525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

XII əsrin ortalarında Yoruba prinsi Eveka, o, İfedə doğulmuşdu, Benin şəhər-dövlətini yaratdı. Beninə gəlib çıxmış bir holland səyyahı hökmdarın sarayını təsvir edəndə onun ölçülərini Niderlanddakı bütöv Xarlem şəhəri ilə müqayisə etmişdi.

Böyük fransız yazıçısı Onore de Balzak özünün “İnsan komediyası” adlı toplusunda yaratdığı üç min obrazla yanaşı,  Balanda adlı fransız dustaqxanası nəzarətçisinin başına gələn əhvalatı  da qeyd edir. Balanda çox qəddar adam idi, yeri gəldi-gəlmədi, dustaqları təhqir edir, döyür, ələ salırdı. O, məhbusların ləyaqətini tapdalamaqdan həzz alırdı və uzun müddət belə davrandığından, bir gün nəsə bir kəskin cavabla qarşılaşacağını nəzərə almırdı. Dustaqların ondan qorxması, çəkinməsi bu mərhəmətsiz adamda ən alçaq hissləri inkişaf etdirmişdi. O, nümayişkaranə şəkildə məhbuslardan qorxmadığını bildirirdi, axı onların hamısı onun hüdudsuz hakimiyyəti altında idi.

Cana doyan dustaqlar sözü bir yerə qoyub, bir dəfə onlar üçün horra bişirilən iri qazanın yanında dayanmışdılar. Yaxınlaşan Balanda onları söyərək, nəyə görə burada dayandıqlarını hirslə soruşduqda, dustaqlar onu əllərinə götürüb iri qaynar qazanın içinə atdılar. Nəzarətçinin bədəni əriyib horraya qarışdı və dustaqlar heç nə olmamış kimi, bu duru xörəyi iştahayla yeməyə başladılar. Axı onun iri inqrediyentlərindən biri onların qatı düşməni idi. O vaxtdan etibarən dustaqlar üçün məhbəsdə hazırlanan xörək “balanda” adlanmağa başladı. Bu söz dünyanın başqa dustaqlarına çatdı və indi də, azı iki əsr keçdikdən sonra hər kəs dustaqxana xörəyini başqa adla deyil, məhz qəddar fransız nəzarətçisinin “şərəfinə” “balanda” kimi tələffüz edir. “Balanda” sözü dustaqxana mühitinin beynəlxalq bir simvoluna çevrildi.

Hindistanda isə XIX əsrin ortalarınadək dəfn tonqalında onun dul qalan arvadını da yandırırdılar. Axı hindlilər əsasən ölülərini tonqalda yandırırlar. İmkanı olanlar isə ölü cəsədini Varanasidə (Beranesdə) tonqalda yandırıb, meyitin qalıqlarını Qanq çayına tökürlər. Bəzi böyük adamların cəsədinin külü Hindistan ərazisinə səpilir. Dul arvadların yandırılması - “sati” ritualı öz kökləri ilə allah Şivanın arvadı Sati haqqındakı qədim hind mifinə gedib çıxır. Bu eybəcər ənənəni ingilislər qadağan etdilər. 1833-cü ildə Uilyam Henri Kavendiş - Bentinka general-qubernator təyin edildikdən sonnra Hindistandakı Britaniya siyasətinin yeni mərhələsi başlandı. Qubernator Madrasda, Bombeydə və Benqaliyada qanunverici orqanı ələ keçirdi və geniş miqyaslı mərkəzləşmə siyasətinə start verdi. O, İngiltərəyə düşmən münasibəti bəsləyən hind dini sektalarına qarşı sərt mübarizə apardı. O, arzu olunmayan uşaqların öldürülməsi, ərinin dəfn tonqalında onun dul qalan arvadının yandırılması kimi eybəcər köhnə hind adətləri ilə barışmırdı. Ona görə də dul qadınların diri-diri dəfn tonqalında yandırılmasını qadağan etdi.

Bentikanın dövründə Avropa təhsil proqramları ilə işləyən ilk orta məktəblər açıldı. Britaniyalılar müxtəlif yollarla hindlilərin kifayət dərəcədə güclü Qərb meyilli təbəqəsini yaratmaq məqsədini güdürdülər və güman edirdilər ki, gələcəkdə onlar “dərisinin rənginə və damarlarında axan qana görə hindli kimi qalacaqlar, ancaq öz təfəkkürlərinə, hisslərinə və zövqlərinə görə ingilis olacaqlar”. Bu ideya əslində hindliləri ingilislərə çevirmək kimi ağılsız bir məqsədə əsaslanırdı. Fantastik xarakterli bu ideya həyata keçmədi. Hindli öz həyat tərzini müəyyən dərəcədə dəyişsə də, düşüncə tərzində millətinə xas olan xüsusiyyətləri əsasən qoruyub saxladı.  

Epiloq 

Tarix dənizinin sularına baş vurduqda, onun dərinliklərində yuva tapan, gizlənən hadisələri və adamları müşahidə edirik. Bu dənizin suyunun alt qatlarının müşahidəsi təbiətə məxsus olan nəhəng cənub su hövzələrində rəngbərəng balıqlar, digər canlılar dünyasının seyrinə dalmağa bənzəyir. Tarix ümmanlarında da heyranlıq obyektinə rast gəlmək mümkündür. Burada ağıla, könülə təsir edən hadisələr, öz istedadı və dühası ilə təkcə müasirlərindən deyil, hətta sonrakı əsrlərdə, minilliklərdə də yaşayanlardan ciddi surətdə fərqlənən şəxsiyyətlər diqqəti cəlb etməmiş qalmır.

Elmi tədqiqatlar müəyyən etmişdir ki, dünyada ən uca dağ zirvəsi dənizin sularının altında gizlənir, həmin dağ hətta Comolunqmadan da hündürdür. Əgər Sakit okean Havay adaları yaxınlığında belə möcüzəli geoloji süxura məkan rolunu oynayırsa, Tarix okeanı daha müəmmalı, sirli, sehrli mənzərələrlə doludur. Onların məzmun və mahiyyət ölçüsü bəzən uca zirvələrin hündürlüyünü də kölgədə qoya bilir. Bu okeanda mərcan təpələri isə təbiətin sərəncamında olan böyük sulardakından heç də az deyildir.

Tarix panoramasında biz göylərə baş vuran qartalları da, qorxaq pinqvinləri də, torpaqda sürünənləri də seyr edə bilirik. Müqayisəsiz istedada və igidliyə malik olanların mövcud olması ilə yanaşı, məkrliliyi və hiyləgərliliyi ilə bütün canlıları arxada qoya bilənlər istənilən dövrün sosial taxçasında tarakanlar kimi özlərinə yuva tapa bilirlər. Tarixin qəhrəmanının  parıltısı altında belə varlıqlar da diqqətdən kənarda qalmamalıdır. Ümumiyyətlə, tarixçi bütöv şahmat taxtasının üzərindəkiləri nəzərdən qaçırmamalıdır. Tarixçi kiməsə və nəyəsə qulluq göstərməkdən bütövlükdə azad olmalıdır, bu sərbəstlik ona istənilən hava şəraitində göyə baş vuran quşlar kimi öz qüvvəsinə inam yaradacaq, ağıl gözlərinin qüvvədən düşməsinə imkan verməyəcəkdir. Tarixi saxtalaşdırmağa girişənlər isə hansı məqsədi güdmələrindən asılı olmayaraq, elmə, həqiqətə xəyanət etmiş olurlar, onların sərəncamında olan böyük imkandan düzgün istifadə etmək kimi halal fəaliyyətdən yayınırlar.

Qədim Çində yarımqiymətli daş olan nefritdən hazırlanan əşyalar dəbə düşdükdə, saraya ayaq açdı. Sonralar nefritdən hazırlanan hər şeyə müqəddəslik simvolu kimi baxırdılar. Konfutsinin müsbət rəyi də nefritin müqəddəslik haləsini böyütdü. Tarixi şəxsiyyətləri də saxta, boğazdan yuxarı tərif hesabına əlçatmazlara çevirmək, onlara iri pyedestallar düzəltmək tarixi təhrif etməkdən başqa bir şey deyildir. Ona görə də tarixi bu və ya digər dərəcədə bəzəyənlərə münasibət vurğunluq, heyranlıq səviyyəsinə keçməməli, zaman və məkan fövqündə onlara real, obyektiv qiymət verilməsinə cəhd edilməlidir. Bu prinsip əsasında tarixi öyrənmək, keçmişin salnaməsinə maraq göstərmək bizim dünyagörüşümüzü genişləndirməklə yanaşı, həm də bizi xəbərdar etməklə  səhvlərdən çəkindirir. Seyr etdiyimiz adi bir mənzərəni qövsü-qüzehə çevirməməliyik, Xeyirə və Şərə düzgün qiymət verməklə ictimai həyatda naşılıq girdabına düşməkdən, onun girovuna çevrilməkdən qaçmalıyıq.

SON

 





15.01.2018    çap et  çap et