525.Az

Şair Nazim Əhmədli gənc ədiblərlə görüşdü - Fotolar


 

Şair Nazim Əhmədli gənc ədiblərlə görüşdü - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Gənclərin budəfəki qonağı şair, publisist Nazim Əhmədli olub.

Tədbiri giriş sözü ilə açan AYB katibi və GƏM-in rəhbəri Rəşad Məcid qonağın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onu özünün ilk dəfə canlı gördüyü şair adlandırıb: "Nazim Əhmədli imzası ilə mən ilk dəfə 1979-cu ilin yay ayında "Azərbaycan" jurnalının yeddinci sayında tanış oldum. Ona qədər Nazim Əhmədlinin "Laçın" qəzetində tez-tez şeirləri çap olunurdu. Ancaq "Azərbaycan" jurnalında çap olunan şeirlər o qədər təbiət lövhələrilə zəngin, axıcı idi ki, mən onları dərhal əzbərlədim və indiyə kimi də yadımdadır. O, Sovet dövründə biz ədəbiyyat adamlarının hamısının arzuladığı ən böyük ədəbiyyat ocağı - Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. Bilirəm ki, həmin institutun da onun həyatına bilavasitə təsiri olub. Sonralar da bizim Nazim Əhmədli ilə yollarımız tez-tez kəsişdi, uzun illər birgə çalışdıq. İndi də fəaliyyətini uğurla davam etdirir. İnanıram ki, gənclər onunla bugünkü görüşdən faydalı təcrübə qazanacaqlar".

Daha sonra söz alan qonaq gənclərlə görüşdən məmnunluğunu ifadə edib, özünün ədəbi mühitdəki yaradıcılıq təcrübələrini onlarla bölüşüb: "Yazıçı xalqın təfəkkürünü, dilini yaşadan insandır. İnsanlar təsadüfdən yazıçı və şair ola bilirlər. İstedad hər an üzə çıxa bilən bir şey deyil. Bu gün Azərbaycanın gənc ədəbiyyat mənzərəsinə baxanda fərəhlənirəm. Çünki indi ədəbiyyatla maraqlanan, poeziyaya meyl edən çoxdur. Azərbaycan ədəbiyyatının yaxşı təbliğatı olarsa, o, dünya səviyyəsinə çıxa biləcək bir potensiala malikdir. Gənclərimiz öz üslublarını yaratmağa, imzalarını təsdiqləməyə çalışırlar. Bu, çox sevindirici haldır. Təbii ki, həm klassik, həm müasir ədəbiyyatdan, xalqın dünyagörüşündən bəhrələnmək mütləqdir, ancaq bunu yamsılamaq heç bir şairə başucalığı gətirməz. İnsanı yetişdirən mühitdir. Ədəbi məclislərin özü də böyük bir məktəbdir".

Sonra Nazim Əhmədli özünün bir neçə şeirini gənclər üçün oxuyub, suallara cavab verib.

Şairlər Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva da N.Əhmədli ilə bağlı düşüncələrini bölüşüb, gənc ədiblərə uğurlar arzulayıblar.

Görüşün sonunda gənclərdən Elşən Xəzri, Qafar Şövqi, Vüsal Yurdoğlu, Əfsanə Rəvan, Gülnarə Sadiq, Gülnarə İsrafil və başqaları öz şeirlərini oxuyublar.

Sonda Nazim Əhmədli kitablarını görüş iştirakçıları üçün imzalayıb.

Şahanə MÜŞFİQ
Foto: Nofəl ÜMİD

 





11.01.2018    çap et  çap et