525.Az

"İki ömrüm olsaydı..."


 

XALQ ARTİSTİ ƏLİ ZEYNALOVUN XATİRƏLƏR KİTABI YENİDƏN NƏŞR EDİLİB

"İki ömrüm olsaydı..."<b style="color:red"></b>

"İki ömrüm olsaydı" kitabı "XAN" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasından çap olunub.

İlk dəfə 1973-cü ildə işıq üzü görən, bu nəşri ilə yenidən oxucuların ixtiyarına verilən kitabda görkəmli aktyor, Xalq artisti Əli Zeynalovun xatirələri toplanıb. Burada müəllif ömrünün yeniyetməlik illərindən başlamış, yaşlı çağlarınadək teatrla, sevdiyi aktyor sənəti ilə bağlı düşüncələrini, xatirələrini qələmə alıb. Bu xatirələr aktyor öz sənətinə sonsuz sevgisinin, məhəbbətinin və sayğısının bariz nümunəsidir. Kitab aktyorun yaşadığı dövrdə incəsənətə, teatr sənətinə olan münasibəti öyrənmək baxımından da əhəmiyyətlidir.

Yazıçı Rövşən Yerfinin kitaba yazdığı "Ön söz"də sənətkarın həyat və yaradıcılığı haqqında qısa məlumat verilir, onun Azərbaycan teatr və kino sənətinin inkişafındakı rolu xüsusi olaraq vurğulanır. Elə "Ön söz"ün ilk cümlələrindən aktyorun sənətkarlığı və sonrakı səhifələrdəki xatirələr haqqında oxucuda müəyyən təəssürat yaranır: "Əli Zeynalovun kiçik yaşlarından teatra böyük sevgisi olub. Sehrinə düşdüyü o böyük sevgi Əlini Pedaqoji texnikumu bitirsə də, işini atıb, Teatr texnikumunda oxumağa vadar etmişdi.

Anasının və bir çox yaxın adamlarının etirazlarına baxmayaraq, taleyini teatra bağlamaq inadından dönməmiş, Teatr texnikumunu qurtardıqdan sonra əsl aşiq kimi bu sənətin bütün çətinliklərinə, ağrı-acılarına tab gətirməyi bacarmışdı. Şəki, Gəncə teatrlarında çəkdiyi əziyyətlər də iradəsini qıra bilməmişdi".

Aktyor xatirələrinə uşaqlıqda atası ilə getdiyi bir tamaşada qarşılaşdığı və onun uzun illər teatrdan qorxmasına səbəb olan hadisə ilə başlayır. Salyanda müəllimlik edən atası ilə əmisinin həvəskarlardan ibarət dram dərnəyinin tamaşasına baxmağa gedən Əli ikinci pərdədə onları zindanda görür. Maraq və qorxu ilə baxdığı səhnədə atası rolunun tələbi ilə əlindəki tapança ilə özünü öldürür. Təbii ki, bu, hələ teatrın, tamaşanın, səhnənin, rolun nə olduğunu tam mənası ilə dərk etməyən kiçik yaşlı uşaq üçün çox böyük travma idi.

Ancaq özünün də dediyi kimi, "hər bir gəncin həyatında olduğu kimi, onun da həvəs və istəklərinin bir-birini əvəz etdiyi günlərin birində elə bir gözlənilməz hadisənin sehrinə düşür ki, ömür yolu, taleyi, gələcəyi barədə dərin-dərin düşünməli olur. Həmin hadisə 1928-ci ilin yayında tətil üçün getdiyi Biləsuvar kəndində gerçəkləşir. Bir qrup həvəskar gəncin klubda tamaşa hazırlamaq işində Bakıda oxuyan və teatrlar görən tələbə kimi iştirak etməli olur. Tamaşa isə Hüseyn Cavidin "Şeyda" pyesi əsasında hazırlanacaqdı. Ona Şeyda rolu təklif olunur. Onun etirazları qarşısında gənclərin "sən heç olmasa Bakıda Abbas Mirzəni görmüsən, elə onu təqlid eləsən, olar əntiqə!" cavabından sonra utandığından teatra getmədiyini, nəinki Abbas Mirzəni görmək, tamaşa belə izləmədiyini etiraf etməyə utanır. Beləcə Əli Zeynalovun teatrla qarşılıqlı "dostluğu" yaranır. Yuxarıda da qeyd etdiyimiz kimi, ailəsinin, qohumlarının, böyüklərin etirazlarına baxmadan sənədlərini Teatr texnikumuna verir. Bu yolda ona tək dəstək olan isə atası olur: "O, hansı sənəti istəyirsə, onun da dalınca getməlidir. Zorla sənət seçdirmək ağıllı iş deyil. Yoxsa aqibəti pis olar" - deyərək onun qarşısında yaşıl işıq yandırır.

Texnikuma daxil olandan sonra isə evdə vəziyyəti daha da çətinləşir. Özü həmin günlərini belə xatırlayır: "Vaxtilə oğlunu həkim, mühəndis, müəllim görməyi arzu edən anam, söz yox ki, mənim bu "özbaşınalığımla" razılaşa bilmirdi. Kiçik bir şeyi bəhanə edib bir qalmaqal çıxarırdı. Atam bunun nəticəsində darıxır, əzab çəkirdi, amma bir söz demirdi. Ancaq belə şeylər artıq məni kədərləndirmirdi. Çünki sevincim də, əyləncəm də hamısı dərs idi. Bu yolda nə kimi çətinlik olsaydı, qəbul etməyə hazır idim".

Beləcə onun tələbəlik həyatı öz axarı ilə axıb gedir. Ən çox sevdiyi müəllimi isə teatra sevgisini yaradan və ilk dəfə rol aldığı "Şeyda" pyesinin müəllifi Hüseyn Cavid olur.

1933-cü ildə Əli Zeynalov da daxil olmaqla texnikumu əla qiymətlərlə bitirən dörd nəfəri Moskvaya teatr institutuna ezam edirlər. Burada aktyorluq fakültəsində yer olmadığından ona rejissorluq fakültəsini təklif etsələr də, o, rejissor deyil, məhz aktyor olmaq istədiyini deyərək imtina edir. Onun bu səmimi etirafından məmnun qalan müəllim isə ona yataqxanada yer və Moskva teatrlarına pulsuz baxmaq üçün buraxılış vəsiqəsi verir. Dostları onun bu seçiminə gülsələr də, Moskva teatrlarında tamaşa izləməyin ona heç bir faydası olmayacağını, diplomun daha vacib olduğunu desələr də, o, öz fikrindən dönmür. Onun bu haqlı qərarını isə həyatının sonrakı dövrü təsdiqləyir.

Moskvadan qayıdan gənc aktyor Şəki Teatrında işləməyə başlayır.

Hələ təzə sənətə başlayarkən Əli Zeynalov tənqidə qarşı dözümsüzlüyünü xatırlayır. İlk rollarında tamaşaçıların onu alqışlamağını, tamaşa sonrası yazılan resenziyalarda isə tənqidçilərin tənqid etməsini anlaya bilmir. Hətta bir dəfə bu düşüncələrini teatrın rejissoru ilə bölüşən aktyor zamanla etdiyi səhvləri də görür və öz üzərində işləyərək peşəkarlaşmağa başlayır.

Rolların, tamaşaların, rejissorların, qastrolların bir-birini əvəzlədiyi dövrdə 1941-ci il Böyük Vətən müharibəsi başlayır. Neçə dostu, tanışı kim o da cəbhəyə getmək istəsə də, yaradıcı heyətdən heç kimi orduya aparmırlar və teatr repertuarını müharibə, vətənpərvərlik mövzulu əsərlər təşkil etməyə, səhnədə cəbhə qəhrəmanlarının surətləri canlanmağa başlayır. Bu dövrdə isə onun heç gözləmədiyi, yaradıcılığı üçün isə ən unudulmazlardan saydığı hadisə baş verir: ona Otello ("Otello" pyesindən) rolunu tapşırırlar.

Əsər boyunca Əliz Zeynalov müxtəlif illərdə, müxtəlif səhnələrdə oynadığı tamaşalardan, rollardan, məşq proseslərindən, tamaşaçıların bu obrazlara, ümumilikdə teatra olan reaksiyalarından söz açır. Məsələn, bu baxımdan, aktyor Abdulla Şaiqin "Nüşabə" pyesində Uluqbəy, Nazim Hikmətin "Türkiyədə" əsərində Nuri, "Qəribə adam"ında Əhməd Rza, "Hind qızı" yesində Tomson, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında Həsənzadə, "Tolstoyun "Canlı meyid" dramında Protasov, "Çarəsiz dələduz" əsərində Rafaelo kimi obrazlarından bəhs edir. "Canlı meyid" əsərində canlandırdığı Protasovdan söz açarkən aktyor bütün ömrü boyunca arzuladığı iki rolun adını çəkir. Onlardan biri Şekspirin "Hamlet"indəki Hamlet, digəri isə Protasov imiş və sənətkar uzun illərdən sonra bu arzusuna qovuşduğuna sevinir.

Müəllif əsər boyunca onun həyat və yaradıcılığında, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynamış bir sıra sənətkarları xatırlayır, onlarla bağlı maraqlı anlarını oxucu ilə bölüşür. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Hüseyn Cavid Tofiq Kazımov, Ələsgər Əliyev, Əhməd Cavad, Arkadi Sergeyeviç Burcalov, Kazım Ziya belə şəxsiyyətlərdir.

Kitabın sonunda artıq yaşlandığını, tez-tez gənc aktyorlarla görüşdüyünü qeyd edən sənətkar bəzi yaşlı sənət adamlarının onun gənclərlə bu səmimiyyətini birmənalı qarşılamadığını deyir. O isə cavabında onlara bildirir ki, mən gənclərlə yaxınlıq edərək onlardan müasir həyatı, müasir tamaşaçının zövqünü, gənclərin sənətə baxışını öyrənirəm.

Aktyorun öz sənəti və ümumi teatr haqqındakı son sözləri isə olduqca maraqlı və təsirlidir: "Bəzən düşünürəm, görəsən, mən həyatda ayrı bir rol tuta bilərdimmi? Görəsən, könlümü başqa bir sənətə verə bilərdimmi? Axı əvvəllər məndə teatr sənətinə qarşı bir laqeydlik var idi. Bəs niyə sonralar bu laqeydlik böyük həvəsə və məhəbbətə çevrildi?

Bunun səbəbini indiyəcən də aydınlaşdıra bilməmişəm. Bəzən düşünürəm ki, sevdiyim sənətin yollarında çəkdiyim əzab-əziyyətlər məni bu sənətdən uzaqlaşdıra bilərdimi?

Əlbəttə, yox! Çünki hər bir müvəffəqiyyətli tamaşa və bu tamaşada ifa etdiyim rol üçün qazandığım alqışlar qəlbimi qürur hissi ilə doldurur! Düşünürəm, əgər mənim iki ömrüm olsaydı, onu yenə də sevdiyim sənətə qurban verərdim!"

 





19.01.2018    çap et  çap et