525.Az

Mirzə Şəfi irsinə gürcü ehtiramı


 

Mirzə Şəfi irsinə gürcü ehtiramı<b style="color:red"></b>

1840-cı ildə Gəncədən Tiflisə gələn görkəmli şairimiz, mütəfəkkir və maarifçi Mirzə Şəfi Vazeh buranın qaynar həyat burulğanına düşüb. Şair Tiflisə gələndə artıq onun sevimli tələbəsi M.F.Axundov alim, şair və tarixçi A.Bakıxanov və başqalarının şəhərin ədəbi-bədii-mədəni ictimaiyyəti arasında böyük nüfuzu, hörməti vardı. Dostlarından qayğı və canıyananlıq görən Mirzə Şəfi, əlbəttə, bu cərəyandan, prosesdən, bu axından kənarda qala bilməzdi. Odur ki, şair Gəncədə təşkil etdiyi “Divani-hikmət” ədəbi məclisinin işini davam etdirir və çox keçməmiş, alman səyyahı, sonralar Almaniyada tərcüməçi, alim, şair kimi məhşurlaşmış Fridrix Martin fon Bodenştedt bu məclisin ən fəal üzvlərindən biri olur. Mirzə Şəfidən Azərbaycan dilini, Şərq hikmətlərini öyrənir.

Şairin yenidən Tiflisə qayıtması və məhz burada əbədiyyətə qovuşması bəlkə də taleyin hökmü idi, çünki şair bu qədim və beynəlmiləl şəhəri ürəkdən sevirdi, onun gözəlliyinə, füsunkar təbiətinə, gürcü gözəllərinə, gürcü xalqının mərdlik və mübarizliyinə səmimi şeirlər həsr etmişdi.

Bu lirik şairin zəngin yaradıcılığı hələ ötən əsrdə gürcü ədəbi ictimaiyyətinin diqqətini çəkib – İlya Çavçavadzenin redaktor olduğu “İveriya” qəzetində onun aforizmləri  verilib. Ancaq Mirzə Şəfinin şeirləri, demək olar ki, yalnız ötən əsrin 60-cı illərində gürcü dilinə tərcümə olunaraq nəşr edilib. Bu nəcib addımın ilk təşəbbüskarı görkəmli gürcü şair və tərcüməçisi Akaki Gelovanidir. Yeri gəlmişkən onu da qeyd edək ki, A.Gelovani həm də Azərbaycan aforizmlərini, eləcə də Nizami Gəncəvinin, M.P.Vaqifin, O. Sarıvəllinin əsərlərini gürcü dilinə məhəbbətlə çevirib.

Azərbaycan dilini gözəl bilən Akaki Gelovani F. Bodenştedtin “Şərqdə min bir gün” kitabını, habelə Mirzə Şəfinin 114 şeir-nəğməsini gürcü dilinə çevirib və geniş ön söz yazıb. Bunlar 1965-ci ildə Tbilisinin “Sabçota Sokartvelo” (“Sovet Gürgüstanı”) nəşriyyatında çap edilib. Kitaba yazılmış önsözü, tərəddüd etmədən, Mirzə Şəfi haqqında maraqlı tədqiqat əsəri adlandırmaq olar. Şair, tərcüməçi kitaba daxil edilən şeirlərin qısa şərhi ilə kifayətlənməyib, “Mirzə Şəfi nəğmələri”ndə  toplanmış şeirlərin müəllifinin kimliyi barədə gürcü oxucularına obyektiv məlumat verib. A.Gelovani müdrik Azərbaycan şairinin gürcü oxucularına şirin söhbətcil adam, geniş qəlbli insan, xəttat, lirik şair, bülbül təki cəh-cəh vuran nəğməkar, yüksək əl qabiliyyəti olan şəxs kimi təqdim edir. F.Bodenştedtin Tiflisə gəlməsini və Mirzə Şəfini özünə müəllim tutmasını səmimiyyətlə təsvir edərək yazır: “Mirzə Şəfi bir çox ibrətamiz hadisələr danışır, Hafizin, Füzulinin, Xəyyamın şeirlərini, nəğmələrini, öz nəğmələrini oxuyurdu. Onun şeirləri qoşa qanada çevrilərək hər ikisini bütün Avropada dolandırdı. Bodenştedt isə öz müəllimini layiq olduğu zirvəyə qaldıran tramplin rolunu oynadı”.

Şair–tərcüməçi “Şərqdə min bir gün” kitabında verilmiş nəğmələrin kimə məxsus olduğu barədə qəti fikir yürüdərək yazır: “Nəhayət, Mirzə Şəfi kim idi? “Min bir gün”ün bu baş qəhrəmanı – nağıl dumanına bürünmüş həm sağlığında, həm də ölümündən sonra həyatın min bir əzab-əziyyətinə məruz qalmış o müdrik insan böyük Azərbaycan şairi, müəllimi, xəttatı, maarifçisi, real şəxsiyyət olan Mirzə Şəfi Vazehdir...” F. Bodenştedtin nəğmələrə sahib çıxmaq cəhdini gülünc hadisə adlandıran şair–tərcüməçi daha sonra yazır: “Təbiidir ki, bu kitabda gürcülərin dostu, böyük Azərbaycan şairi və maarifçisi Mirzə Şəfiyə daha geniş yer veririk, çünki şairin həyat və yaradıcılığının böyük, ən məhsuldar hissəsi Tiflisdə keçmiş və o, öz yaradıcılığını bizim gerçəkliklə bağlamışdır”...

Akaki Gelovaninin önsözündə müəlliflik barədəki mübahisələrə ehtiyatla yanaşılır. Azərbaycan ədəbiyyatşünaslarının bəzən birtərəfli tendensiyalı nəticələrinə incə şəkildə irad tutulur. Tədqiqatçının çox haqlı olaraq gəldiyi obyektiv nəticə belədir: “Əgər Bodenştedt öz ad-sanı üçün Mirzə Şəfiyə borcludursa, Mirzə Şəfi də  qazandığı ad-san üçün Bodenştedtə minnətdar olmalıdır. Xilas etməkdən, məharətlə çevirməkdən, Avropa nəşriyyatlarına, ensiklopediyalarına təqdim etməkdən başqa, Bodenştedt şairin həm də ən yüksək şöhrətə layiq olanların belə çata bilmədiyi bir zirvəyə ucaltmışdır”.

A.Gelovaninin kitaba yazdığı önsözə bu  ibrətamiz cümlələrlə başlaması təsadüfi deyil: “Kitabların və müəlliflərin öz taleləri var. Əziz oxucu bu kitabda rast gələcəyin şeirlər artıq bundan yüz ildən çox əvvəl Avropanın onlarca dilinə tərcümə olunmuş, Almaniyada isə təqribən iki yüz dəfə nəşr edilmişdir ki, bu da kitab tarixində nadir hadisədir”. Bu sətirlər Tiflisi böyük məhəbbətlə sevən Azərbaycan şairinə qardaş xalqın layiqli ehtiramının parlaq ifadəsidir.

Mirzə Şəfinin həyat və yaradıcılıq illərini diqqətlə izləyən A.Gelovani M.Ş.Vazehin müasiri, gürcü romantik poeziyasının bayraqdarı, lirik şair N.Barataşvilinin həyat və yaradıcılığı arasında oxşar cəhətlər, paralellər olduğunu müşahidə edib, onların uğursuz taleyinə qəlbən acıyıb. Qəribədir, lakin məlum həqiqətdir: sağlığında həm Mirzə Şəfi, həm də N.Barataşvili mənsub olduqları xalqların lazımi hörmətini, ümumi rəğbətini qazana bilməyib. Barataşvili 1845-ci ildə Gəncəyə gedib, orada vəfat edib, qədim şəhərdə dəfn olunub. Mirzə Şəfi isə ondan bir neçə il əvvəl Gəncədən Tiflisə gedib, yenidən Gəncəyə qayıdıb və bir daha Tiflisə üz tutaraq orada da əbədiyyətə qovuşub. A.Gelovani təəssüflə yazır: “Görünür, Mirzə Şəfi Tiflisin yüksək kübar cəmiyyətində az tanınırmış, yoxsa Barataşvili onun haqqında hökmən məlumat verərdi...”

Şair-tərcüməçi A.Gelovani yalnız Mirzə Şəfi nəğmələrinin hədsiz şöhrət qazanması səbəblərini araşdırıb şərh etməklə kifayətlənməyib, həmçinin müdrik şairin hikmətli sözlərini də gürcü dilinə çevirib.

Kitabda Mirzə Şəfinin şeirləri “Mirzə Şəfinin yüz bir şeiri” başlığı altında verilsə də, şairin bu sətirlərin müəllifinə bağışladığı nüsxədə öz əli ilə yazdığı 114 şeirin çap olunduğu qeyd edilib. Doğrudan da kitaba M.Ş. Vazehin tərcümə edilmiş 114 şeir-nəğməsi daxildir. Tərcümələrin dili rəvan, fikirlər dolğun, poetik keyfiyyəti yüksəkdir. Müdrik kəlamların poetik ifadəsi orijinal təsiri bağışlayır. Görünür şeirlərin ruhunun yaxınlığı, doğmalığı şairə bu şirin nəğmələri alman dilindən kamil çevirməyə imkan verib. Bu qanadlı sətirlərin gürcü dilində poetik səslənməsi üçüm şair-tərcüməçi gərgin əmək sərf edib.

Gürcüstanda Mirzə Şəfi yaradıcılığına diqqət sonrakı illərdə azalmayıb. Məsələn, 1982-ci dekabrın 16-da “Tbilisi” axşam qəzeti “Xalqların Lenin dostluğu bayrağı altında” rubrikası ilə “Tbilisini mədh etmişdir” sərlövhəli redaksiya məqaləsi verib. Məqalədə məhz Mirzə Şəfinin yuxarıda haqqında söhbət açılan şeirləri barədə qısa məlumat verilir və şairin şeir çələnginin ətrindən, ömrünün son illərini Tiflisdə yaşayaraq bu qədim şəhərə, Gürcüstana şeirlər həsr etdiyindən danışılır.

Məqalədə oxuyuruq: “Gürcü oxucularına Mirzə Şəfinin yaradıcılığı F. Bodenştedtin “Şərqdə yüz gün” kitabından tanışdır. Bu kitaba şairin 107 şeiri daxil edilmişdir. Alman yazıçısının xatirələrini, eləcə də həmin kitaba daxil  edilmiş şeirlərin məşhur gürcü yazıçısı Akaki Gelovani gürcü dilinə çevirmiş, həmçinin geniş ön söz yazaraq oxuculara çatdırmışdır”. Əlbəttə, kiçik bir məqalədə getmiş iki səhv: kitabın adının təhrif olunaraq “Şərqdə yüz gün” kimi verilməsi və həmin kitabda Mirzə Şəfi şeirlərinin sayı barədə yanlış məlumat təəssüf doğurur.

Həmin nömrədə oxuculara tanınmış gürcü professoru Avtandil Sabadzenin tərcüməsində müdrik Mirzə Şəfinin daha iki yeni şeiri təqdim olunur. Bunlar “Qayıtma” və “Tiflis” şeirləridir. Biz A.Gelovaninin tərcüməsində verilmiş “Tiflis” şeiri ilə “Tbilisi” qəzetində dərc olunmuş nəğməni tutuşdurduqdan sonra qəti qərara gəldik ki, bir neçə oxşar sətri nəzərə almasaq, bunlar tamam başqa-başqa şeirlərdir. Görünür, şair yuxarıda adı çəkilən “Tiflislə vidalaşma” və kitaba daxil edilmiş nəğmədən başqa Tiflisə daha bir neçə şeir həsr edib və A.Sabadvenin çevirdiyi də həmin nümunələrdən biridir. “Qayıtma” şeirinə gəldikdə isə, o, demək olar ki, tamamilə yeni şeirdir və kitabda yoxdur. Hansı mənbədən tərcümə olunduğu da bəlli deyil.

Gürcü müəlliflərin Mirzə Şəfi haqqında söylədikləri, axtarışları bununla bitmir. Tbilisinin “Xelovneba” (“İncəsənət”) nəşriyyatı bu yaxınlarda Akaki Gelovaninin tərtib etdiyi “Müdriklik simfoniyası” kitabını nəfis şəkildə çapdan buraxacaq. 800 səhifədən ibarət olan bu kitaba bütün dövrlərin və xalqların aforizmləri daxil edilib. Dünya xalqlarının aforizmlərinin tərcüməçisi və oçerklərin müəllifi də Akaki Gelovanidir. Qürur hissi ilə demək yerinə düşər ki, kitabın Azərbaycan bölməsini Mirzə Şəfinin 50 aforizmi bəzəyir.

Əminliklə söyləmək olar ki, Mirzə Şəfi müdrikliyi, Mirzə Şəfi lirikası Gürcüstanda hələ çox qəlbləri fəth edəcək.

Almaz YURDSEVƏR

 





14.06.2013    çap et  çap et