525.Az

ABŞ Dövlət Departamenti Ermənistana görə narahat olmalıdır


 

"BİRLƏŞMİŞ ŞTATLAR DOST SAYDIĞI ÖLKƏLƏRİ ÖZÜNDƏN UZAQLAŞDIRIR"

ABŞ Dövlət Departamenti Ermənistana görə narahat olmalıdır<b style="color:red"></b>

Son dövrlər mötəbər beynəlxalq tədbirlərə, o cümlədən, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" üzrə Azərbaycan Qran-prisinə uğurla ev sahibliyi edən Azərbaycanda turizmin inkişafına geniş zəmin yaranıb.

İctimai-siyasi sabitliyin təmin olunması, təhlükəsizliyin yüksək səviyyədə qorunması əcnəbi ölkə vətəndaşlarının Azərbaycana rahat şəkildə səfərlər etməsinə, asudə vaxtlarını xoş və səmərəli keçirməsinə gözəl imkan yaradır.

Təsadüfi deyil ki, bu illər ərzində Azərbaycana turist axını 24 faiz artıb, ölkəmizə gələn əcnəbi vətəndaşların sayı 2,7 milyon nəfəri ötüb. Eyni zamanda, sabitlik və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması beynəlxalq səviyyəli siyasi dialoqların aparılması üçün Azərbaycan, paytaxt Bakını unikal məkan kimi on sıralara daşıyıb. Bunun nəticəsidir ki, artıq üçüncü dəfədir NATO-Rusiya görüşünün ölkəmizdə keçirilməsi qərara alınıb. Bu, həm də beynəlxalq ictimaiyyətin, o cümlədən, böyük dövlətlərin Azərbaycana yüksək etibar və etimadının bariz sübutu kimi qiymətləndirilməlidir. Lakin adiçəkilən güc mərkəzlərinin Bakıda növbəti görüşünü keçirməyə hazırlaşdığı ərəfədə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsi təəccüb doğurmaya bilmir. Yerli ekspertlərin bir qrupu bunu Dövlət Departamentinin qərəzli mövqeyi, digərləri isə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğal, terror siyasəti ilə əlaqələndirirlər. Hər halda ABŞ Dövlət Departamentinin öz vətəndaşları üçün tövsiyə xarakteri daşıyan çağırışında Azərbaycanın adının bu cür hallanması xoş qarşılanan məsələ deyil. Əgər, bu qərəzli mövqe deyil, məhz işğalçı Ermənistanın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca təhdid olması ilə bağlıdırsa, o zaman nəyə görə Birləşmiş Ştatlar beynəlxalq birliyi bu ölkəyə qarşı ciddi tədbirlər görməyə çağırmır?

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Vaşinqton dostlarını sürətlə itirir: "Yəni Azərbaycan ABŞ vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? ABŞ-ın hansı vətəndaşı bu illərdə Azərbaycanda hansısa təhlükə ilə üzləşib?"

E.Şahinoğlunun sözlərinə görə, görünür, Amerikada hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların məmləkətimizə gəlməsi risklidir: "Ona qalsa, Ermənistan da İranın qonşusudur və iki dövlət arasında isti münasibətlər var. Bəs Ermənistanın adı niyə siyahıda yoxdur?"

Rusiya diplomatiyasının Dövlət Departamentinin Azərbaycanla bağlı xəbərdarlığından məharətlə istifadə etdiyini deyən politoloq bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Azərbaycanı tərifləyərək, bu ölkənin təhlükəsiz və turistlər üçün münasib məkan olduğunu vurğulayıb: "Bu da amerikalılarının axmaq siyasətinin nəticəsidir. Bu cür yanaşma ilə Amerika dost saydığı ölkələri də özündən uzaqlaşdırır. 2001-ci ilin sentyabrın 11-də terrorçular Amerikaya hücum etdilər, 3 min vətəndaş terrorun qurbanı oldu. Onda eyni məntiqlə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib deməliydi ki, bu müddətdə Azərbaycan vətəndaşlarının Amerikaya səfərləri məqbul deyil? Belə bir açıqlama Vaşinqtonun xoşuna gələrdimi? Və ya Amerikanın böyük şəhərlərində elə küçələr var ki, orda turistlərin təhlükəsizliyinə zəmanət verilmir. Özüm 1999-cu ildə bunun şəxsən şahidi olmuşam. Onda belə çıxır ki, turistlər Amerikaya getməməlidirlər?"

Mərkəz sədrinin fikrincə, yerli ictimai-siyasi fəallar Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının məhdudlaşdırılması məqsədilə okeanın o tayına boylanarkən, okeanın o tayı yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə daha çox fəallaşmasına şərait yaradır.

Qeyd edək ki, Azərbaycan amerikalı turistlərin təhlükəsizliyi baxımından risk daşıyan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib. Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb: Birinci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir; ikinci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun; üçüncü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin; dördüncü kateqoriya - bu ölkəyə səyahət etməyin.

ABŞ Dövlət Departamenti, həmçinin, münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə etməməyi tövsiyə edib.

Ceyhun ABASOV

 





16.01.2018    çap et  çap et