525.Az

Yaqub Mahmudov: "Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır"


 

Yaqub Mahmudov: "Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır"<b style="color:red"></b>

"Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır".
 
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb: "Yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Qadınlara kişilərlə bərabər seçki hüququ verilib. Ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı qəbul olunub, himni və gerbi hazırlanıb. Ana dili dövlət dili elan olunub. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk müasir universiteti təsis olunub, təhsil milliləşdirilib, tarixi adlar bərpa edilib. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlanıb, humanist və sülhsevər siyasət yürüdülüb".

Akademik qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir: "Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürüb. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində süqut edib. Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşadıb. Azadlıq mübarizəsini dayandırmayıb. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda - 1991-ci ildə yenidən bərpa olunub. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytarıb, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaradıb. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may tarixi ölkəmizdə Respublika günü kimi qeyd olunur".

Ölkə başçısının tapşırığı ilə Azərbaycan tarixinin yenidən yazıldığını bildirən Y.Mahmudov onu da qeyd edib ki, Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: "Dünyanın müxtəlif ölkələrindən cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən, ikicildlik ensiklopediya nəşr edilib".

Ceyhun ABASOV

 





16.01.2018    çap et  çap et