525.Az

“Bitməyən söz”ün sorağında


 

“Bitməyən söz”ün sorağında<b style="color:red"></b>

Ədəbi-bədii aləmdə, xüsusilə, ədəbi tənqid dünyasında söz deyənin kimliyi böyük önəm kəsb edir.
 
Ötəri qələm sahibləri ilə imzasını ədəbi ictimaiyyətin və bir sıra hallarda bütövlükdə cəmiyyətin tanıdığı, qəbul etdiyi, obyektivliyinə inandığı adamların sözünün çəkisi, yazısının siqləti fərqli olur. İkincilər - xüsusilə ədəbi tənqid nümayəndələri rast gəldikləri heç bir maraqlı əsərdən yan keçə bilmirlər. Xüsusən, əsər ümummilli marağa söykənirsə, janrından asılı olmayaraq sənətkarın, yazıçının, jurnalistin, alimin estetik idealı millətin taleyi ilə çuğlaşırsa, belə əsərlər ikincilər üçün vazkeçilməz olur. Onlar hər  hansı  bir ustad sənətkarın əsərindəki estetik idealı ədəbi tənqid kontekstində təhlil süzgəcindən keçirib bir daha oxucuya həmin əsərin qiymətini xatırlatmaq missiyasını gerçəkləşdirirlər.

Bizi bu fikirlər üzərində düşünməyə çağıran və bütövlükdə gəldiyimiz bu nəticəni özündə daşıyan bir kitab oldu: “Bitməyən söz”. Çox poetik bir sərlövhəyə  malik kitabın kontent-mahiyyəti də elə əsərin üzərindədir: “Sona Vəliyeva haqqında yazılanlar”. Sadə və aydın iki informativ gediş. Kitabın ikicə sətirlik annotasiyası var: “Kitab şairə, publisist, alim Sona Vəliyevanın həyat və yaradıcılığından, çoxşaxəli fəaliyyətindən bəhs edir. Nəşrdə dəyərli söz adamlarının təhlil yazıları, araşdırmaları, məqalələri, açıq məktubları toplanmışdır”. Bu yığcam təqdimatda bizim ən çox diqqətimizi çəkən “çoxşaxəli fəaliyyət” sözləri oldu. Sona xanım həqiqətən də “çoxşaxəli fəaliyyət” adamıdır. İlk növbədə, o, məzmun və mündəricəsi Vətən sevgisi ilə dolu bir poeziyanın, klassik ziyalılarımızı məhəbbətlə təqdim edən epik nəsrin, Ulu öndər Heydər Əliyevin irəli sürdüyü, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səviyyəsində elan etdiyi azərbaycançılıq ideologiyasının tədqiqatçısı kimi hər kəsə məlum yaradıcı ziyalıdır. Digər tərəfdən, bu çoxşaxəliliyə aid neçə-neçə fakt saymaq olar ki, onların da əksəriyyəti kitabda müxtəlif imzalı qələm adamları tərəfindən minnətdarlıqla dilə gətirilmişdir. Başqa sözlə, Sona xanımın polifonik ədəbi-bədii və ictimai-maarifçi fəaliyyətinin bütün istiqamətləri “Bitməyən söz”də öz ifadəsini tapmışdır.

Əvvəlcə sözügedən kitaba dair kiçik bir statistika: Təxminən 600 səhifəlik kitabda 9 bölmədə 108 məqalə toplanıb. Hər bir bölmə Sona xanımın son 10 ildə Azərbaycan, türk, fars, rus, ərəb və tatar dillərində işıq üzü görmüş 20-yə yaxın poeziya, nəsr, elmi və publisistik kitabından 9-nun adını daşıyır (“Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası”, “Çəhrayı rəngli dünyam”, “Arazbarı”, “Zaman xəbərsiz ötdü...”, “Türkün gəlişi”, “İşığa gedən yol”, “Bu dünya görüş yerimiz”, “Dünya Tanrı biçimdədir”) və həmin kitablar haqqında məqalə, təhlil, ön söz, esse, açıq məktub, araşdırma və resenziyaları, eləcə də Sona Vəliyevanın fəaliyyəti və yaradıcılığı haqqında ümumi məzmunlu yazıları bir araya gətirir...

Biz kitabın məzmununu təhlildən əvvəl bir daha imza məsələsinə qayıtmaq istərdik. Çünki imza hər şeydir. Şəxsiyyətinə, nüfuzuna, qələminə hörmət edən hər kəs, ilk növbədə, imzasını kənar təsirlərdən, qeyri-obyektivlikdən, bəsitlikdən... qorumağın qayğısına qalır. Biz bu nəşrdə Sona Vəliyevanın elmi, ədəbi-bədii, publisistik kitabları haqqında yazıların imzalarına diqqətlə baxırıq və bir daha qəti qərara gəlirik ki, həmin imzaların hər biri cəmiyyətdə qəbul olunmuş ciddi elmi və yaradıcı insanlara məxsusdur. Bu imzalar içərisində akademik Nizami Cəfərov, akademik Muxtar Kazımoğlu, AMEA-nın müxbir üzvü Kamran Əliyev, professor İzzət Rüstəmov, şairlər - Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, jurnalistlər - Elmira Axundova, Əflatun Amaşov, Azər Turan, Flora Xəlilzadə, Natiq Məmmədli, Qərənfil Dünyaminqızı, ədəbi-tənqid nümayəndələrindən - Vaqif Yusifli, Abid Tahirli, Əsəd Cahangir və digər neçə-neçə söz-sənət və elm adamının adı keçir. Maraqlı cəhətlərdən biri budur ki, yazılar çox zaman imza sahibinin öz elm və yaradıcılıq sahəsinə, tədqiqat obyektinə birbaşa uyğun olur. Yəni məsələn, Sona xanım Vəliyevanı bir tədqiqatçı, bir elm adamı kimi akademik Nizami Cəfərov təhlil edirsə, onun poeziyasını Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi kimi şairlər araşdırırsa, nəsrini - konkret desək, H.Zərdabiyə həsr olunmuş “İşığa gedən yol” romanını klassik maarifçi hərəkatına dərindən bələd olan alimlər - professor İzzət Rüstəmov, professor Kamran Əliyev, professor Vaqif  Yusifli, filologiya elmləri doktoru Abid Tahirli, görkəmli publisistlər - Elmira Axundova, Əflatun Amaşov və başqaları təhlilə cəlb etmişlər. Sona xanımın fəaliyyəti və bir çox istiqamətdən yaradıcılığı haqqında Türkiyə şair və nasiri Əhməd Urfalı, Misir publisisti və ədəbiyyatşünası Əhməd Sami Elaydi, tanınmış türkşünas Allahşükür Qurbanov, görkəmli jurnalistlərimiz Flora Xəlilzadə, Qərənfil Dünyaminqızı, Nəzakət, Zümrüd Bayramova maraqlı yazı və təhlillərlə çıxış etmişlər.

Azərbaycan elmi mühitinə və bütövlükdə geniş ictimaiyyətə yaxşı məlumdur ki, Sona Vəliyevanın tədqiqatları birbaşa azərbaycançılıq  ideologiyasının elmi-nəzəri planda araşdırılması ilə bağlıdır. Akademik Nizami Cəfərov tədqiqatçının bu istiqamətdəki yaradıcılığı ətrafında zaman-zaman bir sıra maraqlı təhlillər  aparmışdır. Akademikin bu kitaba daxil edilmiş “Azərbaycançılıq ideologiyasının tədqiqatçısı və təbliğatçısı” məqaləsi Sona Vəliyevanın bu sahədə gördüyü işlərin xülasəsi kimi ayrıca maraq doğurur. Oxucuların yaxşı yadındadır ki, N.Cəfərov hələ neçə il əvvəl Sona xanımın “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” kitabına ön söz yazmışdı. Bu da təsadüfi deyildi. Çünki akademik N.Cəfərovun öz elmi yaradıcılığında da azərbaycançılığın tədqiqi xeyli yer tutur. N.Cəfərov bu məqaləsində azərbaycançılığın dərin köklərini xatırladır, milli düşüncəmizə onun rəsmi bir ideologiya kimi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən gətirildiyini vurğulayır və belə bir dəqiq tezis irəli sürür ki “...azərbaycançılığın milli ideologiyaya çevrilməsi - bizim bir millət olaraq mövcudluğumuzun  ideoloji əsaslarını təşkil etməsi olduqca mürəkkəb, çoxşaxəli, çoxmərhələli bir prosesdir. Həmin prosesi öyrənmək, onun qaynar, ehtiraslı gedişini elmin (Azərbaycanşünaslığın) soyuq mühakimələri ilə təhlil etmək artıq dövrümüzün mədəni-intellektual tələbədir”. Və məqalə müəllifi Sona Vəliyevanın həmin tədqiqatının “azərbaycançılığın ideologiyaya çevrilməsinin” (Heydər Əliyevin  dövründə dövlət quruculuğu praktikası səviyyəsinə yüksəlməsinə qədər) tarixi  mənzərəsini təqdim edir. N.Cəfərovun Sona xanım haqqındakı “Azərbaycançılıq ideologiyasının tədqiqatçısı və təbliğatçısı” qənaəti dəqiq və sərrastdır. Belə ki, azərbaycançılığın milli ideologiya və ədəbi-estetik təlim kimi təşəkkül tapması və inkişaf yollarının araşdırılması, bu mürəkkəb ictimai-siyasi, mənəvi-psixoloji, tarixi-fəlsəfi prosesin elmi-nəzəri təhlili son dərəcə çətin və məsulliyətli bir işdir. Çünki uzun illər ərzində müxtəlif qadağalar, siyasi-ideoloji maneələr Azərbaycan xalqının gerçək soykökünü, milli-mənəvi dəyərlər sistemini öyrənməyə, qədim tarixə və zəngin mədəniyyətə malik və dünya bəşər sivilizasiyasının ayrılmaz hissəsi olan  bu etnosun öz halalca adını daşımasına imkan verməmiş, milləti milli ideya və ideologiyadan məhrum buraxmışdır. Bir çox dəyərli alimimiz kimi, S.Vəliyeva da sadaladığımız əngəllər nə qədər güclü olsa da, bu maneələri aşıb, gerçəkliyi Azərbaycan ictimaiyyətinə çatdıran elm xadimlərimizdən, yaradıcı ziyalılarımızdan biri olmuşdur. Cəsarətlə deyə bilərik ki, dövlətimizin və dövlətçiliyimizin milli-mənəvi və ictimai-siyasi atributu olan azərbaycançılıq ideologiyasının ədəbi-estetik fikirdə tədqiqi və öyrənilməsi, azərbaycanşünaslığın bir elm  sahəsinə çevrilməsi işində Sona xanımın xidmətləri danılmazdır. Çox müxtəlif tədqiqatlarda (müəllifin bu sahədə iki sanballı monoqrafiyası və elmi məqalələri nəşr edilmişdir) özünü göstərən bu xidmətin son nəticəsi fundamental bir elmi əsərin meydana çıxmasına təkan vermiş, S. Vəliyeva “Ədəbi-estetik fikirdə milli ideya təlimi-azərbaycançılıq: təşəkkülü və inkişaf yolu” mövzusunda öz yeniliyi ilə seçilən fəlsəfə doktorluğu dissertasiyasını elmi ictimaiyyətə təqdim etmişdir.

S.Vəliyevanın “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” monoqrafiyası müəllifin Azərbaycan sevgisindən doğan bir faktdır. Sona xanımın bütün əsərlərində - elmi tədqiqatlarından tutmuş poeziyası və nəsrinədək hər məqamda bu sevgi xüsusi vurğu ilə üzə çıxır. Məsələn, oxuculara  yaxşı məlumdur ki, Sona xanım ilk kitablarından olan “Çəhrayı rəngli dünyam”dan başlamış “Arazbarı”, “Dünya Tanrı biçimdədir” poeziya kitablarına və “İşığa gedən yol” fundamental  romanadək hər yerdə özünün Vətən sevgisini, vətəndaşlıq qayəsini, Qarabağ yanğısını ön plana çəkir. Yəqin ki, bu keyfiyyət həm də Sona xanımın Azərbaycana və xalqımıza dərin sevgi və təmənnasız şəfqət duyğuları ilə yaşamış klassik maarifçilərimizə dərindən bələdliyi və onlardan gələn Vətən məhəbbəti, eləcə də özünün maarifpərvər ziyalı və söz-sənət adamı (o, “Kaspi” qəzeti və Təhsil Mərkəzinin təsisçisi və rəhbəridir) olması ilə bağlıdır. Təsadüfi deyildir ki, çoxşaxəli yaradıcılığa malik bir ziyalının əsərlərini təhlilə çəkən bütün müəlliflər onun yaradıcılıqdakı Vətən və millət sevgisini, el-obaya, doğma torpağa məhəbbətini mütləq dilə gətirir. Sona xanımın “Çəhrayı rəngli dünyam” kitabı barədə kövrək bir resenziyanın müəllifi Fikrət Sadıq öz yazısının bir yerində deyir: “Buradakı şeirlər əsl qadın şeirləridir - Vətənlə öz doğma övladı ilə danışırmış kimi danışan şair üçün  bu parça-parça olmuş, didilmiş, incidilmiş Vətən, bu dağlar, dərələr, çaylar, dənizlər, çiçəklər, ağaclar onun balalarıdır”. Şairənin  “Ata evim” şeirindən bəhs edən Rüstəm Behrudi bu əsəri müəllifin kənddə qoyub gəldiyi ata evinin xiffətini yaşamının ən gözəl ifadəsi kimi qiymətləndirir. Bu kontekstdə də ata evi Vətən, doğma torpaq mahiyyəti kəsb edir.

Tanınmış tədqiqatçı-ədəbiyyatşünas, publisist və istedadlı naşir Azər Turan özünün tələbə yoldaşı Sona xanımın kövrək poziyasına dair “Adam ağac dilində...” sərlövhəli məqaləsində (bu, “Çəhrayı rəngli dünyam” kitabına yazılmış ön sözdür)  şairənin poetik duyğularından bəhs edərək yazır: “Sonanın duyğularında ikiyə bölünmüş Azərbaycanın taleyi və aqibəti özünə möhkəm yer edib. Yazarın milliyyətçi əhvalı Dərbənddən Şuşayacan... onun yaradıcılığında təsirli yer buraxıb:

Qəm çiçəklik, mən dəryayam,
Bütövlüyə tamarzıyam... 

Sona xanımın poeziyasındakı Qarabağ yanğısı elə bir yüksək mərtəbədədir ki, Qarabağ həsrətini içində daşıyan hər qarabağlı da bəzən ağrının bu mərtəbəsinə qalxa bilmir. Vətən və millət dərdinin ümumtürk kontekstində duyumu məsələsində həssaslığı ilə seçilən Azər Turan şeirlərinin birində “Haqq nuruyam, haqdan gəldim, dönüb Tanrıya yüksəldim” deyən şairənin Qarabağ müsibətinin ifadəsi olan onlarca şeirindən dörd misra gətirir:

Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə qardaş düşübdü. 

Şeirdən gələn dəqiq bir nəticədər ki, bu son sətirdən sonra adam “Şuşaya bayraq asan bir qardaşa” çevrilmək arzusunu və qeyrət qisasını yaşayır.

Sona xanımın bədii yaradıcılığında diqqəti çəkən məqamlardan bir də onun poetik sözə qarşı həssaslığı və ədəbiyyata bəslədiyi ciddi münasibətidir. Tanınmış ədəbiyyatşünas və folklorşünas-alim, ədəbi və poetik sözün siqlətini dərindən duyan akademik Muxtar Kazımoğlunun kitabda yer alan “Tənhalıq qıfılbəndi” adlı məqaləsində məhz bu məqam önə çəkilir. S.Vəliyevanın zəngin xalq yaradıcılığı və folklor xəzinəsindən qidalanan poeziyasının digər müsbət məziyyətləri ilə yanaşı, şairənin bədii sözə qarşı tələbkarlığı vurğulanır.

Kitabda toplanan yazıların tarixlərindən hiss olunur ki, Sona xanımın hər yeni kitabı bir ədəbi hadisə təsirilə poeziya duyğusu olan hər kəsin söz demək istəyinə çevrilir. Bu yazılar müxtəlif tipoloji xarakterə malik çox müxtəlif qəzet və jurnallarda işıq üzü görüb. Sona xanımın poetik yaradıcılığının mövzu palitrası rəngarəng olmaqla yanaşı, sağlam bünövrə üzərində inşa edilib. Ortaya elə bir möhtəşəm abidə çıxıb ki, onun bütün komponentləri biri-birilə həmahəngdir və kitabdakı məqalələr bir küll halında Sona xanımın poetik dünyası haqqında bütöv rəy yaratmağa imkan verir. Bu poeziyada Vətən sevgisi milli vətəndaşlıq mövqeyi ilə bir bütünlük təşkil edir. Torpaq itkisi, Qarabağ dərdi kişi qeyrəti, qadın isməti ilə tamamlanır. Həzin lirik duyğular elimizin adət-ənənələri ilə qoşa addımlayır. Miras alınan ana şəfqəti, ana əllərinin hərarəti varislərə ötürülən övlad və nəvə qayğısı ilə bütünləşir. Doğma kənd və ata ocağı həsrəti bütövlükdə kosmopolit şəhər mühitindən qaçıb, əsrarəngiz təbiət gözəlliklərinin çevrələdiyi yurda sığınmaq istəyi ilə birgə dilə gətirilir. Yaradıcı insanın, həssas şairənin hiss-həyəcanları, lirik duyğuları gündəlik mətbəx-məişət qayğılarının təzadları ilə qarşılaşdırılır. Nəhayət, dünyəvi məhəbbət və bəşəri eşq Uca Tanrı sevgisi ilə, ürfani sevgi ilə vəhdət təşkil edir.

Şair Əbülfət Mədətoğlu Sona xanımın “Yeddi il bundan öncə çap olunmuş “Çəhrayı rəngli dünyam” kitabı barəsində bu günün sözü”nü deyir. Əsl şeir, əsl sənət əsəri yeddi il bundan sonra da, yetmiş yeddi, yeddi yüz yetmiş yeddi il sonra da ağrıdacaqsa ağrıdacaq, sevdirəcəksə sevdirəcək. Amma Azərbaycanın itirilmiş torpaq dərdi, odlara qalanmış kəndlərin dərdi hələlik yandırıb yaxmaqdadır. Və Ə.Mədətoğlunun təhlilə çəkdiyi “Kimsə yoxdur ağı desin bu kəndə” şeiri bir qaçqın ürəyinin, bir köçkün qəlbinin yarasının ifadəsi kimi ümumilli dərdə çevrilir:

Ana köçüb, bacı köçüb bu kənddən,
Şərbət köçüb, acı köçüb bu kənddən.
Oğulların tacı köçüb bu kənddən,
Kimsə yoxdu ağı desin bu kəndə...

Sona xanımın polifonik yaradıcılıq dünyasına baxışlar çoxçeşidlidir, lakin həm də onun  yaradıcılığında elə mövzular və hadisələrə elə yanaşmalar var ki, bu istiqamətə münasibətdə yazı müəliflərinin əksəriyyəti öz fikirlərində eyni nəticəyə gəlir. Bunlar Vətən sevgisi, Qarabağ dərdi, milli-ənənəvi dəyərlər, maarifçilik missiyası, klassiklərə münasibət və s. kimi fundamental istiqamətlərdir. Bu istiqamətlər, bu mövzular isə Sona xanımın elmi tədqiqatlarından tutmuş, poeziya və publisistikasının, nəsrinin, bir sözlə, bütün yaradıcılığının əsas göstəriciləridir.

Bəzən Sona xanımın yaradıcılığına xas olan mövzular bu müəlliflərin yazılarındakı sərlövhədə özünü birbaşa göstərir. Tahirə Xəlilovanın “Çəhrayı rəngli dünyam”ın  vətənpərvərlik motivləri”, Əkbər Qoşalının “Arazbarı - bu bir vətənpərvərlik aktıdır”, Zakirə Quliyevanın “Qarabağ bağrımın qara səbridir”,  Cəmaləddin Həsənoğlunun “Vətəndaş mövqeli poeziya”, Zümrüd Bayramovanın “Milli köklərə bağlı ziyalı”, Elxan Zal Qaraxanlının “Kaspi” ənənələrinin davamçısı”, Əflatun Amaşovun “İşığa gedən yolun sönməz məşəli”, Rəhilə Qurbanlının “İşığa gedən yol”da Azərbaycan maarifçiliyinin tarixini oxudum”, Sabir Rüstəmxanlının “Qadın və vətəndaş ruhu” və s. məqalələrində Sona xanım elə sərlövhənin özündəcə vətəndaş-ziyalı, Vətən sevgisi yaşayan və yaşadan söz ustası kimi təqdim olunur.

Belə bir cəhəti də qeyd etməliyik ki, Sona xanımın kitabları ətrafında ədəbi tənqidin düşüncələri, təbii olaraq, mövzunun sanbalına çox bağlıdır. Bu mənada böyük maarifçi və böyük azərbaycançı, milli mətbuatımızın banisi H. Zərdabinin ömür yoluna həsr olunmuş “İşığa gedən yol” romanına dair yazılar öz siqləti və elmi təhlilləri ilə mövzuya layiq şəkildə qələmə alınıb.

Ədəbiyyatşünaslıq elmimizin görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü Kamran Əliyev tarixi roman janrı üzərində dayanaraq bu ədəbi formatın elmi mahiyyəti ətrafında yeni və maraqlı fikirlər irəli sürür, Azərbaycan yazıçılarının tarixi romanları içərisində “İşığa gedən yol”un yerini müəyyən edərək yazır: “...belə bir elmi həqiqət də var: tarixi romanda tarix romanı deyil, roman tarixi üstələməlidir. İstər dünya ədəbiyyatında, istərsə də milli bədii fikirdə uzunömürlü olan, oxucuların yaddaşına hopan, səhifələrindən tez-tez nümunələr gətirilən romanlar məhz bunlardır. Sona Vəliyevanın “İşığa gedən yol” əsəri romanın tarix üzərində qələbəsinin yeni və orijinal nümunəsidir”.

Tənqidçi Əsəd Cahangirin fikrincə, “romanın əsas, fundamental müəllif ideyası isə azərbaycançılıqdır və bu, təsadüfi olmayıb, S.Vəliyevanın indiyə qədərki bütün yaradıcılıq yolunun məntiqi-zəruri davamı, qanuni nəticəsi kimi meydana çıxır. Çünki onun istər elmi, istər publisistik, istərsə də poetik, yaradıcılığının alt qatında duran bir ana ideya var - azərbaycançılıq. Bu ideya S.Vəliyeva yaradıcılığının məhək daşı, təməl prinsipidir”. Mətbuat tariximizin, xüsusən mühacirət mətbuatımızın istedadlı tədqiqatçısı, filologiya elmləri doktoru Abid Tahirlinin fikrincə “...fədakar fəaliyyəti ilə həmişəyaşarlıq haqqını qazanmış Həsən bəy Zərdabinin ieyalarının müasirliyi, aktuallığı müstəqil Azərbaycanın bugünkü tələbləri ilə səsləşir və əsər, onun qəhrəmanı milli-mənəvi dəyərlərin daşıyıcısı, ötürücüsü təsiri bağışlayır. Başqa sözlə desək, romanda XIX əsrdə yaşamış qəhrəmanın həm də XX, XXI və daha sonrakı əsrlərdə yaşayacaq ədəbi siması canlandırılmışdır”.

Yeri gəlmişkən, Sona xanımın “Bitməyən söz” kitabının nəşrindən sonra da onun yaradıcılığı, o cümlədən, “İşığa gedən yol” romanı haqqında məqalələr yazılmaqda davam edir və bu da “sözün bitmədiyinə” bir daha şahidlik edir. Müasir Azərbaycan nəsrinin ustalarından olan Əlabbasın “Üç qalan roman” (buradakı “qalan” sözü “qalıcı”, “əbədiyaşar” mənasında işlədilib) adlı  məqaləsində Sona Vəliyevanın romanı “...həm də son illər Azərbaycan sənədli-bədii nəsrinin ən mükəmməl nümunəsi kimi” dəyərləndirilir: “Müəllif əsasən XIX əsrin ikinci yarısı, qismən isə XX əsrin əvvəllərində Azərbaycanın mədəni, ictimai və siyasi həyatında  baş verən təbəddülatları usta bir qələmlə təsvir edib. Bu, tək yurd sevgisi, vətən eşqi, övladlıq borcundan   doğan bir nəsnə yox, daha geniş anlamda azərbaycançılıq məfkurəsindən yaranan bir ideya... sözügedən məfkurənin  həm də ədəbi-estetik təlimi və örnəyidir”. Əlabbasın “Hənifə xanım obrazında Sona xanımın öz xarakter və xeyirxah əməllərinə uyğun oxşar məqamlar” tapması da, fikrimizcə, dəqiq qənaətdir.

Bunu xüsusi olaraq qeyd etmək istərdik ki, Sona xanımın elmi və bədii yaradıcılığı, maarifçilik və naşirlik fəaliyyəti yalnız paytaxt ədəbi ictimaiyyətinin marağı ilə məhdudlaşmır. Kitabda onun şeir və nəsr əsərlərinin təhlilinə Sona xanımın doğulduğu, orta məktəb təhsili aldığı və bir müddət müəllim işlədiyi Şərur və Naxçıvan torpaqlarında yaşayıb yaradan Xanəli Kərimli, İbrahim Yusifoğlu, Həsənəli Eyvazlı kimi tanınmış şair, ədəbiyyatşünas-alim və pedaqoqların da maraqlı təhlilləri yer alıb. Xanəli Kərimlinin “Bir nağıllı dünya” adlı  məqaləsində “şeirin, sözün aliliyi, insan qəlbinin intəhasızlığı, fikir və düşüncənin sonsuzluğu” məqamından hərəkətlə Sona xanımın “Arazbarı” kitabında toplanmış şeirləri təhlil edilir. Kitab “yolu həmişə açıq olan xeyirin, öz gücü, qüdrəti  ilə bağlı qapıları açan, sərhədləri yarıb keçən işığın daşıyıcısı” olaraq rəmzləşdirilir. X.Kərimli Sona Vəliyevanı zəngin ənənəsi olan Azərbaycan qadın şairləri içərisində seçilən, zərif və kövrək, məqamında bir o qədər də sərt və döyüşkən qələm adamı kimi səciyyələndirir. İ.Yusifoğlunun açıq məktubunda “Sona xanımın ədəbiyyata, poeziyaya, publisistikaya bu gün gəlmədiyi, bugünkü tanınmış şairənin, maarifçinin, publisistin, alimin arxasında uzun illərin gərgin zəhmətinin, oxuyub-öyrənmək inadkarlığının, doğma ocağına və xalqına güvənc və inam yeri ola bilmək əzmkarlığının dayandığı” qeyd edilir. H.Eyvazlının “Lal həsrətin qoynunda doğulan poeziya” adlı məqaləsində Sona xanımın doğma kənd istəyinin, el-oba sevgisinin, ata ocağı həsrətinin, anasız dünya nisgilinin Bakının səsli-küylü, haylı-haraylı aləmi içərisində itib-batmamasından doğan məsum təəccüb dilə gətirilir.

Məqaləni türkoloq-alim və publisist Allahşükür Qurbanovun kitabda yer alan S.Vəliyevanın elmi və bədii yaradıcılığına orijinal münasibətilə seçilən “Zamanla zəmanə haqqında dialoq” adlı məqaləsindən bir iqtibasla yekunlaşdırmaq istərdik: “...Sona Vəliyevanın yaradıcılıq fəaliyyətindən görünür ki, o, zamanla daima iç-içədir, zamanla qoşa addımlayır... Zaman onu qabaqlamaq istəyəndə Sona xanımın ictimai “mən”i zamana “dur” deyir... Bu məqamda şairə, yazıçı, publisist, alim Sona Vəliyevanın həm şəxsiyyət, həm də yaradıcı kimi keyfiyyətləri özünü göstərir. Zamanla mükalimədə onun vətən-millət yanğısı, dövlətçilik düşüncəsi, Qarabağ həsrəti, bölünmüşlük nisgili,  insan-təbiət sevgisi... milli-mənəvi dəyərlərə sədaqət duyğuları ön planda görünür”.

Bütün bunlar belə bir nəticəyə də gəlməyə imkan verir ki, müasir günlərimizdə ədəbiyyata, bədii sözə etinasızlıqla bağlı ədəbi mühitdə yaranmış narahat bir fikri indi ədəbi mühitin özü təkzib etməkdədir. Zəif, qrafoman əsərlərə münasibətdən doğan bu narahatlığı əsl sənət əsərlərinə göstərilən böyük maraq mütləq aradan qaldıracaq. Sona xanım Vəliyevanın polifonik yaradıcılıq dünyasına mətbu münasibət faktlarını özündə birləşdirən “Bitməyən söz” kitabı bu fikri indidən sübut etməkdədir.

Cahangir MƏMMƏDLİ
Əsgər RƏSULOV

 





15.01.2018    çap et  çap et