525.Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidləri anıldı


 

LATIN QRAFİKASINDA YENİDƏN İŞIQ ÜZÜ GÖRƏN "ŞƏHİDLƏR" KİTABININ TƏQDİMATI OLUB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidləri anıldı<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Nazirlikdən verilən məlumata görə, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərlərinin iştirak etdiyi tədbirdə nazir Səlim Müslümov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib: "Silahlı təcavüz nəticəsində günahsız insanların misli görünməmiş vəhşiliklərlə, xüsusi qəddarlıqla qətlə yetirilməsi insanlığa qarşı cinayət olmaqla, o zaman onsuz da sonu çatmaqda olan sovet imperiyasının mahiyyətini açıb göstərib. Həmin hərbi təcavüz Azərbaycan xalqının nəinki müstəqillik əzmini sındıra bilməyib, əksinə, milli azadlıq ruhunu daha da gücləndirib. 20 Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi naminə canlarını fəda edən vətən övladları tariximizin yeni qəhrəmanlıq səhifəsini yazıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, "20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir".

Nazir vurğulayıb ki, faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, hazırkı prezident İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda, öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi idi.

S.Müslümov 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi məqsədilə ulu öndər Heydər Əliyevin mühüm tarixi xidmətlərini diqqətə çatdırıb: "Eyni zamanda, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi tədbirlərinə başlanması da məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır".

Prezident İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan nazir bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin, Bakıda "20 Yanvar" dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb.

S.Müslümov hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlilləri və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verildiyini diqqətə çatdırıb: "20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq da bu günlərdə ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə birdəfəlik maddi yardımlar ayrılıb". Nazir qeyd olunan insanların sosial müdafiəsinin gücləndirilməsi istqamətində bundan sonra da müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi işlərinin dəstəklənməsi də diqqətdə saxlanılır. 20 Yanvar şəhidlərindən bəhs edən və 27 il əvvəl kiril qrafikasında nəşr olunmuş "Şəhidlər" kitabı da nazirliyin dəstəyi ilə latın qrafikasında, həm də əlavə və düzəlişlərlə, daha təkmil şəkildə yenidən işıq üzü görüb.

CEYHUN

 





19.01.2018    çap et  çap et