525.Az

Yusif üzlü kitablar


 

Yusif üzlü kitablar<b style="color:red"></b>

Biz tanış olanda 12 yaşımız vardı. Sinfimizə 1980-ci ilin payız tətilindən sonra gəlmişdi. İndi adama elə uzaq görünür ki 1980-ci il. Elə bil 38 yox, 3800 il keçib. İnsanın xəyal ölçülərində min il nədi ki... Bu gün kimi xatırlayıram indi Yer üzündən silinmiş o şəhəri, uşaqları dünyaya səpələnmiş o sinfi, o məktəbi. Xatirələrin ən duru yerində qalan 12 yaşlı Yusifi.

Dünən Yusif Rzayevin 50 yaşı tamam oldu. Bu uzaq eldə təbrik üçün əlim nəyəsə çatmadı. Şəhərimizin kitab dünyasına onun gözüylə baxdığım bu essedən savayı.

Yubileyin mübarək, Yusif!

7 Noyabr 1980-ci il Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümü kimi, həmin günün səhəri Rzayev Yusif Məmməd oğlunun (indi “525-ci qəzet”in baş redaktor müavinidi) Ağcabədinin Rəncbərlər kənd orta məktəbindən sinfimizə gəlişi də əlamətdar hadisə idi. İndinin gözüylə baxsaq, Yusifin gəlişi Oktyabr inqilabının missiyası ilə müqayisədə humanizm mücəssəməsiydi. Hər halda milyonlarla insanın taleyini alt-üst eləyən inqilabdan fərqli olaraq bu gəliş mənim həyatıma yeni rəng qatdı.

Sərt sifət cizgiləri, uca və yoğun səsi, oturuş-duruşu, xüsusilə qəribə ləhcəsi 1 nömrəli kimi “bərkgedən” şəhər məktəbi üçün çox qaba görünsə də, tezliklə mühitə öyrəşdi, uşaqlarla ayaqlaşdı, çox ağzıgöyçəyin ağzından vurdu, əlaçılar sırasına qoşuldu, istər sinifdə, istərsə də məktəbdə xüsusi qabiliyətiylə seçildi. Hərəkət və düşüncə sərbəstliyi, kəndli sadəliyi və səmimiyyətinə yaşından xeyli böyük şeirlər yazmaq istedadını da əlavə etsək, necə bir adamla dostlaşdığımı ta özün təsəvvür elə!

Məktəbin “bosman” ləqəbli direktor müavini Ənvər müəllim (Allah rəhmət eləsin, həqiqətən də məktəbin bosmanı idi) yaxşı oxuyan şagird kimi mənimlə dostluq eləməyi ona məsləhət görübmüş. Elə yolumuzun bir olması, qonşuluğumuz da dostluq tellərinin tez bağlanmasında vacib şərtlərdən oldu.

lll

Böyüklərimiz “Lenin yolu” adlı rayon qəzetinin şöbə müdiri Həsən Qəhrəmanovdan xahiş eləmişdilər ki, hərdən çağırıb şeirlərimizi dinləsin, məsləhətlərini versin. O da bizi məmnuniyyətlə qəbul edir, bəlağətli danışığı ilə maraqlı mövzular açır, şeirlərimizi dinləyir, fikirlərini söyləyirdi. Yusif bu işdə bir boy yuxarı idi. Həsən müəllim bunu nə qədər büruzə verməməyə çalışsa da, alınmırdı. Şeiri birinci Yusif deyirdi. Sonralar gəncliyin müxtəlif məqamlarında, illah da sevdalı anlarda dəfələrlə dadıma çatan, öz adıma çıxıb kimlərinsə ruhunu oxşadığım şeiri bir gör necə əzbərləmişəm, sən Allah:

Tamaşa qurtarır,
sonunda pərdə.
Kitab oxuyuram,
sonunda pərdə.
Pəncərənizin önündən
keçirəm hərdən,
Yenə də pərdə.
Necə dözüm bu dərdə?
Pərdə...
Pərdə...
Pərdə...

“Əla! Sən şairsən! Sən, əsl şairsən!” Həsən müəllimin fərəh dolu qışqırtısını qonşu otaqlarda da eşidirdilər yəqin. Ayağa qalxanda qəddi-qaməti otaqdakı kitab şkafını belə örtən bu əzəmətli kişinin sevinci uşaq çöhrəliydi...

Növbə mənə çatırdı:

Yandırın Nitsşenin fəlsəfəsini,
Külünü də tökün Hitlerin qəbrinə...

Arxasını unutduğum belə şeirlərə onun reaksiyası bir qayda olaraq bu cür olurdu: “Əla! Çox yaxşı! Sən şair olassan”. Həmin anlarda nələr eləməzdim ki, mənə də “Sən şairsən!” desin. Amma Həsən müəllim tərbiyə sahibi olmaqla bərabər həm də vicdanlı adamıydı.

Məni şeir yazmağa Yusif həvəsləndirirdi. Bəhsə düşüb əlləşirdim. Palan içi tökmək fikrim yoxdu, bir onu deyim ki, heca saymaqdan ovcumda dərin dırnaq izləri qalmışdı. Yusifin ovucu isə təmiz idi, izsiz-zadsız.

Nəysə, Həsən müəllimin məsləhətiylə Şamil Namazın Mədəniyyət Evindəki ədəbiyyat dərnəyinə yazıldıq. Dərnəyin ən cavan üzvləri biz idik. Yusif tezliklə dərnəkdə üstünlüyü ələ aldı. Hərənin şeirində bir qənbərqulu tapır və əsaslandıra bilirdi, odur ki, hamı onunla hesablaşır, müzakirələrdə onun fikirlərinə ciddi önəm verirdilər. Rayon qəzetində çıxan ilk şeiri məktəbdə onu məşhurlaşdırdığı kimi, bu hadisəyə həsr elədiyi bu şeir də dərnəyin stajlı üzvləri arasında onun nüfuzunu kəllə-çarxa çıxardı:

“Ürəyimi sıxsaydılar, söz tökülərdi,
Sanırdım ki, yazdıqlarım
tər çiçəkdilər.
İlk şeirim çıxan günü elə bilirdim,
Daha məni bütün
qızlar sevəcəkdilər”.

Tezliklə dərnəyin cavan şair və yazıçılarının sayı çoxaldı. İlk vaxtlar utancaq olan Gülablı balası Qulu Ağsəs tezliklə istedadını ortaya qoydu, beləliklə, gənclik yaşlı nəslə bab gəlməyə başladı. Qulunun şeirləri özünə oxşayırdı; sakit, həzin, çəkib uzaqlara aparan, düşünməyə məcbur eləyən. Onun pıçıltılı şeirləri əslində, bir orkestrin səsi boydaydı, canım üçün. Onun şairliyi bizim kimi bir baharlıq olmadı. O, hələ də şairdi.

lll

Kitablarla ilk tanışlığım atamınkılardan başlamışdı. Amma hələ məni “xəstələndirməmişdilər”. Viktor Hüqonun sovet ensiklopediyasına oxşayan üçcildlik “Səfillər”i atamın ən sevimli kitabı olmasına baxmayaraq, həcmiylə gözümü qorxutmuşdu. Atamın çoxsaylı təkidinə rəğmən bu kitabı oxumadım. (İlk təəssürat yalançı olsa belə, öz işini görmüşdü, indiyədək oxumamışdım. Bu yazı həvəsləndirdi, indi girişmişəm, həm də atamın ruhu şad olsun deyə...)

Kitablara baxışım Yusiflə dəyişdi. Onun gəlişi mənim musiqi dolu uşaqlıq dünyama kitablar da qatdı. Və beləcə şəhərin bütün kitabxanalarının, kitab mağazalarının qəniminə çevrildik.

Ağdamın kifayət qədər kitabsevəri vardı. Bir qrup ziyalılıq atributu hesab elədiyindən kitab alırdısa, böyük bir qisim bu kitabları oxuyurdu da (Az, ya çoxluğun dəxli yoxdu, mən Ağdamda kitabsız bir ev belə xatırlamıram). Qohum-əqrəba, qonum-qonşu arasında, çayxana və parklarda tez-tez müxtəlif kitabların söhbətinə düşərdin. Maraqlı kitab xəbəri “quş qripi” kimi tez yayılırdı. Orxan Kamalın “Yad qızı” bədii tozanaq qoparmışdı. Əlbəttə, bütün maraqlı kitabların ilk sahiblərindən biri də biz olurduq. Pulumuz olanda alır, olmayanda sadəcə, əl atıb “götürürdük”. Nə qədər qəribə olsa da, bunu ayıb saymırdıq. Ən çox ziyarət etdiyimiz yer məktəb yolunun üstündə, Lenin bağının girişindəki Tağı dayının kitab mağazasıydı. Rəhmətlik bir dəfə də olsun soruşmadı ki, bu qədər kitabı oxuyursunuzmu barı.

Çayxanaya ayaq açmağımız dünya çaplı yazıçılarla tanışlığımıza səbəb oldu. “Lenin yolu” qəzetinin müxbiri Salman Babayev (indi “Respublika” qəzetinin Qarabağ zonası üzrə müxbiridi) nətəhər ağızdolusu “Qabriel Qarsia Markes” deyirdisə, belə bir adamı tanımadığımıza görə xəcalət çəkirdik. Uşağı qabağına qoyub danlayan müəllim pozası alsa da, Salman bizi danlamırdı, əksinə, min kilometr bizdən aralı ölkələrdə yaşayan, yaxud yüz il qabaq kitablar yazmış neçə-neçə yazıçıdan elə həvəslə danışırdı ki, eşitsəydi, işi-peşəsi çay daşımaq olan Zaqqı (deyəsən, adı Zahid idi) da kitab oxumaq həvəsinə düşərdi (Yaxşı ki, Zaqqı, Salmana qulaq asmırdı, yoxsa əlinə kitab alıb oturacaqdı “Çay evi”nin üçüncü mərtəbəsində, camaata ya dəmi qaynamış, ya da soyumuş çay verəcəkdi. Külqabları da aşıb-daşacaqdı). Bəlkə də Salman heç özü də Markesi oxumamışdı o vaxt, eləcə adını eşitmişdi, amma bunun məsələyə dəxli yoxuydu. Əsas odu ki, biz ondan çox ad eşitdik və bu adların yazdıqlarını tapıb oxumağa çalışdıq.

lll

Bax belə!

Bunlar mənim kitablı Ağdam xatirələrimin kiçik bir hissəsidir. Böyük hissəsi isə ruha çevrilib Ağdamı tin-tin, küçə-küçə gəzir. Daha tini, küçəsi olmayan şəhəri... Evimizdəki yüzlərlə kitab səhifələrində oxuyub can verməyə vaxt eləmədiyim neçə-neçə qəhrəmanım boylana qaldı. Ermənilərin odladığı evdən yanan ruh kimi çıxdılar sonra. İndi onlar da xatirələrimin ruhuna qoşulub gecələr mənim ruhlar şəhərimin sakinlərinə şeir oxuyurlar...

Dünən axşam Vaqif Cəbrayılzadənin (Vaqif Bayatlı) şeirini deyirdilər, Yusifin sevimli şeirini:

“Qeybdən gələn səs kimi,
ölümqabağı gələn nəfəs kimi
gəldin ömrümə, zalım qızı,
çıx gecəyə oynayaq bu havaya,
sən şəhərin o başında,
mən şəhərin bu başında.
Gözəl gözdən gələn yaş kimi,
uğruna baş qoyulası savaş kimi
endin ömrümə, zalım qızı,
çıx gecəyə oynayaq bu havaya,
sən günlərin o başında,
mən günlərin bu başında,
illərcə səninlə oynayaq belə”...

 





13.01.2018    çap et  çap et