525.Az

Cümhuriyyətin 100 illiyiylə bağlı beynəlxalq konfranslar keçiriləcək


 

YAQUB MAHMUDOV: "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DİPLOMATİK ƏLAQƏLƏRİ, DAXİLDƏKİ İSLAHATLAR LAZIMINCA TƏDQİQ OLUNMALIDIR"

Cümhuriyyətin 100 illiyiylə bağlı beynəlxalq konfranslar keçiriləcək<b style="color:red"></b>

"Prezident İlham Əliyevin bu ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi Tarix İnstitutunu tarixi "siyasiləşdirməkdə", hətta ermənifobiyada "qınayanlara" tutarlı dövlət cavabıdır".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib.

Y.Mahmudov qeyd edib ki, "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncam Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb: "Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq prezident İlham Əliyevin təşəbbüsü və qayğısı sayəsində Tarix İnstitutu ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nı çap etdirib. İnstitutda ayrıca "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" elmi tədqiqat şöbəsi fəaliyyət göstərir. Cümhuriyyət tarixinə həsr olunmuş namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi olub və davam etdirilir".

Elmi Şuranın qərarına əsasən, "Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri", "Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri" (rusca), "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində" (rusca), "Şəki bölgəsi (1917-1920-ci illər)", "Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə" və "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)" adlı kitablar çap olunacaq.

Bildirilib ki, Tarix İnstitutu 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Türkmənçay müqaviləsi (1828) və tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsi (1918) ilə bağlı tədbirlər və 2 beynəlxalq konfrans - XX əsrdə türk-müsəlman xalqlarına qarşı V Beynəlxalq soyqırımları konfransı və "Azərbaycan Xalq Cümhuriyyəti - 100" mövzusunda tədbir keçirəcək.

Sonda akademik bildirib ki, onu narahat edən bir sıra məsələlərdən biri cümhuriyyətin bolşevik Rusiyası ilə münasibətlərinin lazımınca və olduğu kimi öyrənilməməsidir: "Bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımayıb və nəticədə ölkəmizi işğal edib. Bu istiqamət, eləcə də cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca tədqiq olunmalıdır".

Ceyhun ABASOV

 





12.01.2018    çap et  çap et