525.Az

"Ukraynadakı soydaşlarımızın etirazları və tələbləri haqlıdır"


 

MİLLİ MƏCLİSİN AZƏRBAYCAN-UKRAYNA PARLAMENTLƏRARASI ƏLAQƏLƏR ÜZRƏ İŞÇİ QRUPUNUN RƏHBƏRİ: "PROBLEMLƏRİN BAŞLICA SƏBƏBKARI UKRAYNANIN MİLLİYYƏTCƏ ERMƏNİ OLAN DAXİLİ İŞLƏR NAZİRİDİR"

"Ukraynadakı soydaşlarımızın etirazları və tələbləri haqlıdır"<b style="color:red"></b>

Xəbər verildiyi kimi, Kiyevdə Azərbaycan icmasının 600-ə yaxın üzvü Daxili İşlər Nazirliyi (DİN) binası qarşısında etiraz aksiyası keçirib.

Əldə olunan məlumata görə, azərbaycanlılar yerli hüquq-mühafizə orqanlarının diaspora təzyiqlər göstərən və onun nümayəndələrini oğurlayan cinayətkarlara qarşı tədbirlər görməsini tələb edib. Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar heç də güc strukturlarından qorxmur. Məlumata əsasən, Ukraynada ümumilikdə 20-dən çox azərbaycanlı oğurlanıb; onların bir neçəsi Ukraynada bizneslə məşğul olan iş adamlarıdır. Aksiya iştirakçıları əllərində "Ukraynaya investisiya qoymaq istəyirəm, ancaq bu təhlükəlidir", "90-cı illərə qayıdırıq", "Biz Ukraynada quldurluğa qarşı çıxırıq. Bizim uşaqları qoruyun!"  və digər yazılı plakatlar tutub. Qeyd etmək lazımdır ki, son zamanlar Ukraynada qətl hallarının sayı artıb; azərbaycanlılara qarşı sui-qəsdlər müşahidə olunur, onlar tez-tez qarət olunur; azərbaycanlı sahibkarların  təsərrüfat obyektlərinə hücumlar həyata keçirilir; Kiyev və Ukraynanın digər bölgələrində diaspor fəallarına inzibati qaydada təzyiqlər göstərilir. Bu kimi hallar Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi narahatlığa səbəb olur. Bir çox ailələr itkin düşən qohumları haqqında hələ də bir xəbər ala bilməyib,  cinayətkarlar ifşa olunmayıb, heç kim cəzalandırılmayıb. Bundan savayı, bir ay əvvəl azərbaycan əsilli Ukrayna vətəndaşı da oğurlanıb - ailəli olan həmin sahibkar barəsində heç bir məlumat yoxdur. Ukraynada yaşayan azərbaycanlılar başda nazir Arsen Avakov olmaqla, DİN-dən onların konstitusiya hüquqlarının qorunmasını, cinayətkarların ifşa olunmasını və Ukraynada quldurluğa qarşı ciddi mübarizənin aparılmasını tələb edir.

Milli Məclisin (MM) Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rüfət Quliyev isə "525"ə açıqlamasında deyib ki, Ukraynada yaşayan soydaşlarımızın bir çox problemləri var və onlar keçirilən etiraz aksiyasındakı tələblərində haqlıdırlar. Millət vəkilinin sözlərinə görə, o, bir azərbaycanlı, həm də İşçi Qrupunun rəhbəri kimi, hər zaman Ukraynada yaşayan azərbaycanlıların problemlərini diqqət mərkəzində saxlayır və onların həlli istiqamətində addımlar atır. "Ukraynada keçirilən etiraz aksiyası ilə maraqlandım. Bir neçə adamla əlaqə saxladım. Oraya yığılanlar Ukraynadakı diasporumuzun nümayəndələridir və öz etirazlarında, tələblərində haqlıdırlar. Çünki son illər Ukraynada Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, azərbaycanlı iş adamlarının incidilməsi, oğurlanması, hətta qətlə yetirilməsi kimi hallar var. Bununla bağlı İşçi Qrupunun rəhbəri kimi həm mənim, həm də Milli Məclis rəhbərliyinin Ukrayna Ali Radasına müraciətlərimiz olub. Biz Ukraynanın Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, Təhlükəsizlik Xidmətinə və Prezident Administrasiyasına  bununla bağlı mövqeyimizi, fikirlərimizi çatdırmışıq. Bu müraciətlər nəticəsində problemlərin bir qismi həll olunsa da, bir qismi bu günədək öz həllini tapmayıb. Bunun başlıca səbəbkarı Ukraynanın milliyyətcə erməni olan daxili işlər naziridir. İstər-istəməz qan - "erməni qanı" özünü göstərir. Onun azərbaycanlılara qarşı sanki bir nifrəti var. Azərbaycanlıların problemlərinin həllinə daim saymazyanalıq göstərir. Bugünkü aksiya da bir ay öncə oğurlanmış azərbaycanlı iş adamı ilə bağlı olub. Artıq soydaşlarımızın səbir kasası daşıb. Dözə bilmirlər, cinayətkarların aşkarlanması və cəzalandırılmasını tələb edirlər. Mənə verilən məlumata görə, daxili işlər nazirinin müavini etirazçılara söz verib ki, həmin iş adamının ailəsini daxili işlər naziri qəbul edəcək. Hərçənd ki, erməni nazirin nəsə edəcəyinə ümid azdır, amma gözləyək, görək nə olur... Bir daha qeyd edirəm ki, soydaşlarımızın etirazları haqlıdır və onların tələbləri yerinə yetirilməlidir", - deyə millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





12.01.2018    çap et  çap et