525.Az

Təzkirəçi alimin uğurlarının sorağında


 

Təzkirəçi alimin uğurlarının sorağında<b style="color:red"></b>

Bugünlərdə sosial şəbəkələrdə "ən gənc azərbaycanlı professor xanım" sərlövhəli informasiyalara rast gəldim: Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə çalışan Vüsalə Musalı 2017-ci ilin dekabr ayının 19-da Türkiyə Respublikası Yüksək Öyrətim Kurulunun qərarı ilə professor elmi adını alaraq, ən gənc azərbaycanlı qadın professorlardan biri olmuşdur.

 Vüsalə Musalı ilə ilk dəfə 2015-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" adlı beynəlxalq elmi konfransda tanış olmuşdum. O zaman öz maraqlı məruzəsi ilə konfrans iştirakçılarının diqqətini cəlb etmişdi. Həmin "ən gənc professor xanım" deyə təqdim olunan Vüsalə Musalının elmi fəaliyyətinə yenidən nəzər yetirdik.

O, Azərbaycan elmi mühitində yetişib, hal-hazırda Vətənimizi Türkiyədə təmsil edən tədqiqatçılardandır. Tədqiqatçı Osmanlı təzkirəçiliyi, Azərbaycan təzkirəçiliyi, Azərbaycandan Osmanlıya mühacirət edən ədiblərimizlə bağlı elmi araşdırmaları ilə tanınır.

Vüsalə Musalı 1981-ci ildə Xırdalan şəhərində doğulmuş, 1997-2004-cü illərdə Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almışdır. 2002-ci ildən etibarən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmalar şöbəsində fəaliyyətə başlamışdır. 2009-cu ildən isə həmin institutda Mətnlərin nəşrə hazırlanması şöbəsində elmi işçi olaraq çalışmışdır. "Türk təzkirəçiliyinin strukturu və spesifikası" adlı namizədlik dissertasiyasını AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda müdafiə etmiş (2006), daha sonra dosent (2012) elmi adını almışdır. Eyni zamanda, BDU-da pedaqoji fəaliyyətlə (2004-2014) göstərmiş, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının elmi katibi (2012-2014) olmuşdur.

Vüsalə Musalının indiyə kimi 5 kitabı və 90-dan artıq məqaləsi və məruzəsi nəşr olunmuşdur. 50-dən artıq beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış etmişdir. Azərbaycanlı alim Kastamonu Universitetində "Azərbaycan türkcəsi", "Azərbaycan ədəbiyyatı", "Əski Azərbaycan yazısı", "Türk-İslam ədəbiyyatı", "Klassik türk ədəbiyyatı", "Çağdaş türk ləhcələri və ədəbiyyatlarının elektronik qaynaqları", "Osmanlı türkcəsi" fənlərini tədris edir. Türkiyədə nəşr olunan "Osmanlı Mirası Araşdırmaları Dergisi", "Uluslararası Dil, Edebiyat ve Halkbilim Dergisi", "Gaziosmanpaşa Üniversitesi Sosyal Bilimler Dergisi", "Nevşehir Üniversitesi Sosyal Bilimler Dergisi", "Türkbilim" və s. beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

 2002-ci ildən bu günə qədər nəşr olunan monoqrafiya və kitablarına nəzər saldıqda görürük ki, onun əsas tədqiqat obyekti türk təzkirəçiliyidir. Əlyazmalar İnstitutu tərəfindən nəşr olunmuş "XV - XVII əsrlər türk təzkirəçiliyi" (2007) adlı monoqrafyasında Azərbaycan, Osmanlı və Orta Asiya coğrafiyasında qələmə alınmış təzkirələrin strukturu və spesifikası tədqiqata cəlb olunmuşdur. Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə çap olunmuş "Osmanlı təzkirələrində Azərbaycan şairləri" (2009) sərlövhəli monoqrafyası isə Osmanlı dövrlərinə müxtəlif səbəblərlə köçmüş Azərbaycan şairlərinin həyat və yaradıcılığını əhatə edir ki, bu da Osmanlı - Azərbaycan ədəbi əlaqələri və mühacirət ədəbiyyatımızın tarixi baxımından qiymətlidir. Kitabda bəhs olunan 58 Azərbaycan şairindən 27 nəfəri Azərbaycan ədəbiyyatı tarixində öyrənilməmişdir. Bunlara misal olaraq Bahar, Behcət, Bəhayi,  Cəlili, Dərviş Səfi, Ağqoyunlu Əbdi, Fateh, Feyzi, İzzi, Zühuri, Kamil, Qəribi, Məhəmməd Əmin, Məşrəbi, Nəbati, Rəmzi, Rüşdi, Sayi, Səburi, Vəfayi və b. şairlərin adlarını sadalamaq mümkündür. Müəllif tədqiqatını belə bir cümlə ilə yekunlaşdırır: "Osmanlı təzkirələri XV-XX əsrlərdə Türkiyəyə müxtəlif səbəblərlə mühacirət etmiş Azərbaycan ədəbiyyatı nümayəndələrinin həyat və yaradıcılığının, eləcə də Azərbaycan mühacirət ədəbiyyatının qeyd olunun bölümünü araşdırmaq üçün mühüm qaynaqlardandır".

Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə  nəşr olunmuş (2011) növbəti kitabı "Türk təzkirəçiliyi: biblioqrafiya" adlanır. Məlumdur ki, biblioqrafiyalar əhatə etdikləri sahənin sütunu hesab olunur. Sözügedən kitab türk təzkirələrinin dünyanın müxtəlif kitabxanalarındakı əlyazma nüsxələrinin təsvirini, təzkirələrlə bağlı kitab, elmi-tənqidi mətn, tədqiqat, məqalə, elektron kitabların biblioqrafik təsvirini əhatə edir. Bu məlumatlar vasitəsilə istənilən türk təzkirəsinin hansı kitabxanada mühafizə olunduğunu və ya nəşr olunub-olunmadığını öyrənmək mümkündür.

Tədqiqatçının uzun illərin araşdırmasının nəticəsi olaraq nəşr etdirdiyi "Azərbaycan təzkirəçilik tarixi" monoqrafiyası, həqiqətən də, Azərbaycan ədəbiyyatı tarixində böyük bir boşluğu doldurması baxımından diqqəti cəlb edir. Bu səbəbdən, adıçəkilən monoqrafya AMEA Rəyasət Heyətində 2012-ci il üzrə "İlin ən mühüm nəticəsi" kimi dəyərləndirilmişdir.

Azərbaycan ədəbiyyatı tarixinə baxdıqda Sam mirzə, Əhdi Bağdadi, Sadıq bəy Əfşar, Mir Möhsün Nəvvab, Məhəmmədağa Müctəhidzadə, Seyid Əzim Şirvaninin və bir neçə digər müəllifin tərtib etdiyi təzkirələrdən savayı çox sayda Azərbaycan təzkirəçisinin və onların təzkirələrinin diqqətdən kənarda qaldığı məlum olur. Bu baxımdan tədqiqatçının indiyədək araşdırılmamış Azərbaycan təzkirəçiliyini tədqiqata cəlb etməsi əhəmiyyətlidir. Azərbaycan təzkirəçiliyinin nəzəri baxımdan, eləcə də sistemli şəkildə tədqiqinə ciddi ehtyac var idi. V.Musalı, tədiqatının nəticəsi olaraq XVI əsrdən başlayaraq XXI əsrə qədər azərbaycanlı müəlliflər tərəfindən 46 təzkirə qələmə alındığını qeyd etmiş və bu təzkirəçilərin həyat və yaradıcılığını, təzkirələrinin məzmununu, strukturunu araşdırmışdır. Azərbaycan təzkirələrinin yazıldığı tarix və məkan haqqında məlumatı cədvəl vasitəsilə əyani şəkildə təqdim edərək təhlillər aparmışdır.

Monoqrafyada Azərbaycan təzkirələrinin təsnifatı aparılmışdır. Azərbaycanlı müəlliflərin təzkirələrini qələmə alındıqları dil, struktur, əhatə etdiyi dövr, yazıldığı zaman və coğrafiya üzrə təsnifləşdirmişdir. Azərbaycan təzkirələrinin nəzm və nəsr hissəsinin dili öyrənilmiş və bu əsərlər beş qrupa bölünərək dəyərləndirilmişdir.

 Azərbaycan təzkirələrinin strukturu təhlil edilərkən Azərbaycan müəlliflərinin təzkirələrdə haqlarında məlumat verdikləri şairləri təbəqə, əlifba, coğrafi, xronoloji prinsiplərə görə təqdim etdikləri məlum olmuşdur. Həmçinin, Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxşar xüsusiyyətləri tədqiq edilmişdir. Müəllifin fikrincə, Azərbaycan və Osmanlı təzkirələrinin tərtib şəklini araşdırdıqda məlum olur ki, hər iki sahənin təzkirəçiləri ilk mərhələdə Herat məktəbini örnək alsalar da, sonradan özünəməxsus şəkildə qələmə aldıqları əsərləri ortaya qoymuşlar. Azərbaycan təzkirəçiləri təbəqə tərtib şəklini uzun müddət əsərlərinə tətbiq etmişlər. Müəllifin "Azərbaycan təzkirəçilik tarixi" adlı monoqrafiyasında əldə etdiyi yeniliklər Azərbaycan ədəbiyyatı tarixinə daxil edilməli olduğu qənaətindəyik.

V.Musalının nəşr etdirdiyi məqalələrin və iştirak etdiyi beynəlxalq konfranslardakı məruzələrinin mətnlərini nəzərdən keçirdikdə onun hal-hazırkı elmi tədqiqat istiqamətinin Osmanlı təzkirələri əsasında Türkiyəyə köçmüş Azərbaycan şairlərinin həyat və yaradıcılığını işıqlandırmaq, Azərbaycan şair və alimlərinin Osmanlı sarayındakı yeri və rolunu, Osmanlı təzkirələrində Azərbaycan şairləri ilə bağlı ədəbi tənqidi öyrənmək, Osmanlı dövrü mətbuatında çıxış edən Azərbaycan ədiblərin fəaliyyətinə işıq salmaq, Osmanlı-Azərbaycan ədəbi əlaqələrinin açılmamış səhifələrini araşdırmaq olmuşdur. Alimin son illərdə nəşr olunmuş və elmi yeniliyi baxımından aktual olan məqalələri arasında "Osmanlı dövlətində qarabağlı ziyalı ailəsi - İshaqzadələr" (2017), "1920-ci illər Osmanlı mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri" (2017), "Osmanlı - Azərbaycan ədəbi əlaqələrinə dair bəzi dəyərləndirmlər" (2016), "Osmanlı təzkirəçilərinin gözü ilə XIX əsr Azərbaycan ədəbiyyatı" (2016), "Təzkirəçi və toplum" (2016), "Türk təzkirəçiliyinin araşdırılmamış səhifəsi" (2015), "Osmanlı təzkirələrində azərbaycanlı mühacirlər" (2015), "Təzkirəçilər xanədanı" (2015) və s. örnək göstərmək olar. Müasir dünya təcrübəsində bir tədqiqatçının elmi səviyyəsini ortaya qoyan əsas amillərdən biri də onun əsərlərinə olan istinadlardır. V.Musalının nəşr olunmuş kitab, məqalə və məruzələrinə Azərbaycanda, Türkiyədə və İranda bir sıra tədqiqatçılar tərəfindən istinadlar verilmişdir.

V.Musalı bir çox əsərlərin elmi redaktoru olmuşdur. Bundan başqa, məşhur Türk ədəbiyyatşünası Ord. Prof. İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabının 2013-cü ildə çap olunmuş Ankara nəşrinə ön söz yazmışdır.

V.Musalı elmi və pedaqoji fəaliyyətinə görə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin tərifnamələrinə layiq görülmüşdür.

Son olaraq Azərbaycan elmini Türkiyədə təmsil edən professor Vüsalə Musalıya bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, yeni-yeni kitab və məqalələrini, xoş sədalarını gözləyirik.

Almaz ÜLVİ
filologiya elmləri doktoru

 





12.01.2018    çap et  çap et