525.Az

“Leyli və Məcnun” operasının 110 illiyi qeyd olundu


 

“Leyli və Məcnun” operasının 110 illiyi qeyd olundu<b style="color:red"></b>

Dünən Üzeyir Hacıbəyovun ev muzeyində “Leyli və Məcnun” operasının 110 illiyilə bağlı tədbir keçirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri,  mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar muzeyin foyesində operanın 110 illik tarixini əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcov açıb. Bildirib ki, keçən 110 il heç də hədər getməyib: “Leyli və Məcnun” operası ilə Azərbaycanda musiqi mədəniyyətinin də əsası qoyulub. Bu opera təkcə Azərbaycanda deyil, o cümlədən, dünyanın əksər ölkələrində səhnələşdirilib. İnanıram ki, opera öz gözəllik və təravətini növbəti əsrlərdə də qoruyub saxlayacaq”.

Opera və Balet teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxışında Üzeyir Hacıbəyovun Azərbaycan musiqi tarixinin inkişafında oynadığı mühüm roldan və operanın əhəmiyyətindən danışaraq bildirib ki, bu opera ilə XX əsr çox böyük mədəni hadisə ilə başlayıb: “Üzeyir Hacıbəyovun bu operanı yazması ilə Azərbaycanda bir neçə mədəni məktəblərin əsası qoyulub. 110 ildir səhnədə olmasına baxmayaraq, bu gün də “Leyli və Məcnun” operasına böyük tələbat var. Dünyanın əksər ölkələrindən olan tamaşaçılar operanı izlədikdən sonra gözyaşlarını saxlaya bilmədiklərini söyləyirlər. Bu onu göstərir ki, opera hansı quruluşda olursa, olsun tamaşaçını öz təsiri altına ala bilir. Məhz sözügedən əsərin təsiri ilə insanlar ülviləşir, saflaşır, sevməyi bacarır. Çox sevindirici haldır ki, Ü.Hacıbəyovun bütün əsərlərini səhnələşdirmişəm. Bu əsərlər içərisində “Leyli və Məcnun”un xüsusi yeri var”.

Məşhur aktyor Əhməd Ağdamskinin oğlu Telman Ağdamski atasının üzləşdiyi çətinliklərdən söz açıb:  “Üzeyir Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildir. Şərq aləminin ilk operası olan “Leyli və Məcnun” operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi. Üzeyir bəyin anası Şirin xanımla nənəm Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. O illərdə atam tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını “Miri” yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür”.

Tədbirin sonunda qonaqlar Gülzar Fərəcova (Leyli), Orxan Hüseynli (Məcnun), Elnur İbrahimov və Rəcəb Əhmədovun ifasında “Leyli və Məcnun” operasından parçalara qulaq asıblar.

Xədicə RƏHMAN

 





13.01.2018    çap et  çap et