525.Az

Qrossman, Dostoyevski və... Namiq Abdullayev... - (Esse)


 

Qrossman, Dostoyevski və... Namiq Abdullayev... - <b style="color:red">(Esse)</b>

Yazı prosesində cidd-cəhdlə ərazisi Pluton planetinin ərazisindən də böyük olan, ədəbiyyat tarixinə, xüsusilə XIX əsrdə vermiş olduğu istedadlı qələm sahiblərinə görə dünyada birinci hesab edilən Rusiyanın şöhrətli yazıçısı Dostoyevski ilə bizim fantast yazıçımız Namiq Abdullayev arasında əlaqə qurmağa çalışıram.

Əslində, bu əlaqə yazıçı Əjdər Olun "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" kitabında ilk olan "Yazıçı Namiq Abdullayevin axırı"  hekayəsini oxuduqdan sonra beynimdə intuitiv şəkildə qurulur. Düşünürəm ki, baş açmadığımız dünyada müxtəlif təzadlı hadisələrə, fərqli coğrafi ərazilərə, baş verən  kataklizmlərə insanlar tərəfindən eyni rakusdan baxmaq mistikası da var. Bəlkə yazı da elə bir mistikadır. Həm də inadla yazı prosesində mətnimin  dekonstruksiyasına çalışıram.

Lev Qrossman məşhur rus yazıçısı F. M. Dostoyevskinin portretini yaratdı və "Dostoyevski" portret romanı heç də Dostoyevskinin yazdığı romanlardan az oxunmadı. Şəxsən mənim üçün Dostoyevski yaradıcılığına maraq "Dostoyevski" romanından sonra yarandı. Dostoyevski bütün varlığıyla insanları öyrənməyə çalışır, onların iztirab və əzablarına öz fantaziyasını,  rəngli yazıçı təfəkkürünü əlavə edib qələmə alırdı. Qrossman isə Dostoyevskinin həyatını fantaziyasız, rəngsiz qələmə aldı və sevdirdi. Qrossmanın portret romanını oxuyarkən böyük bir izdihamın içinə düşürsən, hadisələr burulğan kimi adamı alıb aparır.

Tanınmış yazıçımız Əjdər Ol  Azərbaycanın fantast yazıçısı Namiq Abdullayevin portret hekayəsini yazdı və yenicə çapdan çıxmış "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" kitabına daxil etdi. Əjdər Ol öz dostu üçün əlindən nə gəlirdisə etdi, insanlardan bacardıqca gizlənməyə çalışan fantast yazıçının portretini  məharətlə, ən dəqiq detallarıyla işləyib göz önündən asdı.

Hər iki portret yazı məharətlə işlənib, hər iki yazı müəllifi öz qəhrəmanının taleyini soyuqqanlıqla təsvir edir və onu xilas etməyə çalışır. Düşünürəm ki, ümumiyyətlə,  portret yazılarında  müəlliflər  insan taleyinin içərisində arın-arxayın, soyuqqanlıqla gəzişməsə, yazı əsla alınmaz. Amma portret yazıları müəllifdən cəsarət də tələb edir: birdən təsvir etdiyin portret qəhrəmanın özündən böyük alındı, yaxud əksinə.... Həm də portret yazıları heç bir romantikaya, fantaziyaya uyğun gəlmir, yazı prosesində müəllifin xəyala dalmağa vaxtı yoxdur, hər şey dəqiq hesablanmalıdır.  Belə yazılarda yalnız müəllif danışır və sən dinləyirsən. Və sonda hər şey aydındır, and içə bilərsən ki, bu qəhrəmanı tanıyırsan. Portret yazılarda elə əsas məqsəd də budur: qəhrəmanını olduğu kimi tanıda bilmisənsə, demək, məqsəd hasil olub.

Görəsən, Dostoyevski sağ olsaydı, Qrossman tərəfindən çəkilən portretinə reaksiyası necə olardı?  Yazıçı öz portretinin önündə ruslara məxsus bir ədayla təzim edərək, ehtiras və coşğunluqla, həm də utopikcəsinə uzun bir nitq icad edərdimi? Yaxud mütəəssir olaraq kövrəlib dizi üstə çökərdimi?  Kim bilir...

Bəs Əjdər Olun "Yazıçı Namiq Abdullayevin axırı" hekayəsindən sonra bizim fantast yazıçımızın öz portretinə reaksiyası necə olardı? Özünü görmək əzabını yaşayardımı? Öz təkliyindən heyrətə gəlməzdi ki? Öz aramızdır, bu portret hekayədə Əjdər Ol  fantast yazıçının tənhalığına o qədər "rəğbətlə" yanaşıb ki, cızdığı tənhalıq qəhrəmanın özündən də böyük alınıb. Həm də təsvir etdiyi təkliyin qorxusu çox vahiməlidir.  Yəqin ki, Namiq Abdullayevin heç ağlına da gəlməzdi ki, öz yaşam tərziylə istedadlı dostu üçün ədəbi obraz rolunu oynayır, qarşı tərəfin yaddaşına sətir-sətir yazılır. Görəsən, özünü görmək necə hissdir? İnsan öz tablosunda ürəyini, əllərini, ayağını hiss edirmi? Şəxsən mən dözməzdim...

Deyim ki, Dostoyevski ilə bizim fantast yazıçımız Namiq Abdullayevin arasında yerlə-göy qədər fərq var. Əslində, yazıçı Namiq Abdullayev, həm də, Dostoyevskinin ədəbi qəhrəmanıdır.

Qrossmanın "Dostoyevski" portret romanının qəhrəmanı inqilabçı olmasa da, azadlıq ideyalarını təşviq etmək, təhkimçiliyi, senzuranı, bərabərsizliyi və yoxsulluğu ləğv etmək üçün müxtəlif dərnəklərə qatılır, uzun bir mübarizə yolu qət edir, Petraşevski dərnəyi, Alekseyev qalası, Semyonov meydanı, Sibir katorqası, Omsk həbsxanası, Seminalatinski katorqa şəhərciyi kimi məkanlardan keçir. Odur ki, Dostoyevski öz roman qəhrəmanlarının ictimai xarakterini dəqiqliklə ifadə edir. Onun ədəbi qəhrəmanları həyatdan götürülmüş qəhrəmanlardır: Omsk həbsxanasındakı şallaq və dəyənək ustaları, zadəganlar zümrəsinə mənsub olanlar, iztirab çəkən sadə, zəhmətkeş yoxsullar, təhqir olunmuş insanlar... O, məhz Omsk həbsxanasından sonra "Ölülər evindən qeydlər"i yazır, Raskolnikov, Stavrogini, Karamazov surətlərini yaradır.

Buna görə də rus prozaiki Qrossman üçün böyük yazıçını geniş ictimai-siyasi mənzərələrin fonunda vermək o qədər çətin deyil. Hər şeydən əvvəl əlinin altında böyük xronoloji material var.

Amma Azərbaycanın fantastik hekayə yazarı Namiq Abdullayev  öz hücrəsində yaşayır, dünyanı, dünyada baş verənləri kənardan seyr edir, olanları daha çox  öz empirik düşüncəsiylə dərk edir. Onun başqasının faciəsini duymağa, iztirablarını çözələməyə vaxtı yoxdur, çünki öz faciəsini oynayır. Əjdər Olun qəhrəmanı ölkədə sovet quruluşunun dağılıb, siyasi hərc-mərclik yarandığı dövrdə yaşayır, lakin heç bir siyasi fəallıq göstərmir. Siyasi fəallıq göstərmədiyi üçün sürgünə filana da məhkum edilmir. Bizim fantast yazıçının qeydə alınacaq zəngin xronologiyası da yoxdur, real roman qəhrəmanları da yarada bilmir. O, qəhrəmanları ancaq xəyalında yarada bilər, onun ədəbi qəhrəmanları Əjdər Olun dili ilə desək,  "paralel planetlərdə yaşayan insanlarla dostluq edən, sevişən, keçmişə və gələcəyə gedib-gələ bilən, beyinə qoşulmalarla yuxularda istəklisiylə görüşən, xəyalında uşaq doğub böyüdən, su pərilərilə pıçıldaşan, divlərlə nəfəs-nəfəsə dayanan"  insanlardır.

Bu baxımdan Əjdər Olun heç də Qrossman qədər  "bəxti gətirmir". Amma o da peşəkarlıq edib öz qəhrəmanına Freydcəsinə yanaşır, həm də öz cəmiyyətini yaxşı tanıyır. Bəlkə də ona görədir ki, Əjdər Olun hekayəsində dərin bir sükut var, heç bir səs eşidilmir, kiçik bir qımıltı, xəfif bir ürpəndi belə hesabdandır. O, ətrafı rentgen kimi görür. Və yaxşı ki, belə görür. Yoxsa belə məharətlə işlənmiş tablo dünyasında alınmazdı. Ümumiyyətlə, mənə elə gəlir Əjdər Ol nə yazırsa-yazsın, sonunda bir portret yazı alınacaq.

Qrossmanın qəhrəmanı kimi Əjdər Olun qəhrəmanı da qərarsızdır. Bəzən hara gedəcəyini, taleyin yolunun harda olduğunu bilmir, idrak yolu ilə olmasa da, insan instinqinin təlqin etdiyi şəkildə özünü xilas etməyə çalışır, amma buna necə nail olur, bu, başqa məsələdir...

Dostoyevski insanın daxili sarsıntılarını o qədər məharətlə sərgiləyir ki, adama elə gəlir ki, bəlkə də yazıçı ətrafdakı adamların obrazını yaşayır və xilas olmaq, özünü tapmaq üçün bir dayaq nöqtəsi, yapışmaq üçün bir əl gəzir və özlüyündə deyəsən, bu əli tapır: onunçün ən şirnikdirici, ən rahat əl qumarxanalardakı "ruletka" oyunudur. Şöhrətli yazıçı qumara üz tutur və bu hal ötəri də olsa, yazıçının həyatında sarsıdıcı izlər buraxır.

Namiq Abdullayev də öz tənhalığından,  durmadan onu çək-çevirə salan, "vasvasılıq" edən "mən"indən qurtulmaq üçün içkiyə qurşanır. Xilas yolunu orda axtarır. Məhz bu içki onu daha da ətalətə sürükləyir.

Qrossman öz qəhrəmanının həyatına müdaxilə edir. Siyasi mübarizəsinə görə edam hökmüylə Semyonov meydanına gətirilən, Sibir katorqasında minbir əziyyət çəkən yazıçının düşüncəsində sonradan yaranmış təzadlar,  “ictimai-siyasi hadisələrdən kənara çəkilərək irticanı dəstəkləməsi" Qrossmanı təəssüfləndirir.  O, kədərlə yazıçının taleyi haqqında öz şəxsi hökmünü verir: "Bu, onun iztirablı həyatının bəlkə də ən böyük faciəsi idi".

Əjdər Ol da öz qəhrəmanını, daha doğrusu, qəhrəmanının tənhalığını gözdən qoymur. Müəllif öz yazar dostunun bu tənhalığın əlində qalmasına təəssüflənir: Yaşamağa yeri olmayan, yardıcılıq evində gecələyən Namiq Abdullayevə birotaqlı ev verirlər. Sən demə, ona yaşamaq üçün ev deyil, tənhalıqdan qurtarmaq üçün ən azından uzaqdan da olsa, tamaşa edə biləcəyi adam izdihamı lazımmış. Müəllif yana-yana qeyd edir ki, elə gözdən-könüldən uzaq olan bu ev yazıçı Namiq Abdullayevin axırına çıxdı.

Qrossmanın qəhrəmanının həyatında çoxlu qadınlar olub. Dostoyevski sevgiyə həmişə açıq olub, ehtiraslı duyğu seli onun həyatını təlatümlü edib. Ağrılı-acılı sevgi məcəralarının içərisində itib batan böyük yazıçı onu xilas edəcək qadını axtarır və sonda tapır. Anna Qriqoryevna adlı bir stenoqrafçı qadın xəstə və yoxsul Dostoyevskini xilas edir. Bu qadın onu göylərdən həyata endirir, ömrünü uzadır.

Namiq Abdullayev də qadınlara qarşı biganə olmayıb, sevdiyi, həsrətini çəkdiyi qadınlar olub. Az-çox ünsiyyət qurduğu qadınlar da yox deyil. Lakin sonda onu yerin dibindən çıxarıb xilas edəcək qadın tapılmayıb. Yoxsa, bəlkə də, hər şey başqa cür olardı, yazıçının həyatı başqa səmtə yönələrdi. Təbii ki, bütün hallarda Namiq Abdullayev Dostoyevski deyil, heç Dostoyevskinin özü də Namiq Abdullayev deyildi...

Və hər iki hekayənin sonu gün kimi aydındır: başqa cür yekunlaşa bilməz. Çünki necə olmasından asılı olmayaraq, günün sonunda günəş mütləq qürub edir...

 





12.01.2018    çap et  çap et