525.Az

"Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar"


 

"Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar" <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar" mövzusunda tədbir keçirilib.

Tədbirdə Akademik Məmməd Cəfərovun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan "Get dolangilən, xainsən hələ" tragikomediyası, İctimai televiziya tərəfindən çəkilmiş "Müdriklik zirvəsi" sənədli filmi, həmin filmin ssenarisinin materiallarının yer aldığı kitabın, akademik İsa Həbibbəyli tərəfindən müəllifin arxivindən yeni üzə çıxardığı "Bir mənzum məktuba cavab" poemasının, eləcə də Naxçıvan Dövlət Universitetinin müəllimi, əməkdar rəssam Həbibə Allahverdiyeva tərəfindən çəkilmiş Məmməd Cəfər Cəfərovun portretinin geniş ictiamiyyətə təqdimatı olub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, Məmməd Cəfər Cəfərov yazıçıların yaradıcılığı haqqında ədəbi-tənqidi məqalələrin, Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir. Ömrünün 60 ilini ölkəmizdə ədəbi-nəzəri fikrin inkişafına həsr edən alimin XIX əsr rus ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılmasında da əvəzsiz xidmətlər göstərib. Akademik Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətinin 40 illik bir dövrü AMEA ilə bağlı olub. Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinə təxminən iyirmi il rəhbərlik etmiş Məmməd Cəfər Cəfərov həm də bu şöbənin yaradıcısı və ilk müdiri olub. Akademik İsa Həbibbəyli bildirib ki, akademik Məmməd Cəfər Cəfərov zəngin elmi fəaliyyəti ilə bərabər bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun bədii yaradıcılığı elmi yaradıcılığı qədər sanballı və əhəmiyyətlidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd "Ədəbiyyatşünas alimin naməlum tragikomediyası böyük ədəbiyyat faktı kimi"  mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, filologiya elmləri doktoru Pərvanə İsayeva, tarix üzrə fəlsəfə doktoru, "Müdriklik zirvəsində" sənədli filminin ssenari müəllifi Mahir Qəribov və görkəmli alimin ailəsi adından AMEA  Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova çıxış edərək akademik haqqında xatirələrini bölüşüb, mülahizələrini söyləyiblər. Çıxış edənlər ömrünü Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemlərinin tədqiqinə həsr edən alimin zəngin yaradıcılığından söz açıblar.

Sonda  "Müdriklik zirvəsində" sənədli filminə baxış olub.

 





19.01.2018    çap et  çap et