525.Az

Mustafa Çəmənli yeni kitabını imzaladı


 

Mustafa Çəmənli yeni kitabını imzaladı<b style="color:red"></b>

Bugünlərdə "XAN" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasından növbəti kitab çıxıb.

Yazıçı, publisist və naşir Mustafa Çəmənlinin xatirələrindən ibarət "Ürəyimdən kimlər keçdi" "XAN xatirə ədəbiyyatı" silsiləsinin sayca 37-ci kitabıdır.

Kitabın təqdimatı və imza günü yanvarın 13-də "Kitabevim.az" mağazasında keçirilib. Tədbirdə tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

Kitabın naşiri yazıçı Müşfiq Xan çıxış edərək Mustafa Çəmənlinin həyat və yaradıcılığından söz açıb, onun müasir Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən yazıçılardan olduğunu vurğulayıb. Bildirib ki, indiyədək 30-dan çox kitabın müəllifi olan Mustafa Çəmənlinin bu kitabında "Nəşriyyatlarda keçən ömrüm" və "Ürəyimdən kimlər keçdi" adlı sərlövhələr altında yazıçının nəşriyyatda işlədiyi vaxtlarda müxtəlif sənət adamları ilə görüşləri təsvir olunub, onlar haqda maraqlı xatirələri toplanıb. Naşir qeyd edib ki, oxucular üçün son dərəcə maraqlı xatirələrin yer aldığı bu kitab həm də onların müəllifin şəxsiyyəti və aid olduğu ədəbi mühit haqqında geniş təsəvvürlər qazanmaqlarına yardımçı olacaq.

Şair Ramiz Məmmədzadə yazıçı ilə tanışlığından söz açıb, onun zəngin yaradıcılığının hər zaman layiq olduğu dəyəri gördüyünü qeyd edib. Şair Mustafa Çəmənlinin əsərlərində adi həyat motivlərini, gündəlik qarşılaşdığımız hadisələri fərqli və maraqlı üslubda qələmə aldığını, bu adiliklər içərisində oxucunu təəccübləndirməyi bacardığını deyib. O qeyd edib ki, buna yazıçının yüksək müşahidə qabiliyyəti, zəngin dünyagörüşü, qələm təcrübəsi, həyatı dərk etmək bacarığı, cilalanmış istedadı, müdrikliyi imkan verib.

Yazıçı və dramaturq Əli Əmirli, tərcüməçi İlqar Əlfi və başqaları çıxış edərək müəllifin yeni işıq üzü görmüş kitabı haqqında düşüncələrini bölüşüb, ədəbi mühitdəki fəaliyyətindən, zəhmətsevərliyindən danışıblar.

Sonda çıxış edən müəllif kitabın çapında əməyi olan hər kəsə, çıxışçılara və tədbir iştirakçılarına öz təşəkkürün bildirib, qonaqlar üçün kitablarını imzalayıb.

Şahanə MÜŞFİQ

 





16.01.2018    çap et  çap et