Cavid onu da, onun atası Məşədi Heydər Nəsirbəyovu da yaxşı tanıyırdı, hətta Istanbulda atama yazdığı məktubların birində ona "cənab Nəsirbəyov" deyə salam da göndərmişdi". Qeyd etmək yerinə düşər: Hüseyn Cavidin Əziz Şərifə yazdığı bir məktubundakı məlumatdan aşkar olur ki, şairin Naxçıvandakı borclarını Mirzə Heydər Nəsirbəyov ödəyirmiş.

1917-ci ilin 4 yanvarında Əziz Şərifin belə bir qeydi var: "Bir iş haqqında atamın xahişi ilə Hüseyn Cavidə məktub yazdım".

Hüseyn Cavidin həmin il yanvarın 13-də yazdığı cavab məktubunu oxuyanda "həmin işin" nə olduğunu aydınca görürük: "Əzizim! Məktubunu aldım. Şahbəyim xanım tərəfindən yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur məbləğ hənüz poçtadan alınmamış. Şübhəsiz, alındıqda məktub ilə bərabər təb və elan edilər".

Bu sətirlər mənə xatırladır ki, böyük sərvət sahibi olan Məşədi Heydər Nəsirbəyovun vəfatından sonra mənim bibim Şahbəyim xanım atamın məsləhəti ilə müftəxor molla və seyidlərə ianə və ehsan vermək əvəzinə, cəmiyyəti-xeyriyyə üçün müəyyən məbləğ ayırmışdı ki, bu barədə Hüseyn Cavidin vasitəsi ilə "Açıq söz" qəzetində mütabiq elan çap edilməli idi.

XIX yüzilliyin əvvəllərində naxçıvanlı Şahbəyim xanımın öz varidatının xeyli hissəsini xeyriyyə cəmiyyəti vasitəsilə maarifə sərf etməsi çox maraqlı hadisədir. Və təəssüflər olsun bu hünərli əməl tədqiqatçıların diqqətindən yayınmışdır.

Böyük şairimiz və dramaturqumuz Hüseyn Cavidin yazdığına görə "Açıq söz" qəzeti bu elanı çap edib. O, 24 yanvar 1917-ci ildə bu haqda dostu Əziz Şərifə yazır: "Lakin sən bənə 410 rüblənin on rübləsi qəzetə üçündür, deyə heç bir şey işarə etməmişdin, şübhəsiz, o da başınızın qarışıqlığından nəşət etmə bir hal olsa gərək, "Açıq söz" idarəsinə söylədim. Idarə on rüblə geri alaraq, bu günlərdə xanımın qəzetəsini göndərəcəklər. Məşədiyə və bildiklərə məxsusi ərzi-ehtiram...               

Qardaşın Hüseyn Cavid".

Matan xanım Nəsirbəyovanın mənə bağışladığı bəzi fotoşəkillərin içində Şahbəyim xanımın ağbirçək vaxtlarında çəkdirdiyi bir şəkil də maraqlıdır. Şahbəyim xanım keçən əsrin qırxıncı illərinin sonunadək yaşayıb.

Matan xanımın qoruyub saxladığı sənədlər, fotoşəkillər içərisində yazıçı Əyyub Abbasovla da bağlı maraqlı şəkillər varıydı. Əyyub Abbasov onun həyat yoldaşı Mirzə Əbdüləzimin bacısı oğlu idi və həm də Naxçıvanda onlarda yaşamışdı.

Əyyub Abbasovun təhsil illəri və yaradıcılığının ilk illəri Naxçıvanla sıx bağlıdır. Onun xeyli maraqlı fotoşəkilləri vardır. Unudulmaz yazıçımız, məşhur "Zəngəzur" (iki cildli) romanının müəllifi Əyyub Abbasovun və onun dayısı, Naxçıvanın ilk maarif komissarı Əbdüləzim Rüstəmovun şəkillərini sizə təqdim edirik.

Matan xanımın arxivində rast gəldiyim maraqlı fotolardan biri 1958-ci ilin mayın 18-də çəkilib. Naxçıvana səyyar plenuma gələn yazıçılar şair-dramaturq Hüseyn Cavidin yaşadığı evin həyətində birlikdə şəkil çəkdiriblər. Matan xanıma bu fotoşəkli Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin yoldaşı Zərri xanım (Mirzə Əbdüləzimin bacısı Gövhərin qızı) bağışlamışdı. Şəkildə olanlar: sağdan-sola o vaxtlar Naxçıvan MR-in maarif nazirinin müavini olan Əli Hüseynov, Bəxtiyar Vahabzadə, Mehdi Hüseyn, Zərri Rasizadə, Rəsul Rza, naxçıvanlı müəllim Yunis Qasımov, Rəna xanım (Şeyx Məhəmmədin qızı), professor Əli Sultanlının bacısı Zərri xanım, Cəfər Xəndan, Hüseyn Cavidin bacısı oğlu Süleyman Məmmədov, Süleyman Rüstəm, Nazim Axundov və Hüseyn Ibrahimov.

Matan xanımın vəfatından sonra onun "şəxsi arxivi" oğurlansa da, əlimizdə qalan və axtarıb tapdığımız sənədləri, fotoşəkilləri yazdığımız yazılarla birgə sizə təqdim edirik. Istəyirik ki, Naxçıvanın maarifpərvər və xeyriyyəçi xanımlarının adları unudulmasın. Gələcək nəsillər də belə qeyrətli, hünərli və səxavətli ağbirçək analarla qürur duysunlar.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





11.01.2018    çap et  çap et