525.Az

Prezident ciddi mesajlar verdi: "Bu il Azərbaycan üçün uğurlu olacaq"


 

HÖKUMƏTLƏ YANAŞI, BEYNƏLXALQ MALİYYƏ QURUMLARI DA 2018-ci İLDƏ AZƏRBAYCANDA İQTİSADİ ARTIMIN ƏLDƏ OLUNACAĞINI PROQNOZLAŞDIRIR

<b style="color:red">Prezident ciddi mesajlar verdi: "Bu il Azərbaycan üçün uğurlu olacaq"</b>

Yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ölkə ictimaiyyətinin diqqət mərkəzində idi.

Dövlət başçısı müşavirədə ötən il ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan irimiqyaslı layihələr, aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, eləcə də digər məsələlərlə bağlı çıxış edib, yeni ildə ölkədə iqtisadi artıma nail olunması üçün qarşıya bir sıra tapşırıqlar qoyub. Xüsusilə, prezidentin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elən etməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu il Azərbaycan dövlətinin müstəqilliyinin 100 illiyinin tamam olması münasibətilə ölkədə və xaricdə silsilə tədbirlərin həyata keçirilməsi istiqamətində imzalanan müvafiq sərəncamdan sonra belə bir qərarın qəbul olunması 1918-ci ildə əsası qoyulmuş və cəmi iki il mövcudluğunu qoruya bilmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi olan müasir Azərbaycan Respublikasının tarixinin daha da dərindən öyrənilməsi, eyni zamanda, dünyaya tanıdılması baxımından olduqca önəmli hadisədir.

Təsadüfi deyil ki, prezident İlham Əliyev müşavirədə çıxışı zamanı qeyd edib ki, yüz il əvvəl müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yaradılıb: "Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan, öz praktiki fəaliyyətində təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır".

Heç şübhəsiz, "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə ölkəmizin sosial-iqtisadi nailiyyətlərini artırması, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlarla münasibətlərini genişləndirməsi, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrini inkişaf etdirməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Əgər cari ildə dövlətimizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunarsa, bu, cümhuriyyətin 100 illiyində baş vermiş ən sevindirici hadisə kimi yadda qalacaq, Azərbaycan xalqının ikiqat bayramına çevriləcək.

Əlbəttə ki, buna nail olmaq üçün dövlətimiz daim güclü olmalı, iqtisadi cəhətdən qüdrətini artırmalı, geosiyasi mühitdə öz maraqlarının təmin olunması istiqamətində fəallığını yüksəltməli, dünya güclərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağını artırmalıdır.

Prezidentin qeyd etdiyi kimi, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nəticələr ölkənin ümumi inkişafına böyük töhfə verib: "Dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, qarşıdurmaların geniş vüsət aldığı bir dövrdə Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi və həyata keçirilən siyasətdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir. Xalq-iqtidar birliyi, həyata keçirilən soyasətə xalqın hərtərəfli dəstəyi Azərbaycanın əldə etdiyi uğurların əsas şərtidir".

2017-ci iqtisadi islahatlar ilində Azərbaycanda iqtisadi sahədə çox böyük uğurların əldə olunduğunu deyən dövlət başçısı bildirib ki, ötən il Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib: "Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu, göstərir ki, həm yerli və həm də xarici investorlar Azərbaycana vəsait qoymaqda maraqlıdırlar. Ancaq sabit və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur".

2017-ci ildə energetika və nəqliyyat sahəsində tarixi hadisələr baş verib. Ölkə rəhbərinin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" müqaviləsinin müddətinin uzadılması ölkəmizə sərmayədən başqa digər önəmli dividendlər gətirir: "İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcək. Birinci tranş bizə bu il veriləcək. Bax, belə qısa desəm, "Azəri-Çıraq-Günəşli"nin əsas əhəmiyyəti bundan ibarətdir. Eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. İlin əvvəlində üçüncü dəfə "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilib. Bütün lazımi məsələlər müzakirə olundu və il ərzində layihənin icrası təmin edilib. Son məlumata görə, "Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir. Energetika sahəsində bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin edəcək və bizə imkan verəcək ki, qeyri-neft sektorunun inkişafı ilə daha çox məşğul olaq".

İlham Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz, hətta bölgə, dünya üçün önəmli hadisə olub: "Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilib. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürüb. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olub. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilib ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq".

Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində də önəmli addımların atıldığını deyən prezidenti əlavə edib ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib.

Geridə qalan 2017-ci ildə Azərbaycanda əldə olunan iqtisadi uğurlar barədə "525"ə fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün vacib illərdən biri idi: "Dünya bazarında neftin qiymətin kəskin aşağı düşməsi 2015-ci və 2016-cı illərdə Azərbaycan iqtisadiyyatı üçün çətinliklər yaratmışdı. Xüsusən də manatın dəyərdən düşməsi makro-iqtisadi stabilliyə mənfi təsir etmişdi. 2017-ci ildə isə makro-iqtisadi stabilliyin əldə olunması və milli valyutanın stabilliyinin qorunub saxlanılması prioritet məsələlərdən idi. Nəticədə, Azərbaycan ötən il makro-iqtisadi stabilliyin qorunmasıyla bağlı prioritet hədəflərinə çata bilib. 2017-ci ilin fevral ayından etibarən manatın stabilliyini qoruyub saxlamaq mümkün olub. Bu da makro-iqtisadi stabilliyin qorunub saxlanılması baxımından çox vacib idi. Bu mənada, Azərbaycan daxili stabillik və makro-iqtisadi göstəricilərdə artım qeydə alınıb. Digər tərəfdən isə xarici valyuta ehtiyatlarında artım tempi qorunub saxlanılıb. Bu da Azərbaycanın xarici valyuta ehtiyatlarının 2017-ci ildə 42 milyard dollara yüksəlməsinə gətirib çıxarıb. Həmçinin, Mərkəzi Bankın xarici valyuta ehtiyatlarında artım qeydə alınıb".

V.Bayramov bildirib ki, 2017-ci ildə əhəmiyyətli məqamlardan biri də qeyri-neft iqtisadiyyatında artım əldə olunmasıdır: "İxracat idxaldan 6,2 milyard dollar çox olub. Bu, müsbət saldonun formalaşması baxımından çox vacib idi. Eyni zamanda, ixracatın strukturunda şaxələnmə meylləri davam edir. Azərbaycanın qeyri-neft ixracatı 24 faiz artıb. Bu da büdcəyə daxil olan əlavə xarici valyutanın qeyri-neft məhsullarının ixracatı hesabına reallaşmasından xəbər verir".

İqtisadçı alimin sözlərinə görə, iqtisadi diversifikasiya, iqtisadiyyatda stabilliyin əldə edilməsiylə bağlı 2017-ci ilin hədəflərinə nail olmaq mümkün olub: "2017-ci il Azərbaycan üçün yeni iqtisadi model dövrünün ilk ili idi: Ona görə də, Azərbaycan üçün 2017-ci il ciddi əhəmiyyət daşıyıb. Nəticədə, ötən il iqtisadi stabilliyə nail olmaq mümkün olub. Bu da 2018-ci ildə iqtisadi artımın formalaşması baxımından vacibdir. Bu il yalnız Azərbaycan hökuməti deyil, eyni zamanda, beynəlxalq maliyyə qurumları, o cümlədən, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artımın olacağını proqnozlaşdırır. Məhz bu proqnozlardan çıxış edərək qeyd etmək olar ki, 2018-ci il Azərbaycan iqtisadiyyatında artımın bərpa edilməsi, 2019-cu il isə sürətli artım dövrünün başlaması kimi xarakterizə ediləcək".

Milli Məclisin deputatı Aydın Hüseynov isə qeyd edib ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir. O, "Trend"ə bildirib ki, 2017-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğruldub:

"Baxmayaraq ki, dünyada maliyyə böhranı yaşanır, ancaq Azərbaycanda 2017-ci il ümumdaxili məhsulda artımla yekunlaşıb. Bu onu deməyə əsas verir ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək, böyük layihələr həyata keçiriləcək. 2018-ci ildə TANAP layihəsi işə düşəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək. Bu dəmir yolunun 10 milyon tondan artıq yükdaşıma qabiliyyəti var. Eyni zamanda, bu xətt vasitəsilə 1 milyondan artıq sərnişinin daşınması proqnozlaşdırılır".

Deputat əlavə edib ki, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq.

Ceyhun ABASOV

 





12.01.2018    çap et  çap et