525.Az

Kamal Abdulla: "20 Yanvar müstəqilliyimiz qarşısındakı səddin aşılma məqamı idi"


 

Kamal Abdulla: "20 Yanvar müstəqilliyimiz qarşısındakı səddin aşılma məqamı idi"<b style="color:red"></b>

Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) "20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi" mövzusunda dəyirmi masa keçirilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, xalqımızın taleyini onun özündən başqa heç kəs həll etməyəcək, tarixini gələcək nəsillərə kimsə ötürməyəcək: "Buna görə də cəmiyyətin lokomotivinə çevrilmək, onu maarifləndirmək və vaxtaşırı lazımi mesajlar göndərmək vacibdir ki, bundan sonra bu tip hadisələrin qarşısını almaq mümkün olsun". Deputat qanlı faciə haqqında danışarkən vurğulayıb ki, 20 Yanvar hadisəsi erməni millətçiləri tərəfindən ərazi iddiasına məruz qalan lidersiz bir xalqın azadlıq mübarizəsinin zirvəsi idi. Universitetin Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov və Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva 20 Yanvar hadisəsinin xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildiriblər və onu azadlıq hərəkatının ən yüksək zirvəsi kimi qiymətləndiriblər.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 20 Yanvar faciəsinin hər zaman xatırlandığını, onun mahiyyətinin daim xalqımızın qəlbində yaşadığını bildirib və hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin zirvə nöqtəsi kimi qiymətləndirib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hadisəyə ilk dəfə siyasi qiymət verməsi onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir: "Ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın daimi nümayəndəliyinin binasına gedərək orada Kommunist Partiyası qarşısında öz sözünü deyib. Bu, o zaman heç bir vəzifəyə sahib olmayan, adi vətəndaş statusuna malik olan bir insanın qəhrəmancasına atdığı bir addım idi. O, bütün Sovet İttifaqı Kommunist Partiyasına meydan oxudu, rejimə qarşı çıxdı və dünyaya  göstərdi ki, Azərbaycan xalqının iradəsini 20 Yanvar qırğını əzə bilmədi. Bu iradənin təmsilçisi və onu dünyaya çatdıran qüvvə var. Bu qüvvə məhz Heydər Əliyev olub. Bu gün də onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevdir".

"20 Yanvar müstəqilliyimiz qarşısında olan səddin aşılma məqamı idi" - deyən K.Abdulla ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin də həmin gecə şəhidlik zirvəsinə ucaldığını sözlərinə əlavə edib. Akademik Ülvi kimi digər şəhid olmuş insanların da Azərbaycan xalqının mübarizlik ruhunu qoruyaraq dünyaya bəyan etdiklərini vurğulayıb. O, bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyib.

 





19.01.2018    çap et  çap et