525.Az

“Media ilə səmərəli əməkdaşlıqda qarşılıqlı inam vacib şərtdir”


 

ELMAN BABAYEV: “2017-ci İL ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN BÜTÜN FƏALİYYƏT SAHƏLƏRİ ÜÇÜN UĞURLU OLUB”

“Media ilə səmərəli əməkdaşlıqda qarşılıqlı inam vacib şərtdir”<b style="color:red"></b>

Müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevdir. 

- İctimaiyyətlə əlaqələrin təşkili, aidiyyatı sahələrlə bağlı mətbuata informasiya açıqlığının təmin olunması hər bir qurumun fəaliyyətində mühüm yer tutur. Bu sahədə ötənilki fəaliyyətiniz barədə nə deyərdiniz?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətlə əlaqələrin açıq cəmiyyət prinsiplərinə uyğun səviyyədə və işlək müstəvidə, səmərəli təşkilinə, cəmiyyət qarşısında mütəmadi hesabatlılığın, məlumat açıqlığının təmin olunmasına xüsusi diqqət yetirilir. Nazirliyin bu sahəyə cavabdeh bir şöbəsi olaraq müvafiq fəaliyyət sahələrində görülən işlər və həyata keçirilən islahat tədbirləri barədə KİV vasitəsilə ictimaiyyətin mütəmadi məlumatlandırılması üçün media orqanları ilə qarşılıqlı fəaliyyət müstəvisində məqsədyönlü işlər aparırıq. Ötən il ərzində əhalinin əmək və sosial müdafiəsi üzrə həyata keçirilən tədbirlər barədə 400-dən çox məlumat hazırlanaraq media orqanlarına təqdim olunub. Bununla bərabər, 2017-ci ildə nazirlik tərəfindən təşkil edilən 100-dən artıq tədbirdə KİV nümayəndələrinin iştirakı təmin olunub, onlara tədbirlər barədə müvafiq informasiyalar verilib. Həmçinin, nazirliyin rəsmi şəxslərinin yazılı və elektron mediada aidiyyəti məsələlərlə əlaqədar məlumat xarakterli müsahibələrinin, çıxışlarının yayılması təmin edilib. Media nümayəndələrinin müraciətlərinə uyğun olaraq onların nazirliyin reabilitasiya və sosial xidmət müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmalarına, aidiyyəti üzrə məlumat əldə etmələrinə, müvafiq mövzularda mətbuatda reportajların dərc olunmasına şərait yaradılıb.

- Yəqin ki, fəaliyyətinizin bir istiqaməti də KİV-lərdə yayımlanan aidiyyatı məlumatların monitorinqinin aparılmasıdır. Bu sahədə işləriniz necə qurulub və monitorinqin nəticələri barədə nə deyərdiniz?

- Əlbəttə, həm kağız, həm elektron KİV-lərin mütəmadi monitorinqi həyata keçirilir. Məsələn, 2017-ci il ərzində şöbə tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı 80-dən çox KİV orqanı üzrə ardıcıl monitorinq aparılaraq nəticələri təhlil edilib. Bu sahədə işlər mətbuatla işin təşkilində xüsusi önəm təşkil edir. Yeri gəlmişkən bildirim ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sistem xarakterli uğurlu islahat tədbirləri həyata keçirilməklə, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə xidmətlərin elektronlaşdırılması və nəticədə, xidmət sektorlarında məmur-vətəndaş təmaslarının aradan qaldırılması və şəffaflığın yaradılması, xidmətlərin müvafiq qruplardan olan vətəndaşlar üçün əlçatanlığı təmin edilib.

Sosial müdafiə sisteminin gücləndirilməsi, o cümlədən, əhalinin sosial təminat imkanlarının artırılması, işləyən vətəndaşların sosial sığorta sistemində iştirakının stimullaşdırılması, sosial cəhətdən həssas qruplara yönələn aktiv tədbirlərin miqyasının genişləndirilməsi, aztəminatı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidin təmin olunması istiqamətlərində mühüm addımlar atılıb. Bu tədbirlər, habelə vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması sahəsində görülən işlər medianın nazirliyə maraq və diqqətinin xeyli artmasını, KİV-lərdə təmsil etdiyim qurumla bağlı müsbət məzmunlu materialların geniş yayılmasını şərtləndirib.

- Nazirliyə çoxmu jurnalist sorğuları ünvanlanır?

- Təbii ki, aparılan sistem xarakterli islahatlar, müvafiq fəaliyyət sektorlarında idarəetmə və xidmət mexanizmlərinin təkmilləşdirilməsi, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi yönündə görülən işlər, aktiv tədbirlərin miqyasının genişlənməsi və s. media tərəfindən də maraqla qarşılanır və bu, jurnalist sorğularının da artmasını şərtləndirir. Bizim gündəlik işimizin əsas bir istiqaməti ona yönəlib ki, nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı həmin sorğuları obyektiv və operativ şəkildə cavablandıraq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərə dair yazılı, şifahi-telefonla, elektron və bir sıra hallarda şəxsən edilən jurnalist sorğularının cavablandırılması sahəsində 2017-ci ildə şöbəmiz tərəfindən müvafiq işlər görülüb. Ümumilikdə, il ərzində şöbəyə təqribən 500-dən çox belə sorğu daxil olub. Hər bir sorğunun da obyektiv və operativ şəkildə, eyni zamanda, gecikmə halına yol verilmədən, qısa müddət ərzində cavablandırılması təmin edilib. Qeyd edim ki, KİV-lə səmərəli əməkdaşlıqda qarşılıqlı inam və etimad mühiti vacib şərtdir və biz bu prinsipi həmişə diqqətdə saxlayırıq.

- Nazirliyin rəsmi internet saytı ilə bağlı hansı işləri görürsünüz?

- İctimaiyyətlə əlaqələrin səmərəli təşkilində, cəmiyyətə informasiya açıqlığının təmin edilməsində nazirliyin rəsmi internet saytının əhəmiyyəti böyükdür. Şöbə tərəfindən saytın bütün bölmələrinin işləkliyi, bölmələr altında təqdim olunan materialların nazirliyin aidiyyəti şöbələrinin mütəxəssisləri ilə birgə mütəmadi şəkildə yenilənməsi diqqətdə saxlanılır. Bütün məlumat və press-relizlər nazirliyin “www.mlspp.gov.az” ünvanlı rəsmi internet səhifəsində yerləşdirilir, saytın mütəmadi olaraq yenilənməsi təmin edilir. Məsələn, 2017-ci ildə nazirliyin rəsmi internet səhifəsindəki “Xəbərlər” bölümündə 267, “Press-relizlər” bölümündə isə 138 məlumat təqdim olunub, həmin məlumat və press-relizlər ingilis dilinə tərcümə edilərək saytda yerləşdirilib.

Müvafiq kateqoriyalardan olan şəxslərin mənzil və minik avtomobilləri ilə təminatında növbəlilik siyahıları, həmçinin, bu təminat növləri ilə mənzil və minik avtomobilləri ilə təmin olunmuş vətəndaşların siyahıları, ünvanlı dövlət sosial yardımı alan ailələrin siyahıları, bütün sosial təminat növləri ilə bağlı qanunvericilik aktları və onlardan yararlanmaq üçün tələb olunan sənədlərin siyahıları, sosial sifarişlər üzrə keçirilən müsabiqə elanları, tenderlər, hər il üçün İstehsalat təqvimləri, İş vaxtı normaları və s. saytda təqdim olunur. Eləcə də saytın “Qanunvericilik” bölməsində əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə normativ-hüquqi aktlar, qanunlar, ölkə prezidentinin fərman və sərəncamları, qərar və qaydalar, təlimatlar və sair yerləşdirilib.

Saytda önəmli cəhətlərdən biri kimi, nazirliyin “Elektron hökumət” portalı üzərindən göstərdiyi bütün elektron xidmətlər ümumiləşdirilmiş şəkildə burada “E-Xidmətlər” bölümü altında və “Vətəndaşlar üçün xidmətlər”, “İşəgötürənlər üçün xidmətlər”, “Qeydiyyatsız xidmətlər” alt-bölümləri üzrə təqdim edilir.

Ötən ilin aprelindən nazirliyin təsisçiliyi ilə “Sosial Həyat” jurnalı da nəşr olunur. Ayda bir dəfə nəşr edilən jurnalda əsasən elmi-nəzəri və praktik məzmunlu materiallar dərc edilir, aidiyyatı mövzularda təhlillər aparılır, beynəlxalq təcrübəni əks etdirən yazılar təqdim olunur. Jurnalın hər bir nömrəsinin elektron versiyası nazirliyin rəsmi saytında da yerləşdirilir.

- İctimaiyyətin məlumatlandırılması işlərində sosial şəbəkələrdən də istifadə edirsinizmi?

- İndi bütün dünyada sosial şəbəkələr ictimai məlumatlandırmada, ictimai rəyin öyrənilməsində, ictimaiyyətlə sıx və çevik əlaqənin qurulmasında mühüm vasitə kimi qəbul olunur. Biz də öz iş təcrübəmizdə sosial şəbəkələrin imkanlarından məqsədyönlü şəkildə faydalanırıq. Nazirliyin sosial şəbəkələrdə olan səhifələri daim yenilənir. Fəaliyyət istiqamətləri üzrə məlumatlar, keçirilən tədbirlər barədə məlumatlar, foto və video materiallarla birlikdə mütəmadi olaraq bu səhifələrdə yerləşdirilir. Hazırda nazirliyin rəsmi “Facebook” səhifəsini izləyənlərin sayı 43 mindən çoxdur ki, bu da mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəricilərdən biridir. Həmin səhifə vasitəsilə vətəndaşların müraciətlərinin, onların müvafiq sahələrlə bağlı suallarının cavablandırılmasına da diqqət yetirilir və 2017-ci ildə nazirliyin rəsmi “Facebook” səhifəsi vasitəsilə 2259 müraciət cavablandırılıb. “Youtube” kanalında isə 2017-ci il ərzində nazirliyin tədbirləri ilə bağlı 100-ə yaxın videosüjet yerləşdirilib. Ötən il nazirliyin “İnstagram” səhifəsi də fəaliyyətə başlayıb. Həmçinin, nazirliyin “Twitter” hesabı da daimi yenilənir. Qeyd olunan sosial şəbəkələrə girişi daha da asanlaşdırmaq üçün nazirliyin rəsmi saytında onlara birbaşa keçid linkləri də yaradılıb.

- 2017-ci ilə nəzər salarkən əmək və sosial müdafiə sahələrində hansı uğurları qeyd edərdiniz?

- Bu gün ölkəmizdə aparılan sosial müdafiə siyasətinin əsas prinsipi sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin daha dolğun təminatına nail olunması, onların həyat səviyyəsinin yaxşılaşdırılması yönündə tədbirlər kompleksinin reallaşdırılmasıdır. Ötən il bu məqsədə yönələn ənənəvi sosial təminat proqramlarının icrası işləri normal qaydada həyata keçirilməklə bərabər, aztəminatlı ailələrlə bağlı passiv tədbirlərdən aktiv və təsirli tədbirlərə keçid, işsizlikdən sığorta sisteminin qurulması, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, sosial müdafiə əhəmiyyətli yeni müəssisələrin işə salınması istiqamətlərində, habelə beynəlxalq əməkdaşlıq müstəvisində mühüm addımların atılması və yeni nailiyyətlərin əldə olunması ilə yadda qalıb.

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə olunan mühüm makroiqtisadi nailiyyətlər əmək və məşğulluq sahəsində də mühüm irəliləyişlərin əldə olunmasına imkan verib. Respublikamızda bu sahələrdə aparılan məqsədyönlü işlər beynəlxalq səviyyədə də müsbət dəyərləndirilməklə, ölkəmizə olan beynəlxalq inam və etimadı daha da artırır. Bunun daha bir ifadəsi kimi, Azərbaycanın Beynəlxalq Əmək Təşkilatına üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq ötən ilin iyun ayında Beynəlxalq Əmək Təşkilatının rəhbər orqanında təmsil olunmaq hüququ qazanması 2017-ci ilin mühüm uğurları sırasındadır. Sözügedən qurumun rəhbər orqanında təmsil olunmaqla ölkəmiz həmin mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulu prosesində yaxından iştirak imkanına malik olub.

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə beynəlxalq reytinqinin də getdikcə artmasına şərait yaradıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunun əyani təsdiqidir. Digər tərəfdən, ötən il nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən “Çempion layihə” mükafatına layiq görülməsi, 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən qurum tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırması yadda qalan nailiyyətlərdəndir.

Dövlət başçısının müvafiq sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində ötən il nazirliyin təqdim etdiyi aktivlər hesabına 76 şəhər və rayon üzrə 1172 ailənin biznes-planlarına uyğun şəkildə və ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını yaratmalarına nail olunub. Yəni ölkəmizdə aktiv tədbirlər vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan ailə biznesinə çıxışına imkan verən özünüməşğulluq proqramının icrası sahəsində 2017-ci il ilkin uğurlu təcrübənin formalaşdığı bir il olub. Bu da təbii ki, həmin proqramın növbəti illərdə daha geniş miqyasda tətbiqinə əsas yaradıb.

Ötən il sosial müdafiə sahəsində mühüm addımlardan biri də iyunun 30-da “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunmasıdır. Bu qanun Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə təminat sisteminin təkmilləşməsinə şərait yaratmaqla, artıq bu ildən ölkədə İşsizlikdən Sığorta Fondunun formalaşmasına imkan verib. Belə bir fondun yaradılması bir tərəfdən sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiyasına xidmət etməklə, eyni zamanda sosial müdafiə siyasətinin aktiv məşğulluq tədbirləri, xüsusən özünüməşğulluq proqramı vasitəsilə daha da gücləndirilməsinə yönəlib. 2017-ci ildə sığorta-pensiya sistemində aparılan növbəti islahat tədbiri ilə tam sığorta əsaslı pensiya təminatı sisteminə keçilməsi və əhalinin layiqli pensiya təminatı imkanlarının artırılması da ötən ilin yaddaqalan uğurlarındandır. Beynəlxalq Valyuta Fondunun işçi heyətinin Azərbaycana səfərinin yekunlarına dair ötən ay açıqlanan bəyanatda ölkəmizdə yeni işsizlikdən sığorta fondunun formalaşdırılması, sığorta-pensiya sisteminin inkişafına yönələn növbəti islahat tədbiri, habelə sosial müdafiə siyasətində passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi mühüm nailiyyətlər kimi qeyd olunub.

Həmçinin, 2017-ci il sosial müdafiə əhəmiyyətli Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlaması, sosial xidmətlər sisteminin əhatə dairəsini yeni istiqamətlər üzrə genişlənməsi ilə yadda qalır. Bütün bunlarla yanaşı, ənənəvi istiqamətlərdə məqsədyönlü işlər aparılıb. Ötən il nazirlik tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub, nazirliyin məşğulluq orqanları tərəfindən 47,9 min nəfər şəxs münasib işlərlə, 1160 nəfər şəxs haqqı ödənilən ictimai işlərlə təmin olunub, 3560 nəfər üçün peşə hazırlığı kursları təşkil edilib. Nazirliyin reabilitasiya müəssisələri tərəfindən 2017-ci ildə 39,8 min nəfər əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə bərpa müalicəsi xidmətləri göstərilib, bu təbəqədən olanlara 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Sosial müdafiə sistemi vasitəsilə pensiya və bütün növ müavinətlərin, Azərbaycan prezidentinin təqaüdlərinin, ünvanlı sosial yardımların ödənişi işləri də normal qaydada davam etdirilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi, o cümlədən, məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdə, qeyri-büdcə sektorunun payına düşən daxilolmalarda artım tempi qeydə alınıb. Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir ki, təkcə ötən il bu xidmətlərə “Elektron hökumət” portalı vasitəsilə 9 milyon 341 min dəfə müraciət olunub. Bu göstərici ilə 2017-ci ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Elektron Hökumət” portalında xidmətlərinə ən çox müraciət edilən qurum olub və ötən il portala müraciətlərin 40 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə yönəlib. Ümumilikdə, 2017-ci il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət sahələri üçün uğurlu bir il kimi yadda qalıb.

Ceyhun ABASOV

 





13.01.2018    çap et  çap et