525.Az

Azərbaycan Xalq Cümhuriyyəti İli: Keçmişə və dövlətçilik tariximizə böyük ehtiram


 

Azərbaycan Xalq Cümhuriyyəti İli: <b style="color:red">Keçmişə və dövlətçilik tariximizə böyük ehtiram</b>

2018-ci ilin ən mühüm tarixi hadisələrindən biri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin tamam olmasıdır. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olmasına baxmayaraq, öz dövlətçilik ənənələrini  yarada bilmişdi.

Müsəlman Şərqində ilk parlamentli demokratik cümhuriyyətin 100-cü ildönümü bu il həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd olunacaq. Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncam imzalayıb. 

Dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik.
 
Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır: "Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilib. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcək".

Dövlət başçısı bununla bağlı sərəncam da imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Sərəncamın əhəmiyyətini şərh edən Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli deyib ki, 2018-ci ilin Cümhuriyyət ili elan olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, cümhuriyyət liderlərinin həyatına, tərcümeyi-halına, onların yaratdığı dövlətə göstərilən diqqətin nümunəsidir: "Bu addım tarixi keçmişimizə olan münasibətdir. Bugünkü Azərbaycan Cümhuriyyətin varisidir. Məhz bu ilin Cümhuriyyət ili elan olunması ata-babalarımızın keçidiyi tarixi yola, ən əsası isə dövlətə və dövlətçiliyə münasibətin göstəricisidir". Onun sözlərinə görə, "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi həm də ömür kitabımıza yazılan tarixi məqamdır. Ötən ilin "İslam Həmrəyliyi", 2016-cı ilin "Multikulturalizm ili" olduğunu xatırladan deputat bildirib ki, bunun hər biri böyük məna və mahiyyət kəsb edir: "Belə ki, ötən ilin "İslam Həmrəyli ili"nin elan edilməsi dünya islam dəyərlərinin gündəmə gəlməsi, onlar arasındakı birliyə, münasibətlərə xeyli təsir etmiş oldu".

Tarixçi alim qeyd edib ki, bugünkü Azərbaycan Cümhuriyyət liderlərinin yaratdığı dövlətin bir növ davamıdır: "Biz varisik. Cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi eyni zamanda, o yolda qurban gedən şəhidlərimizin ruhuna etiramdır. Bu baxımdan bu addımı yüksək qiymətləndirir, güman edirəm ki, Cümhuriyyətlə bağlı müstəqillik dövründə əldə edilən bütün elmi uğurlardan daha yüksək uğurlar əldə olunacaq, bu tarixin daha yaxşı öyrənilməsinə, o dövrün liderlərinin hər kəs tərəfindən dərindən tanınmasına rəvac verəcək".

Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, 1828-ci ildə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi: "Təqribən 90 il sonra yeni əsrin çağırışlarına uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olmaqla Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Bu, həm də təqribən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir".

Millət vəkili əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi: "Bu, sonrakı mərhələdə Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması üçün mühüm əhəmiyyətə malik oldu. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi". O bildirib ki, AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir: "Təsadüfi deyil ki, bu gün Azərbaycanın Respublika Günü, Ordu Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin, Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir".

Deputat vurğulayıb ki, "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənlərimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəsilin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək: "Xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi də məhz bu məqsədə xidmət edir".

PƏRVANƏ

 





12.01.2018    çap et  çap et