525.Az

ABŞ ciddi yanlışlığa yol verib


 

"AZƏRBAYCANIN HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ÖLKƏMİZİN ƏLEYHİNƏ YÖNƏLƏN İSTƏNİLƏN TƏHLÜKƏNİN QARŞISINI ALMAĞA QADİRDİR"

<b style="color:red">ABŞ ciddi yanlışlığa yol verib</b>

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski daşıyan ölkələr kateqoriyasına daxil etməsi ölkə ictimaiyyətinin böyük narazılığına səbəb olub.

Dövlətimizin dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi, ayrı-ayrı sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq edən multikultural, tolerant ölkə kimi müsbət imic qazanması bütün dünyada böyük rəğbətlə qarşılandığı, dövlət təhlükəsizliyi ən yüksək səviyyədə təmin edildiyi halda Birləşmiş Ştatların amerikalı turistlər üçün tövsiyə xarakterli bu çağırışı təəssüf doğurur.

Azərbaycana etibar edən dünya dövlətləri, beynəlxalq təşkilatlar geosiyasi, iqtisadi və digər xarakterli tədbirlərin Bakıda keçirilməsini arzulasa da, bəzən ölkəmizə qarşı bu cür qeyri-obyektiv, həqiqəti əks etdirməyən yanaşmaların da şahidi oluruq. Halbuki, NATO-Rusiya, o cümlədən, ABŞ-Rusiya generalları arasında görüşün ardıcıl olaraq üçüncü dəfə Bakıda keçirilməsinə qərar verilməsi beynəlxalq ictimaiyyət, böyük dövlətlərin, o cümlədən, Birləşmiş Ştatların Azərbaycana yüksək etibar və etimadının bariz sübutu kimi qiymətləndirilir. Keçən ilin fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford, sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Bakıda bir araya gələn Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu dəfə, yanvar ayının sonlarında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti ilə görüşməsi Dövlət Departamentinin son çağırışının tamamilə qeyri-obyektiv olduğunu, ikili standartlara söykəndiyini ortaya qoyur.

Dünyada və regionda balanslı siyasət kursu yürüdən Azərbaycan müxtəlif ölkələr, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yürütmək, irimiqyaslı layihələr həyata keçirməklə öz nüfuzunu daha da artırıb, etibarlı tərəfdaş imicini yüksək səviyyəyə qaldırıb. Ona görə də, son vaxtlar ayrı-ayrı güc mərkəzləri də öz aralarında olan problemləri həll etmək, münasibətlərin yeni xəttini müəyyənləşdirmək üçün dünyada unikal dialoq məkanı kimi tanınan Bakıya üz tuturlar. Ancaq bu yaxınlarda ABŞ Dövlət Departamentinin dövlətimizi terror riski daşıyan ölkələr kateqoriyasına daxil etməsi onu göstərir ki, bəzi ölkələrdə Azərbaycanın əldə etdiyi bu uğurlar qısqanclıq, narahatlıqla qarşılanır. Yox, əgər bu, ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsi olan Dağlıq Qarabağda hazırda mövcud olan separatçı, terrorçu mahiyyətli rejimlə bağlıdırsa, bunu açıq şəkildə ifadə etmək lazımdır. Hərçənd, ABŞ bu məsələni ayrıca bənd kimi təqdim etməklə söhbətin təkcə Dağlıq Qarabağdan getmədiyinə eyham vurmağa çalışıb.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, ABŞ Dövlət Departamentinin çağırışında subyektiv yanaşma var: "Birləşmiş Ştatlar bu məsələdə siyasi amilləri ön plana çəkib. Çünki Azərbaycan hazırda dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Dövlət və onun hüquq-mühafizə orqanları ölkəmizin əleyhinə yönələn istənilən təhlükənin qarşısını almaq üçün kifayət qədər gücə malikdir. Son dövrlərdə Azərbaycan ərazisində hər hansı bir terror hadisəsinin baş verməməsi, buna cəhd edənlərinin elə yerindəcə zərərsizləşdirilməsi dediklərimizi sübut edir".

Q.Hüseynli hesab edir ki, ABŞ Dövlət Departamenti ciddi yanlışlığa yol verib.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, bu gün hər kəs ABŞ-ın hansı qaydada idarə olunduğunu görür. O, SİA-ya bildirib ki, rəsmi Vaşinqtonun idarə edilməsində çox mürəkkəb vəziyyət yaranıb: "Məncə, orada bəzi mütəxəssislər, rəhbərlər yerində deyillər. ABŞ Dövlət Departamentində də regionu yaxşı tanıyan, təcrübəsi daha çox olan mütəxəssislər işdən uzaqlaşdırılıb. Ona görə də ABŞ Dövlət Departamentinin Azərbaycanı riskli ölkələr siyahısına daxil etməsini orada olan mütəxəssislərin savadsızlığı ilə əlaqələndirərdim".

Onun sözlərinə görə, belə görünür ki, Dövlət Departamentində olan mütəxəssislər ümumiyyətlə Cənubi Qafqaz regionunu yaxşı tanımırlar: "Bu gün elə Gürcüstanda prezident və baş nazir cəmiyyətdə olan aqressivlikdən narahatdır. Vaxtaşırı olaraq orada antiterror əməliyyatları keçirilir. Amma istər-istəməz bunun əlavə fəsadları da olur. Ermənistan isə ümumiyyətlə bərbad vəziyyətdədir. Demək olar ki, hər həftə İrəvanın mərkəzində güllə atılır. Orada olan kriminal avtoritetlər Serj Sarksiyanın siyasi müttəfiqi, tərəfdaşları olduğu üçün onlara "gözün üstdə qaşın var" deyən yoxdur. Ona görə də kriminal avtoritetlər Ermənistanda at oynadırlar. Hətta Ermənistanda bir nəfər kriminal avtoritet qəza törədərək iki erməni polisini öldürdü. Bu kimi hallar daha çoxdur. Ermənistanda xarici pasport və viza açıq şəkildə satışdadır. İşğalçı ölkə bu dərəcədə kriminallaşıb. Ermənistanın milli təhlükəsizlik xidmətinin yaydığı məlumata görə, 2017-ci il ərzində 986 nəfərin terrorçu olması şübhəsi ilə ölkəyə daxil olmasına icazə verilməyib.

Amma Ermənistanın içərisində xeyli sayda terrorçular da var. ABŞ mütəxəssislərinin bunları görmədən hansısa siyahı hazırlaması onlara heç də başucalığı gətirmir. Amma bu gün Azərbaycanda tam sabitlikdir, təhlükəsizlik yüksək səviyyədə qorunur. Hətta Azərbaycan ən güclü turist axını olan bir ölkədir".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına tövsiyə xarakterli çağırışında bildirilib ki, terror təhlükəsi ilə əlaqədar Azərbaycanda bəzi risklər yaranıb. Xüsusən, terrorçu qrupların Azərbaycanda turizm, nəqliyyat, ticarət, dövlət, idman və mehmanxana obyektlərinə hücumlar planlaşdıra biləcəyi deyilir. Buna görə amerikalılar ehtiyatlı olmalıdır. Bundan başqa, Dövlət Departamenti Dağlıq Qarabağa və cəbhə xəttinə bitişik ərazilərə səfər etməməyi tövsiyə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini qəbul etmir.

Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir: "Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən, ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibliyi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

Bildirilib ki, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır.

Rusiya Xarici İşlər Nazirliyi də bu məsələdən kənarda qalmayıb. ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski daşıyan ölkələr kateqoriyasına daxil etməsini şərh edən nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycana getməməyi bu ölkə haqqında hər hansı təsəvvürü olmayan insanlar tövsiyə edə bilər: "Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəxalq tədbirlər keçirib. Bunu Bakıda heç vaxt olmayan insan yaza bilər. Mən dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycana səfər edən biri kimi deyə bilərəm ki, turistlərə bu ölkəyə getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır".

Dövlətimiz amerikalı turistlərin təhlükəsizliyi baxımından risk daşıyan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib. Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb: Birinci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir; ikinci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun; üçüncü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin; dördüncü kateqoriya - bu ölkəyə səyahət etməyin.

Ceyhun ABASOV

 





19.01.2018    çap et  çap et