525.Az

Millətin qürur ünvanı - Şəhidlər


 

Millətin qürur ünvanı - <b style="color:red">Şəhidlər</b>

Şəhid - bəşəriyyətin qarşısında baş əydiyi yenilməz bir varlıq! Onlar ruhən hər zaman bizimlə birgədirlər. 

Qəlbimizdə onlar üçün ayırdığımız geniş yuvada yaşadırıq şəhidləri. Qəlbinin incə telləri şəhid adıyla toxunan o körpələrin simasındakı gülüşə səbəbdir onlar. Milyonlarla insanın vətən torpağında qürurla yeriməsinə təminatçıdır şəhidlər. Dünya ictimaiyyəti qarşısında fəxrlə mənim vətənim və yenilməz şəhidlərim var deməyimizə səbəbdir onlar. Əgər ayaqlarımızın altındakı hər zərrə torpaq şəhid qanıyla suvarılıbsa, o zaman bar verməzmi bu torpaq? Əlbəttə ki, verəcək. Vaxtilə şəhid qanı ilə suvarılan bu torpaq azadlıq bəhrəsini verdi bizə.

Həyat sanki bir kitabdır. Vaxt keçdikcə günlər səhifələnir və hər ötən gün keçmişdə qalaraq tarixə çevrilir.

Keçmişimizdə qanla yazılmış o qara hərflər film olub, gözümüzün önündə canlanır. Səslər qulağımızda duyulur. Həmin filmin amansız rejissorları insan hisslərinə meydan oxudular. Buna misal yaddaşlarda qanla yazılan 20 Yanvar gecəsidir. Tarix kitabının solmuş vərəqlərində insan fəryadına bürünmüş, min bir sirlə yatan 20 Yanvar gecəsi. İnsanların yaşadığı, lakin insanlığın öldüyü o gün. Məsum Azərbaycan insanının "nə edirsiniz, insan insana atəş açarmı?" - deyə bağırdığı o gün. Amma elə o insanlar oldu öz qanında boğulanlar. Xeyr, onlar ölmədilər. Sadəcə əbədi olaraq yanımızdan getdilər. Bu üçrəngli bayraq altındakı müqəddəs torpağı bizə bağışlayıb getdilər. Zaman onlara yox, onlar zamana meydan oxudular. Ürəklərə kədərlə, dərdlə həkk olan 20 Yanvar gecəsi, eyni zamanda, ən şanlı günlərimizdən birinə çevrildi. Çünki gözlərində qorxu gizlənmiş insanlar əllərini qəlbinin üstünə qoyaraq, qürurla "şəhidim var" dedilər. Elə o şəhidlər ayıltdı milləti. Qalx! Yetər! Yatma! Aç gözlərini, ətrafına bax! Qəlbizimdəki qorxu hissini dağıtdı, yerlə yeksan etdi şəhidlər. "Nə qədər ki, sağam, nə qədər ki, bu ruh bu bədəndədir, torpağıma, xalqıma zərrə qədər də zərər verə bilməyəcəksən" dedilər.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 20 Yanvar şəhidlərinin qəhrəmanlığını yüksək qiymətləndirdi, onların xatirəsini hər zaman əziz tutdu. Prezident İlham Əliyev də ulu öndərin yolunu davam etdirərək, 20 Yanvar şəhidlərinin xatirəsinə böyük ehtiramla yanaşır. Azərbaycanda və dünyanın hər yerində yaşayan soydaşlarımız da 20 yanvar şəhidlərini unutmur, onların qəhrəmanlığını layiqincə dəyərləndirirlər. Bütün bunlar bir daha ondan xəbər verir ki,  şəhidlər ölməzdir, onların amalları uca, xatirəsi əzizdir.
 
Harayın ayıltdı məmləkətini,
Sabaha səslədin sən millətini,
Göstərdin dünyaya dəyanətini,
Qürur yerimizsən hər an, Şəhidim!

Nur olub yayıldın yollarımıza,
Sonsuz qüvvət gəldi qollarımıza,
O qış gecəsindən baharımıza
Sən oldun bir körpü quran, Şəhidim!

Türkan HÜSƏNQIZI
72 saylı liseyin 9A sinif şagirdi

 





19.01.2018    çap et  çap et