525.Az

Balaca dostlara hədiyyə


 

Balaca dostlara hədiyyə<b style="color:red"></b>

Dünyasını dəyişmiş bir yazıçının əsərləri ilə baş-başa qalıb, yaradıcılığına nəzər salmaq, povest və hekayələrini seçib kitab tərtib etmək nə qədər xoşdursa, bir o qədər də məsuliyyətlidir. Çünki sən Allahın dərgahında olan bir yazıçının ruhu qarşısında məsuliyyət daşıyırsan. Bu işi gərək elə görəsən ki, onun ruhu şad olsun. Bu, sənin vətəndaşlıq, həm də həmkarlıq borcundur.

Budur, Nəriman Süleymanovun ayrı-ayrı vaxtlarda çap edilmiş irilixırdalı on dörd kitabı qarşımdadır: "Balaca atlı", "Qaraçı qızı", "Qocalar və uşaqlar", "Tək çiçək", "Göy qurşağı", "Tərs külək", "Əsas ürəkdir" və s. Nəriman Süleymanovun "Balaca atlı" adlı ilk kitabı 1956-cı ildə nəşr olunub. Cəmi beş hekayədən ibarətdir. "İnsan yaşayır" adlı sonuncu kitabı isə 1989-cu ildə nəşr edilib: öz sağlığında. Sonuncu kitabından sonra Nəriman Süleymanov cəmi altı il yaşadı. Vətənpərvər, yurdsevər, qayğıkeş, istiqanlı insanlar bu altı ili hansı ağrı ilə, nigarançılıqla başa vurmuşdusa, Nəriman müəllim də o sayaq yaşadı. Bir-birindən gözəl şəhərlərin işğalını görən, vətənin hər guşəsində şəhid qəbiristanlıqlarına rast gələn, qaçqın-köçkün müsibətlərinin şahidi olan bir yazıçı-vətəndaş nə sayaq yaşaya bilərdisə, o sayaq yaşadı. Axı onun dünyaya göz açdığı Körpülü kəndi də keçən əsrin iyirminci illərində əsassız olaraq Ermənistana bağışlanmışdı. Baş vermiş hadisələr onu o ağrılı-acılı günləri yenidən yaşamağa vadar etmişdi.

Nəriman Süleymanov uşaq yazıçısı kimi tanınıb sevilmişdi. Görünür, heç nə təsadüfi deyildir. Nəriman müəllim 1952-ci ildə ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdi. Elə o zamandan da taleyini uşaq mətbuatına bağlamışdı. "Pioner" jurnalında ədəbi işçi kimi işə başlamış, 1977-ci ildən ömrünün sonuna - 1995-ci ilə kimi isə həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdı. Nəriman müəllim bir yazıçı, redaktor olaraq daim məktəbli uşaqlarla, müəllimlərlə, valideynlərlə ünsiyyətdə olduğundan onların arzu və istəklərindən yaxşı xəbərdar idi. Buna görə də onun yazdığı hekayələr mövzu əlvanlığına, təbiiliyinə, dilinin sadəliyinə, səmimiliyinə görə seçilir.

Hər bir yazıçı, ilk növbədə, öz dövrünün övladıdır. O, yaşıdlarının, ətrafındakı insanların duyğu-düşüncəsini qələmə alır. Nəriman müəllimin də uşaqlıq çağı İkinci Dünya müharibəsi dövrünə düşmüşdü. Əzizləri müharibəyə getmiş minlərlə uşaq kimi o da həmin dövrün çətinliklərini yaşamış, bu hadisələr onun yaddaşında möhkəm iz salmışdı. Buna görə də sonralar bir çox hekayələrində müharibə dövrünün yaşantıları, arzu və istəkləri öz əksini tapmışdı.

Nəriman Süleymanovun "Ana quşun yuxusu" adı altında tərtib etdiyimiz bu kitabında onun kiçik və yeniyetmə uşaqlar üçün yazdığı hekayələri toplanıb. Bu hekayələrdə Nəriman müəllimin dərin müşahidə qabiliyyətinin, həssas yazıçı-vətəndaş mövqeyinin şahidi oluruq. Bu hekayələrdə biz Azərbaycan təbiətinin gözəlliyini, heyvanat aləminin zənginliyini, özünə xas xüsusiyyətlərini, balaca və yeniyetmə dostlarımızın zəngin dünyalarını görürük. Hekayələrdə təsvir olunan təbiət də, uşaqlar da, onların ata-anaları da mahiyyət etibarı ilə bir-birini tamamlayır. Hər bir hekayədə oxucuya humanist duyğular, vətənə, dosta sədaqət, saflıq, məhəbbət, sevgi hisləri aşılanır.

İnanırıq ki, balaca dostlar illüstrasiyalarla müşayiət olunan "Ana quşun yuxusu" kitabını maraqla oxuyacaq, bu hekayələrin müəllifini həmişə xoş duyğularla yad edəcəklər.

 





12.01.2018    çap et  çap et